Məhkəmə qərarları › İş №1(107)-274/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-274/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-274/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi üzrə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(051)-73/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 24 may 2021-ci il tarixli hökmü ilə, xx.xx.1963-cu il tarixdə Yevlax rayonu Varvara kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Varvara kəndində qeydiyyatda olan və həmin Balakən rayonu Qabaqçöl kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi,ona onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin zərərin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, hadisə yerindən götürülmüş 1(bir) qutu kart dəyəri olmadığına görə məhv edilməsi, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞyə məsul saxlanca verilmiş, hadisə yerindən götürülmüş 4 (dörd manat) manat 20 qəpik məbləğində pul vəsaiti isə Dövlət büdcəsinə müsadirə edilməsi müəyyən edilmişdir. İşin halları: İbtidаi аrаşdırmа orqаnı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 244-1.1–ci maddəsi ilə ittihаm irəli sürülərək məhkəməyə verilmişdir оnа görə ki, o, 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında saxlanc yeri kimi istifadə etdiyi, əvvəllər qəssabxana kimi fəaliyyət göstərmiş obyektdə tanışları, Şahid1, Şahid2 və Şahid3 0,2 manat (iyirmi qəpik) müqabilində kart vasitəsi ilə qumar, yəni pul vəsaitləri barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyun oynamalarına şərait yaradıb özü də onlarla birlikdə kart vasitəsi ilə pul müqabilində qumar oynayaraq Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında saxlanc yeri kimi istifadə etdiyi, əvvəllər qəssabxana kimi fəaliyyət göstərmiş obyektdə qumar oyunlarının oynanılması üçün yer - qumarxana təşkil etmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(051)-73/2021 nömrəli bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən dövlət ittihamçısı, ədliyyə müşaviri İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. Apelyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan sözügedən saxlanc yerinin qumar oynanılması üçün uyğunlaşdırılmasına, əvvəlcədən hansısa hazırlıq işlərinin görülməsinə ehtiyac yoxdur. Həmçinin, qumar oynanılan kart əvvəlcədən həmin yerdə olmuş ki, bu da həmin şəxslərin mütəmadi olaraq Təqsirləndirilən şəxs istifadəsində olan sözügedən saxlanc yerinə gələrək qumar oynmalarına dəlalət edir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(051)-73/2021 nömrəli hökmündən apelyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(051)-73/2021 nömrəli bəraət hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 göstərmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan sözügedən saxlanc yerinin qumar oynanılması üçün uyğunlaşdırılmasına, əvvəlcədən hansısa hazırlıq işlərinin görülməsinə ehtiyac yoxdur. Həmçinin, qumar oynanılan kart əvvəlcədən həmin yerdə olmuş ki, bu da həmin şəxslərin mütəmadi olaraq Təqsirləndirilən şəxs istifadəsində olan sözügedən saxlanc yerinə gələrək qumar oynmalarına dəlalət edir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, bəraət verilmiş şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi üzrə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(051)-73/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs məhkəməyədək verdiyi ifadəsindən qismən imtina edərək, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında meyvə satışı ilə məşğul olur. Meyvələri küçədə yerləşən piştaxtaların üzərinə düzüb satır. Həmin piştaxtanın arxasında isə qəssabxana yerləşir. Həmin qəssabxana işləmədiyi üçün o, həmin qəssabxananı icarəyə götürüb həmin qəssabxanadan anbar, yəni saxlanc yeri kimi istifadə edir. 06.11.2020-ci il tarixdə saat təxminən 18 radələrində yağış yağdığına görə Şahin və Araz onun işlətdiyi obyektdə gəlib çay sifariş verərək çay içmişlər. Həmin vaxt digər tanışları Zaur da oraya gəlmiş və onlardan nə etdiklərini soruşmuşdur. Onlar isə yağış yağdığına görə bekarçılıq olduğunu bildirmişlər. Ondan sonra Zaur onlara kart vasitəsi ilə puldan qumar oynamağı təklif etmiş, onlar da razılaşmışlar. Aralarında olan razılığa əsasən birlikdə puldan, 20 qəpikdən qəssab kötüyünün üstündə qumar oynamağa başlamışlar. Obyektin hər tərəfi şüşədən olduğundan çöldən içəri aydın şəkildə görünmüşdür. Ona görə də qısa müddət ərzində bazarda xidmət aparan polis əməkdaşları obyektə daxil olmuşlar. Həmin zaman kartlar və qəpik pullar kötüyün üzərində olmuşdur. Polis əməkdaşları içəri daxil olduqdan sonra onlardan nə işlə məğul olduqlarını soruşmuşlar, onlar da pulla kart oynadıqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları kötüyün üzərində olan pulları və kartları götürüb birlikdə polis şöbəsinə getmişlər. Polis Şöbəsində pulla kart oynadıqlarını etiraf etmişlər. O, qeyd olunan obyektdən anbar kimi istifadə etmiş, çünki həmin obyektin qarşısında o, meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. Onun heç vaxt qumarxana və yaxud qumar oyunları üçün yer təşkil fikri olmamış, çünki o, bazarda meyvə-tərəvəz satışı ilə məşğul olduğundan, həmin obyekti içərisinə satılmayan mallarını yığmaq üçün icarəyə götürmüşdür. Həmin obyekt isə hər tərəfi şüşədən olan qəssabxana olmuşdur. Orada yalnız bir ədəd böyük diametrli ət kötüyü olmuşdur. Başqa stul və stol olmamışdır. İçərisi isə təmirsiz və səliqəsiz vəziyyətdə olmuşdur. Həmin vaxt onun qeyd etdiyi tanışları ilə kart oynaması isə sırf təsadüf nəticəsində, yağışın yağmasından irəli gəlmişdir. Həmin obyekin qumarxana kimi fəaliyyət göstərməsi mümkün deyil, çünki həmin obyekt yol kənarında yerləşdiyinə görə bazara gələn şəxslərin əksəriyyəti oradan keçir. Ona görə də onun elə bir yerdə qumarxana və yaxud mütəmadi olaraq qumar oyunları təşkil etməsi ağlabatan deyildir. Hesab edir ki, onun tanışları ilə qumar oynaması cinayət məsuliyyəti yaratmır. Ona görə də özünü verilmiş ittiham üzrə təqsirli bilmir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 qısa müddətdir ki, tanıyır. Münasibətləri normaldır. 06.11.2020- ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən tanışı Salmanın qəssabxanasının yaxınlığından keçərkən içəridə Zaur, Araz və Salmanın ət kəsimi yerində olduqlarını görüb o da qəssabxanaya daxil olmuşdur. Həmin zaman Salman, Zaur və Araz kartla pul müqabilində qumar oynamışlar. Həmin şəxslərin 20 qəpik müqabilində qumar oynadıqlarını görüb o da həmin şəxslərlə kartla qumar oynamağa başlamışdır. Oyunun qaydalarına görə əlində olan kartlardakı sayı kimdə çoxdursa o da ortalığa yığılmış pulu götürməliymiş. Birlikdə təxminən 3 dəfə qumar oynamışlar. Yəni 3 dəfə pulları aralarından biri udmuşdur. Salman özü də obyekt sahibi kimi onlarla birlikdə qumar oynamışdır. Bir qədər oynadıqdan sonra polis əməkdaşları obyektə daxil olmuşlar. Zaur polis əməkdaşlarının içəri daxil olduqlarını görüb kartı masanın üzərindən götürüb cibinə qoymuşdur. Pullar isə masanın üzərində qalmışdır. Polis əməkdaşları onlardan nə etdiklərini soruşduqda, onlar da kart oynadıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş, polis şöbəsində törətdikləri əməli etiraf etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 qısa müddətdir ki, tanıyır. Münasibətləri normaldır. 06.11. 2020- ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən tanışı Salmanın qəssabxanasının yaxınlığından keçərkən içəridə Araz və Şahinin ət kəsimi yerində olduqlarını görüb o da qəssabxanaya daxil olmuşdur. Həmin vaxt Salman bayırda dayanmış obyektin içərisindəki masanın üzərində qəpiklər, bir qədər kənarda isə kart olmuşdur. O da Araz və Şahindən nə etdiklərini soruşduqda ona bekarçılıq olduğunu bildirmişlər. O da həmin şəxslərə 20 qəpik pul müqabilində kart oynamağı təklif etmişdir. Onların kartla qumar oynamalarından Salmanın da məlumatı olmuşdur. Belə ki, Salman özü o, obyektə gələnədək Araz və Şahinlə qumar oynamış, obyekin bayırında səs-küy gəldiyini eşidib bayıra çıxmışdır. Onlar bir qədər oynadıqdan sonra polis əməkdaşları obyektə daxil olmuşlar. O, polis əməkdaşlarının içəri daxil olduqlarını görüb kartı masanın üzərindən götürüb cibinə qoymuşdur. Pullar isə masanın üzərində qalmışdır. Polis əməkdaşları onlardan nə etdiyiklərini soruşduqda onlar da kart oynadıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində törətdikləri əməli etiraf etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs,Şahid3 və Şahid1 qısa müddətdir tanıyır. Münasibətləri normaldır. 06.11.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən tanışı Salmanın qəssabxanasının yaxınlığından keçərkən hava çiskinli olmuşdur. Yağışdan islanmamaq üçün o, içəri obyektə daxil olmuşdur. Görmüş ki, içəridə Zaur, Salman və Şahin ət kəsimi yerində əyləşib qumar oynayırlar. Maraqlanıb öryəndikdən sonra ona məlum olmuş ki, həmin şəxslər 20 qəpik müqabilində kartla qumar oynayırlar. O da həmin şəxslərlə qumar oynamağa başlamışdır. Lakin birinci oyunu bitirməmiş içəri bir nəfər daxil olmuş, həmin şəxsin Salmanla mübahisəsi yaranmışdır. Buna görə də Zaur masanın üzərində olan kartları götürüb cibinə qoymuşdur. Elə həmin vaxt da içəri polis əməkdaşları daxil olmuşlar. Onların kartla qumar oynamaqlarından Salmanın da məlumatı olmuşdur. Belə ki, Salman özü də o, obyektə daxil olanadək Zaur və Şahinlə qumar oynamışdır. Polis əməkdaşları onlardan nə etdiklərini soruşduqda kart oynadıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər, orada törətdikləri əməli etiraf etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarı xidməti ərazisində yerləşir. 06.11.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞnin əməkdaşı Şahid5lə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında Təqsirləndirilən şəxs meyvə satışı ilə məşğul olduğu piştaxtaların qarşısından keçərkən, piştaxtanın arxasında yerləşən qəssabxana kimi fəaliyyət göstərmiş obyektdə bir neçə nəfərin toplaşdığını görüb həmin obyektə daxil olmuşlar. Obyektə daxil olarkən görmüşlər ki, bir neçə nəfər pul müqabilində kartla qumar oynayır. Həmin vaxt qumar oyununda istifadə edilən kart və pullar masanın üzərində olmuşdur. Həmin şəxslərə oyunu dayandırmasını bildirmişlər. Sorğu zamanı müəyyən edilmiş ki, həmin şəxlər Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3dur. Həmçinin həmin şəxslər Təqsirləndirilən şəxs istifadə etdiyi obyektdə 20 qəpikdən kart vasitəsi ilə qumar oynadıqlarını etiraf etmişlər. Bundan sonra həmin şəxslər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxslər qumar oynadılan kartları və 4,2 (dörd manat iyirmi qəpik) manat pulu təqdim etmiş, həmin kart və pullar onlardan götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğuna prosessdə iştirak edən şəxslər imza etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 iş yerini dəyişdiyi üçün məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid5 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, uzun müddətdir Mingəçevir şəhərində yerləşən “Orxan” bazarında işləyir o, Təqsirləndirilən şəxs bazarda meyvə tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Çünki o, Təqsirləndirilən şəxsla qonşu piştaxtada alver edir. O, hər gün səhər saat 08:00-dan axşam saat 17:00-dək bazarda göyərti və sair kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur. O, işlədiyi müddətdə əvvəllər ət dükanı kimi fəliyyət göstərmiş, sonradan Təqsirləndirilən şəxs istifadəsində olan dəmir köşkdə qumar oyunlarının oynanılmasını görməmişdir. Həmin köşk onun alver etdiyi piştaxtanın sol yan hissəsində yerləşir. Təqsirləndirilən şəxs həmin köşkü icarəyə götürdükdən sonra heç bir təmir və abadlıq işləri aparmamış, yalnız anbar kimi istifadə etmişdir. O, tezdən işə gələndə Təqsirləndirilən şəxs orada alver edən görmüşdür. Onun qumar oynamasını nə görməmiş, nə də eşitməmişdir. Eləcə də, qeyd olunan dəmir köşkdə içərisində həmin vaxt yalnız bir ədəd böyük diametrli ət kötüyü olmuşdur. Təqsirləndirilən şəxs həmin köşkü icarəyə götürdükdən sonra heç bir təmir və abadlıq işləri aparmamış, yalnız anbar kimi istifadə etmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, 5-6 ildir Mingəçevir şəhərində yerləşən “Orxan” bazarında işləyir. O, hər gün səhər saat 08:00-dan axşam saat 17-18 radələrinədək alver edir. Təqsirləndirilən şəxs onun işlədiyi obyektin sağ yan hissəsində meyvə tərəvəz satışı ilə məşğuldur. O, hər gün Təqsirləndirilən şəxs alver etməsinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi obyekt isə əvvəllər ət dükanı kimi fəaliyyət göstərmişdir. Sonradan onun sahibi xəstələndiyinə görə Təqsirləndirilən şəxs icarəyə vermişdir. Təqsirləndirilən şəxs isə həmin obyektin qarşısına piştaxta qoyub alver etmişdir. Axşamlar isə qalıq mallarını həmin obyektin içərisinə yığmışdır. Obyektin içərisində yalnız bir ədəd böyük diametrli ət kötüyü olmuşdur. Onun işlətdiyi mağaza ilə qeyd olunan obyektin arasında gediş-gəliş yolu vardır. Bazara gələn şəxslərin əksər hissəsi həmin yoldan istifadə edir. 06.11.2020-ci il tarixdə olan hadisə isə qısa müddət ərzində baş verdiyindən, o, Təqsirləndirilən şəxs və digər şəslərin qumar oynamasını görməmiş, yalnız sonradan eşitmişdir. Ondan başqa Təqsirləndirilən şəxs işlədiyi müddətdə və yaxud ondan sonra və əvvəl o, həmin obyektə kimlərinsə qumar oynamasını görməmiş və eşitməmişdir. Çünki qeyd olunan obyektin aşağı hissəsi dəmir olsa da, qalan bütün hissəsi şüşədəndir. Ona görə də həmin obyektin içərisində nə varsa, ətrafdan aydın şəkildə görünür. Həmin obyekt əvvəllər sahibi tərəfindən ət dükanı kimi fəliyyət göstərmiş, Təqsirləndirilən şəxs vaxtında isə anbar kimi istifadə olunub. Hazırda isə gah dönərxana, gah da anbar kimi istifadə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: 06.11.2020-ci il tarixdə tərtib edilmiş baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 qumar oynadıqları kartlar və qumar oynanılması zamanı istifadə edikləri 4,2 (dörd manat iyirmi qəpik) məbləğdə pul onlardan götürülmüşdür. Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən 24.02.2021-ci il tarixdə verilmiş “sübutların qiymətləndirilməsi barədə” Qərardan görünür ki, Şahid1, Şahid2 və Şahid3 barələrində cinayət təqibi rədd edilmiş, lakin onların əməllərində Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğuna görə barələrində həmin Məcəllənin 525-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin İTB-yə göndərilmişdir. Eləcə də 06.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 qumar oynadıqları vaxt götürülmüş 1 qutu kart və 4,2 (dörd manat iyirmi qəpk) manat məbləğdə pul iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlancı otağına verilmişdir. Mingəçevir ŞPŞ-dən 19.04.2021-ci il və 20.04.2021-ci il tarixlərdə daxil olmuş cavab məktubundan görünür ki, Şahid1, Şahid3 və Şahid2 barələrində İXM-də nəzərdə tutulmuş qaydada tədbir görülməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 14.12.2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə hadisə yerinə keçirilmiş yerli baxış zamanı müəyyən etmişdir ki, hadisə Mingəçevir şəhərində yerləşən “Orxan” bazarının giriş yolunun üstündə qoyulmuş dəmir köşkdə baş vermişdir. Köşkün təxmini ölçüsü 3x3 kv.metr olmaqla aşağı yan hissələri dəmirdən, yuxarı yan hissələri şüşədən, yuxarı tavan hissəsi isə lambrin materiualından hazırlanmışdır. Köşk yol ayrıcında yerləşdiyi üçün qarşı tərəfi bazarın giriş-çıxış yoludur. Hazırda dönərxana kimi istifadə olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmamağa əsas görmür. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr düzgün və əsaslıdır; məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliklərinin sübuta yetirilməməsi əsasına görə bəraət verməkdə haqlı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında saxlanc yeri kimi istifadə etdiyi, əvvəllər qəssabxana kimi fəaliyyət göstərmiş obyektdə tanışları, Şahid1, Şahid2 və Şahid3 ilə 0,2 manat (iyirmi qəpik) müqabilində kart vasitəsi ilə qumar, yəni pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun oynamaları sübut olunsa da, orada Təqsirləndirilən şəxs tərəfindən qumar oyunlarının oynanılması üçün yerqumarxana təşkil edilməsi sübut olunmadığından, ponun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin yaranması üçün-şəxsin hərkəti qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamada ifadə olunmalıdır. Göstərilən normanın mənasına görə qumar oyunlarının keçirilməsi üçün şəraitin yaradılmasının iki kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmək, ikincisi isə həmin yeri saxlamaqdan ibarətdir. Qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə- qumar oyunlarının oynanılması üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), əldə etmə, onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), oyun iştirakçılarını seçmə hərəkətlərinin yerinə yetirilməsində ifadə olunmalıdır. Qumar oyunlarının keçirilməsi üçün yer saxlama isə təşkil edilmiş yerin fəaliyyət göstərməsi üçün xidmətçilərin işə cəlb edilməsi, qumarxananın işləməsini təmin etmək məqsədilə xərclərin ödənilməsi, oyun iştirakçılarına müxtəlif məzmunlu sosialməişət xidmətlərinin göstərilməsi, yerin mühafizəsinin təmin edilməsi və sair hərəkətlərin edilməsini ehtiva edir. Qeyd olunan hərəkətlərin edilməsi, qumarxananın fəaliyyətə başlayıb-başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən edimişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Göründüyü kimi bu kriminal (qanunazidd) hərəkətlərin məqsədi qumar oyunlarını keçirilməsi üçün yer təşkil etməkdən, qumar oyunlarına cəlb etməkdən, bu məqsədlər üçün şəraitin yaradılmasından ibarətdir. Qeyd etmək lazımdır ki, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmək və ya onları saxlamaq əməllərinə görə cinayət məsuliyyəti yalnız belə hərəkətlərin qumar oyunlarının keçirilməsi üçün yer təşkil olunmasının sübuta yetirilməsindən sonra yarana bilər. Bununla belə, göstərilən hər iki kriminal əməldə ayrı-ayrılıqda (qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinin tərkibini yaradır. Onu da qeyd etmək lazımdır ki, qumar oyunları yaşayış və qeyri-yaşayış sahələrində (evlərdə, mənzillərdə, xidməti otaqlarda, ofislərdə, mehmanxana otaqlarında, sosial və mədəni-məişət xidməti göstərən idarə, müəssisə və təşkilatların binalarında, qazanxanada, qarajda,anbarda, zirzəmidə və sair yerlərdə) təşkil edilə və keçirilə bilər. Qumarxanalar təkcə qapalı məkanlarda deyil, açıq sahələrdə də təşkil edilə və keçirilə bilər. Qumarxananın təşkil edildiyi və keçirildiyi yerin əməlin tövsifi üçün əhəmiyyəti yoxdur. Bu cinayətin törədilməsində subyektiv cəhətin zəruri əlaməti kimi təqsirkar şəxsdə qabaqcadan qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama niyyətinin olması və qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılmasıdır. Belə ki, Qanunverici CM-in 244-1.1-ci maddəsində qumarxananın fəaliyyətə başlayıbbaşlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır, yəni qumarxana təşkil edən şəxs qumar oyularının keçirilməsini arzulamalı, iştirakçıları seçmə hərəkətlərini yerinə yetirməli, məqsədinə nail olmaq üçün buna uyğun yer təşkil etməlidir. Qumarxana təşkil etmədə mütləq cinayətə hazırlıq mərhələsi olmalı, onun hazırlığı qumar oyunlarının keçirilməsinə hesablanmalıdır. Həmin yerdə qumar oyunlarının keçirilib-keçirilməməsindən asılı olmayaraq, yerin qumar oyunlarının keçirilməsi üçün hazırlanması ilə cinayət başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən əməl olmaqla, şəxsin şüurlu surətdə həmin əməlin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi ilə müşayiət olunur. Şəxs qumarxananı təşkil etməklə ictimai mənəviyyata zidd hərəkət etdiyini dərk edir, orada qumar oynayanları və onların ailələrini çətin maddi vəziyyətə sala biləcəyini qabaqcadan görür və şəxsi mənafeyi naminə qumara meylli şəxslərin qumarxanaya gəlməsi və orada qumar oynamalarını arzulayır. Göründüyü kimi qumarxana təşkil edən şəxsin əməlində cinayət tərkibinin yaranması üçün onun məhz qumar oynamağa meylli şəxslərin istirahəti, əyləncəsi üçün lazımi şəraiti yaratmaqdan, yəni, istifadəsində olan yeri qumar oyunlarının həyata keçirilməsi üçün uyğunlaşdırmaqdan, lazımi avadanlıqlarla təchiz etməkdən ibarətdir. Bununla da şəxs ictimai mənəviyyat əleyhinə olan -qumarxana, qumar oyunlarının keçirildiyi yeri təşkil etmə və ya saxlama cinayət əməlini törətmiş olur. Beləliklə, cinayət törədən şəxsin hərəkətləri nəticəsində təyinatı başqa cür istifadə olan yer qumarxanaya çevrilir. Həmin vaxt qumarxana təşkil etmə gəlir əldə etmək və ya digər məqsədlə törədilə bilər. Hər bir halda cinayəti törədənin əməli zəif iradəli qumara meylli şəxsləri qumar oynamağa həvəsləndirmə, sövq etmə, qumar oynayanlara dəstək olma və.s hərəkətlərdə özünü göstərməlidir. Bu cür ictimai mənəviyyat əleyhinə olan hərəkətlər şəxsin əməlinin ictimai təhlükəli olduğunun, şəxsin kriminala meylli xarakterinin göstəricisidir. Bu da onu deməyə əsas verir ki, bu kriminal hərəkətlərin məqsədi qumarxananı təşkil etməkdən, qumar oynamağa sövq etməkdən və bu məqsədlər üçün şəraitin yaradılmasından ibarətdir. Qeyd edilməsi zəruridir ki, Cinayət Məcəlləsinin 244-1-ci madəsinin nəzərdə tutulmuş cinayət əməlinə düzgün hüquqi qiymət vermək üçün qumarxana təşkil etməklə qumar oyunlarının keçirilməsini, şəxslərin öz aralarında qumar oyunu keçirməsindən fərqləndirmək lazımdır. Belə ki, birinci halda, yəni qumarxana təşkil etməklə qumar oyunlarının keçirilməsi zamanı təqsirkar şəxs fəal surətdə öz niyyətini həyata keçirmək üçün qumar oyularının keçirilməsini arzulayır, iştirakçıları seçmə hərəkətlərini yerinə yetirir, məqsədinə nail olmaq üçün buna uyğun yer təşkil edir. İkinici halda isə qumar oynamağa meyilli olan şəxslərin təsadüfən toplaşması, istirahət və əyləncəyə olan tələbatlarını qarşılamaq məqsədilə öz aralarında qumar oyunlarının keçirilməsini təmin edirlər. Birinci halda təqsirkarın əməlində qumarxana təşkil etmə və ya saxlama cinayətinin, ikinci halda isə qumar oynayan şəxslərin əməllərində qumar oynamaya görə inzibati tərkibi yaranır. Bununla belə hazırda Mingəçevir ŞPŞ tərəfindən Şahid1, Şahid2 və Şahid3 barələrində İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə dair inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki cinayət işində təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhəti olan qumarxana təşkil etməsi öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs əsas məşğuliyyəti bazarda meyvə alveri ilə məşğul olmaqdır. O, hazırki cinayət işi üzrə şahid qismində dindirilmiş tanışları ilə qumar oynadığı yeri də məhz anbar kimi istifadə etmək üçün icarəyə götürmüşdür. Məhkəmə istintaqı zamanı onun qumar oyunlarının keçirilməsi üçün təşkilatçılığı, yəni həmin yerin qumar oyunlarının keçirilməsi üçün hazırlanması, uyğunlaşdırılması, qumara meylli şəxslərin dəvət edilməsi, ora yığışan şəxslərin istirahəti-əyləncəsi üçün digər tədbirlərin görülməsində ifadə olunan hərəkətləri etməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında saxlanc yeri kimi istifadə etdiyi yerdə yağışdan qorunmaq üçün ora yığışmış tanışları, Şahid1, Şahid2 və Şahid3 ilə söhbət edərkən, onlardan Şahid3 cibindən çıxardığı kart vasitəsilə 0,2 manat (iyirmi qəpik) müqabilində qumar, yəni, pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun oynamağı təklif etmiş, o da həmin şəxslərin qumar oynamalarına icazə verib özü də onlarla birlikdə kart vasitəsi ilə pul müqabilində qumar oynamışdır. Beləliklə, cinayət işinin materiallarında olan sübutlar Təqsirləndirilən şəxs istifadəsində olan saxlanc kimi istifadə etdiyi yerdə tanışları ilə birlikdə qumar oynamasını sübut edir. Halbuki, AR Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv cəhətdən qumar oyunlarının oynanılması və ya keçirilməsində deyil, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamada ifadə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin yeri saxlanc yeri kimi istifadə edir. Cinayət işinə əlavə edilmiş videoyazı və şəkillərdən, hətta tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış protokolundan da görünür ki, həmin yer saxlanc kimi istifadə edilmiş və həmin təyinata da uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, saxlanc yerində qumarxana təşkil etmə Təqsirləndirilən şəxs həmin yeri saxlanc görüntüsü yaratmaqla qumar oyunlarının keçirilməsinə uyğunlaşdırılmış yerə çevirməsi halında mümkün olardı. Ona görə də Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda onun tanışları ilə birlikdə istifadəsində olan saxlanc yerində qumar oynamalarına icazə verməsinin qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə kimi qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Eləcə də, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 25.2-ci və 25.3-cü maddələrinə əsasən, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinə görə isə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci mаddəsinə əsаsən, məhkəmə bаxışı zаmаnı təqsiri sübutа yetirilməmiş şəxs həmin məhkəmə bаxışındа аşkаr və təxirə sаlınmаdаn Аzərbаycаn Respublikаsı аdındаn təqsirsiz elаn edilməli və оnа məhkəmənin hökmü ilə bərаət verilməlidir. Həmin Məcəllənin 350.1 və 350.2-ci maddələrinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinə münasibət bildirərək qeyd edir ki, apellyasiya protesti formal mülahizələrdən ibarətdir. Belə ki, apellyasiya protestində qumar oynanılan kartın əvvəlcədən həmin yerdə olduğunu, bunun da həmin şəxslərin mütəmadi olaraq Təqsirləndirilən şəxs istifadəsində olan sözügedən saxlanc yerinə gələrək qumar oynamalarına dəlalət etdiyi götərilsə də, Şahid3 birinci instansiya məhkəməsində verdiyi ifadəsində qumar oynanılan vasitə-kartın ona məxsus olmaması və qumar oynamağı təklif etmədiyi ilə bağlı bildirdikləri digər şahidlər Şahid1 və Şahid2 ifadələri ilə təkzib edilmişdir. Bəraət alan şəxs və digər iki nəfər şahid kartın Şahid3 məxsus olduğunu, məhz onun da qumar oynamağı təklif etdiyini, hətta polislər gələn zaman Zaurun qumar oynadıqları kartı da masanın üzərindən götürüb cibinə qoyduğunu bildirmişlər. Bununla baglı, məhkəmə kollegiyası Şahid3 məhkəmə iclasında iştirakını təmin etmişdir və kollegiyanın iclasnda iştirak edən Şahid3 ifadə verərək göstərmişdir ki, həmin saxlanc yerində yeyib-içiblər. Qumar oynama təklifini kimin etdiyini xatırlamır. Həmin saxlanc yeri şəffaf şüşə ilə əhatəlidir. İçəri çöldən rahat şəkildə görünür. Təqsirləndirilən şəxs və ya başqalarının orada əvvəllər də qumar oynadığını heç vaxt görməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs qumarbaz kimi tanımır. Tam əksinə onu kasıb və zəhmətkeş biri kimi tanıyır. Çünki Təqsirləndirilən şəxs meyvə-tərəvəz satır və onu dəfələrlə həmin saxlanc yerindən sığınacaq kimi istifadə etdiyini, orada yatdığını görmüşdür. Ona görə də alış-verişi hər zaman Təqsirləndirilən şəxs etmişdir ki, ona xeyiri dəysin. Bundan başqa məhkəmə kollegiyası bəraət alan şəxsin istifadəsində olan saxlanc yerində qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməsi ilə bağlı istintaq orqanının mövqeyi ilə ona görə razılaşmır ki, hadisələrin təsadüfi axarı zəminində bir yerə toplaşmış tanışlar arasında qəflətən edilmiş təklifə əsasən, öz aralarında qumar oynamağa yer sahibi tərəfindən icazə verilməsi, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə hesab oluna bilməz. Belə ki, qumarxana təşkil etmədə qumar oynayanlara şərait yaradılması qumarxana təşkil edənin təşkilatçılığını-hazırlığını ehtiva etdiyindən, qumarxana təşkil etmə niyyəti olmadan istifadəsində olan yerdə özünün iştirakı ilə qumar oynanılmasına icazə vermə təşkilatçılıq hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, kartla oynanılan qumar oyunu təkbaşına oynanılmır və oyunun növündən asılı olaraq müxtəlif sayda iştirakçının olmasını şərtləndirir. Eləcə də məhkəmə istintaqı zamanı bəraət alan şəxs Təqsirləndirilən şəxs niyyəti tanışları ilə birlikdə əylənmək məqsədilə kart oynamaqdan ibarət olduğu müəyyən edilmiş, lakin onun istifadəsində olan saxlanc yerində qumarxana təşkil etmə niyyətinin olması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiq tapmamışdır. Ona görə də ittiham hökmünün çıxarılması haqqında dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlilləri əsassızdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi üzrə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(051)-73/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi üzrə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(051)-73/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar