Məhkəmə qərarları › İş №1(109)-6/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-6/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-6/2025 14.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 16:15 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsnın və tərcüməçi X4 iştirakları ilə 01 yanvar 2000-ci il tarixində Türkiyə Respublikasının Şırnak şəhəri Gizrə rayonunda doğulmuş, Türkiyə Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, qoşqulu yük nəqliyyat vasitəsi idarə edən, Türkiyə Respublikasının Şırnak şəhəri, Gizrə rayonu, Dağqapı məhəlləsi, Dərə küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 3,368 qramdan artıq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib bükümlərdə üzərində saxlayaraq daşımaqla, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 33DER03/33DPJ43 dövlət qeydiyat nişanlı "Mersedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, xx.xx.2024-cü il tarixdə saat 00 : 50 dəqiqədə Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun üzərində aparılmış şəxsi yoxlama zamanı əyninə geyindiyi şalvarın sağ tərəf diz hissəsinin yanında yerləşən cibindən bir bükümdə təmiz çəkisi 0,891 qram, sol arxa cibindəki pul kisəsinin içərisindən isə bir bükümdə təmiz çəkisi 2,477 qram olmaqla ümumi təmiz çəkisi 3,368 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Türkiyədən maşına banan yükləmiş İran bölgəsi ilə Tacikistana gedərək yükü boşaltmış və oradan Türkmənistana getmiş, sonra yenidən İrana gələrək Sultanabad şəhərinə çatmışdır. Bir dükandan uşaqları üçün əşyalar almış, digər bir şəxsdən də 50 dollara “metamfetamin” adlı psixotrop maddə almış və onun 2-3 qramını istifadə etmişdir. Maddələri aldığı zaman 1 bükümün içində olmuşdur. Daha sonra həmin bükümü istifadə üçün açmış və onları 2 bükümün içinə qoyaraq bölmüşdür. Metamfetamini qəhvəyi rəngdə olan pul kisəsinə qoyaraq şalvarının sol cibində daşımışdır. İranda olarkən maddədən ümumilikdə 2 dəfə istifadə etmişdir. Psixotrop maddəni ona satan adam maddəni alanda ona 6-7 qram olduğunu demiş və həmin adamı tanımamışdır. Həmin adamın narkotik satdığını və istifadəçisi olduğunu gözünə baxanda anlamışdır. Daha sonra Poldəştdən “Şahtaxtı” gömrüyünə gəlmişdir. Həmin vaxt Azərbaycan Respublikasının qanunlarını bilməmiş, Azərbaycan tərəfdə gömrükdən ilk dəfə keçmişdir. Gömrük işçiləri maşında olarkən üzəridə qanunla qadağan olunmuş, yaxud bəyan edilməmiş nəsə olduğunu soruşmamışlar, o isə maşının içində olarkən gömrük işçiləri soruşmadan onlara üzərində kristala bənzər maddənin olduğunu, həmçinin şəxsi istifadə üçün aldığını demiş, metamfetamini çıxarıb onlara vermiş, gömrük işçiləri də bükümləri çöldə alıb baxmış və maşında şəxsi yoxlama aparmaq mümkün olmadığı üçün sonra cibinə qoymağını istəmişlər və onların dediklərinə əməl etsə, onu buraxacaqlarını söyləmişlər. O da qorxduğu üçün heç bir şey edə bilməmişdir. Daha sonra onu buraxacaqlarını söyləyərək bir otağa aparmış və çəkilmiş videogörüntülərin onlarda qalacaqlarını, heç kimə verməyəcəklərini söyləmişlər. Şəxsi yoxlama otağında gömrük işçisi və videoçəkiliş aparan şəxs olmuşdur. Sonra şəxsi yoxlama otağına aparıb cibindəkiləri stolun üzərinə boşaltmağını tələb etmişlər və yoxlama zamanı əl ilə üzərində yoxlama aparılmışdır. Yoxlama zamanı üzərində kristal olduğunu bildirərərək pul kisəsini və şüşə kolbanı, yəni əlində olanların hamısını vermişdir. Daha sonra bir sənəd imzalatmışlar və onların dediklərini etməyini istəmişlər. Üzərində qanunla qadağan olunmuş, yaxud bəyan edilməmiş nəsə olduğunu içəridə şəxsi yoxlama aparan zaman soruşmuşlar. İlk öncə ifadə verərkən yanında müdafiəçisi də olmadığı üçün qorxmuşdur. Metamfetamini könüllü olaraq gömrük işçilərinə çıxarıb vermişdir. O, yoxlama olmazdan öncə üzərindəkiləri gizlətməmiş və gömrük işçilərinə vermişdir. Gömrük işçilərinə problemi olduğu üçün özünün içdiyini demişdir. Həmin vaxt xəstəliyi ilə bağlı kağızı olmamış, ailədə psixoloji problemlərinə görə 3-4 ay psixotrop maddə qəbul etmişdir. Cibini yoxlayarkən pul kisəsi, metamfetamin, mavi qələm və 2 ədəd də şüşə aşkarlanmışdır. Gömrük işçilərinin onunla düşmənçiliyi olmamış və onu əvvəlcədən tanımamışlar. Şəxsi yoxlama zamanı videoçəkiliş aparılmış və ona yoxlanış zamanı təsir-təzyiq, döymək-vurmaq halı olmamışdır. Daha sonra müdafiəçisinin iştirakı ilə yazdığı ifadələrə imza çəkmiş və həmin vaxt ona qarşı hər hansı təsir-təzyiq olmamışdır. Daha əvvəl o gömrükdə maddələrə görə tutulmamış, maddələri yenicə qəbul etmişdir. Maddələri içdiyinə və cibində daşıdığına görə özünü günahkar bilmişdir. Gömrükdən maddə keçirtməyin Azərbaycanda qadağan olduğunu bilsəydi əgər, onu keçirtməyəcəyini söyləmişdir. O, iki övladı olduğunu və ailə üzvlərini zəlzələdə itirdiyini, etdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Hal hazırda yeni övladının dünyaya gəldiyini, onun heç üzünü belə görmədiyini, ailəsinə arvadının atasının baxdığını, onun da yaşlı və xəstə olduğunu, cəza alsa heçkimin uşaqlarına baxa bilməyəcəyini, ailənin yeganə qazanc gətirəni olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Veysel Bıçak 4 oktyabr 2024-cü ildə nəqliyyat vasitəsilə İrandan Azərbaycana tranzit keçməklə Türkiyəyə yük aparmışdır. O, “Şahtaxtı” gömrük postunda qeydiyyatda işlədiyini, axşam saatlarında təxminən 23:30 radələrində Şahid1 o növbədə olarkən ona yaxınlaşıb bir sürücünün hal və hərəkətlərindən şübhələndiyini və onu şəxsi yoxlamaya dəvət etmək istədiyini bildirdiyini, ona da hal şahidi olmağını və hadisənin videoçəkilişini aparmağını istədiyini söyləmişdir. Veysel Bıçağın qaşınması və gözünün giləsinin tez-tez gedibgəlməsi onda Bıçak Veyselə qarşı şübhə doğurmuşdur. Həmin vaxt hal şahidi ola biləcəyini söyləyərək sürücü Veysel Bıçağın şəxsi yoxlamasının videoçəkilişini aparmışdır. Bu zaman həmin otaqda o, Şahid1 və Veysel Bıçak olmuş və Veyseli sorğu-sual etməyə Şahid1 başlamışdır. O, Veysel Bıçağa onun ana dilində hüquq və vəzifələrini izah etmiş, türk dilində tərcümə olunmuş hüquqları ilə bağlı çıxarışı Veyselə təqdim etmiş, onun başa düşdüyü dildə danışmış, sonda onun barəsində şəxsi protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs oxumuş, imzalamış, şəxsi yoxlama aparılan otaqda şəxsi yoxlaması aparılmış və videoçəkilişini etmişdir. Şəxsi yoxlama aparılanda Veyselə heç bir təsir-təzyiq və zorakılıq hərəkətləri olmamış, hər şey qanun çərçivəsində edilmişdir. Şahid1 Veyseldən üzərində qanunla qadağan olunmuş, gizlədilmiş və yaxud bəyan edilməmiş hər hansı bir malın olub-olmadığını soruşmuş, Veysel isə üzərində heç nə olmadığını demiş, ondan üzərindəki əşyaları boşaltmasını istədikdən sonra şalvarının sağ cibindən 2,714 qram kristal formasında psixotrop maddəyə bənzər fakt aşkarlanmış, üzərində də onlardan istifadə etmək üçün lampalar, kompa olmuşdur. Şalvarını sol cibindən və cüzdanından 5,814 qram psixotrop maddəyə bənzər fakt aşkarlanmışdır. Veysel qabaqcadan qanunla qadağan olunmuş predmeti ona təqdim etməmiş, fakt aşkarlandıqdan sonra isə özünün istifadə etdiyini və şəxsi istehlakının olduğunu söyləmişdr. Maddələri cibindən çıxardıqdan sonra Şahid1 Təqsirləndirilən şəxs müraciət edərək ona aid olub olmadığını soruşmuş, Veysel də cavabında ona aid olduğunu demişdir. Həmçinin şəxsi istifadə üçün aldığını soruşduqda da cavabında “hə” demişdir. Sonra tərəziyə qoyub çəkmiş və müvafiq hərəkətləri yerinə yetirmişdir. Veyselin üzərində otaqda şəxsi yoxlama aparılan zaman Şahid1 faktı aşkarlamışdır. Bükümlər qram olaraq 2,700 və 5,800 olmuş, ümumilikdə isə 8 qramdan çox psixotrop maddəyə bənzər fakt aşkarlanmışdır. Şəxsi yoxlama apardıqdan sonra maşın da müayinə olunmuş, videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 3 oktyabr 2024-cü il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxsla rastlaşmış, onun hərəklərində, həmçinin davranışlarında bəzi problemlərin olduğunu hiss etmiş, buna görə onda şübhə yaranmış və Veysəli şəxsi yoxlamaya dəvət etmişdir. O, ilk əvvəl Veysəldən – “Üzərində qadağan edilmiş, bəyan edilməmiş nəsə vardır”- soruşmuş, o da –“Üzərimdə və nəqliyyat vasitəsində qadağan olunmuş predmet yoxdur”- deyə cavab vermişdir. O, şəxsi yoxlamadan və nəqliyyat vasitəsinə baxış keçirtməmişdən əvvəl təqsirləndirilən şəxsin öz dilində olan hüquq və vəzifələrinə dair təlimatı ona təqdim etmiş və Veysəldə şəxsi imzası ilə imzalamışdır. Daha sonra Veysəli gömrükdə şəxsi yoxlama otağına aparıb yoxlamanı həyata keçirtmiş, yoxlama zamanı Şahid2 də videoçəkilişi aparmaq üçün dəvət etmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs şalvarının sağ cibindən 2 ədəd şüşədən və bir ədəd plastikdən hazırlanmış psixotrop maddələrdən istifadə etmək üçün kolbalar, qablaşdırma ilə birlikdə ümumi çəkisi 2,718 qram olan psixotrop maddə aşkarlanmışdır. Sol arxa cibindən isə qəhvəyi rəngdə pul qabında ümumi çəkisi qablaşdırma ilə birlikdə 5,814 qram təşkil edən iysiz, ağ rəngdə, duz halında olan psixotrop maddəyə bənzər kütlə aşkarlanmışdır. Ümumilikdə isə çəkisi 8,524 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsini yoxlamağa başlamış, nəqliyyat vasitəsində heç bir hüquqpozma faktı aşkarlanmamışdır. Sadəcə şəxsi yoxlama zamanı hüquqpozma faktı aşkarlanmışdır. Şəxsi yoxlama zamanı videoçəkiliş qeydə alınmış və sənədləşdirilmişdir. Üzərindən aşkar etdikdən sonra Veysəl –“Kristaldır, mən bunun şəxsi istifadəçisiyəm” deyə etiraf etmiş və İrandan 50 dollara aldığını da bildirmişdir. Yoxlanış zamanı təqsirləndirilən şəxsə təsir-təzyiq olmamış, aşkar etdikdən sonra Veysəl səmimi etiraf etmiş, heç bir maneəçilik də törətməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 05 oktyabr 2024-cü il tarixli, 1198 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən məlum olur ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kağız zərfin içərisindəki 02 ədəd gümüşü rəngli falqa kağızları bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri- 0,891 qram; -2,477 qram olmaqla ümumi təmiz çəkisi -3,368 qram olan ağ rəngli, kristal formada və toz şəklində hissəciklərdən ibarət maddə, kustar üsula hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikakısının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Naxçıvan Muxtar Respublikası X1: - 07 noyabr 2024-cü il tarixli, 471 saylı Ambulator Məcburi X6 rəyindən görünür ki, təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs metamfetamin narkomaniyası aşkar olundu. Məcburi müalicəyə ehtiyacı var. - 07 noyabr 2024-cü il tarixli, 470 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizanın X6 rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hansı psixi vəziyyətində xəstəlik halı aşkar olunmadı. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-in 21 maddəsinin təsiri altına düşmüşdür. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 04 oktyabr 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan məlum olur ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ tərəf diz hissəsinin yanında yerləşən cibindən 2 ədəd şüşədən, 1 ədəd plastikdən hazırlanmış psixotrop maddələrin istifadəsi üçün nəzərdə tutulan kolbalar və 1 bükümdə qablaşdırılmış təxmini çəkisi 2.718 qram olan ağ rəngli, ysiz, kristal halında psixotrop maddəyə bənzər kütlə, sol arxa cibindəki pulqabının içərisində isə 1 bükümdə qablaşdırılmış təxmini çəkisi 5.814 qram olan ağ rəngli, iysiz, kristal halında psixotrop maddəyə bənzər kütlələr aşkar edildi. Şəxsi yoxlama zamanı xarici vətəndaşın üzərindən aşağıdakılar götürülmüşdür:

1. 1 ədəd “Redmi 13C” markalı İMEİ1: **********28423 İMEİ2: **********28431 nömrəli mobil telefon.

2. Xarici vətəndaşa məxsus U28071716 nömrəli xarici paport.

3. 1 ədəd qəhvəyi rəngli pul qabı.

4. 1 ədəd qara rəngli şalvar. - 04 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan məlum olur ki, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33DER03/33DPJ43 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsindən və daşıdığı yükdən qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. - 10 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33DER03/33DPJ43 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilmədi. - 13 noyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs məxsus “Redmi 13C” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir məlumat əldə edilmədi. - 16 noyabr 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, DVD-yə baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 2 dəqiqə 27 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama video çəkilişlə gömrük əməkdaşı X5 özünü təqdim edərək, Biçak Veysələ hüquq və vəzifələrini izah edərək bu barədə bildirişi ona verməsi ilə başlayır. Çəkilişin gömrük xidməti inspektoru kiçik leytenant Şahid2 Elçin oğlu tərəfindən “İphone 15 pro” markalı mobil telefonla aparılldığı barədə məlumat verilir. Gömrük əməkdaşı Bıçak Veyseldən üzərində qanunla qadağan olunmuş və ya bəyan etmədiyi hər hansı bir əşya olub olmadığını soruşur, Təqsirləndirilən şəxs üzərində bəyan etmədiyi və ya qanunla qadağan olunmuş əşya olmadığını bildirir, bundan sonra gömrük əməkdaşı ona üzərində olan əşyalarını masanın üzərinə qoymasını bildirir. Təqsirləndirilən şəxs əyninə geyindiyi ağ rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 qutu siqareti, açarları və mobil telefonunu, şalvarın arxa sol cibindən isə 1 ədəd dəri pul qabısını çıxarıb masanın üzərinə qoyur. Çəkilişin 1-ci dəqiqə 04-cü saniyəsində gömrük əməkdaşı Əli Bayramov tərəfindən Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına başlanılır, yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sol diz hissəsinin yanında olan cibindən 3 ədəd kolba və bir ədəd büküm aşkar olunur. Gömrüük əməkdaşı Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs bükümün içərisində kristal olduğunu və özünə məxsus olduğunu bildirir. Onun üzərindən başqa hər hansı bir əşya aşkar olunmur. Sonra gömrük əməkdaşı tərəfindən Biçaq Veyselin təqdim etdiyi əşyalara baxış keçirilmsinə başlanılır, baxış zamanı Təqsirləndirilən şəxs şalvarının arxa sol cibindən çıxararaq təqdim etdiyi dəri pul qabısının içərisindən 1 ədəd büküm aşkarlanır, gömrük əməkdaşı tərəfindən Bıçak Veyseldən həmin bükümün nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdə də digər bükümdə olduğu kimi kristal maddəsi olduğunu, özünün istifadə etdiyini bildirir. Həmin bükümlər ayrı-ayrılıqda və birlikdə elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkiləri 2.718 qram və 5.814 qram, ümumi çəkilərinin isə 8.524 qram olduğu müəyyən edilir. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi yoxlama aparılan şəxs özüdür, şəxsi yoxlama zamanı üzərindən aşkar olunmuş 2 ədəd bükümdə metamfetamin psixotrop maddə ona məxsusdur. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi Əsədulla Vəliyev əlavə olaraq heçnə bildirmədilər. - 01 noyabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş Təqsirləndirilən şəxs haqqında tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. - 14 oktyabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 3,368 qram psixotrop maddə metamfetamin, metamfetaminin qoyulduğu 1 ədəd qəhvəyi rəngli pul qabı və 1 ədəd qara rəngli şalvar, həmçinin narkotik vasitə istifadə etmək üçün 3 ədəd kolba cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 3,328 qram metamfetamin, metamfetaminin qoyulduğu 1 ədəd qəhvəyi rəngli pul qabı və 1 ədəd qara rəngli şalvar, həmçinin psixotrop maddə istifadə etmək üçün 3 ədəd kolba məhkəmənin yekun qərarına kimi saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağına verilmişdir. - 11 oktyabr 2024-cü il tarixli, yük nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında aktdan məlum olur ki, “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Mühafizə olunan ərazisində saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33DER03/33DPJ43 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi sahibi “İlbaş Lojistik Gümrükleme X12 Sanayi Ticaret Limited” beynəlxalq nəqliyyat şirkəti Vahaç İlbaşın direktorluğu tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş etibarnamə əsasında Türkiyə Respublikası vətəndaşı İlbaş Baki Mhmetsait oğluna nəqliyyat vasitəsinin texniki pasportu ilə birlikdə saz vəziyyətdə təhvil verilmişdir. - Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş CD və DVD-lər tədqiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 04 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə tərçüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 05 oktyabr 2024-cü ildə Azərbaycan Respublikası CM-nın 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 05 oktyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CMin 206.2 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi cinayət işi üzrə təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, toplanmış materiallar, ekspert rəyləri, protokollar, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək əynindəki şalvarın sağ tərəf diz hissəsinin yanında yerləşən cibindən və sol arxa cibindəki pul kisəsinin içərisindən aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla və işin digər halları ilə tam təsdiqini tapmışdır. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ tərəf diz hissəsinin yanında yerləşən cibindən və sol arxa cibindəki pul kisəsinin içərisindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 3,368 qram metamfetamin psixotrop maddəsi külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 3,368 qram metamfetamin psixotrop maddəsini əldə etmiş, saxlamış, daşımış və gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, beləliklə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli törətməsi, özünün səmimi etirafı, şahid ifadələri və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirliir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilmədən də cəza təyin edilməsi cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, onun evli olmaqla iki azyaşı övladının olmasını, yeni doğulmuş körpəsinin üzünü belə görmədiyini, zəlzələ bölgəsindən olmasını, zəlzələ nəticəsində hər iki valideynini itirməsini, ailəsinin hal hazıda konteynerdə yaşamasını, ailəsinə arvadının yaşlı və xəstə atasının baxdığını, ailəsinə başqa qazanc gətirənin olmamasını, əməlindən səmimi peşman olaraq etiraf etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə müstəsna hallar kimi qəbul etdiyi halların arasında təqsirləndirilən şəxsin zəlzələdən əziyyət çəkdiyini, zəlzələdə hər iki valideynini itirdiyini və ailəsinin hal hazırda konteynerdə yaşamasını, iki azyaşlı övladının olmasını, xüsusilə vurğulamağı zəruri hesab edir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, təqsiləndirilən şəxsin baş vermiş zəlzələdən əziyyət çəkməsi, hər iki valideynini zəlzələdə itirməsi, hal hazırda konteynerdə yaşadığı ailədə yeganə qazanc gətirən olması, himayəsində iki azyaşlının olması, əməlindən səmimi peşmançılıq çəkməsi, Cinyət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən halların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hallar kimi qəbul edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Beləliklə də, məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasından yüngül cəza, yəni cərimə cəzası təyin edilməlidir. Belə ki, cərimə cəzasına nisbətdə ona daha ağır cəzanın yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaqdır. Bu isə onun ailəsinə mənfi təsir göstərəcəkdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüquq nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, təqsiləndirilən şəxsə CM-in 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsində göstərilir ki, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsində göstərilir ki, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkumluğunun olmamasını, himayəsində 2 azyaşlı övladının olmasını, zəlzələdən ziyan çəkməsini, zəlzələdə hər iki valideynini itirməsini, hal hazırda ailəsinin konteynerdə yaşamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Cinayət işi üzrə mülki iddianın verilməməsi və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 3,328 qram metamfetamin psixotrop maddəsi, 03 ədəd kolba məhv edilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan : - 01 ədəd qəhvəyi rəngli pul qabı və 01 ədəd qara rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 01 ədəd “Redmi 13C” markalı mobil telefon və U28071716 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, şəxsi yoxlanış aparılmasının video qeydi olan 01 ədəd DVD və nəqliyyat vasitəsində yoxlanış aparılmasının video qeydi olan 01 ədəd DVD cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 5500 (beş min beş yüz) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 7000 (yeddi min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 9000 (doqquz min) manat məbləğində cərimə cəzası qəti cəza təyin edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona 5000 (beş min) manat cərimə cəzası qəti cəza təyin edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməklə ödənilsin. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalan 3,328 qram metamfetamin psixotrop maddə və 03 ədəd kolba məhv edilsin. - 01 ədəd qəhvəyi rəngli pul qabı və 01 ədəd qara rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 01 ədəd “Redmi 13C” markalı mobil telefon və U28071716 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılsın. - Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. O, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu

2. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar