Məhkəmə qərarları › İş №1(125)-154/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-154/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-154/2025 27.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, xüsusi ittiham qadasında şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: X5 zərərçəkmiş şəxs kimi ərizə ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işinin açılması, onun cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirinin müəyyən edilərək barəsində qanunamüvafiq ədalətli cəza təyin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 şəhər X10 adına 39 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixində “Tiktok” sosial şəbəkəsində (@sozun.duzu87 istifadəçi adı ilə), “Youtube”-da Hurriyyet TV kanalında və digər sosial platformalarda onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan və böhtan xarakterli videolar, səs yazıları və digər yazılı materiallar yayılmışdır. Sözügedən paylaşımlar sosial şəbəkələrdə on minlərlə baxış toplamışdır. M.Ələsgərova həmin paylaşımlarda onun barəsində tamamilə əsassız, böhtan xarakterli və yalan məlumatlar yayaraq həm şəxsi, həm də peşəkar etibarına ciddi zərər vurmuşdur. Belə ki, M.Ələsgərova yayılan videolarda məktəbin 11-ci sinfində təhsil alan iki nəfər şagirdin onun tərəfindən qanunsuz yollarla başqa məktəbə köçürülməsi və şagirdlər arasında baş vermiş xoşagəlməz münasibətin onun tərəfindən ört-basdır edilməsinə dair kobud və qeyri-etik ifadələrlə əsassız ittihamlar səsləndirmişdir. Bundan başqa M.Ələsgərova, onun maliyyə pozuntularına yol verdiyi, Azərbaycan Respublikasının Ümummilli X9 və ölkə başçısı cənab ilham Əliyevə qarşı hörmətsizlik nümayiş etdirdiyi barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr səsləndirmiş, şəkillər və digər yalan məlumatlar yaymışdır. Şikayət olunan şəxs tərəfindən yayımlanan şəkillərdə guya Ümummilli Lider Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin təsvir olunduğu lövhənin məktəbin ayaqyolu divarına söykənildiyi iddia edilmişdir. Halbuki, bu iddia tamailə əsassızdır, çünki həmin lövhə məktəbin ayaqyolu divarına deyil, məktəbin arxiv sənədlərinin saxlandığı otağın divarına yerləşdirilmişdir. Bildirir ki, ölkə başçısına qarşı guya onun tərəfindən edildiyi iddia edilən bu hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323-cü maddəsində nəzərdə tutulmuş “Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma” cinayət əməlini təşkil edən yalan və qərəzli məlumatlardır. Bu hərəkətləri ilə X3 ona qarşı həm də CM-nin 296-cı maddəsində nəzərdə tutulmuş “bilə-bilə yalan xəbərçilik etmə-yəni cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə” cinayət əməlini törətmişdir. Bu cür qərəzli və böhtan xarakterli məlumatlar məktəb kollektivində, şagirdlər və valideynlər arasında ona qarşı əsassız şübhələr yaradaraq, həm mənəvi, həm də peşəkar nüfuzuna xələl gətirmişdir. Bütün bunlar onun sosial və psixoloji vəziyyətində ciddi gərginlik yaratmış, işinə və şəxsi həyatının normal gedişatına mənfi təsir göstərmişdir. Qeyd edir ki, sözügedən iddialar həqiqəti əks etdirməyərək, planlı şəkildə edilmiş qarayaxmalardır. Bu iddialar heç bir real və obyektiv faktlarla əsaslandırılmamış, yalnız onun nüfuzunu zədələmək, cəmiyyətin ona olan münasibətini dəyişmək məqsədi ilə edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, şikayət vermiş şəxs qanunvericiliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası CPM ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən Azərbayjan Respublikası CPM-in 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar