Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1191/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, bəraət almış Təqsirləndirilən şəxs, müdafiəçiləri Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 və “Zəfər” Vəkil Bürosunun vəkili müdafiəçi1 Zamir oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı Fəridə Bəhrəmova tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi) ## ###### 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Istintaq orqanı tərəfindən tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı verilmiş ittihama əsasən o, ## ###### 2026-cı il tarixdə saat 01:27-də özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda küçədə sonuncunun itirdiyi 100 manat dəyərində qara rəngli, dəri materialdan olan, arxa hissəsində tutacaq yerində öz ad və soyadı, yəni “Zərərçəkmiş şəxs” yazılmış əl çantası və çantanın içərisində olan Zərərçəkmiş şəxs məxsus 10 ədəd 100 manatlıq əskinaslardan ibarət olmaqla, 1.000 manat və 1 ədəd 20 manatlıq əskinas şəklində ümumilikdə 1.020 manat nəğd pul, xidməti vəsiqəsi, “Yelo Bank”a aid 2 ədəd kart, “Azərbaycan Beynəlxalq Bank”a aid 1 ədəd kart, sürücülük vəsiqəsi, göy rəngli, 2019-cu il zavod buraxılışlı, “Hyundai Elantra” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə aid qeydiyyat şəhadətnaməsini ələ keçirib, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1.120 maddi ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmadığından, ona bəraət verilmişdir. Apellyasiya protestinin dəlilləri: Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə ittiahm hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə iş üzrə yekun nəticəyə gələrkən, mülki və cinayət hüquq normalarını düzgün təhlil etməmiş, hadisədən sonra təqsirləndirilən şəxsin davranışlarına düzgün hüquqi qiymət verməmiş, hansı halda tapılmış əşya ilə bağlı münasibətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məsuliyyətə səbəb olacağını müəyyənləşdirməmiş, bütün hallarda mülki hüquq münasibətlərinin tətbiq olunacağı qənaətinə gəlmişdir. Hökmlə müəyyən edilən halların düzgün həlli üçün daxili qanunvericiliklə yanaşı, beynəlxalq təcrübəyə, məsələn Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli *-P saylı qərarında göstərilən yanaşmaya diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, əşyanın başqasına məxsus olduğunu dərk edən şəxsin onu özününküləşdirməsi vicdansız davranışdır və oğurluq kimi qiymətləndirilməlidir. Həmin plenum qərarında həmçinin qeyd edilmişdir ki, şəxsin tapılmış əşyanı geri qaytarmaq üçün nəzərdə tutulmuş aktiv hərəkətləri etməməsi, ümümi qayda olaraq hüquqa zidd hesab olunsa da, bu hal özlüyündə oğurluq cinayət əməlinin tərkibinin olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Tapıntı ilə bağlı Mülki Məcəllədə qeyd edilmiş vəzifələrin yerinə yetirilməməsi öz- özlüyündə mülki hüququ delik hesab olunur və avtomatik olaraq cinayət tərkibi yaratmır. Lakin, konkret hallardan asılı olaraq belə davranış elə ictimai təhlükəlilik dərəcəsinə çata bilər ki, artıq yalnız mülki-hüquqi müdafiə kifayət etməsin və cinayəthüquqi müdaxilə zəruri olsun. Itirilmiş əşyanın tapılması özü-özlüyündə qanuni davranış olsa da, sonradan həmin əşyanı öz xeyrinə və digər səlahiyyətsiz şəxslərin xeyrinə yönəltmək niyyəti yarana bilər. Əgər tapıntı tapan şəxs Mülki Məcəllədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməməklə yanaşı: -tapılmış əşyanı gizlədirsə (məsələn, gizli yerdə saxlayır, paltarında gizlədir, başqa şəxsə gizlətmək məsqədi ilə verir və s) və ya əşyanın qanuni sahibini müəyyən etməyə imkan verən əlamətləri məhv edir və ya gizlədirsə belə aktiv davranış həmin şəxsdə artıq həmin əmlakı oğurlamaq niyyətinin və tamah məqsədinin yarandığını göstərə bilər. Belə hallarda əvvəlcə zahirən qanuni görünən tapıntı sonradan cinayətə çevrilə bilər, hüquqa uyğun davranış xüsusiyyətini itirər və artıq mülki-hüquqi müdafiə deyil, cinayət məsuliyyəti tətbiq edilməsini tələb edər. Cinayət Məcəlləsi oğurluğun obyektiv tərəfinə yalnız əmlakın götürülməsini deyil, həm də özgənin əmlakının təqsirkarın və ya digər şəxslərin xeyrinə yönəldilməsini daxil etdiyindən, məhkəmə yalnız əşyanın qanuni şəkildə sahibliyə keçməsini deyil, həm də sonrakı hərəkət və hərəkətsizliyin özgənin əmlakını qanunsuz olaraq öz xeyrinə yönətməyə xidmət edib-etmədiyini qiymətləndirməlidir. Tapılmış əşyanın qəsdən gizlədilməsi, bunun nəticəsində mülki-hüquqi vasitələrin kifayət etməməsi və qanuni sahibin hüquqlarının ciddi şəkildə pozulması artıq Mülki Məcəllənin müvafiq maddəsinin tətbiq sahəsindən kənara çıxır. Belə hallarda bu davranış Cinayət Məcəlləsində nəzərdə tutulmuş oğurluq cinayətinin əlamətləri kimi qiymətləndirilə bilər. Xüsusilə əşyanın gizli şəkildə mənimsənilməsi, onun tapılması faktının və başqasına məxsus olmasının gizlədilməsi buna dəlalət edir. Deməli əşya qanuni sahibinə məlum olan yerdə itirilmişdirsə və sahibinin geri qayıdaraq onu götürmək və ya başqa yolla əldə etmək imkanı vardır, yaxud əşyanın fərdi xüsusiyyətlərinə görə onun sahibi müəyyən edilə bilirsə və həmin əşyanın atılmış əşya hesab edilməsi üçün əsas yoxdursa, bu halda tapıntını tapan şəxs bu halları dərk edir və ya dərk etməli idi. Belə şəxs qanuni sahibin müəyyən edilməsi üçün mümkün tədbirləri görmür, əşyanı qanunla nəzərdə tutan qaydada təhvil vermir, polisə və yerliözünü idarə orqanlarına müraciət etmir, üstəlik əşyanı gizlədərək onu özünün və ya digər şəxslərin xeyrinə yönəldirsə, onun əməli gizli talama-oğurluq kimi qiymətləndirilir. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd edilən halların heç birini araşdırmamış, ittiham tərəfindən təqdim edilən sübutları səthi araşdırmış, mülki və cinayət hüquq normalarını düzgün tətbiq etməyərək işin faktiki hallarına uyğun gəlməyən yekun qərar qəbul etmişdir. Hökmdən bəraət almış şəxs apellyasiya şikayəti verməmişdir. Bəraət almış şəxsin müdafiəçisi apellyasiya protestinə qarşı yazılı etiraz verərək, apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya protestinə etiraz belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin obyektiv tərəfi hazırki iş üzrə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən oğurluq özgənin əmlakını gizli olaraq talama hesab olunur. Oğurluq cinayətinin obyektiv tərəfi özgənin faktiki sahibliyində, nəzarətində və ya mühafizə olunan hakimiyyət dairəsində olan əmlakın həmin sahibliyindən gizli surətdə qanunsuz çıxarılması ilə xarakterizə olunur. Buna görə də hazırkı iş üzrə həll edilməli olan əsas hüquqi məsələ təqsirləndirilən şəxsin sonradan həmin əmlakla necə davranması deyil, onun həmin əmlakı hansı faktiki və hüquqi vəziyyətdə əldə etməsidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı, eyni zamanda iş materiallarından (xüsusən zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrindən və videoyazı baxış protokollarından) da aydın görünür ki, əşya Təqsirləndirilən şəxs tərəfindən götürülməzdən əvvəl artıq zərərçəkmişin faktiki sahibliyindən və nəzarətindən çıxmış, gecə saatlarında küçədə itirilmiş vəziyyətdə olmuşdur. Müdafiə etdiyi şəxs əşyanı zərərçəkmişin əlindən, cibindən, avtomobilindən və ya nəzarət etdiyi ərazidən götürməmişdir. Bundan başqa, ittiham tərəfinin prosessual ziddiyyəti və özünüinkar faktı ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli diskin baxış protokolunda ifadə edildiyi kimi, Təqsirləndirilən şəxs "yerdən sahibsiz qara rəngli əl çantasını görüb götürdüyü" rəsmən təsbit olunmuşdur. Ittiham tərəfi öz prosessual sənədində əşyanın həmin anda zərərçəkmişin sahibliyində olmadığını özü etiraf etdiyi halda, sonradan bu əməli "faktiki sahiblikdən gizli talama" kimi qiymətləndirməyə çalışması hüquqi ziddiyyətdir. Dövlət ittihamçısı apellyasiya protestində Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli *-P saylı qərarına istinad edərək tapılmış əşyanın qaytarılmamasını və sənədlərin atılmasını oğurluq cinayəti kimi tövsif etməyə çalışır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.2-ci maddəsinə əsasən, cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyində "Tapılmış əmlakı mənimsəmə" müstəqil cinayət tərkibi kimi nəzərdə tutulmamışdır. Xarici ölkə məhkəməsinin praktikasını və ya geniş təfsiri tətbiq etməklə mülki-hüquqi xarakterli mübahisəni cinayət məsuliyyətinə çevirmək qanunçuluq prinsipinin kobud şəkildə pozulmasıdır. Həmçinin, Təqsirləndirilən şəxs əl çantasını taparkən onun kimə məxsus olmasını bilməmiş və əl çantasının içərisində yalnız pulu görərək götürmüşdür. Burada niyyəti itirilmiş əşyanı tapan şəxsə mükafatın verilməsi ilə bağlı olmuşdur. Ümumiyyətlə əl çantasının üzərində onun kimə məxsus olması barədə yazı olmamış və içərisində hər hansı sənədlərin olmasından xəbərsiz olmuşdur. Bundan əlavə, gec olduğu üçün pulları polis idarəsinə aparmamış, evə gətirərək oğlunu gözləmiş ki, onunla birlikdə polisə getsin. Sonra isə polis gəlmiş və götürdüyü pul məbləğini tam olaraq qaytarmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186-cı maddəsində itirilmiş əşyanı tapan şəxsin müvafiq şəxslərə və ya orqanlara məlumat vermək öhdəliyi nəzərdə tutulmuşdur. Lakin hazırkı cinayət təqibinin predmeti həmin mülki-hüquqi öhdəliyin yerinə yetirilib-yetirilməməsi deyil, məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin bütün tərkib əlamətlərinin mövcud olub-olmamasıdır. Mülki-hüquqi öhdəliyin pozulması öz-özlüyündə əməlin cinayət-hüquqi qaydada oğurluq kimi tövsif edilməsi üçün kifayət etmir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2005-ci il tarixli qərarında oğurluq cinayəti mülkiyyətçinin və ya əmlak sahibinin olmadığı, yaxud olsa da, əmlakın götürülməsini hiss etmədiyi şəraitdə özgə əmlakının gizli talanması kimi izah edilmişdir. Həmin izah hazırkı iş üzrə yalnız o halda tətbiq edilə bilərdi ki, əmlak zərərçəkmiş şəxsin faktiki sahibliyində olmuş və təqsirləndirilən şəxs həmin əmlakı məhz həmin sahibliyin dairəsindən gizli surətdə çıxarmış olaydı. Hazırkı iş üzrə isə əmlak artıq itirilmiş, küçədə sahibsiz vəziyyətdə qalmış və təqsirləndirilən şəxs tərəfindən həmin vəziyyətdə tapılmışdır. Bu baxımdan Plenum qərarında göstərilən gizli talama anlayışı ilə hazırkı iş üzrə müəyyən edilmiş faktiki hallar arasında uyğunluq yoxdur. Əmlakın sonradan geri qaytarılmaması və ya pulun götürülməsi təqsirləndirilən şəxsin davranışına mənfi hüquqi-mənəvi qiymət verilməsi üçün əsas ola bilər, lakin həmin hallar zərərçəkmiş şəxsin faktiki sahibliyindən gizli çıxarılma faktı sübuta yetirilmədiyi halda oğurluq cinayətinin tərkibini yaratmır. Eyni zamanda, oğurluq cinayətinin subyektiv tərəfi birbaşa qəsd və tamah məqsədi ilə xarakterizə olunur. Bu qəsd şəxsin özgə əmlakını məhz gizli talama üsulu ilə, yəni mülkiyyətçinin və ya qanuni sahibin faktiki sahibliyindən qanunsuz çıxardığını dərk etməsini və bunu arzulamasını ehtiva edir. Hazırkı iş üzrə isə sübutlarla Təqsirləndirilən şəxs əmlakı zərərçəkmiş şəxsin faktiki sahibliyindən gizli şəkildə çıxarmaq niyyəti ilə hərəkət etməsi müəyyən edilmir. Əksinə, iş üzrə tədqiq edilmiş videogörüntülər, diskin baxış protokolu, zərərçəkmiş şəxsin ifadəsi və Təqsirləndirilən şəxs izahatları əşyanın artıq küçədə itirilmiş və sahibsiz vəziyyətdə olduğunu təsdiq edir. Göründüyü kimi, hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsinin dispozitiv əlaməti olan özgənin əmlakının gizli talanması sübuta yetirilməmişdir. Habelə, iş üzrə sübutlarla Təqsirləndirilən şəxs küçədə tapılmış əmlakı əldə etdiyini göstərsə də, həmin sübutların heç biri onun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs faktiki sahibliyində və nəzarətində olan əmlakı gizli surətdə talamasını təsdiq etmir. Madlenin sonrakı davranışı əşyanın tapılması ilə bağlı mülki-hüquqi münasibətlərin yaranmasını istisna etmir, lakin bu davranış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin obyektiv və subyektiv əlamətlərini formalaşdırmır. Proses iştirakçılarının çıxışları: Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək təmin edilməsini, protestdə göstərilən əsaslarla iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış Təqsirləndirilən şəxs, müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 Zamir oğlu apellyasiya protestinin dəlillərinin tamamilə əsassız olduğunu göstərərək təmin edilməməsini, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli bəraət hökmünün qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Işin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı bəraət almış və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə bəraət almış və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını bəraət almış və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı qiymətləndirilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək, cinayət işi üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*- ***)-**/**** saylı, ## #### 2026-cı il tarixli bəraət hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, onun tez-tez təzyiqi qalxır, ona görə də dərman istifadə edir. Dərman almaq üçün gedəndə yerdə pulqabı tapıb. Düşünüb ki, kimsə tullayıb, götürüb, görüb ki, içərisində pul var. Fikirləşib ki, sabah bu barədə məlumat verər, evə qayıdıb. Pulqabının sahibi qonşusudur. Deyirlər ki, pulu tapana hədiyyə verilir, o da elə düşünüb. Pulqabını götürdüyü üçün çox peşmandır. Onun oğurluq etmək məqsədi olmayıb, o, heç 16 il öz keçmiş həyat yoldaşından aliment belə almamışdır. Ona heç kimin pulu lazım deyil. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, onun oğurluq etmək məqsədi olmayıb. O, pulu evə gətirdi, oğlunu gözləyirdi ki, onunla getsin. Sonra polis gəldi. Heç o, bilməmişdi ki, içərisində pul var, düşündü ki, elə-belə pulqabıdır, kimsə tullayıb. Xeyr, pulqabının üzərində kimə məxsus olması yazılmamışdı. O, pulları evə aparmışdı. Gec olduğu üçün pulqabını polis idarəsinə apara bilmədi. O, ümumiyyətlə, dərman ala bilmədi, pulu götürüb evə gəldi. O, pul qabında təkcə pulu gördü, kartları görmədi, elə bil şoka düşdü, başqa heçnə görmədi. Özünü itirdiyi üçün pul qabını atdı. O, elə bildi pulu tapana mükafat veriləcək. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qeyd olunan tarixdə yaşadığı “Nizami City” yaşayış kompleksinə avtomobillə yaxınlaşdıqdan sonra evə qalxdı. 10 dəqiqə sonra ona məxsus olan pul qabını itirdiyi məlum oldu. Maşını saxladığı yerə qayıtdı və pul qabını axtardı, avtomobilin içinə, ətrafına baxdı. Gördü ki, ona məxsus olan pulqabı heç yerdə yoxdur. Yenidən qayıdıb axtardı, lakin tapa bilmədi. Səhəri gün yaşadığı binanın komendantı ilə əlaqə saxlayaraq köməklik göstərməsini xahiş etdi. Komendant ona rayonda olduğunu və gəlib köməklik göstərəcəyini bildirdi. Səhəri gün komendant ona bildirdi ki, videogörüntüləri təqdim edə bilməz, bu qanunaziddir. Videogörüntüləri yalnız polis əməkdaşlarına təqdim edə bilər, şəxsin əyilib pul qabını götürdüyü anın videogörüntüsü var. O da bununla bağlı dərhal Yasamal RPI-yə məlumat verdi ki, tanımadığı şəxs tərəfindən ona məxsus olan pul qabı oğurlanıb. O, hətta bununla bağlı mühafizə polisinə yaxınlaşdı, düşündü ki, bəlkə tapan şəxs onu mühafizə polisinə verib, çünki orada ona məxsus olan kartlar var idi, üzərində adı, soyadı var idi. Dedilər ki, heç kim pulqabı ilə bağlı müraciət etməyib. Yasamal RPI-yə gedərək oradakı sahə növbətçisinə məlumat verdi, sonra da müvafiq bölməyə yaxınlaşdı. Dedi ki, şəxsin görüntüsü də var onda. Xahiş etdi ki, şəxs qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunsun və ona məxsus olan pul qabı qaytarılsın. Gördü ki, nəticə yoxdur, 102 xidmətinə də müraciət etdi. Daha sonra yaşadığı ərazidəki bölmənin təhqiqatçısı da onunla əlaqə saxladı, onu bölməyə dəvət etdi. Bölmədə də bu qeyd etdiklərini eyni qaydada izahat formasında yazdı. Üzərindən 1-2 gün keçəndən sonra 20 yanvar günü, saat 09.15 radələrində qeyd etdiyi təhqiqatçı onunla əlaqə saxlayaraq dedi ki, pul qabı tapılmayıb, amma oğurlayan şəxs tapılıb, bölməyə gətirilib. Xahiş etdilər ki, bölməyə yaxınlaşsın. Bölmədə tanımadığı xanımı gördü, o da ondan xahiş etdi ki, şikayətini geri götürsün. Bildirdi ki, pul qabını o götürüb, həyəcanlanıb, qorxub, iki metr qabağa gedib pul qabını yerə atıb, evə qayıdıb. Daha sonra xanımın qohumu gəldi, onu da əvvəllər görməmişdi, tanımırdı. Bildirdi ki, o, artıq məbləğ istəmir. Pul qabının bir yerində 1000 manat, bir yerində də 20 manat var idi. Xanım bildirdi ki, o, 20 manatı görməyib. Dedi ki, 1000 manatı qaytarsınlar kifayətdir. Dedilər ki, bu, bölmənin səlahiyyətində deyil. Bu işə idarədə baxılmalıdır, əraziyə yenidən yerində baxış keçirilməlidir. Əraziyə yaxınlaşdılar, oradan da Yasamal RPI-yə yaxınlaşdılar. Xanımın tanımadığı qohumu 1000 manatı gətirdi, müstəntiqə verdi, müstəntiq də qanunvericilik çərçivəsində pulu ona qaytardı. O da bildirdi ki, ona dəymiş zərər ödənilib, xanımdan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs ona bazar günü gündüz saatlarında müraciət etdi ki, pulqabısı itib. O da rayonda olduğunu bildirdi və qayıtdıqdan sonra gəlib köməklik göstərəcəyini bildirdi. Kamera görüntülərinə baxanda bir xanımı gördü. Polis əməkdaşı olan Tural adlı şəxsə görüntüləri təqdim etdi. Sonra da istintaq orqanında izahat verdi. Iş üzrə maddi sübut kimi tanınmış DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, ## ###### 2026-cı il tarixdə saat 01:27 radələrində təqsirləndirilən Təqsirləndirilən şəxs ünvan 2 ünvanında küçə ilə gedərkən yerdə olan sahibsiz əşya görərək götürmüşdür. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli diskin baxışının keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerində quraşdırılmış müşahidə kamerasının DVD daşıyıcısında olan videogörüntülərə baxış keçirilmişdir. Həmin baxış zamanı müəyyən edilmişdir ki, ## ###### 2026-cı il tarixdə saat 01:27 radələrində təqsirləndirilən Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısından keçərkən yerdə olan sahibsiz qara rəngli əl çantasını görərək götürmüşdür. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli Təqsirləndirilən şəxs izahatından müəyyən edilir ki, o, ünvan 1 ünvanının qarşısında yerdə "sahibsiz qara rəngli əl çantası" gördüyünü və həmin çantanı götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, hərəkət edərkən çantanı açaraq içərisinə baxmış, içəridə olan pul əskinaslarını götürərək cibinə qoymuş, çantanı isə sonradan tullamışdır. Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirləndirilmişdir ki, o, ## ###### 2026-cı il tarixdə saat 01:27 radələrində ünvan 2 ünvanında küçədə zərərçəkmiş Zərərçəkmiş şəxs itirdiyi əl çantasını və çantanın içərisində olan 1020 manat pul vəsaitini, habelə digər sənəd və əşyaları ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 1120 manat maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Ibtidai istintaq orqanı həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif etmişdir. Lakin Məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin tərkib əlamətlərinin mövcudluğunu təsdiq etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən oğurluq özgənin əmlakını gizli olaraq talama hesab olunur. Oğurluq cinayətinin obyektiv tərəfi özgənin faktiki sahibliyində, nəzarətində və ya mühafizə olunan hakimiyyət dairəsində olan əmlakın həmin sahibliyindən gizli surətdə qanunsuz çıxarılması ilə xarakterizə olunur. Buna görə də hazırkı iş üzrə həll edilməli olan əsas hüquqi məsələ təqsirləndirilən şəxsin sonradan həmin əmlakla necə davranması deyil, onun həmin əmlakı hansı faktiki və hüquqi vəziyyətdə əldə etməsidir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə günü avtomobilini yaşayış kompleksinin yaxınlığında saxlayaraq evə qalxmış, yalnız müəyyən müddət keçdikdən sonra pulqabının onda olmadığını aşkar etmiş və hadisə yerinə qayıdaraq axtarış aparmışdır. Zərərçəkmiş şəxsin öz ifadəsindən də müəyyən olunur ki, təqsirləndirilən şəxs həmin əşyanı əldə etdiyi anda əl çantası artıq zərərçəkmiş şəxsin faktiki sahibliyində və birbaşa nəzarətində olmamışdır. Iş üzrə maddi sübut kimi tanınmış DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, ## ###### 2026-cı il tarixdə saat 01:27 radələrində Təqsirləndirilən şəxs küçə ilə hərəkət edərkən yerdə olan əşyanı görərək götürmüşdür. Videogörüntülərdən görünmür ki, həmin əl çantası təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin əlindən, cibindən, avtomobilindən, mənzilindən və ya onun faktiki sahibliyində olan hər hansı yerdən gizli şəkildə götürülmüşdür. Əksinə, iş materiallarında olan ## ###### 2026-cı il tarixli diskin baxışının keçirilməsi haqqında protokolda videogörüntülərin təsviri verilərkən protokolu tərtib etmiş ibtidai araşdırma orqanının vəzifəli şəxsi tərəfindən təqsirləndirilən şəxsin “yerdən sahibsiz qara rəngli əl çantasını görüb götürdüyü” bilavasitə qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, cinayət təqibini həyata keçirən orqanın özünün tərtib etdiyi prosessual sənəddə əşyanın “sahibsiz” vəziyyətdə göstərilməsi xüsusi hüquqi əhəmiyyət kəsb edir. Belə ki, həmin prosessual sənədin məzmununa görə ittiham tərəfinin özü əşyanın hadisə anında zərərçəkmiş şəxsin faktiki sahibliyində deyil, küçədə sahibsiz vəziyyətdə olduğunu təsbit etmişdir. Bu halda sonradan həmin əşyanın zərərçəkmiş şəxsin faktiki sahibliyindən gizli talan edilmiş əmlak kimi qiymətləndirilməsi həmin sübutun məzmunu ilə uzlaşmır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı verdiyi izahatında, həm də məhkəmə iclasındakı ifadəsində çantanı gecə saatlarında küçədə yerdə tapdığını, onu sahibsiz əşya kimi qəbul etdiyini, oğurluq etmək niyyətinin olmadığını bildirmişdir. Onun ilkin izahatında da çantanın yerdə “sahibsiz qara rəngli əl çantası” kimi görüldüyü qeyd edilmişdir. Bu izahat iş üzrə videogörüntülər və həmin videogörüntülərə dair baxış protokolu ilə ziddiyyət təşkil etmir. Məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin sonradan pul vəsaitini özündə saxlaması, çantanı tullaması və ya tapıntı barədə dərhal polisə məlumat verməməsi əməlin əldə edilmə üsulunu dəyişmir və əvvəldən mövcud olmayan oğurluq cinayətinin obyektiv tərəfini sonradan formalaşdıra bilməz. Oğurluq cinayətinin mövcudluğu üçün əmlakın zərərçəkmiş şəxsin faktiki sahibliyindən gizli çıxarılması sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə sübutlarla yalnız təqsirləndirilən şəxsin küçədə yerdə olan, artıq itirilmiş və sahibsiz vəziyyətdə qalmış əşyanı götürməsi müəyyən edilmişdir. Çantanın üzərində zərərçəkmiş şəxsin ad və soyadının qeyd edilməsi, habelə çantanın içərisində sənədlərin olması həmin əşyanın sahibinin müəyyən edilməsini mümkün etsə də, bu hal əşyanın təqsirləndirilən şəxs tərəfindən əldə edildiyi andakı hüquqi statusunu dəyişmir və onu yenidən zərərçəkmiş şəxsin faktiki sahibliyindəolan əmlaka çevirmir. Bu hallar tapılmış əşyanın qaytarılması ilə bağlı mülki-hüquqi öhdəliklərin mövcudluğu baxımından əhəmiyyətli ola bilər, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş gizli talama cinayətinin obyektiv tərəfini sübut etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186-cı maddəsində itirilmiş əşyanı tapan şəxsin müvafiq şəxslərə və ya orqanlara məlumat vermək öhdəliyi nəzərdə tutulmuşdur. Lakin hazırkı cinayət təqibinin predmeti həmin mülki-hüquqi öhdəliyin yerinə yetirilib-yetirilməməsi deyil, məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin bütün tərkib əlamətlərinin mövcud olub-olmamasıdır. Mülki-hüquqi öhdəliyin pozulması öz-özlüyündə əməlin cinayət-hüquqi qaydada oğurluq kimi tövsif edilməsi üçün kifayət etmir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində “tapılmış əmlakın mənimsənilməsi” ayrıca cinayət tərkibi kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.2-ci maddəsinə əsasən cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. Buna görə də qanunverici tərəfindən ayrıca cinayət əməli kimi müəyyən edilməmiş davranışın geniş təfsir yolu ilə oğurluq cinayəti kimi qiymətləndirilməsi qanunçuluq prinsipinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2005-ci il tarixli qərarında oğurluq cinayəti mülkiyyətçinin və ya əmlak sahibinin olmadığı, yaxud olsa da, əmlakın götürülməsini hiss etmədiyi şəraitdə özgə əmlakının gizli talanması kimi izah edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin izah hazırkı iş üzrə yalnız o halda tətbiq edilə bilərdi ki, əmlak zərərçəkmiş şəxsin faktiki sahibliyində olmuş və təqsirləndirilən şəxs həmin əmlakı məhz həmin sahibliyin dairəsindən gizli surətdə çıxarmış olaydı. Hazırkı iş üzrə isə əmlak artıq itirilmiş, küçədə sahibsiz vəziyyətdə qalmış və təqsirləndirilən şəxs tərəfindən həmin vəziyyətdə tapılmışdır. Bu baxımdan Plenum qərarında göstərilən gizli talama anlayışı ilə hazırkı iş üzrə müəyyən edilmiş faktiki hallar arasında uyğunluq yoxdur. Əmlakın sonradan geri qaytarılmaması və ya pulun götürülməsi təqsirləndirilən şəxsin davranışına mənfi hüquqi-mənəvi qiymət verilməsi üçün əsas ola bilər, lakin həmin hallar zərərçəkmiş şəxsin faktiki sahibliyindən gizli çıxarılma faktı sübuta yetirilmədiyi halda oğurluq cinayətinin tərkibini yaratmır. Oğurluq cinayətinin subyektiv tərəfi birbaşa qəsd və tamah məqsədi ilə xarakterizə olunur. Bu qəsd şəxsin özgə əmlakını məhz gizli talama üsulu ilə, yəni mülkiyyətçinin və ya qanuni sahibin faktiki sahibliyindən qanunsuz çıxardığını dərk etməsini və bunu arzulamasını ehtiva edir. Hazırkı iş üzrə isə sübutlarla təqsirləndirilən şəxsin əmlakı zərərçəkmiş şəxsin faktiki sahibliyindən gizli şəkildə çıxarmaq niyyəti ilə hərəkət etməsi müəyyən edilmir. Əksinə, iş üzrə tədqiq edilmiş videogörüntülər, diskin baxış protokolu, zərərçəkmiş şəxsin ifadəsi və təqsirləndirilən şəxsin izahatları əşyanın artıq küçədə itirilmiş və sahibsiz vəziyyətdə olduğunu təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin sonrakı davranışını, yəni pul vəsaitini götürməsini və çantanı atmasını qanuni və düzgün davranış kimi qiymətləndirməmişdir. Lakin cinayət məsuliyyəti yalnız mənəvi baxımdan qınanıla bilən davranışa görə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş konkret cinayət tərkibinin bütün obyektiv və subyektiv əlamətləri mövcud olduqda yarana bilər. Hazırkı iş üzrə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin əsas dispozitiv əlaməti olan özgənin əmlakının gizli talanması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə isə təqsirləndirilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; ittihamı sübut etmək və müdafiə dəlillərini təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, sübutların məcmusuna isə ittihamın həlli üçün kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə görə sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu başa düşülür. Hazırkı iş üzrə toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsin küçədə yerdə olan tapılmış əşyanı götürdüyünü təsdiq etsə də, onun zərərçəkmiş şəxsin faktiki sahibliyində olan əmlakı gizli surətdə talamasını təsdiq etmir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, cinayət məsuliyyəti şəxsin davranışının mənəvi və ya etik baxımdan qınanıla bilməsinə görə deyil, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş konkret cinayət tərkibinin bütün obyektiv və subyektiv əlamətləri sübuta yetirildiyi halda yarana bilər. Hazırkı iş üzrə məhkəmə təqsirləndirilən şəxsin tapdığı əşyanı dərhal müvafiq orqanlara təqdim etməməsini, pul vəsaitini özündə saxlamasını və sonradan çantanı atmasını hüquqi baxımdan düzgün davranış kimi qiymətləndirmir. Lakin həmin hərəkətlər, özlüyündə, CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin dispozitiv əlamətlərini əvəz etmir və özgənin əmlakının gizli talanması faktı sübuta yetirilmədiyi halda cinayət məsuliyyəti üçün əsas yarada bilməz. Belə olan halda ittihamın sübut olunmasında mövcud olan şübhələr təqsirləndirilən şəxsin ziyanına şərh edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunmuş sübutlara əsaslanmalı, məhkəmə sübutları formal sadalamaqla kifayətlənməməli, ittihamı həm təsdiq edən, həm də şübhə altına alan hallara hüquqi qiymət verməlidir. Hazırkı iş üzrə məhkəmə məhz məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan çıxış edərək belə nəticəyə gəlmişdir ki, ittiham aktında göstərilən hüquqi tövsif iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşmır. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iş üzrə sübutlarla təsdiq olunan hallar Təqsirləndirilən şəxs küçədə tapılmış əmlakı əldə etdiyini göstərsə də, həmin sübutların heç biri onun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs faktiki sahibliyində və nəzarətində olan əmlakı gizli surətdə talamasını təsdiq etmir. Təqsirləndirilən şəxsin sonrakı davranışı əşyanın tapılması ilə bağlı mülki-hüquqi münasibətlərin yaranmasını istisna etmir, lakin bu davranış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin obyektiv və subyektiv əlamətlərini formalaşdırmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən bəraət hökmündə cinayət təqibi üzrə toplanılmış sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini şərtləndirən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü və ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini tələb edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin müddəalarına tam riayət edilməsini təmin etmiş, bütün yuxarıda qeyd edilən ümumilikdə götürüdükdə, məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini tələb edən prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, zərərçəkmiş şəxs və şahid ifadələrinə hüquqi qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs bəraət vermişdir. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. Istər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi Isveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011ci il ## #### tarixli Qərarı). Bu mənada cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 2018-ci il ## ##### tarixli Qərarı). Məhkəmə kollegiyası vurğulayır ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd edilməlidir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il # #### tarixli Qərarı). Oğurluq cinayəti törədilərkən zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakın (məsələn, hesabdakı pul vəsaitinin) onun mülkiyyətindən yaxud sahibliyindən çıxdığını bilmir və ya təqsirkar həmin əmlakı zərərçəkmişdən xəbərsiz, gizli şəkildə ələ keçirdiyini güman edir. Dövlət ittihamçısı tərəfindən mübahisə edilməyən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, oğurluq cinayətinin zəruri tərkib əlamətləri olan əmlakın mülkiyyətçisinə ziyan vurmaqla götürmə, oğurluq zamanı təqsirkar şəxsin zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirməsi baş verməmişdir. Ona görə baş vermiş hadisə cinayət hadisəsi hesab edilə bilməz. Dövlət ittihamçısı apellyasiya protestində Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli *-P saylı qərarına istinad edərək tapılmış əşyanın qaytarılmamasını və sənədlərin atılmasını oğurluq cinayəti kimi tövsif etməyə çalışır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsiin 5.2-ci maddəsinə əsasən, cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyində "Tapılmış əmlakı mənimsəmə" müstəqil cinayət tərkibi kimi nəzərdə tutulmamışdır. Xarici ölkə məhkəməsinin praktikasını və ya geniş təfsiri tətbiq etməklə mülki-hüquqi xarakterli mübahisəni cinayət məsuliyyətinə çevirmək qanunçuluq prinsipinin kobud şəkildə pozulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərinin əksinə olaraq məhkəmə işdə olan hallara, ittiham tərəfinin əsaslandığı sübutların mötəbərliliyinə, mümkünlüyünə və mənsubiyyətinə düzgün hüquqi qiymət vermiş, qanuni və əsaslı nəticəyə gəlmiş və əsaslı olaraq bəraət hökmü qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Zəfər” Vəkil Bürosunun vəkili müdafiəçi1 Zamir oğlu tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Namiq Cəfərov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-1191/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1191/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver