Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-362/2026 30.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı2, təqsirləndirilən şəxs İsayev Səməd Çingiz və müdafiəçisi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, İsayev Səməd Çingiz oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026cı il tarixli hökmündən təqsirləndirilən şəxs İsayev Səməd Çingiz oğlunun müdafiəçisi Müdafiəçi ilə birgə və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi ayrılıqda verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü (hakim E.Teymur-Zadə) ilə ##.##.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtov 129/110 ünvanında qeydiyyatda olan, İsayev Səməd Çingiz oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, şübhəli şəxs qismində tutulduğu ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək 2 (iki) gün müddətin ona təyin edilmiş cəza müddətindən çıxılması, üzərində 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin onun həbsə alındığı tarixdən, yəni ##.##.2026 -cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən İsayev Səməd Çingiz oğlunun müdafiəçisi Müdafiəçi ilə birgə və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən ayrılıqda apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Hökmə əsasən İsayev Səməd Çingiz oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması və daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, İsayev Səməd Çingiz oğlu ##.##.2026-cı il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istifadə üçün 20 (iyirmi) manat pul müqabilində xeyli miqdarda 1(bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 0,882 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış və Abşeron rayonu ərazisinə daşımış, ##.##.2026-cı il tarixdə Abşeron RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin arxasında olan həyət evlərinin yaxınlığında saxlanılmış, orada videoçəkilişlə üzəri yoxlanılan zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 0,882 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayətləri mahiyyətcə eyni məzmunlu olmaqla şikayətdə hökmün cəzanın təyin edilməsi hissəsində dəyişdirilməsi və İsayev Səməd Çingiz oğlu barəsində minimum həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi xahiş edilməklə, onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına və təqsirləndirilən əməlinin ictiami təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə və əməlinin xarakterinə uyğun deyildir. Hökm çıxarılarkən birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə yüngülləşdirici hallar olmasına baxmayaraq hansı səbəbə görə sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsini əsaslandırmamış, məhkumun şəxsiyyətinə, əməlinin ictaimai təhlükəliliyinə düzgün hüquqi qiymət verilməmiş və nəticədə təyin edilmiş cəzanın cinayətin ağırlığına, işin hallarına və ya məhkumun şəxsiyyətinə uyğun deyildir. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm təqsirləndirilən şəxsin əməlinin və şəxsiyyətinin xarekterinə, ictimai təhlükəliliyinə uyğun gəlmədiyinə görə dəyişdirilməli və CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərə tutulmuş daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrini və cəzanı yüngülləşdirən halları sadalayır. Lakin daha ciddi cəza növünün hansı əsasla seçilməsi öz hökmündə göstərmir. Halbuki hökmün ədalətli və əsaslı hesab edilməsi üçün, hesab edirəm ki, təyin olunmuş cəza ilə işin halları, cəzanı ağırlaşdıran və ya yüngülləşdirən hallar, əməlin ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti və s. ilə uyğunluğa məhkəmə hüquqi qiymət verməli və hökmü əsaslandırmalıdır. Abşeron Rayon Məhkəməsi hökm çıxarakən təqsirləndirilən şəxs İsayev Səməd Çingiz oğlunun iki azyaşlı uşağının olması, törətdiyi əməldən səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi hesab eləsə də, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması himayəsində yaşlı anasının olmasını yüngülləşdirici hal hesab etməmişdir. Hesab edirəm ki, bütün bu hallar - İsayev Səməd Çingiz oğlunun ilk dəfə məsuliyyətə cəlb edilməsini, iki azyaşlı uşağının olması, törətdiyi əməldən səmimi peşman olması şəxsiyyətini, onun əməlini xarakterizə edən, ictimai təhlükəliliyini azaldan və yüngülləşdirici hal kimi nəzərə alınmalı olan hallardır. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham üzrə gəldiyi nəticəni ittiham üzrə əməlin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən cəzanı ağırlaşdıran halların olmamasını, yüngülləşdirən hal kimi isə himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayəti verərək, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə gəlinən nəticə dəyişdirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində təyin edilmiş cəza mübahisələndirilir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü yalnız apellyasiya şikayətinin dəlilləri hüdudunda yoxlanılmalıdır. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İsayev Səməd Çingiz oğlu tərəfindən törədilmiş cinayət əməli, оnun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq оrqanı tərəfindən tоplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş və düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi əməlin tövsifi, sübutların tədqiqi və qiymətləndirilməsi zamanı cinayət qanununa və cinayət prosessual qanunvericilik normalarına düzgün riayət etmiş, səhvə yol verməmişdir. İsayev Səməd Çingiz oğlunun qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, birinci instansiya məhkəməsi tərəfindən həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə dəyərləndirilmə aparılmışdır. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsinin ##.##.2026-cı il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № **" möhür əksi, "İsayev Səməd Çingiz oğlunun üzərində aşkar edilmiş büküm; İştirak etdi: 1. /imza/ Bəxtiyarlı E /imza/ 2. /imza/ Həsənov.R; Tərtib etdi: /imza/ E.Məmmədov əl yazıları olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,882 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-dən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı İsayev Səməd Çingiz oğlunda opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. İsayev Səməd Çingiz oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Öz vəziyyətinə qarşı tənqidi münasibəti kifayət qədər deyidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, İsayev Səməd Çingiz oğlu daha əvvəl cinayət məsuliyyətinə cəlb olunmamışdır. Doğum haqqında AZ-IV, 414017 və AZ-IV, ****** nömrəli şəhadətnamələrdən görünür ki, S.Ç.İsayevin ##.##.2020-ci il və ##.##.2022-ci il təvəllüdlü iki övladı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır, lakin bu məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ədalətli cəza təyin edilməsi törədilmiş cinayət üçün yalnız sitəm olmamaqla, hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,882 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, saxlamaqla daşımağa görə təqsirli bilinmişdir. O, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, ilk dəfə az ağır cinayətlər kateqoriyasına aid olan ictimai təhlükəli əməli törətmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamışdır. Onun barəsində cəza təyin edilərkən əməlində ağırlaşdıran halların olmaması və yüngülləşdirən halların olması üzrə dəyərləndirilərkən, himayəsində iki övladının olması cəza təyin edilərkən müzakirə edilməli olan xüsusatlardandır. Belə ki təyin ediləcək cəzanın onun islah olunması ilə birgə, ailəsinin həyat şəraitinə də təsiri nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin sosial-psixoloji təsiri nəinki onun özündə, həmçinin ailəsinin də həyatına öz təsirini qaçılmaz edir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ailəsinin hansı psixoloji sarsıntı, mənəvi əzab və stress keçirməsi mübahisə edilə bilməz. Buna görə qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmaması və əməlində ağırlaşdıran halların olmaması və yüngülləşdirən halların olması təqsirli bilindiyi maddə üzrə yüngül cəza təyin edilməsini qaçılmaz edir. Təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilən və əməlində ağırlaşdıran hallar olmaması barəsində sərt cəza tədbirinin tətbiq edilməsini istisna etdiyindən, onun barəsində təyin edilmiş cəza təqsirli bilindiyi cinayət qanununun maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə görə ədalətli hesab edilməməklə, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamaqla, təqsirli bilindiyi maddə üzrə təyin edilmiş cəzanın növünün dəyişdirilməli olması qənaətini qaçılmaz edir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməli, təqsirləndirilən şəxs İsayev Səməd Çingiz oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilərkən təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı təyin edilməli olan cəza kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlində ağırlaşdıran halın olmaması, yüngülləşdirən halların olması, təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsini istisna edildiyindən, ona 2 (iki) il, müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İsayev Səməd Çingiz oğlunun şübhəli şəxs qismində tutulduğu ##.##.2026-cı il tarixdən ##.##.2026cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı cəmi 2 ay 3 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 4 ay 6 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il, 7 (yeddi) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, İsayev Səməd Çingiz oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, təqsirləndirilən şəxs İsayev Səməd Çingiz oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs İsayev Səməd Çingiz oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən dərhal azad olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 404, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilsin. İsayev Səməd Çingiz oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. İsayev Səməd Çingiz oğlunun ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək 2 (iki) gün və ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı cəmi 2 ay 3 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 4 ay 6 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il, 7 (yeddi) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. İsayev Səməd Çingiz oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs İsayev Səməd Çingiz oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs İsayev Səməd Çingiz oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən dərhal azad olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs İsayev Səməd Çingiz oğlunun müdafiəçisi Müdafiəçi ilə birgə və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərarın təqsirləndirilən şəxs İsayev Səməd Çingiz oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunması hissəsində icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəhbərliyinə, təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-362/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-362/2026
30.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver