Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(5-155)-46/2026 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4 və X5 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi, X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 və X7 tərəfindən xx.xx.2025-ci ildən başlayaraq hal-hazıradək, "Facebook" sosial şəbəkəsində onun və həyat yoldaşı X1 şərəf və ləyaqətini alçaldan, şəxsi həyatlarına dair məlumatları qanunsuz yayan paylaşımlar edilmişdir. Belə ki, həmin şəxslər həyat yoldaşının şəxsiyyət vəsiqəsinin məlumatlarını, fotosunu və onun fotosonu müxtəlif qruplarda paylaşaraq onları açıq şəkildə təhqir və təhdid etmişlər. Daha dəqiq bildirsə, onları “Dələduz”, “Özlərini evli cütlük kimi təqdim edib, insanların etibarını qazanaraq, mənimsəyirlər”, “Fırıldaqçı” və s. kimi böhtan və təhqiramiz ifadələrlə alçaltmışdırlar. Onlar bu hərəkətlərini "borc pulu geri almaq" məqsədilə etdiklərini, yəni bizi şantaj etdiklərini digər bir məhkəmə prosesində də etiraf etmişlər. Şəxsi məlumatların bu formada yayılması Azərbaycan Respublikası Konstitusiyasına və Cinayət Məcəlləsinə ziddir. Həmin paylaşımların surətləri (skrinşotlar) ərizəyə əlavə edilir və bu hərəkətlər onların mənəvi iztirab çəkməklərinə, cəmiyyət içində nüfuzunun zədələnməsinə səbəb olmuşdur. Çox əziyyət çəkir. Əgər hadisələr belə davam edərsə, gələcəkdə pis nəticələnə bilər. Bunun qarşısı alınmalıdır. Onlar bu əməlləri ilə onları kütləvi nümayiş etdirərək, internet informasiya ehtiyatında şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltmaqla məşğuldurlar. Bildirmək istəyir ki, başqa şəxslərin həyatına aid məlumatların yayılması qanunla qadağan olunub. Hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq və şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) qorunması hüquqları vardır. Hörmətdən düşmüşük. Şərəfləri, ləyaqətləri və işgüzar nüfuzları zədələnib. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqı, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə verdiyi qiymətdir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməkdə onu əhatənin (dostların, tanışların və.s) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqətin yazılı formada alçaldılması məktubda, hər hansı müraciətdə (ərizə, şikayət və ya təklifdə) və s. ifadə oluna bilər. X9 və X7 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmü çıxarılmağını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək işin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7, X4 və sonuncunun müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. -CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət ərizəsində şikayət vermiş şəxsin doğulduğu il, məşğuliyyət növü və vəzifəsi qeyd olunmamışdır. -CPM-in 297.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar dəqiq qeyd edilməmişdir. Şikayət ərizəsində “Dələduz”, “Özlərini evli cütlük kimi təqdim edib, insanların etibarını qazanaraq, mənimsəyirlər”, “Fırıldaqçı” kimi ifadələr işlədildiyi qeyd edilsə də, onların hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirilməmişdir. Beləliklə, barəsində şikayət verilmiş şəxslər şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın məzmunu və həcmi dəqiq müəyyənləşdirilməmişdir. Şikayətçi həmin ifadələri ümumi formada böhtan və təhqiramiz ifadə olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, CPM-in 297.3.2-ci maddəsinin tələblərinə riayət edilmədiyi halda, məhkəmə öz təşəbbüsü ilə şəxsin hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə isə həmin Məcəllənin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini müəyyən edə bilməz. Belə ki, ittihamın məzmununu və həcmini müəyyən etmək ədalət mühakiməsini həyata keçirən məhkəmənin vəzifəsi deyil, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Qeyd edilən hallar isə məhkəmənin hazılıq iclasında araşdırılıb qiymət verilməli olan məsələlərdir. Məhkəmənin hazırlıq iclasında törədilməsi iddia edilən əməllərə mahiyyəti üzrə baxılıb qiymət verilməsə də, onların nədən ibarət olması, şəxsin məhz hansı əməllərinə görə cinayət qanununun hansı norması ilə ittiham edilməsi, yəni ittihamın məzmununu və həcmi aydın və dəqiq olmalıdır ki, barəsində şikayət verilmiş şəxs üçün də aydın olsun ki, hansı əməllərinə görə Cinayət Məcəlləsinin məhz hansı maddəsi ilə ittiham edilir. İttihamın qeyri-müəyyən olması işin məhkəmə baxışının təyin edilməsi istisna edir. -CPM-in 297.3.7-ci maddəsinin tələblərinə əsasən ərizədə şikayət vermiş şəxsin imzası mövcud olmalıdır. Çingiz Həsənalıyev ərizəsində ona və həyat yoldaşı X3 qarşı cinayət törədildiyini bildirmiş, şikayət ərizəsi isə yalnız özü tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, X7, X8 barəsində eyni ərizə ilə xüsusi ittiham qaydasında şikayət edilməsinin səbəbi anlaşılan deyil. Onların birgə iştirakçılıqları, qabaqcadan razılaşaraq və ya razılaşmadan sosial şəbəkələrdə paylaşımlar etməsi ilə bağlı hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. İndiki halda xüsusi ittiham qaydasında şikayət vemiş şəxs Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinə əsasən üzərinə düşən vəzifəni yerinə yetirməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında şikayəti üzrə izahat vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(5-155)-46/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(5-155)-46/2026
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver