Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(5-155)-47/2026 27.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2, onun nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Babaşlı Gül Xudayar qızı və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Babaşlı Gül Xudayar qızının Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 nümayəndəsi və müdafiəçisi Nümayəndə xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 nümayəndəsi və müdafiəçisi Nümayəndə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Babaşlı Gül Xudayar qızının Azərbaycan Respublikası CMnin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Babaşlı Gül Xudayar qızı ilə X3 arasında yaşanan münasibətdən onların övladı dünyaya gəlmiş, həmin qız övladına R.Əfəndiyev atalıq vermişdir. O, uşağın bütün tələbatlarını ödəyir. Babaşlı Gül Xudayar qızı R.Əfəndiyevin ailəsini dağıtmaq, onu iş yerində nüfuzdan salmaq və ondan qisas almaq məqsədilə tiktok və instagram sosial şəbəkəsində foto şəklinin üzərinə “bu dələduzun kim olduğunu demişdim və deyəcəm” ifadəsini qeyd edərək şəklini paylaşmış, Gul.r3 adlı profillə, onun və ailəsinin ünvanına şərəf, ləyaqət, işgüzar nüfuzu ləkələyən məlumatlar, həqiqətə uyğun olmayan ifadələr, həmin yazılarda əsası olmayan yalan məlumatlar yaymış, onun və ailəsinin istifadə etdiyi telefon nömrəsinə whatsapp platformasından qadına yaraşmayan təhqir ifadələri “Sene cinayet ishi achdiracam telesme kişi qehbesi xeberdarliq idi eledim” ifadəsini işlətmiş, instagram sosial şəbəkəsində gul_babashli profilinin bio hissəsində guya 14 fevral sevgililər günündə o, R.Əfəndiyevlə barışmış və birlikdə olmuş kimi yalan düzəlişlər edərək ailədə münasibətlərin pozulmasına gətirib çıxaran hərəkətlər etmiş və bunun nəticəsində R.Əfəndiyev mənəvi sarsıntı keçirmiş, ailədə və işlədiyi kollektivdə, yaxın ətrafında illərlə qazanılmış nüfuzunu bərpa etmək üçün həmin məlumatların həqiqətə uyğun olmadığını, böhtan olduğunu sübut etmək məcburiyyətində qalmışdır. Bütün bunlar R.Əfəndiyevdə əsəb, sarsıntısı və psixoloji gərginliyin yaranmasına səbəb olmuşdur. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 şikayətinin mahiyyətinə uyğun izahat vermiş və bildirmişdir ki, Babaşlı Gül Xudayar qızı ilə əvvəllər münasibətləri olmuş və bu münasibətlərindən övladı dünyaya gəlmişdir. Belə ki, o, uşaq istəmədiyini bildirsə də, Babaşlı Gül ona hədə-qorxu gəlməklə uşağı saxlamış və o vaxtdan etibarən də aylıq olaraq uşağın təminatını vermişdir. Sonra isə Babaşlı Gül özünü öldürməklə hədə-qorxu gələrək onu polisə şikayət etmiş və onun əlaqəsi olmadığından işə xitam verilmişdir. G.Babaşlı “Tik Tok” və “İnstagram” sosial şəbəkələrində müxtəlif hesablarda onun şəkillərini paylaşaraq dələduz adlandırmış və müxtəlif mesajlar yazaraq onun ailəsini dağıdacağını, işindən azad etdirəcəyini bildirərək hədə-qorxu gəlmişdir. Hətta o, öz həyat yoldaşının yanında olduğu halda, sanki onunla birlikdəymiş kimi mesajlar ataraq həyat yoldaşını narahat etmişdir. Həyat yoldaşı G.Babaşlının hərəkətləri nəticəsində özünü öldürmə həddinə çatmışdır. G.Babaşlının onun şərəf və ləyaqətini, iş yerində olan nüfuzunu alçaltmasına və həyat yoldaşını özünü öldürmə həddinə çatdırması səbəbindən məhkəməyə müraciət etməli olmuşdur. G.Babaşlının ona bütün yazdıqlarını isə sübut qismində iş materiallarına əlavə etmişdir. Qeyd edilənlərə əsasən Babaşlı Gül Xudayar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxsin nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, şikayət onun tərəfindən imzalansa da, hazırda məhkəmə iclasında X3 özü ittihamı müdafiə edir. Şikayətdə hər şey qeyd edilmişdir. Məhkəmədən xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Babaşlı Gül Xudayar qızının müdafiəçisi X5 bildirmişdir ki, şikayət forma və məzmuna riayət edilmədən hazırlanmışdır. Belə ki, şikayət X3 tərəfindən imzalamamış, vəkil və Nümayəndə isə etibarnamədə xüsusi ittiham qaydasında şikayətin imzalanması səlahiyyəti verilməmişdir. Məhkəmə prosesində söylənilənlərin bir çoxu isə şikayətdə qeyd edilməmişdir. Məhkəmə iclasında əlavə təqdim edilmiş sübutlar isə şəxsi xarakterli yazışmalardır. Bundan başqa, şikayətdə həqiqətə uyğun olmayan ifadənin nədən ibarət olduğunu göstərməmişdir. Həmçinin, paylaşılan şəkillərdə şəkil yarımçıqdır və kimin şəkil olması müəyyən deyildir. Bundan savayı materialda profillərin G.Babaşlıya məxsus olması ilə bağlı sübut yoxdur. R.Əfəndiyev G.Babaşlı ilə evli olduğunu gizlədərək faktiki münasibətdə olmuş və onların münasibətlərindən bir övladları da dünyaya gəlmişdir. Bundan başqa, şikayətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində 147-ci maddə yoxdur, belə ki, şəxs ya 147.1, ya da 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər. Göstərilənlərə əsasən məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Babaşlı Gül Xudayar qızı müdafiəçinin dedikləri ilə razı olduğunu bildirmiş və şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, şikayət X2 nümayəndəsi və müdafiəçisi Nümayəndə tərəfindən imzalansa da etibarnamədə xüsusi ittiham qaydasında şikayətin imzalanması barədə səlahiyyət verilməmişdir. Bununla da şikayətin hüququ olmayan şəxs tərəfindən tərtib edilməsi onun icraata qəbul edilməsini mümkünsüz edir. Bundan başqa, məhkəmə bildirir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət üzrə istinad əmələ mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq şikayətin əsaslı olub-olmaması və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutların olub-olmamasına diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinin imperativ tələbidir. Məhz şikayət əsaslı olduqda, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar mövcud olduqda və şikayətin məhkəmə baxışına təyin edilməsini istisna edən digər hallar olmadıqda şikayətin məhkəmə baxışının mümkünlüyü yoxlanılır. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında qeyd edilən məsələnin yoxlanılması əhəmiyyətlidir. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Hazırki şikayətin məzmunundan göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətdə Babaşlı Gül Xudayar qızının “Tiktok” və “İnstagram” sosial platformasında R.Əfəndiyevin barəsində şərəf və ləyaqətini ləkləyən və nüfuzdan salan məlumatları və onun şəkillərini nümayiş etdirməsinə, “Whatsapp” vasitəsi ilə ona hədə-qorxu xarakterli mesaj yazmasına əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, şikayət verən şəxsin iddia etdiyi bu əməli təsdiq edən sübutlar xüsusi ittiham qaydasında şikayətə əlavə edilməmişdir. Belə ki, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Babaşlı Gül Xudayar qızının “Tiktok” və “İnstagram” platformasında X2 barəsində onu nüfuzdan salan, onun şərəf və ləyaqətini alçaldan böhtan xarakterli məlumatlar yaydığını, bildirsə də, məhz Babaşlı Gül Xudayar qızı tərəfindən qeyd edilən hərəkətlərin edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, şikayət Azərbaycan Respublikası CM-nin 147-ci və 148-ci maddələri ilə verilmişdir. Lakin, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin iki bəndi var (147.1 və 147.2). Şikayətçi barəsində şikayət verdiyi şəxsin Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin hansı bəndi ilə məsuliyyətə cəlb edilməsini göstərməmişdir. Ümumi formada 147-ci maddəni qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət hüququ olmayan şəxs tərəfindən verildiyindən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmək üçün təyin edilmiş vəkilə xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş material ilə tanış olduğu və məhkəmə iclasında iştirak etdiyi üçün dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Babaşlı Gül Xudayar qızının Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 nümayəndəsi və müdafiəçisi Nümayəndə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Babaşlı Gül Xudayar qızına göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 04 saata görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından müvafiq olaraq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(5-155)-47/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(5-155)-47/2026
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver