Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-94)-14/2026 13.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, Xüsusi ittihamçı X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Zeynalov Samir Şahbaz oğlunun iştirakları ilə, Zeynalov Samir Şahbaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X7 xx.xx.1994-cü il təvəllüdlü Zeynalov Samir Şahbaz oğlu barəsində cinayət təqibinə başlanılması, Zeynalov Samir Şahbaz oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcələsinin148-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza olaraq Zeynalov Samir Şahbaz oğluna 01 il (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, şikayətçi və ailə üzvləri barəsində istənilən məzmunda məlumat, video və ya istənilən formada paylaşımlar etməyin Zeynalov Samir Şahbaz oğluna qadağan edilməsi, Zeynalov Samir Şahbaz oğlu tərəfindən edilmiş paylaşılmış məlumatlar və video görüntülərin sosial şəbəkələrdən silinməsi öhdəliyinin Zeynalov Samir Şahbaz oğlunun üzərinə qoyulması barədə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində və "İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin bir sıra hallarda bəzi şəxslər, o cümlədən sosial şəbəkəsinin aktiv istifadəçiləri onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Belə ki, özünü hüquq müdafiəçisi kimi təqdim edən Samir Zeynalovu təxminən 4 ildir ki, tanıyır. Əvvəllər Samir hüquqşünas kimi ona hüquqi yardım göstərirdi. Müxtəlif ərizələr, şikayətlər tərtib etmişdir. Bu səbəbdən də həmin vaxtlar vaxtaşırı ünsiyyət olub. Daha sonralar Samir şikayətçi ilə ailə qurmaq istəmiş, lakin o, razı olmamışdır. Sonuncu dəfə aprel may aylarında Sabunçu rayon icra şöbəsindən tələbkar kimi şikayətçinin hüquqlarını qoruması üçün ona etibarnamə vermiş, daha sonra şəxsi münasibətlər üçün dəfələrlə narahat etdiyinə görə etibarnaməni ləğv etdirmiş və başqa bir hüquqşünasa həvalə etmişdir. Bundan sonra artıq Samir onu əldə edə bilməyəcəyini başa düşdüyündən və bütün ümidləri sona çatdıqdan sonra şikayətçinin və ailəsinin barəsində təhqirlər, böhtanlar dolu paylaşımlar edir. Şikayətçinin şərəf və ləyaqətimi alçaltmış, ona mənəvi zərər vurmuşdur. Zeynalov Samir 2025-ci il noyabr ayından etibarən "Tik-Tok" sosial şəbəkəsi üzrərindən özünə məxsus olan "Samir.musevi666" adlı səhifəsində şikayətçinin və ailə üzvləri haqqında qəsdən həqiqətə uyğun olmayan məlumatlar yaymış, şikayətçinin və ailə üzvlərinin şərəf və ləyaqətini təhqir etmişdir. Şikayətçinin və ailə üzvlərinin təhqir olunduğu, barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli paylaşımlar ümumilikdə 34407 nəfər tərəfindən izlənilmişdir. Onun Tik-Tok səhifəsində 80600 (80.6K) izləyicisi var. (Paylaşımlar şikayətə əlavə edilmiş CD diskə köçürülmüş video görüntülərdə öz əksini tapır) O, ailə üzvləri və şikayətçinin barəsində bilə-bilə yalan məlumatlar paylaşmaqla şikayətçinin şərəf və ləyaqətini alçaldan, cəmiyyətdə olan nüfuz və hörmətinə, eləcə də işgüzar nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. xx.xx.2025-ci il tarixində "Tik-Tok" səhifəsində Samir Zeynalov bir neçə dəfə paylaşım edərək qeyd edir ki, "Dərdli libasına bürünmüş əxlaqlı ananın yalanları nəhayət ki, üzə çıxır Nələr varmış, nələr... Hər kəsin dəyəri onun əxlaqının gözəlliyi qədər imiş... Düz deyir. Hələ çox itirib yanıb yaxılacaqsınız... Üzümə deyə bilmədiklərinizi arxamca doyunca danışın. Bacardığınız budur..." ( https://vt.tiktok.com/ZSPjEQHg4/) Həmin paylaşım 1483 nəfər tərəfindən izlənilmişdir. 02 noyabr 2025-cü il tarixdə "Tik-Tok" səhifəsində daha bir paylaşım edərək qeyd etmişdir ki, "Biləndə heç təəəccüb etmədim. Özümə nə qədər haqq qazandırsam da, azdır.Şübhə heç vaxt boşuna deyil. Mən öldüyüm günü bilmirəm tək. AAAF-da sənə əxlaq Heykəli qoyduracam... oy amandır gördülər...". Bu cür paylaşımlar edərək məni əxlaqsızlıqla günahlandırır.( https://vt.tiktok.com/ZSPjESShb/) Həmin paylaşım 1314 nəfər tərəfindən izlənib. xx.xx.2025-ci il tarixində " 5 yaşlı xəstə uşağının dərdini özünə qalxan edən əxlaqsızın əxlaqdan, dürüstlükdən, ədəbdən danışdığı bir dünyada yaşayırıq. Sənin salam vermədiyin kişi qalmayıb ki... Atası bilsə başını kəsərmir. Qeyrətsizdə qeyrət nə gəzir...Anan sağ olsun... O ən gözəl tərbiyəçidir." ( https://vt.tiktok.com/ZSPjELdpQ/) Qeyd etdiyi paylaşım 1285 nəfər tərəfindən izlənilmişdir. 05.11. 2025-ci il tarixdə "Tik-Tok" səhifəsindəki paylaşımında isə "5 yaşlı dünyasını dəyişmiş uşağın paltarını digər uşağa geyindirən nənəyə, babaya, baldıza görəsən nə deyirlər?! Kasıb olsalar yenə başa düşmək olar. Həyətində 5 maşın saxlayan, hər dəfə bununla öyünən mundar və mənəviyyatsız kəslər edir bunu... Belə ayrı-seçkiliyə məruz qalan qadın boşanmasın nə etsin...?" qeyd ilə paylaşım etmişdir.(https://vt.tiktok.com/ZSPjE2Chn/) Bu paylaşım 4655 nəfər tərəfindən izlənilib. xx.xx.2025-ci il tarixində "Bakı-Kürdəmir-Bakı xətti üzrə taksi fəaliyyəti ilə məşğul olan, öz gəlininə göz dikən, onu ağır küçə söyüşləri ilə söyməkdən çəkinməyən və bundan həzz alan X1 ayrıca sürprizlərim olacaq. Bir zamanlar arvadının və qızın haqqında o sözləri deyirdin. Amma həddin yalnız onlara çatır.Çünki onlar da elə sənin oxşarındır. Sənin gəlib məni Bakıda görməyə hünərin çatmaz. Səsini eşidəndə adam iyrənir...! (https://vt.tiktok.com/ZSPJEJjUJİ) Həmin paylaşım 1728 nəfər tərəfindən izlənib. xx.xx.2025-ci il tarixdə "sən kahbesin" musiqili fonda paylaşdığı - "Şikayətçinin ürəyim dərdlidir, mənə yaraşmaz, ayrılandan sonra mənə kişi əli dəyməyib deyib, subaylığı ilə polislə, maklerlə, ayrı-ayrı şəxslərlə yaxınlıq edən və ortada yenə də əxlaqlı libasına bürünərək gəzən minsifətə görəsən, nə deyilir?!Hələ bu qadıncıq namaz belə qılır... Gülxanım yenə açıq-aydın edir, deyir mən buyam. Bəs sənə nə ad verək...?! Ay subay...?! ay tort həvəskarı...?! AAAF parkın gözəli..." qeydi ilə də şikayətçinin şərəf ve (https://vt.tiktok.com/ZSPjKpEME/) Həmin paylaşım 1836 nəfər tərəfindən ləyaqətimi alçaltmışdır. izlənilmişdir. Bunlardan başqa Samir Zeynalov 9906 nəfər tərəfindən baxılan "Əxlaqsız damğası vurulan gəlinin niyə evə qayıtması istənildi...?! Qabil Zamanov, Afət Qarayeva ve İlhamə Zamanovanın əməlləri ..." başlığı ilə ( https://vt.tiktok.com/ZSPjwKw7b/) və 12200 nəfər tərəfindən izlənilən "Özünə kişi deyən, qaynata deyən X5 niyə öz gəlinini küçə söyüşü ilə təhqir edib?! Məişət zorakılığına qarşı birgə mübarizə aparaq." (https://vt.tiktok.com/ZSPjKLrfw/) Başlığı ilə müvafiq olaraq xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixində paylaşdığı video görüntülərdə özünü hüquqşünas kimi təqdim edən Zeynalov Samir Şahbaz oğlu şikayətçinin və ailə üzvləri barəsində tik-tok osial şəbəkəsində vido paylaşaraq vicdansız olmağımızı deyərək təhqir edir, Kürdəmir rayonundan olmağımı bilərək rayonda ailəsini şər ataraq biyabır edəcəyini deyir, şikayətçinin başıma oyun açacağını deyərək hədələyir. X2 adını qeyd edərək fonda atasının ünvanına (şərəfsiz, biqeyrət və oğraş) kəlmələri işlənən sözlər qoşaraq tik-tok sosial şəbəkəsində paylaşım edir. şikayətçinin vəfat etmiş övladını öz statuslarında qeyd edərək şikayətçinin yaralı yerindən zərbə vurur, ona əxlaqsız deyərək eyni zamanda anasının da əxlaqsız olmasını statuslarında qeyd edir. Mütəmadi olaraq sosial şəbəkələrində öz adı ilə qeydiyyatdan keçdiyi səhifələrində şikayətçinin və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədir, atasının kişi olmadığını, anaının pozğun olduğunu, şikayətçinin isə yaşadığı Xırdalan şəhərində yerləşən AAAF park yaşayış kompleksində pozğunçuluq ilə məşqul olduğunu qeyd edir. Zeynalov Samir Şahbaz oğlu sosial şəbəkələrdə bilə-bilə yalan çıxışlar etmiş, şikayətçinin barəsində şərəf və ləyaqətini ləkələyən, qeyri-əxlaqi sözlər işlədərək onu təhqir etmiş, böhtan atmışdır. Zeynalov Samir Şahbaz oğlu şikayətçinin barəsində böhtan və iftira dolu, şərəf və ləyaqətini ləkələyən müraciətlər yazaraq hüquq mühafizə orqanlarına şikayətlər göndərmişdir. Onun dövlət orqanlarına müxtəlif cinayətlərin tərəfindən törədilməsi barədə müraciətləri hələ də onda dərin iz buraxmışdır. Şikayətçinin psixoloji vəziyyətimin sarsılmasına, mənəvi sarsıntı, əzab, əsəb və iztirab keçirməyimə səbəb olmuşdur. Belə ki, Zeynalov Samir Şahbaz oğlunun barəsində bildirdiklərinin heç bir fakt ilə sübut olunması mümkün deyil. Onun heç bir fakta və sübuta əsaslanmdan barəsində qərəzli olaraq ağır bir cinayətdə günahlandırması, müxtəlif dövlət orqanlarına şikayətlər etməsi məndə ağır iztirablar və sarsıntılar yaratmışdır. Onun bu niyyəti sırf şikayətçini gözdən salmaq məqəsədi daşıyıb. Hesab edir ki, Zeynalov Samir Şahbaz oğlu cinayət qanunverciliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməli və müvafiq cəza almalıdır. Bu böhtanlar nəticəsində valideynlərin ona və rəhbəri olduğu tədris mərkəzinə inamlarının itməsinə səbəb olmuşdur. Bu səbəbdən, ona qarşı olan böhtan və təhqirə görə məhkəməyə müraciət edərək onun qanun qarşısında layiqli cavab verməsini istəyir. Onun etdiyi böhtan xarakterli çıxışları tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Şikayətçinin barəsində həqiqətə uyğun olmayan məlumatlar verilməsi şikayətçinin şərəf və ləyaqətimi alçaltmış, hansı ki, şikayətçiyə mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Beləliklə hesab edir ki, Zeynalov Samir Şahbaz oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147,148-ci maddələri ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. Çünki o, qanunsuz əməllərindən başqa cür əl çəkməyəcək. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Samir Zeynalov Şahbaz oğlunun qeydiyyatda və yaşadığı ünvanı ünvan 1ğundan, xüsusi ittiham qaydasında şikayətlə adiyyəti qaydada birinci istansiya məhkəməsi olan Xətai Rayon Məhkəməsinə müraciət edir. Paylaşımların demək olar ki, hamısı da həmin ünvanda yerləşən mənzilindən paylaşılıb. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyərək, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozulmuşdur. Belə ki, xüsusi ittihamçı, tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi olaraq 147-ci maddəsinə istinad edilmiş, maddənin iki hissədən ibarət olduğu və Zeynalov Samir Şahbaz oğlunun hansı əməlin (əməllərin) konkret olaraq 147-ci maddənin hansı hissəsinin təsiri altına düşməsini, hansı əməlin (əməllərin) isə 148-ci maddənin təsiri altına düşməsini qeyd etməmişdir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zeynalov Samir Şahbaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(5-94)-14/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(5-94)-14/2026
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver