Məhkəmə qərarları › İş №16(3-9)-142/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-9)-142/2026

30.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 16(3-9)-142/2026 30.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından maraqlı şəxs cavabdeh3 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh X4 qarşı “nikahın pozulması və uşaqların ananın himayəsində saxlanılması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək iddiaçı Ərizəçi və cavabdeh X4 arasında ##.##.2012-ci il tarixdə bağlanılmış *** nömrəli akt qeydi ilə bağlanılmış nikahın pozulması və həmin nikahdan doğulan ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X1 adlı uşaqların ananın himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsas iş üzrə iddiaçı Ərizəçi ##.##.2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə verərək əsas iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ##.##.2020-ci il təvəllüdlü azyaşlı övladı X1 hazırda faktiki himayəsində olduğu göstərilən ata tərəfin qohumları cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 alınaraq müvəqqəti olaraq anasının himayəsinə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Müvəqqəti təminat tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı əsas iş üzrə nikahın pozulması ilə yanaşı uşaqların onun himayəsində saxlanılmasını tələb etmişdir. Ərizəçinin bildirdiyinə görə, tərəflər arasında münasibətlər gərginləşmiş, ona qarşı fiziki zorakılıq tətbiq edilərək evdən uzaqlaşdırılmış, ##.##.2020-ci il təvəllüdlü X1 onun iradəsinə zidd olaraq yanından götürülmüşdür. Cavabdeh ata hazırda Rusiya Federasiyasında olduğundan uşağın gündəlik qayğı və tərbiyəsini faktiki olaraq həyata keçirmir, uşaq isə ata tərəfin qohumlarının yanında saxlanılır. Ərizəçi uşağın doğulduğu gündən əsas qayğısının onun tərəfindən həyata keçirildiyini, uşağın hazırkı şəraitdə saxlanılmasının onun psixoloji və fiziki vəziyyətinə mənfi təsir göstərə biləcəyini bildirmişdir. Ərizəçi bu səbəbdən əsas iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək uşağın müvəqqəti olaraq onun himayəsinə verilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, e-*(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ##.##.2020-ci il təvəllüdlü X1 faktiki himayəsində olduğu digər qohumlardan (cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 və s.) alınaraq anası Ərizəçi müvəqqəti himayəsinə verilməsi, cavabdeh X4, habelə müvəqqəti təminat tədbiri barədə ərizədə maraqlı şəxslər kimi göstərilmiş cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh1 və uşağı faktiki himayəsində saxlayan digər şəxslərə e-*(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ##.##.2020-ci il təvəllüdlü X1 anası Ərizəçi faktiki himayəsindən götürmək, uşağı başqa şəxsin faktiki himayəsinə vermək və uşağın anaya təhvil verilməsinə mane olmağın qadağan edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardadın bilavasitə aid olduğu maraqlı şəxs cavabdeh3 ##.##.2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçinin fikrincə, məhkəmə müvəqqəti təminat tədbirini tətbiq edərkən uşağın mənafeyini, atanın və ata tərəfin qohumlarının mövqeyini, habelə əsas iş üzrə qarşılıqlı iddianın verilməsini lazımi qaydada nəzərə almamışdır. Şikayətçi iddiaçının uşaqlara münasibəti və şəxsi davranışı barədə sübutların mövcud olduğunu, uşaqların atanın yanında qalmasının onların mənafeyinə daha uyğun olduğunu bildirmiş, həmin sübutları əsas iş üzrə məhkəməyə təqdim edəcəyini göstərmişdir. Şikayətin məzmunundan həmçinin görünür ki, ##.##.2020-ci il təvəllüdlü X1 hazırda atası ilə deyil, ata tərəfin qohumları ilə yaşayır; uşağın atasının Rusiya Federasiyasında olması faktı mübahisələndirilmir. Şikayətçi müvəqqəti tədbirin ləğv edilməsini əsasən ananın şəxsi davranışına dair iradlarla əsaslandırmışdır. Hacıqabul Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından qərardadın bilavasitə aid olduğu maraqlı şəxs cavabdeh3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməsini əsaslı olması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü tarixli qərarında qeyd edilmişdir ki, Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarı”). Məhkəmə kollegiyası işin faktiki halı ilə bağlı aparılmış prosessual hərəkətlərdən müəyyən edərək qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı yaxud həmin hüquqların əhəmiyyətli dərəcədə pozulmasının qarşısını almağı qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Lakin bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qeyd edilən prosessual hüquq normalarının təhlilindən müəyyən edilir ki, hər bir kəs hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hər bir şəxs məhkəməyə müraciət edərkən iddia tələbinə mahiyyəti üzrə baxıb müvafiq məhkəmə aktı qəbul edilənə kimi müvafiq risklərdən, itkilərdən azad olunmaq üçün cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməsi üçün tədbirlər görülməsini xahiş edə bilər. Əgər həmin hərəkətlərin cavabdeh tərəfindən realizə edilməsi müəyyən itkilərin yaranmasının əsas olacaqdırsa iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilə bilər. O da nəzərə alınmalıdır ki, müvəqqəti təminat barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətlə bağlı gəldiyi nəticə prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, MPM-in göstərilən maddələrinin mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi zərurəti yaranır, həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsini zəruri edən əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Bundan başqa, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın üstün mənafeyi ilk növbədə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və aliment tələblərinə dair işlər üzrə hüquqi mövqeyinə əsasən, uşağın hansı valideynin yanında qalması məsələsi həll edilərkən onun yaşı, valideynlərə bağlılığı, valideynlərin şəxsi keyfiyyətləri, uşağın tərbiyəsi və inkişafı üçün yaradılan şərait, habelə bacı-qardaşların mümkün qədər vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması uşağın üstün mənafeyi baxımından nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbi baxımından istər uşağın qayğısına qalınması, istər onun yaşayış yerinin müəyyən edilməsi uşağın valideynləri arasında həll edilməli məsələ olduğundan və uşağın atasının da ölkədən kənarda olması nəzərə alındığından şifahi məhkəmə baxışı yekunlaşanadək uşağın ata tərəfin qohumlarının faktiki himayəsində saxlanılmasının davam etdirilməsi əvəzinə, müvəqqəti olaraq ananın bilavasitə himayəsinə verilməsi məqsədə uyğundur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs cavabdeh3 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli Hacıqabul Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: Maraqlı şəxs cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar