Məhkəmə qərarları › İş №2(001)-4908/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4908/2024

09.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4908/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bugünə kimi onun xeyrinə ödənilməli olan lakin ödənilməmiş 10.000 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki kənd təsərrüfatı mallarına aid olan kartof ticarəti ilə məşğul olur. Belə ki, Cavabdeh 2023-cü ilin oktyabr ayının 19-u tarixində 18000 manat dəyərində 20 ton kartofu pərakəndə şəkildə ondan alaraq bir ay müddətində həmin kartofları sataraq pulu qaytaracağı barədə vəd vermişdir. Lakin bir müddət keçdikdən sonra 18000 manat puldan hissə-hissə ödəniş etməklə 10000 manat borcu qalmışdır. Cavabdehin ona dediyi müddət keçdikdən sonra pulunu qaytarmağını özünə bildirdikdə süni maneələr yaradaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh dəfələlə telefon vasitəsi ilə zəng edərək maddi vəziyyətinin pis olmasını və ona pərakəndə şəkildə verdiyi kartofları satış etmədiyinə görə təzədən özünə qaytarmasını bu mümkün olmadıqda isə bugünə kimi borcu olan və ödənilməmiş 10.000 manat pulunu özündən dəfələrlə istəmişdir. Lakin buna baxmayaraq cavabdeh heç bir sözünə məhəl qoymayaraq hər dəfəsində üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən sonra 2024-cü ilin 10 fevral tarixində Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis Şöbəsinə öz şikayəti əsasında müraciət etmişdir. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən verilən cavab məktubunda həmin məsələnin mülki xarakter daşıdığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan başqa cinayət işinin başlanması haqqında rədd qərarı çıxarılmışdır. Bütün bunları nəzərə alaraq sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı haqsızdır. Borc məbləği şişirdilmişdir. O, iddiaçıdan bir neçə dəfə kartof götürüb satıb pulunu vermişdir. Sonuncu dəfə onun günahı olmadan sifarişçi məhsulu almaqdan imtina etdiyini iddiaçıya məlumat verdi. O da malın yarısını geri götürdü qalanını götürməkdən imina etdi. Ona görə də məhsul xarab oldu. Onun iddiaçıya yekun olaraq 6.100 manat borcu qalıb. 1700-də ödəmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək etirazda qeyd edilən məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirdi ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, cavabdeh mal alaraq marketlərə vermiş və pulunu ödəmişdir. Sonuncu dəfə 2 maşın mal almış, “Bravo” market malı almaqdan imtina etdiyindən cavabdeh də malları qaytarmaq istəmişdir. Lakin iddiaçı 1 maşını götürsə də, digərini götürməmişdir ki, cavabdehin borcu yaransın. Həmin maşında olan malın dəyəri 6100 manat təşkil edir. Həmin pul malın öz dəyəri yox, satış dəyəridir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü məktubdan görünür ki, sonuncunun müraciətində olan xüsusatlar mülki xarakterli olduğundan mülki iddia tələbi ilə məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 614.1-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 622.1-ci maddəsinə əsasən əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alğı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. 622.3-cü maddəsinə əsasən əalların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. 622.4-cü maddəsinə əsasən alıcı malın hissə-hissə ödənilməsi üçün müqavilədə müəyyənləşdirilmiş müddət ərzində istədiyi vaxt malı ödəyə bilər. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında kartofun pərakəndə nisyə alğı-satqısı ilə bağlı şifahi razılıq mövcud olmuşdur. Hazırda iddiaçı bildirir ki, o, cavabdehə 20 ton məhsul satmış və həmin satışdan cavabdehin ona 10.000 manat borcu qalmışdır. Lakin bununla məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, əksinə cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçıdan 2 maşın məhsul almış, 1 maşın məhsulu iddiaçıya geri qaytarmış, qalan məhsuldan isə cəmi 6100 manat borcu qalmışdır. Ona görə də məhkəmə məhz cavabdehin izahatını sübut kimi qəbul edir və belə qənaətə gəlir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu - 6.100 manat məbləğində pulu iddiaçıya ödəməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6.100 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 73,2 manatı İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6.100 (altı min bir yüz) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 73,2 (yetmiş üç manat, iyirmi qəpik) manatı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar