Məhkəmə qərarları › İş №2(001)-5218/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5218/2025

24.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5218/2025 24.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh xarici dil (İngilis dili) müəllimi kimi fəaliyyət göstərir. Cavabdehlə aralarında olan şifahi danışığa əsasən cavabdeh ona xarici dil öyrətməli və o, da bunun müqabilində ona aylıq 350 manat olmaqla, ödənişlər etməli idi. İlk ayın ödənişini cavabdehin ona göndərdiyi bank kartına ödəniş etmək yolu ilə xx.xx.2025-ci il tarixdə etmişdir. Dərslərə başlamaq üçün cavabdehin təyin etdiyi vaxtda Bakı şəhərində yerləşən kafelərin birində görüşmüşlər. İlk dərs günü və tanışlıq məqsədi daşıdığını düşündüyü üçün etiraz etməmişdir. Lakin cavabdeh tərəfindən ikinci dərs günündə də, eyni qaydada tədris yeri kimi kafe seçilmişdir. Bu isə tədris alması üçün onu qane etməmişdir, çünki digər kurslar kimi normal tədris otağı şəraitində cavabdehin ona xarici dil öyrədəcəyini düşünürmüş. Belə olan halda cavabdehə səhhətinin yaxşı olmadığını, belə şəraitdə təhsil almaq istəmədiyini bildirmiş və ödənilmiş pulun geri qaytarılmasını tələb etmişdir. O, isə öz növbəsində pulu geri qaytarmayacağını və şikayət edərsə bundan heç bir narahatlıq keçirməyəcəyini bildirmişdir. Belə olan halda DİN-in “102” Xidməti-Zəng mərkəzinə müraciət edərək Cavabdeh barəsində qanunamüvafiq tədbirlər görülməsini və dəymiş ziyanın qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi xx.xx.2025-ci il tarixdə müraciətini cavablandırmış və cavab məktubunda müraciətinin mülki xarakterli olduğundan məhkəməyə müracət edilməsi ona tövsiyyə edilmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 425.1, 442, 1091.1 və 1091.2-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 350 (üç yüz əlli) manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 01 iyun 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı DİN-in “102” Xidməti-Zəng mərkəzinə etmiş olduğu müraciətinə 5-ci PB-də baxılmış, müraciətin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan kart hesabına köçürmə haqqında çıxarışdan görünür ki, ***0627 nömrəli kart hesabına 350 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərmişdir ki, məhkəməyə müraciət edərək xahiş edir ki, məktubu diqqətlə nəzərdən keçirilsin, məsələnin mahiyyəti araşdırılsın. O, məhkəmənin ədalətinə güvənir və inanır ki, təqdim etdiyi faktlar obyektiv şəkildə qiymətləndiriləcəkdir. Qarşı tərəf - Ləman xanım - tərəfindən ona qarşı yenidən əsassız ittihamlar irəli sürülmüşdür. O, təqdim etdiyi WhatsApp yazışmalarında özünü xəstə kimi göstərir, polisə və məhkəməyə hələ də yanlış məlumatlar verir. O, isə baş verənləri anlaya və Ləman xanımın bu qədər yalan məlumatları nəyə əsaslanaraq verdiyini bilmir. Bu məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını, təqdim etdiyi faktların nəzərə alınması və ona qarşı irəli sürülən əsassız iddiaların qiymətləndirilməsinin təmin olunmasını xahiş etmişdir. 1. Bildirir ki, onun Ləman xanımla dərsləri həftənin birinci, üçüncü və beşinci günləri keçirilirdi. Birinci gün - saat 13:00; Üçüncü gün – saat 13:00; Beşinci gün - saat 12:00; Dərslərin cədvəli əvvəlcədən razılaşdırılmışdır və o, daim bu cədvələ əməl etmişdir.Yalnız bir dəfə dərsə 10 dəqiqə gecikmişdir (əvvəlcədən yazıb, xəbərdarlıq etmişdir) və həmin dərsi artıqlaması ilə kompensasiya etmişdir. Bununla belə, Ləman xanım özü ilk dərsə və sonuncu dərslərə gecikmişdir. Sonuncu dərsdə o, 20 dəqiqə gecikmişdir. Buna baxmayaraq, o, 90 dəqiqə əvəzinə 2 saat dərs demişdir. Sonuncu dərsi zamanı Ləman xanım bilə-bilə ki, ondan sonra digər tələbə ilə dərsi var, ofisdə və onun tələsdiyini bildiyi halda, onu dərsdən sonra saxlayaraq özünün uydurduğu xəstəlik barədə uzun məlumat verməyə başlamışdır. Bu söhbət dərsin vaxtından artıq çəkmiş və onu növbəti tələbəsinə gecikdirmişdir. O, həmin anda digər tələbəsinə yazaraq onu xəbərdar etmişdir ki, gecikəcəkdir. Bu gecikmə yalnız Ləman xanımın dərs vaxtı xaricində onunla şəxsi mövzuda uzun danışması səbəbindən baş vermişdir. Bu da bir daha göstərir ki, o, dərs cədvəlinə sadiq qalmış və öz öhdəliklərini yerinə yetirmiş, əksinə qarşı tərəf dərs prosesini pozmuşdur. X3 – H.Z.Tağıyev; Dərslərin keçirildiyi məkanlarda mövcud olan təhlükəsizlik kameralarının görüntülərinin tələb edilərək araşdırılmasını məhkəmədən xahiş etmişdir. Kamera görüntülərində həm dərsin keçirilmə forması, həm qarşı tərəfin iştirak səviyyəsi, həm də dərsdən sonra baş verən danışıq və davranışlar aydın şəkildə görünəcək və həqiqət tam şəkildə üzə çıxacaqdır. Əgər Ləman xanım WhatsApp yazışmalarını məhkəməyə təqdim edibsə, orada dərslərin vaxtı və gecikmələrlə bağlı bütün məlumatlar aydın şəkildə görünür və onun tərəfindən hər hansı qayda pozuntusunun olmadığı sübut olunur. Bu faktlar nəzərə alınsın və qarşı tərəfin əsassız iddiaları obyektiv araşdırılsın. İlk dərsləri Zloy Cafe, Nərimanov rayonu, adlı ictimai məkanda keçirilmişdir. Həmin gün onunla birlikdə dərsdə Səbinə adlı tələbə iştirak edirdi və Ləman xanım həmin qrup dərsinə qoşulmuşdur. Kafedə təhlükəsizlik kameralarının olduğu məlumdur. Bu səbəbdən xahiş edir ki, Zloy Cafe-nin kamera görüntüləri tələb edilərək həmin dərsin necə keçirildiyi araşdırılsın. Kamera görüntülərində onların əyləşdikləri masa, qrup dərsinin keçirilməsi və iştirakçıların sayı aydın şəkildə görünəcəkdir. Əgər araşdırma nəticəsində onun yalan danışdığı təsdiqlənərsə, o, həmin zərəri ödəməyi qəbul edir. Lakin tam əksinə olaraq, məsələni aydınlaşdırmaq üçün o, öz tərəfindən dəfələrlə ofis barədə məlumat təqdim etmiş və müqavilə üzrə qolçəkmə prosesinə dair müraciətlər etmişdir. Faktların obyektiv araşdırılmasını və təqdim etdiyi sübutların nəzərə alınmasını xahiş edir. O, İngiltərədə yerləşən bir tədris platformasından onlayn kurs almışdır (POCEnglish) və bu kurs üçün 150 manat ödəmişdir. Kursun şəxsi hesabı vasitəsilə daxil olduğu platformada neçə dərs keçdiyi dəqiq şəkildə görünür. Zərurət olarsa, o, hesabının şifrə və giriş məlumatlarını təqdim etməyə hazırdır, yalnız məhkəmə həmin məlumatları yoxlasın və real vəziyyət görünsün. Hadisədən sonra həmin dərsləri kənara qoymuş, lakin keçdiyi dərslərin hamısı sistemdə qeyd olunmuş və bu da onun məsuliyyətini təsdiq edən bir sübutdur. O, məhkəmənin obyektivliyinə güvənir. Ləman xanımın təqdim etdiyi məlumatlarda qeyri-dəqiqliklər və uyğun gəlməyən ifadələr var. Hətta onun şikayəti əsasında polis tərəfindən onunla əlaqə saxlanılmışdır. Təəssüf ki, polis əməkdaşı onunla danışarkən kobud üslubdan istifadə etmiş, özünü “mayor” kimi təqdim edərək "istədiyim kimi səninlə danışa bilərəm” kimi ifadələr işlətmişdir. O, bu məsələni böyütməmiş və üzərinə getməmişdir, çünki anasının narahat olmasını istəməmişdir. Lakin bütün bu hallar ona qarşı yaranmış əsassız təzyiqlərin göstəricisidir və ümumi işin obyektiv araşdırılmasını daha da vacib edir. Xahiş edir ki, məsələ tam şəkildə araşdırılsın və hər iki tərəfin təqdim etdiyi məlumatların doğruluğu yoxlanılsın. Əlavə olaraq bildirmişdir ki, Ləman xanımı ona xanımın tanışı məsləhət görmüşdür. Adını özü deyə bilər. Həmin şəxsə böyük hörməti var. Əgər o, məsuliyyətsiz və ya qeyri-peşəkar müəllim olsa idi, həmin şəxs onu ona tövsiyə etməzdir. O, isə dərslərində hər zaman tələbələrinə ciddi, tələbkar və məsuliyyətli yanaşmışdır. WhatsApp yazışmalarında da açıq şəkildə görünür ki, o, Ləman xanıma mütəmadi olaraq tapşırıqları göndərmiş, ona dərslərin gedişatını xatırlatmış və öyrənməsi üçün lazım olan bütün materialları təmin etmiş və tələb etmişdir. Bu da bir daha göstərir ki, o, öz öhdəliklərini tam məsuliyyətlə yerinə yetirmişdir. Həmçinin, Ləman xanım dərslərinə qrup formatında qoşulmuşdur və həmin dərslərdə artıq tələbə mövcud olmamışdır. Bu faktı da kamera görüntüləri və yazışmalar təsdiq edə bilər. Bütün bu məlumatları nəzərə alaraq, məsələ üzrə ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. O, uzun illərdir ki, tələbələr tərəfindən məsuliyyətli, intizamlı və tələbkar müəllim kimi tanınır və bu işdə də öz peşəkar nüfuzunu qorumaq üçün bütün sübutları təqdim etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5218/2025 saylı 01 dekabr 2025-ci il tarixli qərardadından görünür ki, Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan CD-diskdən görünür ki, həmin CD-diskdə tərəflər arasında hazırki mübahisə ilə bağlı “Whatsapp” mesajlaşma mübadilə sistemi vasitəsilə səs yazılarını özündə əks etdirən məlumatlar mövcuddur. Həmin səs yazılarının əksəriyyətində hazırki iş üzrə iddiaçı sağlamlığında yaranmış problemlərlə bağlı cavabdeh tərəfindən keçirilmiş 3 dərsin ödənişinin çıxılaraq, ödənilmiş geri qalan vəsaitin qaytarılması cavabdehə təklif edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə tapşırıq müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin tapşırıqla bağlı normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.(maddə 777.2.) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xarici dil - ingilis dilinin öyrədilməsi barədə şifahi razılaşma bağlanmış, tapşırıq əsasında hərəkət edən Cavabdeh hazırki iş üzrə İddiaçı xarici dil – ingilis dili öyrətməli, İddiaçı isə bunun qarşılığında 12 dərs üçün ümumilikdə 350 manat ödəniş etməli idi. İddiaçı tərəfindən üzərinə düşən öhdəliklər tam şəkildə icra edilmiş, onun tərəfindən razılaşdırılmış 350 manat məbləğində pul vəsaiti cavabdehin kart hesabına köçürülmüşdür. 3 dərs keçdikdən sonra iddiaçı səhhətində yaranmış problemlərlə bağlı, həmçinin dərslərin keçirilmə qaydası, yeri və keyfiyyətindən narazı qaldığı üçün dərslərin dayandırılmasını, cavabdehə geri qalan vəsaitin qaytarılmasını təklif etmiş, lakin cavabdeh həmin vəsaitin geri qaytarılmasından imtina etmişdir. İddiaçı ilkin olaraq hüquq mühafizə orqanlarına müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 01 iyun 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı DİNin “102” Xidməti-Zəng mərkəzinə etmiş olduğu müraciətinə 5-ci PB-də baxılmış, müraciətin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə cavabdehin dəlillərinə, yəni hazırki iş üzrə iddiaçının səviyyəsinə uyğunlaşdırılmış dərs proqramının alınması üçün 150 manat ödənişin həyata keçirilməsinə, dərslərin keçirilməsi üçün 100 manat qarşılığında icarəyə ofisin götürülməsinə, tədris üçün dəftər və kitabların alınaraq iddiaçıya verilməsinə münasibətdə belə qənaətə gəlir ki, həmin dəlillər mötəbər sübutlarla təsdiq edilmədiyindən əsaslı hesab edilməməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında aylıq 12 dərs olmaq şərtilə ingilis dilinin tədrisi ilə bağlı şifahi əqd bağlansa da, 3 dərsdən sonra əqdə xitam verildiyindən, cavabdehdən qalan dərslərin pulu, yəni 262.5 manat (350/12 = 29.166666667 x 3 dərs = 87.5 – 350 = 262.5) məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 262.5 (iki yüz almış iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 75%-i, yəni 23 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 15%-i, yəni 7 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar