Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8226/2021 18.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Binəqədi Rayon Polis İdarəsinə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Binəqədi Rayon Polis İdarəsinə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus “VAZ 21723” minik markalı (ban XTA217230D0242314) 2013-cü il buraxılışlı, ağ rəngli **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə əsassız olaraq səhvən qoyulmuş həbsin götürülməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir; 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir; 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir; 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu və Binəqədi Rayon Polis İdarəsi cavabdehlər qismində cəlb edilsə də, lakin onların hər birinə qarşı yönəlmiş tələb iddia ərizəsində konkret olaraq göstərilməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində "xxxx" ASC ilə 09 aprel 2013-cü il tarixdə kredit müqaviləsi bağlandığıdını, avtomobili həmin kredit hesabına əldə etdiyini göstərmiş, lakin bununla bağlı sübutları iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsində ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsini də göstərilməmişdir (sübutların əldə edilməsi üçün aidiyyəti qurumlara müraciətin edilməsi, həmin müraciətə cavabın verilməməsi və ya imtina alması barədə sənədlər və s.) Bundan əlavə, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməli olsa da lakin iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyinin bu tələbinə də riayət edilməmiş, ərizəyə əlavə edilmiş sənədlərin siyahısı iddia ərizəsində göstərilməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməlidir. Bu isə o halda mümkündür ki, iddiaçı cavabdehlərin hər birinə qarşı öz tələbini iddia ərizəsində göstərsin və öz tələblərinin əsası kimi istinad etdiyi faktı və halları təsdiq edən sübutlar iddia ərizəsinə əlavə etsin. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253.0-cı maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Qeyd olunan prosessual normanın tələbinə əsasən iddiaçı ilk növbədə əmlakın həbsdən azad edilməsi barədə cinayət prosesini həyata keçirən orqana müraciət etməli, həmin orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Lakin iddiaçı tərəfindən əmlakın həbsdən azad edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqana müraciət edilməsi, habelə həmin orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilməsi və ya müraciətin nəticəsi barədə ona məlumat verilməməsi ilə bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş vəkil orderindən görünür ki, X2 tərəfindən iddiaçının hüquqlarının müdafiəsi üzrə tapşırığının yerinə yetirilməsi olan təşkilat – Bakı Şəhəri Nəsimi Rayonu Məhkəməsidir. Azərbaycan Respublikası Vəkillər X1 27 sentyabr 2018-ci il tarixli qərarı ilə təstiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, rüsum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin deyil, Nəsimi Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir; Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir; Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Binəqədi Rayon Polis İdarəsinə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-8226/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8226/2021
18.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver