Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6141/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı, İddiaçı cavabdeh "xxxx" MMC və üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “daxil olan zənglərin siyahısının verilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC və üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “daxil olan zənglərin siyahısının verilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, 10.08.2019-ci il tarixdən 20.08.2019-cu il tarixə, 15.09.2019-cu il tarixdən-30.09.2019-cu il tarixə, həmçinin 10.12.2019-cu il tarixdən 20.09.2019-cu il tarix aralarında onun istifasində və sahibliyində olan ********** saylı nömrəyə daxil olmuş zənglərin siyahısını cavabdeh tərəfindən təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, o cavabdehə müraciət etmiş və şəxsi məsələləri, biznesi ilə bağlı istifadəsində və sahibliyində olan nömrəyə vacib zənglər daxil olmuşdur. Hazırda həmin nömrələrin siyahısı ona keçmişdə zəng etmiş şəxslər ilə yenidən ünsiyyət qurmağı üçün lüzum yaranmışdır. 10.08.2019-ci il tarixdən 20.08.2019-cu il tarixə, 15.09.2019-cıı il tarixdən-30.09.2019-cu il tarixə, həmçinin 10.12.2019-cu il tarixdən 20.09.2019-cıı il tarix aralarında onun istifadəsində və sahibliyində olan nömrəyə daxil olmuş zənglərin siyahısını təqdim edilməsin xahiş etsə də, cavabdeh 10.09.2021-ci il tarixli 18904 saylı məktubu ilə, əsassız və qanunsuz imtina etmişdir. Bununla da onun informasiya əldə etmək hüququ kobud şəkildə pozulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, atası İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun biznes fəaliyyəti üçün iddia tələbində qeyd olunan tarixlərdə istifadəsində və sahibliyində olan mobil telefon nömrələrinə daxil olmuş zənglərin siyahısının çıxarılması zəruriliyi yaranıb. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün biznesdə yaranmış ciddi problemə görə bu məlumatların götürülməsi zəruridir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 bildirdi ki, iddiaya etiraz edir. Belə ki, bu məsələ həm qanunvericilik həm də abunə müqaviləsinə əsasən tənzimlənir. İddiaçı istifadəsinə verilən ********* nömrəsi ilə əlaqədar münasibətləri tənzimləyən abunə müqaviləsinin 6.5-ci maddəsinə əsasən izahlı faktura ən çoxu müraciət tarixindən yalnız əvvəlki iki ay üçün ödənişli əsaslarla abonentə təqdim olunur. İddiaçıya bu qayda yaxşı məlumdur. Belə ki, 31 may 2020-ci il tarixində onun istəyinə əsasən ona əvvəlki iki ay üzrə izahlı faktura təqdim edilmişdir. Həmin izahlı fakturalarda da qeyd edilir ki, izahlı faktura müvafiq abunə müqaviləsində nəzərdə tutulan qaydada və müddətlərlə bağlı təqdim edilir. Habelə, həmin izahlı fakturalarda o da qeyd edilmişdir ki, abunəçiyə ancaq gedən zənglər və mesajların ünvanlandığı nömrələr, tarixlər, müddətlər və xidmət haqqı məbləği təqdim edilir və daxil olan zəng və mesajlar, həyata keçirilən zəng və mesajların məzmunu və bəzi digər məlumatlar istisna təşkil edir. Bundan başqa, abunəçilər sərbəst şəkildə xidmətdən istifadə həddi və tarixçəsi barədə istifadə etdikləri ağıllı mobil telefonun funksiyaları vasitəsi ilə məlumat əldə edə və balans hesabatlarını müstəqil şəkildə idarə edə bilərlər. Telefon danışıqları, qısa mesaj, yaxud digər xidmətlərdən istifadə zamanı, həmçinin də mobil internet xidmətindən istifadə edilən zaman baxılan internet səhifələr və yüklənən məlumatların məzmunu da daxil olmaqla məzmunun əldə edilməsi, yazılması, saxlanması, həmçinin əldə edilməsi arzu olunan digər məlumatları özündə əks etdirən hər hansı xidmət verilməsi isə Cavabdeh MMC tərəfindən nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq müraciətdə qeyd edilən istəyin yerinə yetirilməsi mümkün deyildir. Belə ki, cavabdeh tərəfindən daxil olan zənglərlə bağlı xidməti təqdim edəcəyi barədə nə iddiaçı, nə də hər hansı bir digər abunəçi qarşısında hər hansı bir formada öhdəlik götürməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə də Cavabdeh MMCnin üzərinə abunəçilər üçün bu cür xidmətin göstərilməsi barədə öhdəlik qoyulmamışdır. Bu məqamlar iddiaçının ərizəsinə cavab olaraq ona göndərilmiş 10 sentyabr 2021-ci il tarixli 18904 saylı məktubda da əksini tapmışdır. İddiaçı iddia ərizəsində “İnformasiya əldə etmək haqqında” qanuna da düzgün istinad etməmişdir. Belə ki, həmin qanunun 9.1.2-ci maddəsinə görə, hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibi sayılırlar. Cavabdeh MMC iddiaçıya təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə deyil, rabitə telekommunikasiya sahəsində xidmət göstərdiyi üçün o, bu qanunun nəzərdə tutduğu informasiya sahibi deyil. Həmin qanunun 9.3.1-ci maddəsində isə deyilir ki, əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə informasiya sahibi sayılırlar. Lakin iddiaçının tələb etdiyi informasiya xidmətin şərti və qiymətinə aid deyil. Xidmətin şərtləri müqavilədə, qiyməti isə müqavilə əlavələrində, vebsaytda, abunəçiyə göndərilən smslərdə, KİV-də öz əksini tapır. Əlavə olaraq cavabdehə etdiyi yazılı müraciətindən fərqli olaraq, iddia ərizəsində iddiaçı nömrəni ********** kimi qeyd etmişdir. Şəbəkələrində belə nömrə mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq təqdim edilən iddia ərizəsində göstərilən mülahizələri, tamamilə əsassız hesab edir. Ona görə də o, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, tələb olunan məlumatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində olmur. Ümumiyyətlə bu məsələyə aidiyyatları yoxdur. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara və istinad edilmiş qanunvericilik müddəalarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "Azercell" ilə abunəçi İddiaçı qızı arasında bağlanmış 24.11.2010-cu il tarixli abunə müqaviləsindən görünür ki, 050 221 32 02 nömrəsi abunəçinin istifadəsinə verilmişdir. Belə ki, tərəflərin izahatlarından və təqdim edilən sübutlardan da göründüyü kimi, qanunvericiliklə cavabdeh üçün iddiaçının tələb etdiyi məlumatların təqdim edilməsi barədə hər hansı imperativ şərt nəzərdə tutulmamışdır, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə daxil olan zənglərin siyahısının verilməsi barədə iddiaçı qarşısında öhdəlik götürülməmiş, iddiaçının ala biləcəyi məlumatların həcmi ona yazılı şəkildə bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə “Telekommunikasiya haqqında” qanunla nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş yazılı sübutlardan müəyyən edilir ki, tərəflər “Telekommunikasiya haqqında” qanunla nəzərdə tutulmuş abunə müqaviləsi bağlamışlar. Həmin qanunun 34.2.4.-cü maddəsinə əsasən abunəçilər operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək vəzifələsini daşıyırlar. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanununun 38.4-cü maddəsinə görə, telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər. Qanunla müəyyən edilmiş məcburi hallardan başqa abunəçiyə verilə bilən məlumat onunla operator arasında bağlanmış müqavilə ilə tənzimlənir. Həmin müqavilənin 6.5.-ci maddəsinə uyğun olaraq, izahlı faktura ən çoxu müraciət tarixindən yalnız əvvəlki iki ay üçün ödənişli əsaslarla abunəçiyə təqdim olunur. İddiaçı tərəfindən imzalanmış 31 may 2020-ci il tarixli izahlı fakturanın təqdim olunması formasından da görünür ki, verilə bilən məlumatların həcmi iddiaçıya bildirilmişdir. Həmin formada qeyd edilir ki, “İzahlı fakturada müvafiq nömrədə istifadə edilmiş xidmətlər (gedən zənglərin və mesajların ünvanlandığı nömrələr, tarixlər, müddətlər və xidmət haqqı məbləği) barədə məlumat (daxil olan zənglər və mesajlar, həyata keçirilən zəng və mesajların məzmunu, həmçinin bəzi digər xidmətlərdən istifadə ilə bağlı məlumatlar istisna olmaqla) əks edilir”. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilənin şərtlərindən kənara çıxmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə cavabdehin öz öhdəsinə götürmədiyi vəzifənin icrasını tələb etməklə haqlı hesab oluna bilməz. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi ilə informasiya sahiblərinin və onlara bərabər tutulan şəxslərin üç kateqoriyası müəyyən edilmişdir: a) dövlət orqanları və bələdiyyələr; ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər); tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri; b) təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər; c) əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər. Bu kateqoriyalar üzrə hüquqi və fiziki şəxslərin sahibi olduğu və təqdim etməli olduğu informasiyaların dairəsi də fərqlidir. Belə ki, dövlət və bələdiyyə orqanlarının informasiya sahibi sayıldığı məlumatların dairəsi məhdudlaşdırılmır, lakin ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə informasiya sahibi sayılırlar. Tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri isə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə informasiya sahibi sayılırlar. Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər isə malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə informasiya sahibi sayılırlar. Göründüyü kimi, iddiaçının göndərdiyi sorğu qanunda müəyyən edilmiş informasiyaların dairəsinə uyğun verilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-6141/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6141/2021
21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver