Məhkəmə qərarları › İş №2(006)-3121/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3121/2020

17.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3121/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2019-cu ilin yay aylarında yaşadığı evdə təmir işləri aparmaq istədiyi vaxtlarda tanış olmuşdur. Tanış olduğu zaman cavabdeh yeznəsi Tahir ilə birlikdə idi və söhbət əsnasında onların usta olduqları və təmirtikinti işləri ilə məşğul olduqları ona bəlli olmuşdur. Bu zaman Kamran əsas usta olduğunu və təmir-tikinti ilə bağlı bütün işləri bacardığını bildirmişdir. Ona görə də o, cavabdehə evini təmir etməyi təklif etmişdir. Kamran onun evində təmir-tikinti işləri aparmağa razı olmuş və ona demişdir ki, cavabdeh görəcəyi işlə yerində tanış olmaq və yalnız bundan sonra görəcəyi işə görə ondan nə qədər haqq alacağını söyləyəcəkdir. Bir neçə gündən sonra Kamran onun evinə gəlmiş və o, cavabdehə görəcəyi bütün işləri izah etmişdir. Kamran görüləcək işləri təxmini hesabladıqdan sonra ona bildirdi ki, göstərdiyi işləri yerinə yetirmək üçün lazım olan mal-materialları, digər əşya və ləvazimatları almaq üçün, həmçinin də bu işləri görmək üçün verəcəyi zəhmət haqqı ilə birlikdə o, cavabdehə cəmi 2700-2800 manat məbləğində pul verməlidir. Cavabdeh həmçinin bildirdi ki, o, cavabdeh əvvəlcədən mal-material və sairə əşyalar üçün pul verməlidir və cavabdeh material üçün lazım olan pulu aldıqdan sonra təxminən üç həftə ərzində onun evinin təmirini bitirib evi ona təmirli halda təhvil verəcəkdir. O, Kamranla razılaşıb xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə heç bir rəsmiyyətə salınmadan, imzasız, qəbzsiz, yalnız bir-birinə olan inama söykənməklə hissə-hissə olmaqla 1770 manat məbləğində pul vermişdir. O, pulu Kamrana verdikdən sonra, sonuncu müxtəlif bəhanələrlə təmir üçün lazım olan mal-material (qapı-pəncərələrin) gətirilməsi gecikdirməyə başlamışdır. O, tez-tez cavabdehə zəng edərək mal-materialı nə vaxt gətirəcəyini və təmirə nə vaxt başlayacağını soruşduqda, cavabdeh hər dəfə bir bəhanə gətirərək verdiyi sözə əməl etmirdi. Artıq danışıb razılaşdıqlarından iki aya yaxın müddət keçirdi. Kamran isə nəinki heç bir iş görməmişdir, hətta ona verdiyi 1770 manat pula malmaterial da almamışdı. Artıq o, hiss etmişdir ki, cavabdeh onu aldadır, onun verdiyi pulu da mənimsəmişdir və buna görə də heç bir mal-material ala bilmir və onun da işini görməyəcəkdir. Ona görə də o, cavabdehdən pulunu qaytarmağı tələb etmişdir. Cavabdeh ona pulu qaytarmayağacını bildirmiş və onunla əlaqəni kəsmişdir. Ona görə də o, məcbur olub xx.xx.2019-cu il tarixdə Cavabdeh yeznəsi X1 ilə birlikdə ona məxsus yaşayış sahəsində təmir-tikinti işləri görmək adı ilə onu aldadaraq etibarından sui-istifadə edərək 2000 manat məbləğində pulunu alıb mənimsəmələri barədə Bakı şəhəri Yasamal RPİ-nə ərizə ilə müraciət etmişdir. Ərizəsində Kamranın ondan 2000 manat alıb mənimsədiyini göstərsə də, izahatında bu məbləğ 1970 manat göstərmişdir. Yasamal RPİ-nin Təhqiqat şöbəsində aparılmış təhqiqat zamanı Kamran verdiyi izahatda ondan mal-material üçün 1970 manat deyil, 1700 manat pul aldığını səmimi etiraf etmiş və həmin pulu xx.xx.2019cu ilədək qaytaracağını qeyd etmişdir. Bundan sonra o, Yasamal RPİ-nə izahatında göstərdiyi tarixədək pulunu qaytaracağı barədə ərizə də yazmışdır. Təhqiqat araşdırması zamanı, həmçinin müəyyən edilmişdir ki, Kamranın yeznəsi Tahir bu işdə onunla əlbir olmamışdır, yəni ondan pul aldığını Kamran yeznəsi Tahirə bildirməmiş və ondan aldığı pulu tək mənimsəmişdir. Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Elnur Hacıyev araşdırma nəticəsində aralarında (onunla Kamran) yaranmış öhdəliklərin mülki xarakterli olması qətnaətinə gəlmiş və bu səbəbdən də onun toplanmış materiallar üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2, 207.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Elnur Hacıyevin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli qərarı ilə tanış olduqdan sonra diqqətlə öz-özlüyündə araşdırdıqda müəyyən etmişdir ki, o, Kamrana mal-material almaq üçün cavabdehin dediyi kimi 1700 manat deyil, cəmi 1770 manat məbləğində pul vermişdir və eyni zamanda ona məlum olmuşdur ki, bu işdə Tahir Kamranla əlbir olmamışdır. Ona görə də o, mülki iddia qaydasında tək Cavabdeh qarşı iddia qaldırmağa qərara almışdır. Göstərilənlərə əsasən Cavabdeh ona borclu olduğu 1770 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona, yəni İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarındakı Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı Əli Məmmədovun «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx xxxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı təxminən 2019-cu ilin iyul ayında ona müraciət edərək yaşadığı evin qapısı və pəncərəsini dəyişmək istədiyini bildirmiş, o, hesablayaraq 01 ədəd plastik materialdan olan cambalkon pəncərənin və 01 ədəd plastik qapının, ümumilikdə 1700 manata başa gəldiyini bildirmiş, Yavər da razılaşaraq təxminən 1 ay ərzində hissə-hissə olmaqla ona 1700 manat pul vermişdir. O, həmin pulun qarşılığında Yavərin ev üçün qapı və pəncərə hazırlamış və Yavərin bundan xəbəri olmuşdur. Lakin səhhətində yaranmış problemlərə görə qapı və pəncərəni bir qədər gec hazırlamışdır. Yasamal RPİ-nə dəvət olunan zaman Yavərin onun barəsində şikayət ərizəsi ilə müraciət etdiyini bilmişdir. Hazırda onun Yavərə 1700 manat borcu var. Yavərdən aldığı pulu xx.xx.2019-cu il tarixdə tam şəkildə geri qaytaracağına söz vermişdir. Beləliklə məhkəmə iclasında işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı evdə təmir işlərin görülməsi və bununla bağlı mal-materialın alınması üçün Cavabdeh müəyyən məbləğdə pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmiş, izahatında qeyd olunan məbləğin 1700 manat olduğunu etiraf etmişdir. Hazırda iddiaçı vurulmuş maddi zərərin əvəzini tələb edir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki işdə tərəflərin izahatından və iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh bir-biri ilə tapşırıq müqaviləsi münasibətində olmuşlar. Mülki Məcəllənin 777.1-ci və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Göründüyü kimi, tapşırıq müqaviləsində vəkalət alan, konkret müddətə bağlı olmadan və nəticə əldə edilməməsi riskini daşımadan vəkalət verənin mənfəətinə və iradəsinə uyğun bir nəticəyə yönələn iş görməyi öhdəsinə götürür. Bu razılaşma ilə vəkalət alanın vəkalət verən qarşısında maddi və ya hüquqi hərkətlərə dair iş görmə borcu yaranır. Bununla belə, vəkalət alanın işi görülən şəxs qarşısında mənfəətinin olması və çəkdiyi xərclərin əvəzini tələb etməsi istisna edilmir (Mülki Məcəllə, maddə 783.1, 783.2.). Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya evlərində təmir işlərinin aparılması üçün yəni evin qapı-pəncərəsini dəyişmək və s işlər görmək üçün cəmi 1700 manat pul aldığını və borclu olduğunu etiraf etmiş, habelə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, pulu iddiaçıya qaytarmamışdır. İddianın qalan 70 manat hissəsi ilə bağlı isə məhkəməyə qeyd edir ki, iddiaçı tərəfindən bu məbləğin verilməsi barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yalnız 1700 manatla bağlı cavabdehin etirafı olmasını sənədlərlə məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1700 (bir min yeddi yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1730 (bir min yeddi yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1730 (bir min yeddi yüz otuz) manat məbləğində pul alınaraq iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar