Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-896/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, cavabdeh «X1 Mərkəzi» MMC-nin nümayəndəsi X8 Bədəlov oglunun, 3-cü şəxslər «xxxxxxxxxx» BOKT MMC-nin nümayəndəsi X13 oglunun, Bakı şəhəri Pirallahı rayon İcra və Proobasiya şöbəsinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı üçüncü şəxs qismində "xxxxxxxxxx" BOKT MMC və Bakı şəhəri Pirallahı rayon İcra və Probasiya Şöbəsi işə cəlb edilməklə cavabdeh "X1 Mərkəzi" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 3-cü şəxs qismində "xxxxxxxxxx" BOKT MMC və Bakı şəhəri Pirallahı rayon İcra və Probasiya Şöbəsi işə cəlb edilməklə cavabdeh "X1 Mərkəzi" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müracəit edərək, "X1 Mərkəzi" MMC-nin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 34 saylı evin 4 saylı mənzilinə dair hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquni nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-771/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlər iddiaçı «xxxxxxxxxx» X11 Təşkilatı MMC ilə X5 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli Baku 3-4849-3443 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı «xxxxxxxxxx» BOKT MMC-nin xeyrinə 23571.75 ABŞ dolları məbləğində əsas borc, 5276.99 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 28948.74 ABŞ dolları məbləğində borcun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər X2 və İddiaçı birgə qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 34 nömrəli evin 4 nömrəli mənzilinə yönəldilməsi, bu mənzilin ilkin satış qiymətinin 27000 ABŞ dolları müəyyən edilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin «xxxxxxxxxx» BOKT MMC-nə olan borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir. Hazırda ona məlum olmuşdur ki, birgə nikah dövründə əldə etdikləri, X3 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 34 nömrəli evin 4 nömrəli mənzil qeyri-qanuni yolla açıq hərracdan satılmaqla «xxxxxxxxxx» X12 Təşkilatı MMC tərəfindən alınmışdır. Halbuki hərracın təşkili və keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Bakı şəhəri Pirallahı rayon İcra və probasiya şöbəsindən telefon zəngi olunaraq mənzilin artıq satılması və boşaldılması tələb olunduğu halda mübahisəli mənzilə dair hərracın mövcudluğu barədə məlumatı olmuşdur. Lakin təşkil edilmiş açıq hərracın baş tutması və ya baş tutmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi isə, məhkəməyə müraciət edərək, mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh «X1 Mərkəzi» MMC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək göstərdi ki, hərrac qanuni şəkildə keçirilib, tərəflərə də bu barədə məlumat verilib. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasına müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş «xxxxxxxxxx» BOKT MMC-nin nümayəndəsi X13 oglu, iddia tələbini qəbul etməyərək bildirdi ki, hərrac barədə bildirişlər iddiaçının ünvanına göndərilib, həmin ünvanda bildirişləri imzalayıb qəbul ediblər. Hərrac barədə iddiaçının və həyat yoldaşının məlumatları olubdur. Məhkəmə iclasına müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş Bakı şəhəri Pirallahı rayon İcra və Proobasiya şöbəsinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya hərrac barədə məlumat göndərilib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir: İddiaçı həm mənzilin qiymətləndirilməsinin, həm də hərracın keçirilməsinin mövcud qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini iddia edərək mənzilin hərracda satılması ilə əlaqədar cavabdeh «X1 Mərkəz» MMC-nin hərracın nəticələri barədə protokolun və həmin mənzilə dair hərrac protokolu əsasında cavabdeh «X1 Mərkəz» MMC ilə «xxxxxxxxxx» X11 Təşkilatı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməklə iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319-cu və 415-416-cı maddələrinə istinad etdiyindən məhkəmə, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 36-39-cu mad.). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci mad.). Qeyd olunan Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı və onun həyat yoldaşı ilə «xxxxxxxxxx» X11 Təşkilatı arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə ilə ipoteka predmetinin ilkin satış qiyməti 27000 ABŞ dolları müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının mənzilə dair hərrac təşkilatının hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbini əsaslı hesab etmir. İddiaçının mənzilinin hərracda satılmasına dair xx.xx.2020-ci il tarixli Y-006 saylı Protokolun etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan 1150 saylı, xx.xx.2019-cu il tarixli, 1240 saylı, xx.xx.2019-cu il tarixli hərrac bildirişlərindən görünür ki, “X1 Mərkəzi” MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini göstərməklə həmin bildirişləri həm İddiaçı, onun həyat yoldaşı X4, həm də «xxxxxxxxxx» X11 Təşkilatına (tələbkar) göndərmiş və “Market” qəzetində müvafiq elan vermişdir. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçının həyat yoldaşı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-006 saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında sübutlaırn tədqiqi ilə mübahisəli mənzilin hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Bu qənaətə gələrkən məhkəmə, “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir mübahisəsi gedən mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, hərracın keçirilməsi ilə əlaqədar «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən kütləvi informasiya vasitələrində elanlar dərc olunmuşdur. Məhkəmə yuxarıda şərh olunan halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir, halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız dır və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı üçüncü şəxs qismində "xxxxxxxxxx" BOKT MMC və Bakı şəhəri Pirallahı rayon İcra və Probasiya Şöbəsi işə cəlb edilməklə cavabdeh "X1 Mərkəzi" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-896/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-896/2020
23.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver