Məhkəmə qərarları › İş №2(010)-1551/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1551/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1551/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehna qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh ilə birgə nikahlarından doğulmuş və himayəsində olan 09 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Vaqivofiç ilə 14 yanvar 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahılarından 09 aprel 2016-cı il təvəllüdlü X3 adında övladımız doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətləri son dövrlər pisləşmiş və faktiki olaraq öz mövcudluğunu itirmişdir. Belə ki, 2022-ci ilin fevral ayından ailə münasibətləri artıq formal xarakter daşıyır, onlar bir evdə yaşayırlar, lakin münasibətilərinin kəskinləşməsi səbəbindən o, övladı ilə birgə başqa otaqda, cavabdeh isə başqa otaqda yaşayır, yəni məişət cəhətdən ayrı yaşıyırlar. Hazırda cavabdeh evdən işləyir, maaşı gördüyü işin miqdarına uyğun təyin edilir, yəni gəliri qeyrimüntəzəm və dəyişəndir. 2022-ci ilin fevral ayından cavabdeh tərəfindən uşağın saxlanması üçün heç bir vəsait ödənilmir, uşağı ilə maraqlanmır, onun ehtiyaclarını ödəmir, övladının normal qidalanması üçün ərzaq, geyinməsi üçün paltar almır, ümumiyyətlə heç bir maddi köməklik göstərmir. Bu səbəbdən uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Onların birlikdə yaşamaqları mümkün olmasa da, nikahlarının pozulmasını istəmir. Düşünür ki, nikahının pozulması övladı üçün mənfi təsirini göstərəcək, bu səbəbdən nikahın pozulması haqda hələ iddia qaldırmaq istəmir, bunun niyyətində deyil. Ancaq oğlunun onun himayəsində olduğunu nəzərə alıb, onun ehtiyaclarını ödəmək üçün cavabdehdən aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunması zərurəti vardır. Məhkəməyə müraciət etməmişdən cavabdehə mediasiya prosesində iştirak etməsi üçün təklif göndərilmişdir, sonra mediasiya təşkilatına müraciət edilmişdir, 11 iyul 2022-ci ildə təyin olunmuş mediasiya sessiyasında iştirak etməmiş, buna görə Mediasiya təşkilatı tərəfindən müvafiq arayış verilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, hazırda cavabdehlə birgə yaşayırlar, lakin, ayrı təsərrüfat aparırlar. Maddi vəziyyəti yaxşı deyildir. Uşağa o, baxır və kommunal xərcləri də o, ödəyir. Verilmiş suallara cavab olaraq iddiaçı qeyd etdi ki, maddi vəziyyətinə görə boşanmaq fikri hələ ki, yoxdur. O, məhkəməyə müraciət edən zaman yoldaşının işlədiyini nəzərə alaraq, 250 manat məbləğində aliment tələb etmişdir. Uşaq bu il məktəbə gedib, bütün məsrəfləri o ödəyir. Bu səbəbdən də iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddiaçının dediklərini təsdiq edərək bildirdi ki, öz uşağını saxlayır, aliment da ödəməyə razıdır, lakin iddia ərizəsində göstərilən məbləğdə alimenti ödəməyə imkanı çatmir. Rəsmi iş yeri yoxdur, evdən kompüter ilə işləyir. Aylıq 450-500 dollar qazancı olur. Bir müddət işsiz olduğundan ailəsinin ehtiyaclarını ödəyə bilməmişdir, lakin işlədiyi vaxt ailəsinə baxmışdır. İddianın təmin edilməməsini və ya qismən təmin edilməsini xahiş edir. İş materialları. Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən 11 iyul 2022-ci il tarixdə verilmiş “ilkin Mediasiya Sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyası barədə 05 gün öncə poçt vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o sessiyada iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh və X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. 4 saylı Bakı Asan Xidmət X1 tərəfindən 03 may 2016-cı il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 763302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (atası Cavabdeh, anası İddiaçı) 09 aprel 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 2978 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 yanvar 2014-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 924486 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında 14 yanvar 2014-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın başlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 40 nömrə ilə qeyd edilmişdir. İddiaçı tərəfindən uşağın tələbatlarının ödənilməsinə dair (paltarların, dərmanların, ərzaqların və s.) məhkəməyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan qəbzlər, həmçinin ödənişlərin nağdsiz olaraq "xxxx"ASC-yə məxsus debet kartı ilə ödənilməsi barədə çıxarış təqdim edilmiş və həmin qəbzlər iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin (ailə, uşaqlar və dövlət) İİ-ci bəndi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: Maddə 1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları ...1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.... Maddə 29. Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ərarvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. 29.3. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. 29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.... Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.... Maddə 55. Uşağın əmlak hüquqları 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.... Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri: Maddə 104. Şahid ifadələri ...104.4. Aşağıdakılar şahid qismində dindirilə bilməzlər: 104.4.1. azyaşlı olduğuna görə, fiziki və ya psixi pozuntuları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər;.... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanunun. Maddə 1. Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, Cavabdeh və İddiaçı rəsmi nikah münasibətlərdən bir uşaq doğulmuşdur. İddiaçının izahatlardan göründüyü kimi, tərəflər arasında nikah pozulmamış və onlar nikahın pozulmasını istəmirlər. Tərəflər hal-hazırda birlikdə yaşamaqla, birgə təsərrüfat aparırlar. Uşaq, iddiaçının bəyanatına baxmayaraq, tək onun himayəsində deyil, bir yerdə qaldıqları üçün, cavabdehin də himayəsindədir. Belə ki, ailənin işinə hər kəsin (dövlətin də daxil olmaqla) qarışması yolverilməzdir. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, öz uşaqlarını saxlamaq onların borcudur. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Cavabdehin öz uşağı ilə bir yerdə yaşayaraq, onun maddi tələbatlarını təmin edilməməsi iş materialları ilə sübut edilmir. Başqa sözlə desək, yalnız valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddiaçı ilə cavabdeh rəsmi nikah münasibətlərdə qalmağa davam edirlər, onlardan heç biri nikahın pozulmasını tələb etmir. Bildiyimiz kimi, ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidirlər. Həmçinin, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İddiaçı tərəfindən təqdim edilmiş market çekləri ilə təsdiq edilən və o, güman etdiyi kimi, onun hesabına alınmış ərzaq məhsulları, qanunvericiliyin mahiyyətinə uyğun olaraq – tərəflərin birgə əmlakı hesabına alınan əşyalardır, çünki ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Eyni qaydalar iddiaçı tərəfindən təqdim olunmuş bank kartı çıxarışına da tətbiq olunur: banklarda (kredit idarələrində) olan pul vəsaitlərin ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığına daxildir. Deməli, nikahda olduğu və ərzaqların birgə vəsaitləri hesabına alınması üçün, bu sübutlar bu halda mötəbər sübut hesab oluna bilməz. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının uşağın dindirilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Belə ki, 09 aprel 2016-cı il təvəllüdlü X3 azyaşlı olduğuna görə bu işlə bağlı faktları düzgün qavramaq qabiliyyətində deyil. Həmçinin cavabdeh məhkəmə iclasında iddiaçıya aliment ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Aliment tələb etmək yalnız o halda mümkündür ki, cavabdeh həqiqətən də ailəsinə maddi cəhətdən köməklik göstərməsin, iddiaçı isə uşağının maddi ehtiyaclarını ödəyə bilməsin. İddiaçı isə bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, tərəflərin məhkəmədə iştirakları zamanı onların arasında hansısa münaqişənin olması və onların münasibətlərinin pisləşməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağının saxlanılması üçün cavabdehdən aliment tələb etməsi formal xarakter daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə xərci. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Məhkəmə iddianı təmin etməmək qənaətinə gəldiyindən, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia tələbi üzrə dövlət rüsumu ödənilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar