Məhkəmə qərarları › İş №2(010)-782/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-782/2021

09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-782/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi X2, Cavabdeh, X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı heyvanların yaşayış təyinatlı ərazidən köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı heyvanların yaşayış təyinatlı ərazidən köçürülməsi tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh topladığı heyvanların ondan alınaraq, onların qonşu ərazidən heyvanat sığınacaqlardan birinin qayğısına həvalə edilərək köçürülməsi və cavabdehə bir daha belə vəziyyətə səbəb olmaması üçün, bundan sonra heyvan saxlamaqla məşğul olmasına qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, hər biri ailəlidir və ailəsi ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dəniz kənarı küçəsi adlanan sıx əhalinin yerləşdiyi yaşayış massivində bir-biri ilə qonşuluqda fərdi evlərdə uzun illərdir ki, heç bir problemlər yaşamadan dinc yaşayırlar. 2016-cı il tarixdən isə Cavabdeh da qonşuluğa- Dənizkənarı küçəsi, ev 10 “a” ünvanına köçmüş və ərazidə yaşayan sakinlərin həyatını dözülməz etmiş, yaratdığı hazırkı vəziyyətə görə evlərində yaşamaq, nə gecə nə də gündüz dincəlmək, gərginliksiz, rahat yaşamaq qeyri-mümkün olmuşdur. Cavabdeh faktiki başqa ünvanda yaşasa da, sahibi olduğu ərazini təyinatına uyğun yaşayış ərazisi kimi deyil, saysız küçə heyvanların saxlanma mərkəzinə çevirərək, bir çox qanun-qayda normalarını pozmuşdur. Cavabdeh həmin yaşayış sahəsinin mülkiyyətində olmasını əsas gətirir. İtlər kütlə halında toplanmış ərazidə gün ərzində bir-birlərini parçalayır, heyvanlar arasında yaşamaq uğrunda mübarizə gedir. Gecələr isə sayı 50 dən artıq olan itlərin boğuşmaları, aramsız hürməsi daha aktivləşir. Sakinlər isə bu dəhşətləri istirahət bilmədən gündüz və gecə dinləməli, onların havasını qoxulamalı, havada uçan it tüklərini nəfəslərinə, ciyərlərinə çəkməli olurlar. Qonşuların bəzilərinin evində səhhətində müxtəlif ağır problemlər olan xəstələri vardır. Son zamanlar isə sahibsiz, ac itlərin gecə-gündüz ulaşması, bir-birlərini acından didməsi, zingiltili səs-küyü, qoxusu xəstələrin durumunu daha da ağırlaşmışdır, bu da onları çox narahat edir və əziyyət çəkirlər. Cavabdehin qərəzli olaraq ona və qonşulara olan qanuna zidd hərəkəti heç bir qanuna sığmır. Cavabdehin qanuna zidd hərəkəti onların insan kimi sağlam ətraf mühitdə yaşamaq hüququnu, sağlamlığın qorunması hüquqlarını, istirahət hüququnu, bərabərlik hüququnu, təhlükəsiz yaşamaq hüququnu, mülkiyyət hüququnu və s. digər kostitusion hüquqlarını kobud qaydada pozur və pozmaqda hələ də çox davam edə bilər. İnsanlarla olduğu kimi, cavabdehin heyvanlarla da mərhəmətsiz yanaşmasının dəfələrlə şahidi olmuşlar. Cavabdehin əraziyə saysız heyvanlar daşıması davam etsə də, nadir halda, xüsusən də axşam vaxtları gəldiyi bəllidir, itlərə mənşəyi bilinməyən, ətrafa həddindən artıq dözülməz ağır qoxu yayan qida verir. Onun heyvanlara zalım səslərlə çığırtıları, heyvanların isə zədələnmə işarəsi olan zingildəməsi səsləri məhəlləni başına götürür. Cavabdeh tərəfindən saysız itləri qapalı əraziyə toplayaraq, pis, baxımsızlıq və digər səbəbsiz işgəncə verməsi və bunlardan həzz almasının faktları da diqqətini çəkmişdir. Heyvanlara mərhəməti olmayan cavabdehin bu cür hərəkətinin əsas məqsədi başqadır. Sevmədən və yalnız şəxsi maddi maraqları naminə o, özünün guya ki, küçə itlərinə mərhəmət göstərən heyvansevər olmasına inandırmaq üçün hamıya bloqerlik etdiyi “Youtube” kanalı vasitəsilə hər gün itlərin çox sayda olduğunu və çox maddi xərc tələb olduğunu inandırmaq üçün yayımlayır, mərhəmətli insanların ürəyinə yol taparaq, bu itlərin yemlənməsi, saxlanması adı ilə sosial saytlardan ianə toplayır. Lakin, heyvanlara gərəksiz qida, şiddətli davranışları səbəbindəndir ki, ərazidən onun dəfələrlə ölü itlərin kisələrə yığılaraq çıxarılmasının şahidi olmuşlar. Qonşular da Cavabdehnm qalmaqallı davranışı səbəbindən aqressiv davranışlarından zərər çəkmiş, müvafiq hüquq müdafiə qurumlarına müraciət etmişlər. Qanuna zidd əməllərindən əziyyət çəkdikləri barədə ilk öncə özü ilə danışmağa, məsələnin cəhd etmək istəsələr də, bu qadınla söhbət edib, yaratdığı problemləri qonşuluq münasibətlərini qorumaqla həll etməyə nail ola bilməmişlər. Cavabdeh hər dəfə söhbəti milliyyətlərinin təhqiri həddinə keçirir, həm də səs-küyünə toplaşmış, aramızda azyaşlılar da olan qonşulara tərbiyyəsiz və nalayiq əl və bədən ifadələri də göstərir, uşaqların yanında da alçaltmağa çalışır. Qadın adına yaraşmayan mədəniyyətsiz davranışı, qonşuluq münasibətlərində qəbul edilməz münaqişələri ilə o, gərginliyi nə qədər artırmağa çalışsa da, onlar səbrli olmağa, bütün bunların qanuni həlli yollarını axtarmağa çalışırlar. Onunla danışıqlara cəhd etməkləri əhəmiyyətsiz olduğuna əmin olduqdan sonra yalnız, müvafiq icra qurumlarına Cavabdeh səbəbindən pozulmuş dincliyin bərpası üçün kollektiv qaydada müraciətlər edilmişdir. Müxtəlif müvafiq səlahiyyətli nümayəndələrin gələrək ərazidə apardığı araşdırmalar nəticəsində vəziyyət həqiqi qiymət verilməsinə nail ola bilmişlər. Məhkəmə iclasında izahat verən İddiaçı1 iddia tələbini müdafiə edib təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, tələbi heyvanların həmin ərazidən başqa yerə köçürülməsidir. Məhkəmə iclasında izahat verən İddiaçı2 iddia tələbini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən İddiaçı3 iddia tələbini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən İddiaçı4 iddia tələbini müdafiə edib təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, özü tələbədir, itlərin səsindən dərslərə qoşulub dərs keçə bilmir. Məhkəmə iclasında izahat verən İddiaçı5 nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçılardan İddiaçı3 və İddiaçı1 ona itləri həmin ərazidə saxlamaq üçün razılıq verdiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçılarıN və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AR Qida Təhlükəsizliyi agentliyi Bakı Regional Bölməsinin xx xxx 2020-ci il tarixli 19/1/BN-2384 saylı, müraciətə baxılmasının nəticəsi haqqında məktubdan görünür ki, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dəniz kənarı ünvanında ev heyvanları (itlər) qanunla müəyyən edilmiş normadan artıq və antisanitar şəraitdə saxlanılmaqdadır, itləri saxlayan Elena Simakina ilə maarifləndirici söhbət aparılaraq izah edilmişdir ki, şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında mal-qara, it, pişik saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariyagigiyena tələblərinin pozulmasına, pis qoxu, səs-küy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır. Eyni zamanda Elena Simakinanın it saxlamaqla və onların müalicəsi ilə bağlı hərəkətlərində “Baytarlıq haqqında” Qanunun 5.2-ci bəndinin “Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilər”, 20.2-ci “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və fiziki və hüquqi şəxslər tərəfindən bu qaydaların yerinə yetirilməsi məcburidir”, bəndlərinin tələblərinin pozulduğu aşkar olunmuşdur. - AR Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dəniz kənarı küçəsində yaşayan İddiaçı1 və bir qrup sakinə ünvanlanmış xx.xx.2020-ci il tarixli R/01 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli şikayət araşdırıldı və adı çəkilən əraziyə baxış keçirildi və bu zaman məlum oldu ki, həqiqətən də, vətəndaş Cavabdeh həyətində antisanitar vəziyyətdir, xəstə küçə itlərini saxlayır. İtlərin səs küyündən qonşular yata bilmir və buna qarşı qonşular narazıçılıq bildirəndə və aidiyyatı orqanlara müraciət edəcəklərini bildirdikdə vətəndaş qonşuları və dövlətimizi və onun ali orqanlarını təhqir edir. Bütün bunları nəzərə alaraq vətəndaşa xəbərdarlıq edilib və yerində akt tərtib edilib. - AR Səhiyyə Nazirliyi Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli xx-xx/1997 saylı məktubundan görünür ki, Mərkəzin mütəxəsissləri tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi Dənizkənarı küçəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı vətəndaş X4 evində və yaşayış sahəsinin ətrafında çoxlu sayda it və pişik saxladığı müəyyən olunmuşdur. Bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 38 saylı qərarının 2.1. və 2.3. maddələrinin pozulması deməkdir. Yaranmış vəziyyət əhali arasında yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən X10 dairəsinə, Hövsan Bələdiyyəsinə və Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə yaranmış vəziyyətlə əlaqədar olaraq müraciət olunmuşdur. - xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Cavabdeh ev heyvanlarının saxlanması qaydalarının tələblərini pozmaqla Azərbaycan Respublikası İXM-nin 290-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. - xx.xx.2020-ci il tarixli İACC/083/20 saylı İDEA X5 məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Azərbycan Respubikası vətəndaşı Cavabdeh İDEA X5 əməkdaşı deyil və buna görə heç bir halda Mərkəzin adından çıxış etmək, özünü Mərkəzin nümayəndəsi, əməkdaşı kimi təqdim etmək və Mərkəzi təmsil etmək səlahiyyəti yoxdur. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İddiaçı1 ünvanlanmış AXA №25/03-15-17 saylı xx.xx.2021-ci il tarixli kollektiv şikayətə cavab məktubundan görünür ki, Dövlət Baytarlıq Xidmətinin inzibati hüquqpozmalar barədə həyata keçirdiyi bütün səlahiyyətləri xx.xx.2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 09 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarının 2.1 bəndinə əsasən baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla şəhərdə və şəhərtipli qəsəbələrdə, çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandın İması qanunvericiliklə müəyyən olunmuş qaydada qadağandır. Belə hallara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, habelə insanların həyatı və sağlamlığı üçün təhlükəli olan heyvanların (it və pişiklərin) ərazidən yığışdırılması və digər tədbirlərin həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik idarəsinin, daxili işlər orqanlarının və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə aiddir. Şikayətdə qeyd edilən məsələlər barəsində tədbirlərin görülməsi Aqrar Xidmətlər Agentliyinin səlahiyyətləri xaricindədir. - İddiaya əlavə edilmiş CD diskə baxılan zaman müəyyən edilmişdir ki, iddiaçıların yaşadığı ərazinin qonşuluğunda yerləşən cavabdehə məxsus hasarlanmış torpaq sahəsində çoxlu sayda sahibsiz itlər vardır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçılar bir biriləri ilə qonşudurlar, cavabdehin isə onların qonşuluğunda torpaq sahəsi vardır, hansı ki, həmin sahədə çox miqdarda sahibsiz itləri saxlayır. Mübahisə predmetini həmin itlərin orada cavabdeh tərəfindən saxlanılması təşkil edir. İddiaçılar tələblərini onunla əsaslandırırlar ki, çoxsaylı itlərin orada olması antisanitar vəziyyət yaradır, heyvanların səsi, iyi onların yaşayışını pozur, həmçinin yolxucu xəstəliklər və heyvanların onların üzərinə hücum etmək təhlükəsi onların gündəlik həyatlarına çətinlik yaradır və onları narahat vəziyyətdə saxlayır. Cavabdehin etirazı bundan ibarətdir ki, o qonşuları olan iddiaçıların bəzilərini əvvəldən tanıyır, onlar əvvəllər itlərin saxlanılması ilə bağlı etiraz etmirdilər, buna görə də, hesab edir ki, iddia ərizəsi qərəzli olaraq verilib. Bundan əlavə əgər ona müvafiq ərazi verilsə heyvanları ora köçürə bilər, nə qədər ki, belə ərazi verilməyib iddia əsassızdır. Məhkəmə hazırkı mübahisənin fərdi və ictimai maraqların bir-birinə mütənasibliyi kontekstində yanaşılmaqla həll edilməli olmasını hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə görə hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Konstitusiyanın 41-ci maddəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Konstitusiyanın 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsi digər prinsiplərlə yanaşı mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərini də müəyyən etmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, Konstitusiya və ona əsaslanan mülki qanunvericilik hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Hər hansı hüquqa qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu hüquqi yanaşmanı hazırkı mübahisəyə tətbiq edərək məhkəmə hesab edir ki, cavabdehin özünə məxsus ərazidə ev heyvanları saxlamaq hüququ həmin ərazidə yaşayan digər şəxslərin (iddiaçıların) təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır. Digər tərəfdən, cavabdeh bu hüququndan sui istifadə etmiş, bu hüquqla bağlı vəzifələrini həyata keçirməmişdir. Belə ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2011-ci il tarixli qərarının 1.2-ci maddəsinə əsasən ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Həmin Qərarın 2.1-ci maddəsinə əsasən baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən Heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır. Həmin Qərarın ev heyvanı sxlayan şəxslərin vəzifələrini tənzimləyən 5-ci maddəsinin tələblərinə görə ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir: 5.1.1. heyvana lazımi səviyyədə yem və su verməli; 5.1.2. heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli; 5.1.3. Agentlikdə qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli; 5.1.4. baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli; 5.1.5. lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli; 5.1.6. heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün Agentliyin regional bölməsinə müraciət etməli; 5.1.8. ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı. İşin hallarından görünür ki, cavabdeh ev heyvanlarının, eləcə də itlərin saxlanılması üçün tələb olunan qaydalara əməl etməmiş, həmçinin heyvanların saxlanılması üçün müəyyən edilmiş say limitini də keçmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia qismən, yəni Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən torpaq sahəsində saxladığı heyvanların (itlər) həmin ərazidən köçürülməsi şəklində təmin edilməlidir. Çünki, itlərin həmin ərazidə saxlanılması iddiaçıların yuxarıda qeyd edilən hüquqlarının pozulmasına səbəb olur. Heyvanların hansı əraziyə köçürülməsi məsələsini əvvəlcədən müəyyən etmək mümkün olmadığına görə məhkəmə hesab edir ki, bu məsələ icra mərhələsində öz həllini tapmalıdır. Bununla belə, məhkəmə iddia tələbinin cavabdehə bir daha belə vəziyyətə səbəb olmaması üçün bundan sonra heyvan saxlamaqla məşğul olmasının qadağan edilməsi hissəsini əsasasız hesab edir. Çünki, qanunvericilik hər kəsə ev heyvan saxlamaq hüququnu müəyyən etmişdir və bu hüququn məhdudlaşdırılması yalnız digər şəxslərin daha üstün hüquqlarının qorunması çərçivəsində mümkündür. Bu çərçivəni aşan qadağanın qoyulması isə vətəndaşın hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması deməkdir. Bu xüsusdan çıxış edərək məhkəmə, həmçinin hesab edir ki, tələbin heyvanların cavabdehdən alınması hissəsi də əsalı deyildir. Ona görə də, iddianın bu hissələri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 14, 77 və 119-cu maddələrini maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən torpaq sahəsində saxladığı heyvanlar (itlər) həmin ərazidən köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar