Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-153/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki falları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 10-22 nömrəli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh Cəmiyyətdə 1 il müddətinə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək montaj ustası vəzifəsinə işə qəbul edilmiş, iddiaçıya ödənilməli olan əmək haqqının məbləği 1127 manat müəyyən edilmişdir.
2. xx.xx.2022-ci il tarixdə tərəflər arasında əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşma imzalanmış, razılaşmaya əsasən iddiaçıya ödənilməli olan əmək haqqının məbləği 1470 manat məbləğində müəyyən edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
3. İddiaçı cavabdehdən 8762 manat əmək haqqı və son haqq-hesab, 9172 manat Əmək Məcəlləsinin 172.5-ci bəndində nəzərdə tutulmuş qaydada gecikməyə görə əlavə, mediasiya prosesi üçün ödənilən 50 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Artıq bir ilə yaxın müddətdir ki, cavabdeh qurumda montaj ustası kimi əmək müqaviəsi əsasında çalışmışdır. xx.xx.2022ci il tarixdən müəssisədə montaj ustası kimi işləmişdir. Əmək haqqı rəsmi olaraq 1127 manat olmuşdur. 2022-ci ilin sentyabr ayından əmək haqqı 1470 manat müəyyənləşmişdir. 2023-cü ilin 06 fevral tarixindən işəgötürən ilə aralarında olan olan əmək müqaviləsinə Əmək Məcəlləsinə əsasən xitam verilmişdir. İşlədiyi müddət ərzində müəssisədə işlərinin qanunauyğun aparılması üçün səylər göstərmiş, montaj işlərinin səliqəli və vaxtında görülməsində səy göstərmişdir. İşinin mahiyyəti taksilərə reklamların montajı olub. Əmək haqqını kart vasitəsi ilə almışdır. Lakin 2022-ci ilin sentyabr ayından bugünədək əmək haqqını və son haqq-hesabını ala bilmir. Dəfələrlə müəssisənin səlahiyyətli şəxslərinə bildirsə də, əmək haqqını və digər ödəmələrini ala bilməmişdir. Bu baxımdan şəxsi həyatda olan öhdəliklərinin yerinə yetirilməsində çətinliklərin yaranması qaçılmaz olub. Müəssisə rəhbəri ilə görüşmək mümkünsüz olur. Hətta işçilərə ofisin yeri haqqında məlumat vermirdilər. Əmək müqavilələri və digər sənədləşmə işləri kənarda imzalatdırılıb götürülürdü. Qeyd etdiyi iddialarla bağlı Əmək Müfəttişliyinə müraciət etmiş, Əmək Müfəttişliyi müraciətini araşdırıb və nəticə etibarı ilə müəssisəyə İ.X.M-nin 192.4-cü maddəsi ilə cərimə tətbiq etmişdir. Əmək Müfəttişliyi ona bildirmişdir ki, əmək haqqı və digər ödəmələrlə bağlı məhkəməyə müraciət etməlidir. İşəgötürən əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyərək aylardır ki, əmək haqqını və digər ödəmələri vermir. Bu səbəbdən yuxarıda qeyd etdiyi kimi, kreditorlar qarşısında və xüsusilə ailə qarşısında olan maddi öhdəliyini yerinə yetirə bilmir. Hər ay aliment vermək üçün öhdəliyi var. Bu səbəbdən alimentin gecikdirilməsi səbəbilə icra şöbəsi barəsində müvafiq tədbir görəcəyini bildirib. Etibarnamə üzrə nümayəndəsi bir neçə dəfə müəssisədə olub və müəssisə rəhbərliyi ilə məsələnin qanunvericiliyə uyğun həllini təklif edib. Lakin, müəssisə rəhbərliyi yalan vədlərlə bugünədək əmək haqqını və digər ödəmələrini ödəməkdən qəsdən və bilərəkdən yayınır. Gecikdirilməyə görə; sentyabr 1470*1%*183 gün=2690, oktyabr 1470*1%*150 gün=2205, noyabr 1470*1%*131 gün=1925, dekabr 1470*1%*100 gün=1470, yanvar 1470*1 %*60 gün=882. Əmək haqqının gecikdirilməsinə görə cəmi ödəniləcək məbləğ 9172 manat təşkil edir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir.
7. Cavabdehin nümayəndəsi hər dəfə məhkəmə iclaslarından əvvəl ərizə ilə məhkəməyə müraciət edərək, ölkə ərazisində olmadığını, hər dəfə müəyyən vaxta məhkəmə iclasının təxirə salınmasını xahiş edərək, məhkəmə iclaslarında iştirak edəcəyini bildirsə də, məhkəmə iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq cavabdehin nümayəndəsi heç bir məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
8. Maddə 1 (5-ci bənd). Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
9. Maddə 42 (2-ci bənd). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
10. Maddə 42 (1-ci bənd). Əmək müqaviləsi yazılı formada bağlanır.
11. Maddə 135 (1-ci bənd). Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
12. Maddə 140. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
13. Maddə 142. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.
14. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
15. Maddə 172 (1-ci bənd). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2022-ci il tarixdən cavabdeh Cəmiyyətdə montaj ustası vəzifəsində işləməsi və Cəmiyyətin ona ödnəilməmiş əmək haqqı (əmək haqqı və məzuniyyət haqqı) borcunun olması işin mübahisəsiz halıdır. İşin bu halı işdəki sübutlarla da öz təsdiqini tapır.
22. Belə ki, iş materiallarında iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsinə edilmiş müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı cavabdeh Cəmiyyətin rəhbərliyi tərəfindən aylıq əmək haqqının ödənilməməsi məlum olmuşdur. Cavabdeh Cəmiyyətin işəgötürəni barəsində İXM-nin 192.4-cü maddəsinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixli MN1292279 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir.
23. Şərh edilənlərdən də göründüyü kimi, cavabdeh Cəmiyyət tərəfindən Cəmiyyətdə müxtəlif vəzifələrdə çalışmış işçilərin, o cümlədən iddiaçının müvafiq dövrlər üzrə əmək haqları ödənilməmişdir.
24. Məhkəmə hesab edir ki, iddia tələbi mahiyyətinə görə əsaslı olsa da, iddia tələbinin həcminə görə qismən təmin edilməlidir. Belə ki, iddiaçıya ödənilməli olan əmək haqqının və son haqq hesabın, eləcə də əmək haqqının ödənilməməsinə görə cərimənin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, cavabdeh tərəfindən lazimi sənədlər tətqiqat aparılması üçün təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
25. Məhkəmə tərəfindən iş materialları əsasında, o cümlədən hesabdan çıxarış məlumatları əsasında aparılan hesablama nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə - 1000,15 manat, xx.xx.2022-ci il tarixdə - 1000,15 manat, xx.xx.2022-ci il tarixdə - 1000,15 manat, xx.xx.2022-ci il tarixdə - 650,13 manat, xx.xx.2022-ci il tarixdə - 300 manat, xx.xx.2022-ci il tarixdə - 1000 manat, xx.xx.2023-cü il tarixdə - 500 manat məbləğində əmək haqqı ödənişi edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasə iddiaçıya ödənilməli olan əmək haqqı xx.xx.2022-ci il tarixədək 1127 manat (bütün ödənişlər və vergitutmalar çıxıldıqdan sonra 1000,15 manat) təşkil etməli idi, xx.xx.2022-ci il tarixdən sonra isə tərəflər arasında imzalanmış razılaşmaya əsasən əmək haqqı 1470 manat (bütün ödənişlər və vergitutmalar çıxıldıqdan sonra 1300,25 manat) təşkil edir. Lakin, hesablama zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı 1050,13 manat (iyul ayı üzrə - 350 manat, avqust ayı üzrə700,13 manat) təşkil edir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməmiş əmək haqqı 5001,25 manat (sentyabr ayı üzrə 300,25 manat, oktyabr ayı üzrə 1300,25 manat, noyabr ayı üzrə 1300,25 manat, dekabr ayı üzrə 1300,25 manat, yanvar ayı üzrə 800,25 manat) təşkil edir. Ümumilikdə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqının və ödənilməli son haqq hesabın məbləği 6051,38 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, 6051,38 manat məbləğində ödənilməmiş əmək haqqı və son haqq hesab cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə iddia tələbinin əmək haqqının gecikdirilməsinə görə 9172 manat məbləğində cərimənin cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı əmək haqqının gecikdirilməsinə görə cəriməni yalnız 2022-ci ilin sentyabr ayından sonrakı aylar üzrə tələb edir, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən də araşdırma məhz xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan əmək haqqılar üzrə aparmalıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişikliklərin edilməsi barədə xx.xx.2022-ci il tarixli Razılaşmanın 4.6-cı bəndində əmək haqqının ayda bir dəfə növbəti ayın 25-dək ödənilməsi müəyyən olunmuşdur. Belə olan halda, müəyyən olunur ki, sentyabr ayı üzrə gecikdirilmiş günlərin sayı 159 gün, oktyabr ayı üzrə gecikdirilmiş günlərin sayı 129 gün, noyabr ayı üzrə gecikdirilmiş günlərin sayı 98 gün, dekabr ayı üzrə gecikdirilmiş günlərin sayı 68 gün, yanvar ayı üzrə gecikdirilmiş günlərin sayı 37 gün təşkil edir. AR ƏM-nin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan cərimənin məbləği sentyabr ayı üzrə 2067,39 manat, oktyabr ayı üzrə 1677,32 manat, noyabr ayı üzrə 1274,24 manat, dekabr ayı üzrə 884,17 manat, yanvar ayı üzrə 481,10 manat olmaqla, cəmi 6384,22 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək 6384,22 manat gecikdirilmiş əmək haqqına görə cərimə məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə mediasiya xərcinin cavabdehdən tutulması məsələsinə münasibətdə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçının hüquqlarının müdafiəsi ilə bağlı xərclərə aid edildiyindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
29. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda) və 9.1.1-ci maddəsində (əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 127,30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq
QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü illər ərzində ödənilməmiş 6051,38 manat əmək haqqı və son haqq-hesab pulu, əmək haqqının gecikdirilməsinə görə 6384,22 manat məbləğində cərimə və 50 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 12 485,60 pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 127,30 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı