Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1723/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazova Əli qızı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər AR Əmlak Məsələləri Dövlət Xidməti və AR Maliyyə Nazirliyinə qarşı dəymiş zərərin yeni qiymətlə (bir səhmə görə 5 manat) qiymətləndirilməsi və 17500 manat məbləğində kompensasiyanın 25%-nin AR Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən, 75%-nin AR Dövlət Büdcəsindən AR Maliyyə Nazirliyi tərəfindən ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə əsasən əgər iş ərazi və məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məcəllənin 26.2-ci madəssinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. Yuxarıda qeyd edilən mülki prosessual qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 19-cu bəndində qeyd edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndində “korporotiv tələb” anlayışına dəqiqləşmə gətirilərək qeyd edilir ki, 19-cu bəndin sonuncu cümləsində “kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər” sözlərindən sonra “(təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər)” sözlərinin əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 20-ci bəndində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Qərarın 23-cü bəndində qeyd edilir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının icrası üzrə məhkəmə aiddiyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini,habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, investisiya qiymətli kağızları (istiqraz və səhm), veksel, depozitar qəbz, investisiya fond payı üzrə çağırış icraatı işlərində) kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxildir. Həmin cədvəldə hüquq münasibətinin xarakteri ilə bağlı qeyd olunur ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli Plenum Qərarının 2.3-cü bəndində qeyd edilir ki, Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır” hissəsində “(təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər)” sözləri (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) sözləri ilə əvəz edilsin. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı fərdi sahibkar statusuna malik olmayan, lakin səhm alaraq sahibkarlıq münasibətinin iştirakçısına çevrilmiş fiziki şəxs olduğundan, mübahisə predmetinin səhmlərə görə kompensasiyanın ödənilməsi, yəni korporativ tələb olmasından, hüquq münasibətinin sahibkarlıq fəaliyyəti xarakterində olması və tələbin məhz sahibkarlıq fəaliyyətindən irəli gələrək meydana gəlməsi səbəbindən hazırki mübahisə kommersiya mübahisəsidir və ümumi məhkəmədə baxıla bilməz. Yuxarıda sadalananları nəzərə alaraq, məhkəmə hazırkı mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər AR Əmlak Məsələləri Dövlət Xidməti və AR Maliyyə Nazirliyinə qarşı dəymiş zərərin yeni qiymətlə (bir səhmə görə 5 manat) qiymətləndirilməsi və 17500 manat məbləğində kompensasiyanın 25%-nin AR Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən, 75%-nin AR Dövlət Büdcəsindən AR Maliyyə Nazirliyi tərəfindən ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyatı üzrə kommersiya məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samirə Eyvazova
Məhkəmə qərarları › İş №2(011)-1723/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1723/2023
26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver