Məhkəmə qərarları › İş №2(011)-2112/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2112/2025

04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2112/2025 04.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz sayğacının quraşdırılması tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh imtinasının əsassız hesab edilməsi, Sabunçu rayonu Mağtağa qəsəbəsi 3 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı bildirmişdir ki, şəxsi mülkiyyətində olan Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 3 sot torpaq sahəsində ev inşa etmişdir. Hazırda həmin torpaq sahəsi onun şəxsi mülkiyyətindədir və Sabunçu Rayon İcra Başçısı tərəfindən xx.xx.1994-cü il tarixli 03 saylı çıxarış verilmişdir. 2020-ci ilin may ayında inşa etmişdir. Həmin mənzilə Azərişıq ASC tərəfindən işıq və Azərsu İdarəsi tərəfindən isə su xətti çəkilərək hər ikisinə sayğac qoyulmuşdur. Hal-hazırda həmin fərdi yaşayış evi onun və ailəsinin istifadəsindədir. Ancaq dəfələrlə qaz xətti çəkmək üçün X2 müraciət etsə də müraciəti cavabsız qalmışdır. Bundan sonra o yenidən istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə X2 ərizə ilə müraciət etmişdir. Lakin qanuna müvafiq olaraq həmin ərizəsinə 15 iş günü müddətində cavab verilməmişdir. Ona görə də o, cavabdeh təşkilat tərəfindən cavabı imtina kimi qəbul edir. Aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun istifadəsində olan yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə qazlaşdırılması vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında Çıxarışdan da görünür ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. O inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Cavabdehin əsaslandığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Bundan başqa cavabdehin imtinasından biri də “X1” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Hesab edir ki, bu da əsassız imtinadır. Çünki o həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. Hesab edir ki, X1 ərizə cavab verməməsi qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə onun AR Konstitusiyasında təsbit edilmiş hüquqlarını kobud surətdə pozur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab edilməsi, 3 sot torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsini cavabdehə həvalə olunması barədə çıxarılmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Cavabdeh 14-2-2/2-M-6614-5/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə 13, bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Eyni zamanda, sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədilə, qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilir. Fərdi yaşayış evlərinin qazlaşdırılması ilə əlaqədar texniki şərtlərin alınması üçün fiziki və hüquqi şəxslər (bundan sonra - sifarişçi adlanır) Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müvafiq mülkiyyət sənədləri (çıxarış, plan ölçü sənədi, texniki pasport və.s) təqdim etməklə müraciət etməlidir. Texniki şərtlər və ya əsaslandırılmış imtina məktubu müraciət qeydə alındığı gündən 20-ci (iyirminci) iş günündə “ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzləri tərəfindən sifarişçiyə təqdim edilir. Texniki şərtlərin qüvvədə olma müddəti 2 (iki) il qəbul edilir. Fərdi yaşayış evlərində quraşdırılan məişət qaz sayğacları Birlik tərəfindən ödənişsiz olaraq təmin olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanınd Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı təqdim olunmuş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0220 hektar olan torpaq sahəsi sonuncunun adına xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi rəsmiləşdirilmişdir. 1043597 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0220 hektar olan torpaq sahəsi X4 tərəfindən İddiaçı 5400 manata satılmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması v ə ya əlavə qaz həcmini alınması Qaydası”: 1.4. Hər bir sifarişçinin (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsi nəzərə alınmaqla) bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır. 1.15. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sorğuya tikinti ərazisinin baş planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Bu zaman tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsinin təmin edilməsi bu Qaydada Sistem vasitəsilə icra olunan prosedurlara uyğun olaraq həyata keçirilir. Tikintiyə icazə icraatı çərçivəsində texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu və ya qüvvədəolma müddətinin uzadıldığı müddətə verilir. 2.1. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (VÖEN olmadıqda); 2.2.3. sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 2.2.4. tələb olunan qazın ümumi saatlıq buraxılış həcmi; 2.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda). 2.3. Tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və ə 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır “Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. Maddə 10.3. Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən təqdim edilmiş məktuba əsasən, Cavabdeh iddiaçı məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə qaz sayğacının quraşdırılmasından imtina etmişdir. İmtinanı əsası kimi qeyd olunmuş torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinin icazənin alınmaması və əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmaması göstərilmişdir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində qeyd olunmuş tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə daxildir və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmişdir. Odur ki, Cavabdeh tərəfindən qaz sayğacının quraşdırılmasından imtina edilməsi əsassız və qanunsuz hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli İddiaçı məxsus 0.0220 hektar torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması Cavabdeh İB tərəfindən həyata keçirilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 100 manat məbləğində dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0220 hektar olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması öhdəliyi Cavabdeh İB-nə həvalə edilsin. Cavabdeh İB-dən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar