Məhkəmə qərarları › İş №2(011)-7984/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7984/2021

09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7984/2021 09.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin məişət qazı ilə təmin edilməsi üçün texniki şərtə uyğun olaraq iddiaçının şəxsi vəsaiti hesabına çəkilmiş qaz xəttinə aparılmış qoşulmaların həmin xətdən ayrılması vəzifəsinin cavabdehə həvalə edilməsi, iddiaçının razılığı olmadan həmin xəttə qoşulmanın aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin məişət qazı ilə təmin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. İddaçıya verilən cavabda həmin ərazinin qazlaşdırılmadığı, iddiaçıya məxsus fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin şəxsi vəsaiti hesabına mümkün olacağı bildirilmişdir. İddiaçı cavabdehin məsul şəxsləri ilə razılığa gəlmiş və bu barədə razılaşma protokolu imzalamışdır. Bundan sonra iddiaçının sifarişi ilə qaz xətti layihələndirilmişdir. Layihələndirilmiş qaz xəttinin çəkilməsi üçün müvafiq razılaşmaları aldıqdan sonra iddiaçı smeta sənədlərinə əsasən bütün tələb olunan materialları alıb xəttin çəkilişini təmin etmişdir. Qaz xətti müvafiq qaydada yoxlanıldıqdan sonra istismara qəbul edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırıldıqdan sonra fərdi yaşayış evi məişət qazı ilə təmin edilmişdir. Sayğac quraşdırıldıqdan sonra paylayıcı ilə aralarında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi imzalanmışdır. İddiaçının vəsaiti hesabına çəkilmiş, ona məxsus qaz xəttinə digər şəxslər tərəfindən qoşulma aparılacağı təqdirdə iddiaçıya məxsus fərdi yaşayış evinin qazla təmin edilməsində problemlər yaranacaqdır. Eləcə də qaz xəttinə iddiaçının icazəsi olmadan qoşulmalar aparılması iddiaçının həmin xətt üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən qaz xəttinin çəkilməsi üçün material alınmasına çəkdiyi 1.154,70 manat xərcin, 262 manat qaz xəttinin çəkilməsi üçün xərcin, 110 manat hüquqi xidmət üçün ödənilmiş xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.556,70 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət proqramında qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrində fərdi yaşayış evlərinin qazlaşdırılması ödənişsiz həyata keçirilir. Həmin proqrama uyğun olaraq qazlaşdırılması nəzərdə tutulmayan ərazilərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılmasına icazə verilir. Qaz təchizatı ilə bağlı məlumatlara əsasən, “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərindən alınmış texniki şərt əsasında hazırlanmış və aidiyyatı dövlət qurumlarında qeydiyyatdan keçmiş layihə-smeta sənədləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üzrə tikinti-quraşdırma işləri sifarişçinin vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən həyata keçirilir. İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, iddiaçı qanunvericiliklə tənzimlənən qaydaya riayət etməklə yaşadığı evin qazlaşdırılması prosedurunu həyata keçirmişdir. Belə ki, iddiaçı öz mülkiyyətində olan evlə bağlı 03 sentyabr 2020-ci il tarixdə Cavabdeh İB-yə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılması və abunəçi kodunun açılmasını xahiş etmişdir. İddiaçı cavabdehin məsul şəxsləri ilə razılığa gəlmiş və bu barədə 03 sentyabr 2020-ci il tarixli razılaşma protokolu imzalamışdır. Bundan sonra iddiaçının sifarişi ilə qaz xətti layihələndirilmişdir. Layihələndirilmiş qaz xəttinin çəkilməsi üçün müvafiq razılaşmaları aldıqdan sonra iddiaçı smeta sənədlərinə əsasən bütün tələb olunan materialları alıb xəttin çəkilişini təmin etmişdir. Hazırkı dövrdə iddiaçının öz vəsaiti hesabına və şəxsi istifadəsi üçün çəkdirdiyi qaz xəttinə Cavabdeh İB tərəfindən digər abonentlər də qoşulmuşdur. Bu hala istinad edərək iddiaçı hüquqlarının pozulmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Təbii İnhisarlar haqqında Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. Həmin qanunun 4-cü maddəsinə əsasən, təbii inhisar subyekti — təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alğı-satqısı müqaviləsinin bağlanması və s. ilə Cavabdeh məşğul olduğundan, iddiaçı öz vəsaiti hesabına özünə məxsus fərdi yaşayış evinə təbii qaz çəkilməsini təmin etdiyindən, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Təbii İnhisarlar haqqında Azərbaycan Respublikası qanununun 5-ci maddəsinin 1.2ci bəndinə əsasən, təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən biridir. Həmin qanununun 10-cu maddəsinin 3-cü bəndinə əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış sahəsi qazlaşdırılması dövlət tərəfindən planlaşdırılan ərazilərə daxil olmadığından o, qanunvericiliyə uyğun olaraq öz sahəsinin qazla təchiz edilməsini təmin etmişdir. Məhkəmə yuxarıda istinad olunanlara əsasən hesab edir ki, “Azəriqaz İB tərəfindən iddiaçının öz vəsaiti hesabına çəkdiyi qaz xəttinə yeni abonentləri qoşmaqla iddiaçıya ziyan vurur. Belə ki, qoşulmuş abonentlər xəttin çəkilməsinə dair xərclərdə iştirak etməmişlər. Nə qədər ki, qaz xətti vətəndaşın öz vəsaiti hesabına çəkilmişdir, məhkəmə həmin vəsaitin Cavabdeh İB-dən tutulmasını ədalətli hesab edir. Belə ki, iş materiallarında olan 24 iyul 2021-ci il tarixli qaimədən və 11 sentyabr 2021ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən təbii qazın çəkilməsi ilə bağlı tələb olunan tikinti materiallarına cəmi 1.154,70 manat məbləğində ödəniş edilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, 1.154,70 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iddia tələbinin 262 manat qaz xəttinin çəkilməsi üçün xərcin cavabdehdən tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında 03 sentyabr 2020-ci il tarixli Razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən paylayıcı küçə qaz kəmərindən fərdi yaşayış evindəki birinci qaz işlədici cihaza qədər məsafə 5 metrdən artıq olduqda quraşdırılma xərci ƏDV ilə 262 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin xərc ödənilmiş və ona məxsus fərdi yaşayış evinə qaz xətti quraşdırılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, 262 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 110 manat hüquqi xidmət üçün ödənilmiş xərcin cavabdehdən tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkil xidmətinin göstərilməsi üçün 110 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclərdə nəzərdə tutulur. İddiaçı tərəfindən vəkil xidmətinin göstərilməsi üçün 11 saylı Vəkil Bürosunun hesabına ödədiyi 110 manat məbləğində pul vəsaiti də Cavabdeh İB-dən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən qaz xəttinin çəkilməsi üçün material alınmasına çəkdiyi 1.154,70 (min yüz əlli dörd manat yetmiş qəpik) manat xərc, 262 (iki yüz altmış iki) manat qaz xəttinin çəkilməsi üçün xərc, 110 (bir yüz on) manat hüquqi xidmət üçün ödənilmiş xərc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 1.556,70 (min beş yüz əlli altı manat yetmiş qəpik) manat pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar