Məhkəmə qərarları › İş №2(057)-1619/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1619/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1619/2024 10.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,10 iyun 2022-ci il təvəllüdlü X1 üçün mediasiyaya müraciət edildiyi müddətdən xx.xx.2024-cü il tarixdən hesablanmaqla cavabdehdən hər ay aylıq əmək haqqının ¼ hissəsi miqdarında alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 22 iyul 2021-ci ildə evlənmiş və 10 iyun 2022-ci ildə bir uşağı olmuşdur. 2022-ci ilin iyul ayında müasibətləri pozulmuş və uşağı ilə birlikdə atası evinə getmişdir.Cavabdeh xaricdə Palmali şirkətində gəmidə işləyir və yüksək əmək haqqı alır.Lakin iş yeri barədə heç bir rəsmi sənədi əldə edə bilməmişdir.Ona görə cavabdehin əmək haqqısının ¼ hissəsi ilə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 10 iyun 2022-ci il təvəllüdlü X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli 60 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə yaşadıqları müddətdə 10 iyun 2022-cü il təvəllüdlü X3 adlı uşağı olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubundan görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsi və 10 iyun 2022-ci il təvəllüdlü X4 saxlanılması üçün alimentin məbləğinin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ilin yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı ilə cavabdeh birgə yaşadıqları müddətdə 10 iyun 2022-cü il təvəllüdlü X3 adlı uşaqları olmuş və hal-hazırda uşaq anasının himayəsindədir. İddiaçı cavabdehin “Palmali Şirkətlər” Qrupunda işləməsini qeyd etmiş olsa belə bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində heç yerdə işləmədiyini bildirmişdir.Elektron məlumat bazasında da cavabdehin əmək məüqaviləsi barədə heç bir məlumat aşkar olunmamışdır.Ona görə də məhkəmə cavabdehin qazancı və gəliri müəyyən olunmadığı üçün sabit pul məbləğində alimentin tutulmasını məqsədə üyğun hesab edir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının 200 manat müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması xx.xx.2024-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 iyun 2022-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 23 iyul 2024-cü ildən başlayaraq hər ay iki yüz manat miqdarında aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 54 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar