Məhkəmə qərarları › İş №2(060)-1909/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1909/2024

09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1909/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Ərizəçi Cavabdeh qarşı Ərizəçi X1 ilə 1995-ci ildən birgə yaşayıb birgə təsərrüfat aparmaqlarının müəyyən olunaraq həmin dövrdə əldə olunmuş əmlaka mülkiyyət hüququnun tanınması, payların müəyyən edilməsi və bölünməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Cavabdeh qarşı iddia qaldıraraq iddiaçı Ərizəçi X1 ilə 1995-ci ildən birgə yaşayıb birgə təsərrüfat aparmaqlarının müəyyən olunaraq həmin dövrdə əldə olunmuş əmlaka mülkiyyət hüququnun tanınması, payların müəyyən edilməsi və bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırki işdə tələb ümumi iddia icraatı qaydasında verilsə də, iddia ərizəsində ümumi iddia icraatı qaydalarında nəzərdə tutulmayan “maraqlı tərəf” kimi Azərbaycan Beynəlxalq Bankı qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin ümumi iddia icraatı qaydalarını tənzimləyən 149-150-ci maddələrində maraqlı şəxslərin işdə iştirak edən şəxslərin tərkibinə aid olmadığı müəyyən olunur. Bundan əlavə iddiaçının tələbi 3 hissədən ibarətdir: -Ərizəçi X1 ilə 1995-ci ildən birgə yaşayıb birgə təsərrüfat aparmaqlarının müəyyən olunması; - həmin dövrdə əldə olunmuş əmlaka mülkiyyət hüququnun tanınması; - payların müəyyən edilməsi və bölünməsi. Məhkəmə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçının birinci tələbi vəfat etmiş şəxslə birgə yaşayıb birgə təsərrüfat aparmaqlarının müəyyən edilməsindən ibarət olmaqla faktiki ər-arvad münasibətlərinin müəyyən edilməsi ilə bağlıdır. Mülki Prosessual qanunvericiliyə əsasən bu növ iddialara xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. Beləliklə iddiaçı tərəfindən bir iddia ərisəzində xüsusi icraat qaydasında və iddia icraatı qaydasında baxılmalı olan tələblərlə məhkəməyə müraciət edilmiş, iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə riayət edilməmişdir. Məhkəmə qeyd edir ki, hüquq barəsində mübahisə olduğu hallarda da MPM-in 307ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirməlidir. Əks yanaşma mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddasinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsinin iddiaçının vəzifəsi olduğu nəzərə alınaraq qeyd olunan nöqsana görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya həmin nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquq izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü bəndinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Ərizəçi Cavabdeh qarşı Ərizəçi X1 ilə 1995-ci ildən birgə yaşayıb birgə təsərrüfat aparmaqlarının müəyyən olunaraq həmin dövrdə əldə olunmuş əmlaka mülkiyyət hüququnun tanınması, payların müəyyən edilməsi və bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi iddia ərizəsinin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar