Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-394/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 müdiri X4 və Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2na və Cavabdeh1nə qarşı “ödənilməmiş əmək haqqı tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh2na və Cavabdeh1nə qarşı “ödənilməmiş əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1988-ci ildə anadan olmuşdur. 2006-2010-cu illərdə Sumqayıt Özəl Orta İxtisas Kollecinin “İbtidai Metodika” ixtisası üzrə tam kursu bitirmişdir. 2015-ci ilin yanvar ayının 21-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 saylı X38 Bağçasında müddətsiz əmək müqaviləsi ilə “tərbiyəçi” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsində aylıq əmək haqqı 367 manat göstərilmişdir. Sonradan bu məbləğ artırılmış, hal-hazırda əmək haqqı 497 manat təşkil edir. 2022-ci ilin noyabr ayından bu ilin (2023-cü il) may ayının 1dək 2 saylı X38 Bağçasında “tərbiyəçi (əvəzedici)” işində çalışmışdır. 2023-cü ilin may ayının 1-dən iddiaçı əvəzedici tərbiyəçi kimi rəhbərliyin göstərişi ilə işlə təmin olunmamışdır. 2 saylı Körpələr Evi-Uşaq Bağçasının müdriyyəti iddiaçıya bildirir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi onun işləməyinə icazə vermir. Əmək müqaviləsi ilə iddiaçı məzuniyyətə gedən tərbiyəçi müəllimlərin əvəzinə işləməlidir. Bildirir ki, 2023-cü ilin may ayından sonra 2 saylı Körpələr Evi-Uşaq Bağçasından tərbiyəçi müəllimlər əmək məzuniyyətinə getsə də, boş vakant ştat olduğu halda iddiaçını işə çağırmamışlar. Bu səbəbdən də 2023-cü ilin may ayının 1-dən işsiz qalmışdır. Nəticədə 7 ay üçün iddiaçıya 3479 manat əmək haqqı ödənilməmişdir. Bir daha bildirir ki, iddiaçı ilə müddətsiz bağlanmış əmək müqaviləsinə görə 2 saylı Körpələr Evi-Uşaq Bağçasından əmək məzuniyyətinə getmiş "tərbiyəçi” müəllimlərin məzuniyyət dövründə onları iddiaçı əvəz etməlidir. Həmçinin qeyd edir ki, 01 mart 2022-ci ildən 01 noyabr 2022-ci ilə qədər iddiaçıya ödənilməmiş əmək haqqı qalmışdır. Həmin müddətdə 2 saylı Körpələr Evi-Uşaq Bağçasında ştat üzrə işləyən müəllimələr əmək məzuniyyətinə və analıq məzuniyyətinə getsə də, onu işə çağırmamışlar, məzuniyyət müddətini işləməyi digər bir işçiyə həvalə etmişlər. Qeyd edir ki, Mediasiya prosesi zamanı cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Mediasiya prosesi zamanı iddiaçı dövlət rüsumunu ödəmişdir. Bunu xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02183 saylı arayış təsdiq edir. İddiaçıya 01 mart 2022-ci ildən 01 noyabr 2022-ci ilə qədər və 01 may 2023-cü ildən 01 noyabr 2023-cü il tarixinə qədər ödilməmiş 7455 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinin şərtlərini pozaraq iddiaçını qeyd olunan müddətlərdə işə cəlb etməmişlər. Bu da iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən iddiaçıya 01 mart 2022ci ildən 01 noyabr 2022-ci ilə qədər və 01 may 2023-cü ildən 01 noyabr 2023-cü il tarixinə qədər ödənilməmiş 7455 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
4. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, hazırda Cavabdeh2nda 12 ştat üzrə yerlər tutulmuşdur. İddiaçı ilə bağlanmış müqaviləyə görə həmin ştatdaki işçilər işdə olmadıqları zaman işçilərin əvəzedicisi kimi onları əvəz etməlidir. İşçinin müəssisədə əmək fəaliyyəti yoxdursa, bu halda əmək haqqı da ödənilməli deyil. Həmçinin bildirir ki, iddiaçı işdə olmayıbsa, əmək haqqı da verilə bilməz. İddiaçı ilə müəssisə arasında müddətli müqavilə bağlanmalı idi. Güman edir ki, müəssisə ilə iddiaçı arasında müqavilə bağlanan zaman həmin hissə əməkdaşların diqqətindən yayınmışdır. Həmçinin, işçinin əmək haqqı tarif cədvəlinə uyğun hesablanır. İddiaçının müqaviləsində əvəzedici qeyd olunmuşdur. Belə ki, əmək məzuniyyətinə çıxan işçi razı olduğu təqdirdə əvəzedici onu əvəz edir və işdə olduğu müddət hesablanaraq ona əmək haqqı ödənilir. Bundan əlavə, iddiaçı bəzi aylar müəssisədə əvəzedici kimi işləmiş və əmək haqqı almışdır. Nazirlər Kabinetinin qərarına əsasən, müəssisədə ehtiyac yaranacağı təqdirdə əvəzedici kimi başqa işçi dəvət oluna bilər. Belə ki, zərurət yarandığı hallarda iddiaçı əvəzedici kimi dəvət olunmuşdur. Eyni zamanda, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 müdiri X9 izahat verərək bildirmişdir ki, İddiaçı müddətsiz müqavilə ilə onlarla birgə işləmişdir. 2017-ci ildən etibarən Abşeron rayon Təhsil şöbəsi Cavabdeh1 ilə əvəzlənmişdir. İddiaçı ilə işlədikləri müddət ərzində heç bir problem yaşanmamışdır. Belə ki, iddiaçı 2015-2021-ci il tarixləri aralığında əməkdaşları olmuşdur. Cavabdeh1nə keçildikdən sonra bəzi dəyişikliklər oldu. Belə ki, hazırda “C1” proqramında işçilər barədə məlumatlar qeyd edilir. Lakin İddiaçı sistem üzərində qeydiyyatı aparıla bilmir. Səbəb isə bundan ibarətdir ki, iddiaçının vakansiyası sistemdə tam şəkildə göstərilə bilmir. Sistemdə vəzifəsi ya tərbiyəçi, ya da tərbiyəçi-müəllim kimi qeyd edilməlidir. Əvəzləyici-müəllim öz əksini tapmır. İddiaçıya müddətli müqaviləyə keçid edilməsi üçün təklif olundu. Lakin bir razılıq əldə edilməmişdir. Əmək haqqı isə sistemə məlumatları daxil edilə bilmədiyindən ödənilə bilmir. Eyni zamanda, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilib-edilməməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan “myGov” sistemindən vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Ceyranbatan qəsəbə 2 nömrəli bağçasında tərbiyəçi (əvəzedici) vəzifəsində çalışmağa başlamış, əmək haqqı isə 497 manatdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron- Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş müraciətə (daxilolma H-846; xx.xx.2022) aidiyəti üzrə Abşeron-Xızı Regional Təhsil idarəsində baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının icrası üçün başqa işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.
9. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Abşeron rayonu üzrə İcra Hakimiyyətinin Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin müdiri X9 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik xx.xx.2015 tarixli, xxxxxxx000204 nömrəli “Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.
10. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan qəsəbə 2 saylı X38 bağçası ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Abşeron rayonu Ceyranbatan qəsəbə 2 saylı X38 bağçasında müddətsiz olaraq «tərbiyəçi» vəzifəsinə təyin edilmişdir.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi vahid tarif ixtisas sorğusuna uyğun məzuniyyətdə və xəstəlik vərəqəsi ilə məzuniyyətdə olan işçilərin əmək funksiyasına uyğun işlərin icrasına dair öhdəlik götürür.
12. Müqavilənin 8.2-ci bəndinə əsasən, işçi məzuniyyətdə olan, əmək qabiliyyətini itirən işçiləri əvəz edir, faktiki gördüyü işə görə əmək haqqı ödənilir.
13. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2022-ci il tarixli “2022-ci ilin mart ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 04 gün əvəzləməklə 79,92 manat əmək haqqı almışdır.
14. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2022-ci il tarixli “2022-ci ilin noyabr ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 15 gün Ağayeva Mətanəti əvəzləməklə 282,34 manat əmək haqqı almışdır.
15. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2022-ci il tarixli “2022-ci ilin noyabr ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 22 gün Ağayeva Mətanəti əvəzləməklə 367,12 manat əmək haqqı almışdır.
16. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2023-cü il tarixli “2023-cü ilin fevral ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 798,57 manat əmək haqqı almışdır.
17. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2023-cü il tarixli “2023-cü ilin mart ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 428,09 manat əmək haqqı almışdır.
18. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2023-cü il tarixli “2023-cü ilin aprel ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 418,14 manat əmək haqqı almışdır.
19. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan qəsəbə 2 saylı X38 bağçasının müdiri X9 tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavab məktubdan görünür ki, Abşeron rayon Ceyranbatan qəsəbə 2 nömrəli körpələr-evi uşaq bağçasında Nazirlər kabinetinin nümunəvi ştatına uyğun olaraq hal-hazırda 12 tərbiyəçi ştatı mövcuddur. 01 mart 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixinə kimi adları aşağıda qeyd olunan şəxslər əmək məzuniyyətində və sosial məzuniyyətdə olmuşlar: - X10 (sosial məzuniyyət)-xx.xx.2022-xx.xx.2024- cü il tarixədək həvalə olunmuşdur: X1 0,5 ştat vahidi, X17 0,5 ştat vahidi; -X24 -(əmək məzuniyyəti-42 gün)-xx.xx.2022-xx.xx.2022- ci il tarixədək həvalə olunmuşdur: X7- 0,5 ştat vahidi, X11-0,5 ştat vahidi; - X17- (42 gün əmək məzuniyyəti)- xx.xx.2022-xx.xx.2022-ci il tarixədək həvalə olunur: X11 -0,5 ştat, X7 -0,5 ştat; - X12 – (42 gün əmək məzuniyyəti), xx.xx.2022-xx.xx.2022-ci il tarixədək həvalə olunmuşdur: X22-0,5 ştat vahidi, X18- 0,5 ştat vahidi; - X13- (42 gün əmək məzuniyyəti), xx.xx.2022-xx.xx.2022-ci il tarixədək həvalə olunmuşdur: X17 0,5 ştat vahidi X19 -0,5 ştat vahidi; - X18-(42 gün əmək məzuniyyəti)- xx.xx.2022-xx.xx.2022-ci il tarixədək həvalə olunmuşdur: X22 -0,5 ştat vahidi, X11 -0,5 ştat vahidi; - X11- (42 gün əmək məzuniyyəti) xx.xx.2022-xx.xx.2022-ci il tarixədək həvalə olunmuşdur: X18 -0,5 ştat vahidi, X19 -0,5 ştat vahidi; 01 may 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək bağça üzrə məzuniyyətə çıxan və onlan əvəz edən şəxslərin siyahısı: - X18- (42 gün əmək məzuniyyəti) xx.xx.2023- xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X22 -0,5 ştat vahidi, X5-0,5 ştat vahidi; - X2 –(42 gün əmək məzuniyyəti) xx.xx.2023-xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X19 - 0,5 ştat vahidi, X11- 0,5 ştat vahidi; - X7- (21 gün əmək məzuniyyəti) xx.xx.2023-xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X6 -0,5 ştat vahidi, X18 -0,5 ştat vahidi; - X22- (42 gün əmək məzuniyyəti) xx.xx.2023-xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X24- 0,5 ştat vahidi, X8- 0,5 ştat vahidi; - X14 – (42 gün əmək məzuniyyəti) xx.xx.2023-xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X13 - 0,5 ştat vahidi, X17-0,5 ştat vahidi; - X24- (42 gün əmək məzuniyyəti) xx.xx.2023-xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X7-0,5 ştat vahidi, X18- 0,5 ştat vahidi; - X11- (42 gün əmək məzuniyyəti) xx.xx.2023-xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X10 -0,5 ştat vahidi, X3-0,5 ştat vahidi; - X13- (42 gün əmək məzuniyyəti) xx.xx.2023 - xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X6 -0,5 ştat vahidi, X22 - 0,5 ştat vahidi; - X7- (21 gün əmək məzuniyyəti) xx.xx.2023- xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X22- 0,5 ştat vahidi, X10- 0,5 ştat vahidi.
20. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02183 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi-uşaq bağçasına “əvəzedici tərbiyəçi” vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi müddətsiz olaraq bağlanılmış, iddiaçı işlədiyi müddətdə əmək, analıq məzuniyyətində və əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövrdə ştatda olan tərbiyəçilərin əmək vəzifələrini yerinə yetirməsi müqabilində əmək haqqı almışdır. Hazırda iddiaçı işləmədiyi 01 mart 2022-ci ildən 01 noyabr 2022-ci ilə qədər və 01 may 2023-cü ildən 01 noyabr 2023-cü il tarixinə qədər ödənilməmiş 7455 manat əmək haqqının ödənilməsini tələb edir, cavabdehlər isə iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddia tələbinin təmin edilməməsini tələb edirlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
22. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.
23. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).
24. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır.
25. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.
26. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
29. Həmin Məcəllənin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlayan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
30. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
31. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.
32. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı”ından kənar əvəzedici (əlavə) tərbiyəçi vəzifəsinə təyin edilmişdir (İşçi vahid tarif ixtisas sorğusuna uyğun məzuniyyətdə və xəstəlik vərəqəsi ilə işdə olmayan işçilərin əmək funksiyasına uyğun işlərin icrasını öhdəsinə götürür (əmək müqaviləsi maddə 3.1. a) bəndi). İşçiyə faktiki gördüyü işə görə əmək haqqısı ödənilir (maddə 4.1). İşçi məzuniyyətdə olan və əmək qabiliyyətini itirən işçiləri əvəz edir, faktiki gördüyü işə görə əmək haqqısı ödənilir (maddə 8.2)).
34. İddiaçı Cavabdeh2na əvəzedici tərbiyəçi vəzifəsinə qəbul edilməsi və onunla əmək münasibətlərinin həyata keçirilmə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” yarımbəndinə əsasən tənzimlənmişdir. Həmin yarımbənddə qeyd edilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinin smetasında məzuniyyətə gedən müəssisə müdirini, tərbiyəçiləri, sanitardayələri, xadimə-dayələri, gecə dayələrini, mətbəx işçilərini və paltaryuyanları əvəz edən şəxslərin əməyinin ödənilməsi xərci əlavə əmək haqqı xərci kimi nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən tərbiyəçiləri əvəz edən şəxslərə nəzərdə tutulmuş təxsisat dairəsində əlavə tərbiyəçi vəzifəsi müəyyən edilə bilər.
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əməyin ödənilməsi sistemi və növləri” adlanan 157-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.
36. Vaxtamuzd əmək haqqı sistemi əməyin ödənilməsinin elə bir sistemidir ki, burada işçilərin əmək haqqının miqdarı onun işlədiyi vaxtın-saatın, günün, ayın sayı ilə müəyyən edilir. Həm bu maddə, həm də “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” bəndində qeyd olunanlara əsasən ştatdan kənar əlavə (əvəzedici) tərbiyəçi kimi əmək müqaviləsi bağlanılmış İddiaçı məzuniyyətə gedən işçiləri əvəz etmək üçün zərurət yarandıqda (“Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996- cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin b bəndində məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən tərbiyəçiləri əvəz edən şəxslərə nəzərdə tutulmuş təxsisat dairəsində əlavə tərbiyəçi vəzifəsinin müəyyən edilməsi təhsil müəssisəsinə diskresion (qanunla müəssisəyə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi) səlahiyyət kimi verilmişdir) işə çağırılmış, işlədiyi dövr üçün də vaxtamuzd əmək haqqı hesablanaraq ona ödənilmişdir. Əmək müqaviləsi bildirişlərindən də görünür ki, İddiaçı əməyin ödənilməsi forması vaxtamuzddur. İşəmuzd əmək haqqı sistemində isə əmək haqqı istehsal etdiyi məhsulun miqdarına (ədəd, metr, ton) görə işçiyə ödənilir.
37. Məhkəmə, İddiaçı işlədiyi dövrün əmək haqqını tam şəkildə aldığı halda, hazırda işləmədiyi dövr üçün əmək haqqı tələb etməsini əsassız hesab edir.
38. Bundan əlavə, məhkəmə cavabdehlər tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiqi barədə” ərizələr ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi (288-ci maddənin “d” bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
41. Həmin Məcəllənin 296.3-cü maddəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
42. Həmin Məcəllənin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
43. Göründüyü iddia tələbi ilə 2 hissədən ibarətdir: 1) xx.xx.2022-ci ildən xx.xx.2022ci ilə qədər, 2) xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək.
44. Məhkəmə, Əmək Məcəlləsinin 296.3-cü maddəsini əsas götürərək hesab edir ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gün – 2022-ci ilin mart ayının müvafiq günüdür.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
46. Eyni Məcəllənin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
47. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
48. Həmin müddəaya əsaslanaraq, cavabdehlərin nümayəndələri yazılı ərizələr ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
49. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
50. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
51. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
52. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
53. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
54. Məhkəmə hesab edir ki, 01 mart 2022-ci ildən 01 noyabr 2022-ci ilə qədər ödənilməmiş əmək haqqının ödənilməsi hissəsi üzrə iddia müddəti ötürüldüyündən, iddia həmin hissədə təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur.
55. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2na və Cavabdeh1nə qarşı “ödənilməmiş əmək haqqı tələbi”nə dair iddiası rədd edilməlidir.
56. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
62. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2na və Cavabdeh1nə qarşı “ödənilməmiş əmək haqqı tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva