Məhkəmə qərarları › İş №2(060)-6138/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6138/2025

11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6138/2025 11.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi "X10 Kredit Təşkilatı" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi "X10 Kredit Təşkilatı" MMC cəlb edilməklə Cavabdehnə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xüsusi notariusu X1 xx.xx.2025-ci il tarixli (reyestr nömrəsi:8İ-7740) icra qeydi əsasında "xxxx" MMC-yə ödənilməmiş 26 713,78 manat əsas borc, 6449,24 faiz borcu, 6390 manat dəbbə pulu ipoteka predmeti Sumqayıt şəhəri, 13-cü mkr, ev 6 A, 42 saylı mənzilə tutma yönəldilmişdir. Notariat haqqında qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İddiaçı ilə "xxxx" MMC arasında kredit müqaviləsi və ipoteka müqaviləsi bağlandığına baxmayaraq, onlar tərəfindən kredit məbləği iddiaçıya verilməmişdir. Əlavə olaraq “Kəpəz BOKT" MMC tərəfindən iddiaçıya borcun ödənilməsinə dair hər hansı bildiriş təqdim edilməmişdir. Yəni “Kəpəz BOKT" MMC tərəfindən borcunu təsdiq edən sənədlər təqdim edilmədiyinə və borcun ipoteka predmetinə yönəldilməsinə dair bildirişin iddiaçıya təqdim edilməsini təsdiq edən sənəd olmadığına baxmayaraq, Cavabdeh xüsusi notariusu X4 “Notariat haqqında” 76-cı maddənin tələblərini pozaraq icra qeydini qəbul etmişdir. Əlavə olaraq icra qeydində notariusun istinad etdiyi 4774/2024 saylı kredit müqaviləsinin şərtlərinə əsasən kredit məbləği 3 (üç) il müddətinə verilirdi. Yəni “Kəpəz BOKT" MMC kredit müqaviləsinə xitam vermədən kredit müqaviləsi üzrə bütün əsas borcu tələb edə bilməz. Buna baxmayaraq Cavabdeh xüsusi notariusu X4 icra qeydində kredit müqaviləsi üzrə bütün əsas borcu qəbul etmişdir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Göründüyü kimi bildiriş həm poçt vasitəsilə, həm də elektron qaydada göndərilməldir. “Kəpəz BOKT" MMC nə yazılı şəkildə, nə də elektron qaydada bildirişi göndərməmişdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli (reyestr nömrəsi: 8İ-7740) icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirmişdir ki, borcu təsdiq edən sənədlər notariusa təqdim olunmalıdır. İş materiallarında maliyyə arayışı və digər sənədlər vardır. Lakin bunlar borcu təsdiq edən sənədlər sayılmır. Borcu təsdiq edən qəbz, köçürmələr, bank çıxarışı olmalı idi. Bildirişdə əsas və faiz borcu icra qeydində göstəriləndən fərqlidir. “İpoteka haqqında” AR Qanunun 36-cı maddəsinə əsasən bildiriş 2 növ göndərilir: sifarişli poçtla və ya elektron qaydada. Elektron qaydada göndərilməsi barədə orada heç bir sənəd yoxdur. Sənədlər natamamdır. Kredit müqaviləi bağlansa da, kredit iddiaçıya təqdim olunmamışdır. Hal-hazırda müqavilənin etibarsızlığına dair iddia ilə məhkəməyə müraciət etməyə hazırlaşır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Məhkəmə iclasında mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi "X10 Kredit Təşkilatı" MMC-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, 10 iyun 2024-cü il tarixdə iddiaçı ilə "xxxx" BOKT MMC arasında kredit müqaviləsi bağlanmış və iddiaçıya 30 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin tarixdə tərəflər arasında ipoteka müqaviləsi də bağlanmışdır. Xüsusilə vurğulamaq istəyir ki, iddiaçı ipoteka müqaviləsini şəxsən özü notariat qaydasında imzalamışdır. İpoteka müqaviləsinin tərkibində iddiaçının notariat kontorunda olmasını təsdiq edən real vaxt rejimində çəkilmiş fotoşəkil mövcuddur. Bu hal iddiaçının müqavilələrin bağlanmasında könüllü və şüurlu iştirak etdiyini açıq şəkildə sübut edir. İddiaçı iddia ərizəsində müqavilələrin imzalanmasına baxmayaraq, guya ona kredit vəsaitinin verilmədiyini iddia edir. Bu iddia məntiqə və həyat reallığına tamamilə ziddir. Əgər iddiaçıya kredit məbləği verilməmişdisə, o halda nəyə görə 1 il 3 ay müddətində heç bir müraciət etməmiş, yalnız bu qədər uzun müddətdən sonra məhkəməyə üz tutmuşdur. Bu fakt özü-özlüyündə iddiaçının mövqeyinin əsassız olduğunu göstərir. Bundan əlavə, iddiaçı iddia ərizəsində bildirir ki, guya təşkilat tərəfindən ona heç bir bildiriş nə poçt, nə də elektron qaydada göndərilməmiş və o, baş verən proseslərdən xəbərsiz olmuşdur. Bu iddia da tamamilə həqiqətə uyğun deyil. Belə ki, təşkilat tərəfindən iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsinə dair rəsmi bildiriş göndərilmiş və həmin bildiriş şəxsən iddiaçı tərəfindən imzalanmaqla qəbul edilmişdir. Notarius tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər arasında bu halı təsdiq edən bütün sübutlar mövcuddur. Deməli, bu hissədə də iddiaçının iddia ərizəsində göstərdikləri reallığı əks etdirmir. İddiaçının sübuta yetirilməyən, faktiki və hüquqi əsasları olmayan iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin əsas məqsədi açıq-aydındır. Bu məqsəd icra sənədinin icrasına qəsdən və şüurlu şəkildə maneələr yaratmaq, habelə borc öhdəliyinin icrasından yayınmaqdır. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarından görünür ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № 4774/2024 saylı kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən İddiaçı 36 ay müddətinə, illik 32% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir.

9. İş materiallarında olan Bakı şəhər 53 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024cü il tarixli, 4774/2024-İP saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6A ünvanında 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 58,90 kv.m ümumi, 31.2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 42 saylı mənzil öhdəliklərin təminatı kimi "xxxx" BOKT MMC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 81000 manat məbləğində qiymətləndirilmişdir.

10. İş materiallarında olan "xxxx" BOKT MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5517 saylı məktubda qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinin "xxxx" BOKT MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6A ünvanında yerləşən 42 saylı mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır.

12. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı əsas borc üzrə 26.712,78 manat, faiz borcu üzrə 6449,24 manat, cərimə borcu üzrə 6390 manat olmaqla, ümumilikdə 39.552,02 manat məbləğində borcu mövcuddur.

13. İş materiallarında olan "xxxx" BOKT MMC-nin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 5465 saylı “ipoteka predmetinə tutmanın yönləndirilməsinə dair” bildirişdə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 4774/2024 saylı kredit müqaviləsi üzrə öhdəlikləri 21 gün ərzində tam icra etmədiyi halda, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəkdir.

14. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərnamənin surətindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən borcluya göndərilmiş bildiriş xx.xx.2025-ci il tarixdə “Ələskərova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

15. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, № 8İ/7740 saylı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən ipoteka saxlayan «X10 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə ipoteka qoyan-ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 4774/2024 müqaviləyə əsasən xx.xx.2025-ci il tarixi müddət üçün vaxtında ödənilməmiş 26712,78 manat əsas borc, 6449,24 manat faiz borcu, 6390 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 39552,02 manat təşkil edir. Bundan əlavə, borclu İddiaçından tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka müqaviləsi bağlanılmışdır. Bu müqavilə əsasında ödənilməyən məbləğlə bağlı Sumqayıt şəhər 1 saylı Notariat ofisinin icra qeydi vardır. Hazırda iddiaçı icra qeydinin ləğv olunmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

18. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.

19. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

20. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: -36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; -36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; -36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; -36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.

21. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.

22. Həmin Qanunun 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır.

23. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: -36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; -36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.

24. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

25. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

26. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.

27. Eyni Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

28. Eyni Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.

29. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

30. Həmin Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

32. Həmin Təlimatın 169-1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”

34. Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2- ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

35. Məhkəmənin mövqeyi:

36. Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ/7740 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.

37. İddiaçı tələbinin əsası kimi bildirişin ona çatmadığını bildirsə də, “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, iş materiallarında ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya təqdim olunmasına dair xəbərnamə mövcuddur.

38. Bundan başqa iddiaçı tələbinin əsası kimi kredit üzrə məbləğin ona verilmədiyini bildirsə də, bu hal da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

40. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi "X10 Kredit Təşkilatı" MMC cəlb edilməklə Cavabdehnə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

47. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:

İddiaçı mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi "X10 Kredit Təşkilatı" MMC cəlb edilməklə Cavabdehnə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar