Məhkəmə qərarları › İş №2(060)-6408/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6408/2021

01.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6408/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı1 nümayəndəsi, Vəkil, Cavabdeh2 və onun nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı1 cavabdeh Sumqayıt şəhər “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 (bundan sonra - iddiaçı) Sumqayıt şəhər “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 16 mart 2021-ci il tarixində Sumqayıt şəhər “ASAN xidmət” mərkəzinin notariat ofisində tərtib edilmiş, reyestrdə 2V-383 nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 iddiaçılardan İddiaçı1 həyat yoldaşı, azyaşlı İddiaçı2 anası olmuşdur. Sevinc Məmmədova 30 may 2021-ci il tarixində süd vəzinin xərçəngindən vəfat etmişdir. O, vəfat etməmişdən uzun müddət öncə xəstəliyin ağırlaşması səbəbinən müxtəlif ağrıkəsici dərmanlardan istifadə etmiş, bunun nəticəsində öz hərəkətlərinin faktiki nəticələrini dərk etməmişdir. Sevinc Məmmədovanın vəfat etməsindən sonra iddiaçı həyat yoldaşından miras qalmış əmlakları azyaşlı övladları İddiaçı2 adma rəsmiləşirmək istəmişdir. Lakin Cavabdeh2 ona 16 mart 2021-ci il tarixində Sumqayıt şəhər “ASAN xidmət” mərkəzinin notariat ofisində Sevinc Məmmədovanın öz daşınar və daşınmaz əmlaklarını İddiaçı2 və Cavabdeh2 vəsiyyət etməsi barədə vəsiyyətnamə təqdim etmişdir. Həmin vəsiyyətnamə ilə tanış olarkən məlum şahid qismində iştirak edən şəxslərdən biri X5 Cavabdeh2 həyat yoldaşıdır. Eyni zamanda Sevinc Məmmədova vəfat etməmişdən uzun müddə öncə xəstəliyin ağırlaşması səbəbinən müxtəlif ağrıkəsici dərmanlardan istifadə etmiş, bunuı nəticəsində öz hərəkətlərinin faktiki nəticələrini dərk etməmişdir. Bunlar isə həmin vəsiyyətnamənin etibarsız hesab edilməsinə əsas verir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi. İddiaçı həmçinin bildirdi ki, Sevinc Məmmədova süd vəzisinin xərçəngindən əziyyət çəkmişdir. Həmin xəstəlikdən doğan ağrılarının sakitləşdirilməsi üçün ona psixotrop tərkibli dərman pereparatları təyin edilmiş və həmin dərmanların qəbulu nəticəsində onun psixikasında dəyişikliklər yaranmışdır. Bu isə onun öz hərəkətlərini şüurlu dərk etmək və onları idarə etmək imkanını məhdudlaşdırmışdır. Eyni zamanda vəsiyyətnamədə şahid kimi iştirak edən şəxslərdən biri Cavabdeh2 həyat yoldaşıdır. Mülki qanunvericiliyə əsasən isə vəsiyyət üzrə vərəsənin yaxın qohumu vəsiyyət şahidi ola bilməz. İddiaçı ilə Sevinc Məmmədova arasında hər hansı ailə problemi olmamış və Sevinc Məmmədovanın vəfat etdiyi günə qədər onlar mehriban yaşamışlar. Onlar birgə nikahlarından olan İddiaçı2 hal-hazırda atasının himayəsində yaşayır. Bütün bunlar göstərir ki, Sevinc Məmmədova vəsiyyətnaməni öz iradəsi ilə imzalamamışdır. İddiaçının həmin vəsiyyətnamə ilə bağlı çox sonralar məlumatı olmuşdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, iddiaçı ilə onun mərhum bacısı Cavabdeh2 arasında müəyyən narazılıqlar var idi. Bu səbəbdən bacısı iddiaçıya etibar etmirdi. O, fikirləşirdi ki, onun vəfatından sonra iddiaçı yenidən evlənər və ev onun övladının deyil başqa şəxslərin adına keçirər. Bu səbəbdən evi ona vəsiyyət etmişdir. Vəsiyyətnamə tərtib edilən gün iddiaçı da onlarla birlikdə notariat ofisinə getmişdir. Lakin, iddiaçı əvvəlcə evin ona vəsiyyət ediləcəyini bilmirdi. Evin ona vəsiyyət edilməsilə bağlı iddiaçı notariat ofisində məlumatlı olmuş və orada dava salmış və hətta ona hücum etmişdir. Vəsiyyətnamədə şahid kimi iştirak edən Elmar Cəfərov onun həyat yoldaşıdır. Vəsiyyətnamə tərtib edilərkən Sevinc Məmmədova tam şüurlu olmuş və öz iradəsi ilə vəsiyyətnaməni imzalamışdır. Onun həmin evə ehtiyacı yoxdur. Bacısı oğlu yetkinlik yaşına çatdıqda ev onun olacaq. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, vəsiyyətnaməni imzalayarkən Sevinc Məmmədovanın öz hərəkətlərini idarə edə bilməməsi iddiaçı tərəfindən sübut edilmir. İddiaçı öz iradəsi ilə əmlakını oğluna və bacısına vəsiyyət etmişdir. Vəsiyyətnamədə şahid kimi cavabdehin həyat yoldaşının iştirak etməsi etibarsızlıq üçün əsas ola bilməz. Vəsiyyətnamənin tərtibində digər şahid də iştirak etmişdir ki, o da Sevinc Məmmədovanın qonşusudur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Sumqayıt şəhər “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinin notariusu tərəfindən məhkəməyə göndərilmiş məktubda işə notariat orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur. Cavabdeh2 xx.xx.1968-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev ½, mənzil 5 və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25E/18, mənzil 37 Sevinc Məmmədovanın mülkiyyətində olmuşdur. Nikah haqqında şəhadətnaməyə əsasən iddiaçı ilə Sevinc Məmmədova arasında nikah 22.03.2007-ci ildə qeydə alınmışdır. Doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 atası iddiaçı, anası isə Sevinc Məmmədovadır. Ölüm şəhadətnaməsinə əsasən Sevinc Məmmədova 30.05.2021-ci il tarixində vəfat etmişdir. 16.03.2021-ci il tarixli vəsiyyətnaməyə əsasən Sevinc Məmmədova ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı İddiaçı2 və Cavabdeh2 vəsiyyət etmişdir. Məhkəmə sorğusuna əsasən Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən X4 Cəfərova arasında akt qeydinin surəti məhkəməyə göndərilmişdir. Həmin akt qeydindən görünür ki, qeyd edilən şəxslər 29.05.1988-ci ildə nikaha daxil olmuşlar. İş materiallarına Sevinc Məmmədovaya həkim tərəfindən təyin edilmiş dərman pereparatları, analizlər və sair tibbi sənədlərin surətləri əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (133.2.). Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (1166). Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər (1167). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (1179.1.). Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin (1179.2.). Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (1180.1.). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (1180.2.). Qeyd edilən normaların məzmunu ilə müəyyən edilir ki, vəsiyyətnamənin notariat qaydasında iki formada tərtib edilə bilər. Birinci halda vəsiyyət edən şəxs vəsiyyətnaməni özü şəxsən yazıb imzalayır və notariat orqanı həmin vəsiyyətnaməni təsdiq edir. İkinci halda isə vəsiyyətnaməni vəsiyyət edən şəxsin sözlərinə əsasən notarius yazır və təsdiq edir. Birinci halda, yəni vəsiyyətnamənin şəxsin özü tərəfindən yazılması halında onun tərtibində şahidlərin iştirakı vacib deyil. İkinci halda isə, yəni vəsiyyətnamə notarius tərəfindən yazıldıqda onun tərtibində iki şahidin iştirakı mütləqdir. Mülki Məcəllədə həmçinin göstərilir ki, yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər (1184). Göründüyü kimi 16.03.2021-ci il tarixli vəsiyyətnamə birbaşa Sevinc Məmmədova tərəfindən yazılmamış, onun sözlərinə əsasən notarius tərəfindən yazılaraq təsdiq edilmişdir. Həmin vəsiyyətnamənin tərtibində iki şahid iştirak etmişdir ki, bu şahidlərdən biri, yəni, X5 Cavabdeh2 həyat yoldaşıdır. Göründüyü kimi Mülki Məcəllənin 1184-cü maddəsi vəsiyyət üzrə vərəsənin həyat yoldaşının vəsiyyətin şahidi olmasını qadağan etsə də, qeyd edilən vəsiyyətnamə tərtib edilərkən həmin hal nəzərə alınmamışdır. Mülki Məcəllənin vəsiyyətnamənin etibarsızlığının əsaslarını müəyyən edən 1225-ci maddəsində göstərilmişdir ki, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (1225.3.). Məhkəmə hesab edir ki, 16.03.2021-ci il tarixli vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla tərtib edilmişdir. Bu isə həmin vəsiyyətnamənin etibarsızlığı üçün əsasdır. İddiaçının digər dəlilinə, yəni Sevinc Məmmədovanın vəsiyyətnaməni tərtib edərkən öz hərəkətlərini idarə etmək qabiliyyətinin olmaması ilə bağlı dəlilinə gəldikdə qeyd edilməlidir ki, yuxarıda qeyd edilənlərə vəsiyyətnamənin etibarsızlığı üçün əsas verdiyi üçün məhkəmə qeyd edilən halın müəyyən edilməsi üçün əlavə araşdırma aparılmasına zərurət görmür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhər “ASAN xidmət” mərkəzinin notariat ofisində tərtib edilmiş, reyestrdə 2V-383 nömrəsi ilə qeydə alınmış 16 mart 2021-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar