Məhkəmə qərarları › İş №2(067)-2087/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2087/2020

29.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2087/2020 29.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsindən icarə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması tələbinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı torpaq sahəsindən icarə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etdim ki, iddiaya Xaçmaz Rayon Məhkəməsində baxılması mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçının tələbi hüquqi şəxsin idarəsinə qarşı yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı iddiaya hüquqi şəxsin olduğu yer üzrə aidiyyəti məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakim mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlarla əlaqədar iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının xx.xx.2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı torpaq sahəsindən icarə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə hüquqi şəxsin olduğu yer üzrə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının xx.xx.2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar