Məhkəmə qərarları › İş №2(067)-267/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-267/2021

02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-267/2021 02.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsi və Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi xx xxxxxx 2021-ci tarixə olan 6345 manat pulun geri qaytarılması tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 2(067)- 733/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx xxxx 2014-cü il tarixdən başlayaraq ödədiyi alimenti xx xxxx 2018-ci il tarixdən uşaqları xx xxxxx 2004-cü il təvəllüdlü X10 və xx xxxx 2005-ci il təvəllüdlü X12 onun yanında olduqlarından onu cavabdehin xeyrinə aliment ödəməkdən azad edilməsi və xx xxxx 2018-ci il tarixdən onun pensiyasından tutularaq Cavabdeh ödənilən alimentin miqdarı müəyyənləşdirilərək ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək və iddianın hüquqi əsasını dəyişdirərək onu aliment ödəməkdən azad edilməsini və Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi xx xxxxxx 2021-ci il tarixə olan 6345 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahları pozulduqdan sonra sonuncu Xaçmaz rayon məhkəməsinin 2(067)-733 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən xx xxxx 2014-cü il tarixdən başlayaraq hər ay iki uşağının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ondan 90 manat olmaqla cəmi 180 manat aliment alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. xx xxxx 2018-ci tarixdən uşaqlar anaları cavabdeh olan Cavabdeh yanından onun yanına gəlmiş və onun yanında yaşamağa başlamışlar. Bundan sonra o, məhkəməyə müraciət etmiş və Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə iki uşağı da onun himayəsinə verilmişdir. Uşaqlar hal-hazırda da onun yanındadırlar. Bu fakt arayışlarla da təsdiq olunur. Uşaqlarının onun yanında qalması və ona aliment kəsilməsi müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Ona görə də xx xxxx 2018-ci il tarixdən uşaqları xx xxxxx 2004-cü il təvəllüdlü X10 və xx xxxx 2005-ci il təvəllüdlü X12 onun yanında olduqlarından onu cavabdehin xeyrinə aliment ödəməkdən azad edilməsini və Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi xx xxxxxx 2021-ci il tarixə olan 6345 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında izahatlar vermiş Cavabdeh iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddianı təkzib edə biləcək hər hansı bir sübutu yoxdur, iddiaçının və şahidlərin verdikləri ifadələr yalandır, iş üzrə təqdim olunmuş bütün sənədlər isə saxtadır. xx xxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş X10 izahatında bildirmişdir ki, hal-hazırda 16 yaşı var, aprel ayında 17 yaşı tamam olacaq. Palçıqoba orta məktəbin 11-ci sinfində təhsil alır. Atasının Qusarçay kəndində yerləşən evində yaşayır. Anasının da evi Qusarçay kəndində yerləşir, lakin evlərin arasında məsafə uzaqdır. 3 ildir ki, atasının yanında qalır 2018-ci ilin iyun ayının 1-dən. Anasının evində ona və bacısına zülm, əziyyət verirdilər, onlara “yetimqalmış” olaraq müraciət edirdilər, hətta fiziki zor da tətbiq edirdilər. Anası onlara deyirdi ki, atalarından aliment almaq üçün onları 18 yaşa qədər yanlarında saxlayacaq, 18 yaşdan sonra isə ataların yanına göndərəcək. Məktəbə hər gün gedir, davamiyyəti yaxşıdır, lakin pandemiya ilə əlaqədar olaraq son vaxtlar məktəbə mütəmadi gedə bilmir. Atasını mənəvi olaraq çox istədiyinə görə onun yanında qalmaq istəyir, anasının yanına qayıtmaq istəmir. xx xxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş X12 izahatında bildirmişdir ki, hal-hazırda 15 yaşı var iyun ayında 16 yaşı tamam olacaq. Qusarçay orta məktəbin 10-cu sinfində təhsil alır. Pandemiya ilə əlaqədar dərslərdə online qaydada iştirak edir, bundan əvvəl isə mütəmadi olaraq dərslərə gedirdi. xx xxxx 2018-ci ildən etibarən atasının yanında yaşayır. Atasını çox istədiyindən onun yanında qalmaq istəyir, anasının evində ona və qardaşına qarşı çox zülm verirdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayonu, Qusarçay kənd sakinlərinin iştirakı ilə tərtib olunmuş və Qusarçay İƏD tərəfindən təsdiq olunmuş xx xxx 2020-ci il tarixli Aktla müəyyən olunur ki, tərəflərin birgə nikahından olan xx xxxxx 2004-cü il təvəllüdlü X10 və xx xxxx 2005-ci il təvəllüdlü X12 valideynləri boşandıqdan sonra analarlnın yanında qalmışlar. Sonradan xx xxxx 2018-ci il tarixdən öz istəkləri ilə analarının himayəsindən ataları Kərimin yanına qayıtmışlar. 2018ci ilin iyun ayının 1-dən hal-hazıra kimi ataları Kərimin himayəsində yaşayırlar. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qusarçay kənd İƏD-nin xx xxx 2020-ci il tarixli 535 saylı arayışından müəyyən olunur ki, Əliyev X2 yaşayır və iki övladı X10 və X12 xx xxxx 2018-ci il tarixdən ataları İddiaçı himayəsində yaşayırlar. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-733/2014 saylı xx xxxxx 2014cü il tarixli qətnaməsindən müəyyən olunur ki, xx xxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2014-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 90 manat omaqla cəmi 180 manat sabit aliment alınaraq Cavabdeh Tədbirşah qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZE №12789515 saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, xx.xx.2009-cu ildə Əliyeva Nuray anadan olmuşdur. Atası İddiaçı anası Bayramova Aynurədir. İş materiallarında olan AZE№12789519 saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, xx.xx.2015-ci ildə Əliyeva Əsnad anadan olmuşdur. Atası İddiaçı anası Bayramova Aynurədir. İş materiallarında olan AZE№12789502 saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, xx.xx.2011-ci ildə Əliyev Əli anadan olmuşdur. Atası İddiaçı anası Bayramova Aynurədir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qusarçay kənd İƏD-nin xx xxxxxxx 2020-ci il tarixli 1018 saylı arayışından müəyyən olunur ki, Əliyev X2 yaşayır və iki övladı 2004-cü il təvəllüdlü X10 və 2005-ci il təvəllüdlü X12 2018-ci il tarixdən ataları İddiaçı himayəsindədirlər. İş materiallarında olan Xaçmaz rayon Palçıq-oba kənd tam orta məktəbinin xx xxxx 2021-ci il tarixli, 12 saylı arayışından müəyyən olunur ki, X10 2020-2021-ci tədris ilində Xaçmaz rayon Palçıq-oba kənd tam orta məktəbinin Xİ sinifində təhsil alır. İş materiallarında olan Xaçmaz rayon Palçıq-oba kənd tam orta məktəbini xx xxxx 2021-ci il tarixli, 75 saylı arayışından müəyyən olunur ki, X3 rayon A.Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin X sinifində təhsil alır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X17 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, **********8 saylı arayışından müəyyən olunur ki, İddiaçı DSMF X17 Xaçmaz rayon Xidmət Nümayəndəliyi tərəfindən İİİ qrup əlilliyə görə 233.20 manat, əmək pensiyası 210 manat Prezident təqaüdü müavinət alır. İcra vərəqəsinə əsasən əmək pensiyasından 70 manat, Prezident təqaüdündən 110 manat tutulur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X17 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli, **********4 saylı arayışından müəyyən olunur ki, Cavabdeh DSMF X17 Xaçmaz rayon Xidmət Nümayəndəliyi tərəfindən İ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən 50 manat Prezident tədaüdü alır. Bundan əlavə 1-ci övladı X8 görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 13 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 15 manat müharibə əlillərinin 16 yaçınadək övladına görə olan müavinəti alıb. 2-ci övladı X9 görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 13 manat xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 15 manat müharibə əlillərinin 16 yaşınadək övladına görə olan müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası xx xxxx 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X6 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur. Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunur ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Qərarına əsasən Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Qeyd olunan Plenumun Qərarında göstərildiyi kimi Ailə Məcəlləsinin 112.1-ci maddəsində əks olunan “ailə vəziyyəti” anlayışına şərh verilərək göstərilir ki, tərəfin yenidən ailə qurub qurmaması, yeni ailədə uşaqların olub-olmamasına diqqət yetirilməlidir. İş materiallarından da göründüyü kimi, İddiaçı ikinci nikahından 3 nəfər yetkinlik yaşına çatmayan övladları vardır, yəni Plenumun Qərarında göstərildiyi kimi, Ailə Məcəlləsinin normasına uyğun olaraq iddiaçının ailə vəziyyətinin dəyişməsi faktı təsdiq olunur. Bundan başqa, alimentdən azad etmə ilə bağlı işlərə baxarkən X14 Məcəlləsinə uyğun olaraq tərəflərin diqqətəlayıq digər halların da araşdırılması tələb olunur. Qeyd olunan işdə məhkəmə hesab edir ki, uşaqların xx xxxx 2018-ci il tarixdən öz istəkləri ilə atalarının yanında yaşaması, bundan sonra da onunla qalmaq istədiklərini, habelə mənəvi olaraq atalarını daha çox istədiklərini diqqətəlayıq hal kimi nəzərə almaq məqsədəmüvafiqdir. Beləliklə də, tərəflərin izahatları ilə və iş materiallarında olan sənədlərlə tam olaraq sübuta yetirilir ki, hal-hazırda xx xxxxx 2004-cü il təvəllüdlü X10 və xx xxxx 2005-ci il təvəllüdlü X12 İddiaçı yanında yaşayırlar və bundan sonra da, ataları İddiaçı yanında yaşamaq istəyirlər. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquqi əsaslara və faktiki hallara istinadən İddiaçı xx xxxxx 2004-cü il təvəllüdlü X10 və xx xxxx 2005-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsindən azad edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi xx xxxxxx 2021-ci il tarixə olan 6345 manat pulun geri qaytarılması barədə hissəsi isə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin normalarından göründüyü kimi, əsassız varlanmanın baş verməsi üçün varlanmış şəxsin hüquqi əsas (qanuni əsas və ya müqavilə əsası) olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş olsun. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-733/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi vardır. Qətnaməyə əsasən xx xxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2014-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 90 manat omaqla cəmi 180 manat sabit aliment alınaraq Cavabdeh Tədbirşah qızına verilməsi qət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, qətnamənin icrası ilə əlaqədar olaraq İddiaçı əlilliyə görə aldığı 233.20 manat və Prezident təqaüdünə görə aldığı 210 manat puldan, icra vərəqəsinə əsasən Cavabdeh xeyrinə əmək pensiyasından 70 manat, Prezident təqaüdündən 110 manat, cəmi 180 manat pul tutulur. Göründüyü kimi, İddiaçı xx.xx.2018-ci ildən etibarən Cavabdeh ödədiyi pullar qanuni əsaslarla ödənilmişdir və bu zaman Cavabdeh İddiaçı hesabına əsassız varlanmamışdır. Pulların əldə olunmasına qanuni əsas Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi və müvafiq icra vərəqəsi olmuşdur. Belə olan halda, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiyi xx xxxxxx 2021-ci il tarixə olan 6345 manat pulun geri qaytarılması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı 2004-cü il təvəllüdlü X4 və 2005-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən azad edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar