Məhkəmə qərarları › İş №2(102)-5928/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5928/2021

07.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5928/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı vəkili Qasımov Tural Mətləb oğlunun, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(107)342/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zərdab rayon Aqrar İslahat Komissiyasının 24.09.1997-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Zərdab rayonu Bıçaqçı kəndi ərazisində 0.24 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN-046A KOD 90504018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

2. Eyni zamanda Zərdab rayon Aqrar İslahat Komissiyasının 24.09.1997-ci il tarixli, 06 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinə Zərdab rayonu Bıçaqçı kəndi ərazisində 0.37 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN-048A KOD 90504018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus evə birləşik, qeyri-qanuni tikilmiş tövlənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(035)-410/2020 nömrəli (hаkim T.Qubadov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tövlənin sökülməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus evə birləşik, qeyri-qanuni tikilmiş tövlənin söküntüsü tələbini irəli sürmüşdür ki, məhkəmə prosesinin gedişində tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə nəticəsində belə bir hal aşkar edilməmişdir. Yerində müayinə zamanı iddiaçıya məxsus ev haqqında mübahisə qaldırılan tövl ədən təxminən 15-20 m kənarda olduğu müəyyən edilmişdir. Yerində müayinə zamanı həyətdə iddiaçıya məxsus hamam-tualet və yerdən olan başqa yardımçı tikilinin (iddiaçının bildirməsinə görə yaşayış yerinin) sözügedən tövləyə bitişik olduğu müəyyən edilmişdir ki, iddiaçı sözügedən tikililərin hüquq müəyyənedici sənədini və tikililərə dair texniki pasportunu məhkəməyə təqdim etmədiyindən tikililərin situasiyasını müəyyən etmək, bu məqsədlə müqayisəli tədqiqat və eyniləşdirmə aparmaq mümkün olmamışdır. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddianın təmin edilməsi yönündə qənaətə gəlinməsi mümkün deyildir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddianın təmin edilməsi üçün izahat verməkdən savayı məhkəməyə hər hansı şübhədənkənar sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat

7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(107)-342/2021 saylı qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və Ə.Məcidov) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilərək, Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(035)-410/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi və Zərdab rayonu, Bıçaqçı kəndində yerləşən İddiaçı evinə bitişik inşa edilmiş Cavabdeh məxsus olan tövlənin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı israr edir ki, qarşı tərəfin inşa etdiyi mal tövləsi onun yaşayış evinə yaxın məsafədə tikilərək qanunvericiliklə müəyyən edilmiş ara məsafəsi saxlanmamış, mal tövləsindən gələn zərərli qoxular evinə daxil olur, bu səbəbdən o, öz evində rahat yaşaya bilmir. İddia tələbindən də göründüyü kimi iddiaçı yaşayış evinin yaxınlığındakı tövlənin sökülməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş həm yerli baxış zamanı, həm GEM-in nümayəndələrinin, eləcə də mütəxəssislərin mövqeyindən göründüyü kimi mübahisəli tövlə iddiaçının yaşadığı mübahisəli fərdi yaşayış evlərindən - “A” literli yaşayış evindən 13-14 metr aralıda, “A-1” literli yaşayış evinə isə bitişik inşa edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin etirazına əsasən iddiaçı tərəfə məxsus olan evlər in 29.09.2020-ci il tarixli, **********40-10301 reyestr nömrəli çıxarışda qeyd olunmuş ölçüyə, yəni hər iki literin cəminin 107.6 kv.m. təşkil etməsinə də xüsusi diqqət yetirərək, texniki pasport üzrə riyazi hesablama aparmışdır. “A” literli fərdi yaşayış evi üzrə 4.8+16.5+20.0+17.6+24.0=82.9 kv.m. (açıq eyvan istisna olmaqla), A-1” literli fərdi yaşayış evi üzrə 18.6+3.4+2.7=24.7 kv.m. (açıq sahə istisna olmaqla), cəmi 82.9+24.7=107.6 kv.m. Göründüyü kimi “A“ və “A-1” literli fərdi yaşayış evlərinin cəmi 107.6 kv.m. təşkil edir. 11.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində iddia tələbini, eləcə də apellyasiya şikayətini təkzib edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ka ssasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ekspert rəyinin "şübhədənkənar sübut" standartına cavab verməməsini əsaslandırmış, və təkrar məhkəmə ekspertizası keçirilməsini tələb etmiş, məhkəməyə vəsatətlə müraciət etmişdir. Məhkəmə əsaslı vəsatəti təmin etmədən ”cavabdeh tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində iddia tələbini, elcə də apellyasiya şikayətini təkzib edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir” nəticəsinə gəlməkdə haqlı olmamışdır. Bundan başqa "iddiaçının apellyasiya şikayətində qeyd etdiyi mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsasdır.." nəticəsi iddianın təmin edilməsinə əsas verə bilməz. Məhkəmənin cavabdeh olaraq dəlillərini araşdırmadan qəbul etdiyi qətnamə mülkiyyət hüquqlarını pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı vəkili Qasımov Tural Mətləb oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh sözügedən tövləni İddiaçı evinə yaxın tikməklə onun digər bir konstitusion hüququ olan sağlam ətraf mühitdə yaşamaq hüququnu (Konstitusiyanın 39-cu maddəsi) pozmuşdur. Belə ki, üç ildir ki, ərazidə olan həmin tövlə dən yayılan kəskin qoxu iddiaçı və onun ailə üzvlərini narahat edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Qasımov Tural Mətləb oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, şikayətin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X9 vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan ba xılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə

170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə

180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ mə hkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə“69.“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının ə sas şərtləri 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edi r. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi;“ Maddə“70.“Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi 70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər.“Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.“ Maddə“71.“Ortaq divarlar 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Ma ddə“72.“Yanaşı divarlar 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.

20. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İş matetiallarından göründüyü kimi iddianın həlli zamanı apellyasiya instansiyası məhkəməsi iddianın əsaslılığını mübahisəli tikilinin sanitar-epidemioloji tələblər baxımından dövlət tikinti-texniki tələblərə uyğunluğu və qonşuluq hüquq münasibətləri çərçivəsində iddiaçının hüquqları baxımından təhlil etmişdir.

23. Qonşuluq hüququna əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməli, öz mülkiyyət hüququnu həyata keçirərkən qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin inşa etdiyi tikilinin sanitarepidemioloji tələblərə uyğunluğu barədə rəy verilməsi üçün Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmiş və Mərkəz 08.01.2021 tarixli məktubla məhkəməyə cavab verərək bildirmişdir ki, Cavabdeh məxsus olan mal-qara tövləsi X1 evindən 13 metr, alçaq hündürlüyü olan tikilidən isə 1 metr məsafədə yerləşir. Azərbaycan Tikinti normalarının 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafə 15 metr olmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh tikdiyi və istifadə etdiyi tövlə Dövlət Tikinti normalarına və sanitar - gigiyenik tələblərə cavab vermir.

25. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, cavabdeh tərəfindən heyvan saxlanması üçün inşa etdiyi tikilinin dəqiq yerinin, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilib-edilmədiyini müəyyən etmək üçün ekspertiza təyin etmiş və ekspertin rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh məxsus tövlə İddiaçı məxsus “A1” literli fərdi yaşayış evinə bitişik inşa edilmişdir. İddiaçıya məxsus digər “A” literli fərdi yaşayış evi ilə mübahisəli tövlə tikilisi arasındakı məsafə isə 14m təşkil edir. Ərazinin ümumi xəritəsi, plan və s. və aerofotoplan üzərində aparılan tədqiqat zamanı məlum olmuşdur ki, Cavabdeh məxsus tövlə onun mülkiyyətində olan torpaq sahəsində deyil, faktiki istifadəsində olan torpaq sahəsi daxilindədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 70, 71-ci və 72-ci maddələrinin tələblərində göstərilənləri nəzərə alaraq, tövlə tikilərkən evlə arasındakı məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarına uyğunluğu gözlənilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Dövlət şəhərsalma norma və qaydaları şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Qaydalarının 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa - 15 m-dən, 8-dək tikili olarsa - 25 mdən, 30-dək tikili olarsa -50 m-dən, 30-dan çox tikili olarsa - 100 m-dən az olm amalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi işin bu hallarını təhlil etməklə Mülki Məcəllənin 180-ci maddəsinə əsasən iddianı qanuni hesab etmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabd eh tövlənin inşa edildiyi və onun faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin ona aid olmasa da, yaxın qohumları X4, X8 və X5 verilmiş torpaq sahəsi olduğunu bildirmişdir. Bununla bağlı cavabdehin təqdim etdiyi Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli 114, 115 və 116 saylı arayışlarında “Şirvan” kolxozunun qaytanlanmış kitabına əsasən X2, X7 və X3 adına müxtəlif ölçülərdə torpaq sahələrinin olması göstərilmiş olsa da, həmin torpaq sahələrinin mülkiyyətə verilməsinə dair şəhadətnamələr və ya daşınmaz amlakın dövlət reyestrində qeydiyyat barədə sübutlar təqdim olunmamışdır.

30. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən ekspertizanın keçirilməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM- nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil, hüququdur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir. İş materiallarından göründüyü kimi əlavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır və apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyinə düzgün hüquqi qiymət verilmişdir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM- in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(107)342/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar