Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2634/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Azad Nuhovun iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Pirallahı Rayon Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(094)-345/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Pirallahı Rayon Sukanal İdarəsinin Texniki İstehsalat Şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsində 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi Pirallahı Rayon Sukanal İdarəsi rəisinin xx.xx.2024-cü il tarixli 141-k nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilib. Həmin normaya görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçının əmək müqaviləsi ştat ixtisarına görə ləğv edilib. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində tələb olunub ki, həmin əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə bərpa olunsun, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, AR Əmək Məcəlləsinin 91-ci maddəsində müəyyən edilmiş tələblər 2-ci qrup əlil kimi 10 il iddiaçıya tətbiq olunmadığına görə 4.977 manat pul cavabdehdən tutularaq iddiaçıya verilsin. 3.Pirallahı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Azad Nuhov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Bunu AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi tələb edir. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını alınmayıb. Belə ki, əmək müqaviləsinin ləğv edilməsinə razılıq həmkarlar ittifiqı təşkilatı sədrinin xx.xx.2024-cü il tarixli 82 nömrəli məktubunda bildirilib (iş v. 48). Həmin məktub aşağıda göstərilən iki səbəbdən həmkarlar ittifaqı təşkilatının razılığı hesab olunmur. 8.Birinci, razılığı bir nəfər – sədr verib. Bu, qanunvericiliyə uyğun deyil. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”. Göründüyü kimi, həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. 9.İkinci, razılıq qərarda deyil, məktubda ifadə olunub. Bu, qanunvericiliyə ziddir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub: “Həmkarlar ittifaqı təşkilatı ... özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Göründüyü kimi, “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağldır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. 10.Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmr qanunsuzdur. İşin digər hallarının araşdırılmasının zərurət yoxdur, çünki işin nəticəsi üçün əhəmiyyəti yoxdur, həmkarlar ittifaqının razılığının olmaması iddianın təmin edilməsi üçün kifayətdir. Məhkəmə AR Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. 11.Əmək müqaviləsinin müddətsiz sayılması barədə tələbə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. İş materiallarında olan əmək müqaviləsindən (iş v. 50) görünür ki, iddiaçının əmək müqaviləsi müddətli bağlanıb. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə görə, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Ona görə də iddiaçı əmək müqaviləsinin müddətinə dair şərtə dəyişiklik edilməsi (onun müddətsiz sayılması) üçün işəgötürənə müraciət etməli, işəgötürən bundan imtina etdikdə isə iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etməlidir. Hazırda tərəflərin arasında bu barədə mübahisə yoxdur, yəni işçi əmək müqaviləsinin müddətsiz sayılması üçün işəgötürənə müraciət etməyib, işəgötürən isə bundan imtina etməyib. Ona görə də əmək müqaviləsinin müddətsiz sayılması barədə tələb təmin oluna bilməz. 12.Əmək Məcəlləsinin 91-ci maddəsində müəyyən edilmiş tələblərin 2-ci qrup əlil kimi 10 il iddiaçıya tətbiq olunmamasına görə 4.977 manat pul tutulması barədə tələbə münasibətdə məhkəmə qeyd edir ki, 91-ci maddənin 2-ci hissəsinə görə, qısaldılmış iş vaxtının müddəti həftə ərzində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün 36 saatdan artıq olmamalıdır. Lakin həmin maddənin 1-ci hissəsinə görə, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Göründüyü kimi, maddədə “müəyyən edilə bilər” ifadəsindən istifadə olunub, yəni qısaldılmış iş vaxtının müəyyən edilməsi imperativ formada qeyd edilməyib. Odur ki, iddiaçı qısaldılmış iş vaxtının müəyyən edlməsi üçün işəgötürənə müraciət etməli, işəgötürən bundan imtina etdikdə isə iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etməlidir. Hazırda tərəflərin arasında bu barədə mübahisə yoxdur, yəni işçi qısaldılmış iş vaxtının müəyyən edlməsi üçün işəgötürənə müraciət etməyib, işəgötürən isə bundan imtina etməyib. Ona görə də 4.977 manat pul tələbi təmin oluna bilməz. 13.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. 14.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(094)-345/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin xx.xx.2024-cü il tarixli 141-K nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Pirallahı Rayon Sukanal İdarəsinin Texniki İstehsalat Şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsində 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2634/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2634/2025
02.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver