Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2737/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X34 oğlunun katibliyi ilə, İddiaçı Hı̇ dayət qızının cavabdeh "Cavabdeh" İstehsalat Birliyi qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4278/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyindən 10.000.000 (on milyon) manat məbləğində pulun mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşlarının cinayət əməlləri nəticəsində anası X6, bacısı X7, qardaşı X15 və qardaşının arvadı X8 itirmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” X3 rayonu Qaz İstismarı İdarəsinin 9 saylı sahəsinin rəisi X21 və 9 saylı sahənin nəzarətçi çilingəri X1 üzündən qaz sobalarından dəm qazı sızması nəticəsində xx xxxxxx 2009-cu il tarixdə ailəsinin 4 üzvü zəhərlənərək ölmüşlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə X21 və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, hər biri 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 1(001)- 196/09 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunmuşdur və həmin qərar hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Baş vermiş cinayət hadisəsi nəticəsində 4 nəfər ailə üzvünün həlak olmasından sonra onun həyatı sönüb, onu böyüdən anası, birlikdə böyüdükləri bacısı və qardaşı və ona bacı kimi olan qardaşının arvadı bir gündə həlak olmuşlar. Keçirdiyi ruhi sarsıntı, iztirab indiyədək davam edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4278/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyindən mənəvi zərərə görə 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən - iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, sonda səhv nəticəyə gəlməklə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməni qismən təmin etməklə yalnız qardaşının ölümünə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququnun olmasını qeyd etmişdir. Lakin məhkəmə onun anasının, bacısının,qardaşının həyat yoldaşının ölmələrinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə almamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1(001)-196/09 nömrəli hökmü ilə X21 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkmə müddətinin əvvəli hökmün faktiki icraya yönəldildiyi vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; X4 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkmə müddətinin əvvəlinin hökm faktiki icraya yönəldildiyi vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmasi hökm edilmişdir. Həmin hökmdən həmçinin müəyyən edilir ki, məhkəmə texniki təhlükəsizlik ekspertizasının 299 saylı, xx xxxxxx 2009-cu il tarixli rəyindən görünür ki, Binəqədi rayon Qİİ-nin 9 saylı sahəsində nəzarətçi-çilingər işləyən X16 öz vəzifə borclarına əsasən mənzilə baxış zamanı abunəçi İ.Balayevin yaşadığı evin dəhlizində əlavə qaz sobasının quraşdırıldığını gördükdə, bu cihazdan istifadə etməsinə qadağa qoymadığına görə tərəfindən “qaz təsərrüfatının texniki istismar qaydaları”nın 7.10 və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ın 1.3, 1.1 3.1,3.2-ci bəndlərinin tələbləri pozulmuşdur. İş üzrə keçirilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış komisyon məhkəm texniki təhlükəsizlik ekspertizasının x xxx 2009-cu il tarixli, 4922 saylı rəyindən görünür ki, istintaq tərəfindən müəyyən edildiyi kimi, abunəçi İ.Balayevin yaşadığı, hadisə baş vermiş ev avadanlıqlarına texniki baxış zamanı Qİİ-nin nəzarətçi-çilingəri Kamal İbrahimovla birlikdə Binəqədi Qİİ-nin 9 saylı sahəsinin rəisi İkram Məhərrəmov da olmuş, lakin onun tərəfindən həm evdə özbaşına, təhlükəsizlik texnikası qaydalarına zidd olaraq quraşdırılmış qaz sobalarında istifadə olunmasının qarşısını almaq üçün öz vəzifə təlimatına uyğun olaraq, müvafiq tədbirlər görülməmişdir. Bununla da, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.76, 3.77, 3.79, 3.8, 3.84, 3.102 bəndlərinin və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texnil baxış və xidmətin aparılması üzrə təlimat”ın 1.11 bəndlərinin, həmçinin “Bakı şəhəri Baş İstehsak Qaz idarəsinə tabe olan rayon qaz istismar idarələrinin qaz istismar sahəsi rəisinin vəzil təlimatı”nın tələbləri Binəqədi rayon Qİİ-nin 9 saylı sahəsinin rəisi İkram Məhərrəmov tərəfində pozulmuşdur. Binəqədi rayon Qİİ-nin 9 saylı sahəsinin nəzarətçi çilingəri X14 tərəfindən “Qaz təsərrüfatının texniki istismar qaydaları”nın 7.10 və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ı 1.3, 1.11, 3.1, 3.2-ci bəndlərinin tələbləri pozulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 342186 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 xx.xx.2009-cu il tarixində dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 342188 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X22 xx.xx.2009-cu il tarixində dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 342186 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixində dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. İş materiallarında olan İX-JQ seriyalı, 311024 saylı “Doğum haqqında şəhadətnamə”- nin surətindən görünür ki, İddiaçı İdayət qızı xx.xx.1982-ci il tarixdə anadan olmuşdur, atası X18, anası X9r. İş materiallarında olan Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 123 nömrəli arayışından görünür ki, X2 qəsəbəsi, Xaqani küçəsi, ev 6 ünvanında qeydiyyatdadır. Ailə üzvləri - atası X13 xx.xx.2018-ci ildə vəfat edib, anası X17 xx.xx.2009-cu ildə vəfat edib, qardaşı X22 xx.xx.2009-cu ildə vəfat edib, bacısı X12 xx.xx.2009 - cu ildə vəfat edib. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Hı̇ dayət qızının anası X17, bacısı X19, qardaşı X23 və qardaşı arvadı X20 “Cavabdeh” X3 rayonu Qaz İstismarı İdarəsinin 9 saylı sahəsinin rəisi X11 və 9 saylı sahənin nəzarətçi çilingəri X1 üzündən evdə quraşdırılmış qaz sobalarından dəm qazı sızması nəticəsində xx xxxxxx 2009-cu il tarixdə zəhərlənərək ölmüşlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə X21 və X16 həmin hadisənin baş verməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Baş vermiş hadisə nəticəsində iddiaçı güclü mənəvi sarsıntı keçirmişdir. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Göründüyü kimi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşlarının səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının yaxın qohumlarının dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşlarının “Cavabdeh” İstehsalat Birliyinin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşlarının təqsirli hərəkəti nəticəsində iddiaçının dörd ailə üzvünün ölməsi İddiaçı yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ailə üzvlərinin vəfat etməsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onların həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə kollegiyası iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi 40000 manat məbləğində mənəvi ziyanın əvəzini qiymətləndirərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının çəkmiş olduğu mənəvi ziyanın əvəzi olaraq pul şəklində ona 80000 manat kompensasiya ödənilməsini ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı Hı̇ dayət qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4278/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyindən mənəvi zərərə görə 80.000 (səksən min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin və qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2737/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2737/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver