Məhkəmə qərarları › İş №e-2(3-6)-3979/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3979/2026

21.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3979/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə İddiaçı İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- **/**** nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökmün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmış, qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, N nörməli hərbi hissənin 2-ci tabor, minaatan batareyasının, 2-ci tağım, 6-cı manqasının hərbi qulluqçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olan İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək su və digər təbii ehtiyacların ödənilməsi məhdudlaşdırılaraq ac, susuz saxlayıb psixi təzyiq göstərilməklə ona mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirilməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə işgəncə verilmiş, ümumilikdə 10 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan qanunsuz azadlıqdan məhrum edilmişdir. Hazırda iddiaçı ona dəymiş mənəvi zərərin ödənilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra İddiaçı adlanacaq) ##.##.1999-cu il tarixində Astara rayonunda doğulmuşdur. İddiaçı 2017-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılaraq 3 ay müddətində Goranboy rayonu, Ballıqaya kəndi ərazisində N saylı hərbi hissədə, həmin ilin aprel ayından etibarən isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət keçmişdir. 2018-ci ilin iyul ayında ehtiyata buraxılmışdır. ## ### 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu,Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki,: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. ## ###### 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir.Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X4 ##.##.2016-cı il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan Tərtər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün Ru vəzifəsində R hərbi rütbəsində xidmət etdiyi müddətdə vəzifəli şəxs olaraq İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, R X1, həmin hərbi hissənin əlahiddə həmlə taborunun komandiri, R X2, kəşfiyyat bölüyünün xüsusi təyinatlı kəşfiyyat qrupunun kəşfiyyatçı radioteleqrafçısı, R X5 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib ##.##.2017-ci il tarixdən ##.##.2017- ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvalə olunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının cinayət məsuliyyətinə cəlb edilmələri üçün özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən N saylı hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binalarında, N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarında, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında həyata keçirilən qanunsuz sorğu-sual və saxlanılma proseslərinə mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs tərəfindən cəlb edilərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2014-cü il tarixli, ** №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, ##.##.2014-cü il tarixli, ** №li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçuları ilə əlaqələrinin olmasını etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin bir qrup hərbi qulluqçularının ##.##.2017-ci il tarixdən ##.##.2017- ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin 703 və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının haupt vaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında onların mütəşəkkil dəstə tərkibində törədilməklə həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə”, bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, əsassız cinayət məsuliyyətinə cəlb edilmələrinə, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyələrinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib sağlamlığa az ağır və ağır zərər vuran xəsarətlər yetirib təkrarən işgəncə vermiş, mütəşəkkil dəstə tərkibində qəsdən şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan zərər vurmaqla ağır xəsarət yetirməsi onun ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Adları qeyd edilən və qeyri vəzifəli şəxslərin əməlləri nəticəsində zərərçəkmiş şəxslərdən biri də hazırkı iş üzrə iddiaçı olmuşdur. Belə ki, ## ### 2017ci il tarixdə axşam saatlarında özü və dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən köhnə inzibati binasına gətirilərək otaqlardan birinə yerləşdirilmiş, N nörməli hərbi hissənin 2-ci tabor, minaatan batareyasının, 2-ci tağım, 6-cı manqasının hərbi qulluqçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə ona qarşı qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə sonuncuya ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdıraraq ac, susuz saxlayıb psixi təzyiq göstərməklə İddiaçı mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə ona mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə vermiş, ümumilikdə 10 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi CinayətProsessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa fiziki və mənəvi zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçı Azərbaycan Ordusunun müddətli həqiqi hərbi qulluqçusu olaraq nümunəvi xidmət etməsinə baxmayaraq ona bu damğanın vurulması yaşadığı rayon sakinlərinin, qonşularının onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxması, buna görə bir müddət evdən çıxa bilməməməsi ilə nəticələnmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyrimüəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 100.000 (yüz min) manat məbləğində qiymətləndirir. İddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər iddiaçıya və digər çoxsaylı hərbi qulluqçulara işgəncə verən, bu prosesi təşkil edən zaman dövləti təmsil ediblər, yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş şəxslər hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər, Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə ## ### 2017-ci il tarixli bəyənatından əvvəl və sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün faktiki təhqiqatçı olaraq tabeçiliyində olan iddiaçı və çoxsaylı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) hərbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan da görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən 425 nəfər hərbi qulluqçu (zabit, R, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1-ci Ordu korpusunda (N saylı hərbi hissə) yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin tutulması yuxarıda istinad edilən Mülki Məcəllənin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. İddiaçıya qarşı qanunazidd hərəkətlərin törədilməsi nəticəsində zərərin vurulması, zərərlə qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi Bakı Hərbi Məhkəməsinin istinad edilən hökmü ilə təsdiq olunur. Beləliklə, Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol verməklə ziyan vurmuş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarı qəbul edildikdən sonra qüvvəyə mindiyindən hazırkı iddiaya baxılarkən preyudisial əhəmiyyətə malik olan akt kimi çıxış edir. İddiaçıya qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilsə də, hazırkı iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 7.000 (yeddi min) manat məbləğində pulun iddiaçı İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarında və müvafiq olaraq Bakı Hərbi Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmündə müəyyən edilmiş faktlar hazırkı iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz hallardır. Məhkəmə İddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən azadlığından məhrum edilərək işgəncələrə məruz qalması nəticəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına münasibətdə hesab etmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli olan əsas məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsindən ibarətdir. Məhkəmə hesab etmişdi ki, dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən zərərin həcminin müəyyənləşdirilməsi üzrə ümumi meyarlarla yanaşı, bu pozuntulara xas olan digər xüsusiyyətlər də nəzərə alınmalıdır. Bu xüsusiyyətlərə qanunsuz hərəkətlər ilə zərərçəkmiş şəxsə qarşı tətbiq edilmiş məhdudiyyətlərin xarakteri, müddəti və digər əlamətləri aiddir. Belə ki, ittiham edilən əməlin ağırlığı, şəxsin barəsində tətbiq edilən qətimkan tədbirinin növü, işgəncə faktının mövcudluğu, cinayət təqibinin, həbsin və ya məhkumetmənin müddəti, iddiaçının qohumları və digər ailə üzvləri ilə yaxın ailə münasibətlərinin pozulması, onlara zəruri qayğı və köməklik göstərilməsindən məhrum olması və digər hallar mənəvi zərərin həcminin müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Belə qanunsuz əməllər nəticəsində mənəvi zərərin yaranması ümumi əsaslarla yanaşı, sağlamığın pozulmasında, iddiaçının vicdanlı və qanunlara tabe olan şəxs olduğu halda, şərəf və ləyaqətinin alçaldılmasında, sərbəst hərəkət edilməsi, olduğu yerin seçilməsi, adi həyat tərzinin dəyişdirilməsi, qohumları ilə ünsiyyət qurmaq və onlara köməklik göstərmək imkanlarından məhrum olması nəticəsində rahatsız vəziyyətdə olmasında, şəxsin cinayət və inzibati məsuliyyətə cəlb olunması barədə informasiyaların yayılmasında, işin itirilməsi və barəsində cinayət işinin qaldırılması faktının olması ilə əlaqədər işə düzəlməsində çətinliklərin yaranmasında, iddiaçının ictimai-siyasi həyatda iştirakının məhdudlaşdırılmasından doğan mənfi emosional vəziyyətlə də ifadə edilə bilər. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə iddiaçı tərəfin izahatını mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən azadlığından qanunsuz məhrum edilərək işgəncələrə məruz qalması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 100.000 (yüz min) manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarına görə mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Məhkəmə iş üzrə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 7.000 (yeddi min) manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Məhkəmə qeyd etmişdir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının cavabdehlik daşıdığı iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, hazırda “Tərtər işləri” üzrə yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində azadlıqdan məhrum etmə yerlərində cəza çəkməmiş, yalnız təhqiqata cəlb edilmiş və işgəncəyə məruz qalmış iddiaçılara hər gün üçün 500 manat məbləğində mənəvi zərər müəyyən edilir. Sözügedən qətnamədən göründüyü kimi, iddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək 10 gün müddətində istintaqa cəlb olunmuş, lakin məhkəmə formalaşdırılmış təcrübədən kənara çıxaraq (10*500=5000) artıq məbləğdə yəni 7.000 manat məbləğində mənəvi zərərin ödənilməsini qət etmişdir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası və ya hər hansı həbs qətimkan tədbiri tətbiq olunmadığı halda onun üçün müəyyən edilən kompensasiya qeyd edilən cinayət-hüquqi tədbirlərə məruz qalmış və beləliklə iddiaçıdan daha ağır mənəvi zərər çəkmiş şəxslərin kompensasiyasından daha artıqdır. Burada nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində azadlıqdan məhrum olunmuş şəxslərə dəymiş zərərlə bağlı kompensasiya məbləğləri zərərçəkmiş şəxslərin məruz qaldığı fiziki və mənəvi məhrumiyyətlər, habelə zərərin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilmişdir və hazırda müvafiq iddia tələblərinə dair işlərdə məhkəmələr tərəfindən tətbiq olunmaqdadır. Həmçinin diqqətdən qaçırılmamalıdır ki, həmin məbləğlər müəyyən edilərkən zərərin vurulma müddəti (1 aya görə) nəzərə alınmışdır. Belə olan halda şəxsə daha qısa müddətdə zərər vurulduğu indiki iş üzrə zərərin kompensasiyasının bu baxımdan adekvat olmasına diqqət edilməlidir Halbuki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 7.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Həmçinin qeyd edirlər ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin III hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Cinayət Prosessual Məcəllə: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6 - 39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. Bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” ## ###### 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarı:

2.1.1. Yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Bütün digər hüquqların mövcudluğu məhz bu hüquqa bağlıdır. Hər bir insan dünyaya gəldiyi andan etibarən yaşamaq, mövcudluğunu qorumaq, təhlükəsiz şəraitdə həyatını davam etdirmək hüququna malikdir. Bu hüquqdan heç kim könüllü olaraq imtina edə bilməz, dövlət onu qorumağa borcludur. Yaşamaq hüququ yalnız fiziki mövcudluğu deyil, həm də təhlükəsiz və insan ləyaqətinə uyğun şəraitdə yaşamağı nəzərdə tutur. Bu hüquq Konstitusiyanın 27-ci maddəsi ilə təminat altına alınmışdır. 2.1.2. Sağlamlıq hüququ - yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Bu hüquq Konstitusiyanın 41-ci maddəsi ilə təminat altına alınmışdır. 2.1.3. Bədən toxunulmazlığı hüququ - bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur. Bu hüququn konstitusion əsasını Konstitusiyanın 46-cı maddəsinin III hissəsi təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə bu hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinin (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsinə daxil olan şəxsiyyət hüququ kimi qiymətləndirir. 2.5.1. Azadlıq hüququ – şəxsin qanuni surətdə sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək, ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququdur. 2.5.2. Bu hüquq Konstitusiyanın 28-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi, habelə Azərbaycan Respublikasının tərəfdaş olduğu digər beynəlxalq hüquqi sənədlər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur və yalnız bu qərarın 4.24-cü bəndində nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər. 2.5.3. Cinayət mühakimə, inzibati xətalar, mülki, inzibati və digər icraatlar çərçivəsində istənilən şəxsin tutulması, həbsə alınması, barəsində ev dustaqlığı, başqa yerə getməmək və ya polisin nəzarətinə, komandanlığın müşahidəsi altına vermək qismində qətimkan tədbirlərinin tətbiqi, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə, intizam xarakterli hərbi hissədə saxlama, əcnəbilərə münasibətdə Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılma cəzalarının, tibbi xarakterli məcburi tədbirlərin, ölkədən çıxışına qadağanın qoyulması, psixiatriya stasionarına məcburi yerləşdirilmə, karantin rejiminin tətbiqi ilə bağlı azad hərəkət etmək hüququnun məhdudlaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamağına icazənin verilməməsi, habelə əcnəbilərin öz ölkəsinə qayıtmaq hüququnun məhdudlaşdırılması və s. tədbirlərin müvafiq dövlət orqanları tərəfindən qanunsuz tətbiqi azadlıq hüququnun pozulması hesab olunur. 4.44. Təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin başladığı inzibati xətalara dair işlər üzrə icraata şəxsin əməlində inzibati xəta hadisəsinin (tərkibin) olmaması və ya müvafiq qərar qəbul edildiyi zaman əsas götürülmüş halların sübuta yetirilməməsi əsası ilə xitam verildiyi halda, zərərin ödənilməsi tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1100-cü maddəsi təşkil edəcəkdir. 4.46. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət). 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarı

Mülki Prosessual Məcəllə:

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmündən görünür ki, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə iddiaçı İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır (hökm i.v.679). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, 1-1(103) **/**** nömrəli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-**/**** saylı hökmündən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Göründüyü kimi "Tərtər işi" kimi tanınan cinayət işi üzrə iddiaçı İddiaçı zərərçəkmiş şəxs qismində tanınması həmçinin Bakı Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** saylı hökmü ilə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, 1-1(103) **/**** nömrəli qərarı ilə öz təsdiqini tapmış və iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 7.000 (yeddi min) manat məbləğində pul iddiaçının xeyrinə ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının əsassız olaraq 10 gün müddətində işgəncələrə məruz qalması faktının özüözlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının işgəncələrə məruz qalması həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab, sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin ümumillikdə 7.000 (yeddi min) manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bu baxımdan, Məhkəmə Kollegiyası mənəvi zərərin həddi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini əsaslı, cavabdehin bu hissədə apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır. Məhkəmə Kollegiyası qeyd edir ki, mənəvi ziyanın dəyərinin günlərə bölünməsi və mənəvi ziyanın hər gün üçün təxmini 700 manat dəyərində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin bu qənaəti düzgün olmuşdur. Həmçinin qeyd edilməlidir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən qanunsuz olaraq azadlıqdan məhrum olunması bağlı işlərə baxılarkən mənəvi zərərin məbləği hər ay üçun 1.000 manat müəyyən edilmişdir, hazırda isə iddiaçı 10 gün müddətində işgəncələrə məruz qalması işin mübahissız halıdır. Göründüyü kimi iddiaçının hər gün üçün işgəncələrə məruz qalması təsdiq edildiyindən mənəvi zərərin hər gün üçün 700 manat olmaqla 7.000 (yeddi min) manat müəyyən edilməsi işin hallarına uyğun olmuşdur. Digər tərəfdən cavabdehin apellyasiya şikayətinin məzmununda iddiaçının mənəvi iztirab çəkməsinin mötəbər sübutla təsdiqlənməli olması dəlilinə dair, Məhkəmə Kollegiyası qiymət verərək hesab edir ki, ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Belə olan halda qanuni qüvvəsini almış məhkəmə aktına əsasən iddiaçı İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması müəyyən edilmişdir. Həmin faktın müəyyən edilməsi özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında hər-hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə Kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Bundan başqa “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının cavabdehlik daşıdığı iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar