Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2061/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı oğlunun cavabdeh “Şidli-A.İ” Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili vəkil2, Cavabdehin nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı oğlunun cavabdeh “Şidli-A.İ” Şirkətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı cavabdeh "xxxx" Şirkətinə “mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Şidli-A.İ" Şirkətindən iddiaçı İddiaçının xeyrinə 50.000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat, ümumilikdə 50.125 (əlli min yüz iyirmi beş ) manat pulun və ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bağırov Elxan Akif oğlu yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, ## ### 2020-ci il tarixdə saat 11:10-da Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə “Əhmədli” metro stansiyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru yol vərəqəsi ilə idarə etdiyi “Daewoo BS-090” avtobus markalı 90-UN521 dövlət nömrə nişanlı avtobusu yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, təxminən 30-40 km/saat sürətlə idarə edərkən ünvan 2 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməmiş, sağ səkidən sol tərəf səkiyə yolu perpendikulyar olaraq keçmək istəyən, asta yerişlə 4 metr yol qət etmiş piyada ##.##.1963-cü ildə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri, Nizami küçəsi, ev 40, mənzil 42-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 39A da yaşayan X3 idarə etdiyi avtobusun ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona “baş beynin və beyin kötüyünün əzilməsi, baş beynin sərt qişasında cırılmalar və ocaqlı qansızmalar, baş beyin maddəsinə, yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar; başın sol təpə-ənsə, sağ təpə–ənsə– gicgah nahiyələrində hematomalar və dərialtı qansızmalar ilə qeyd olunan təpə–ənsə– gicgah sümüklərinin kəllə əsasına keçən əsasən iri və xırda qəlpəli sınıqları, hər iki göz almasının ağlı qişasında qansızmaları” kimi, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan, ölümü ilə nəticələnən bədən xəsarətləri yetirməklə, yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində həyatını itirmiş X3 iddiaçı İddiaçı atasıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin*(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli hökmünə əsasən Bağırov Elxan Akif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 50.000 (əlli min) manat mənəvi ziyan dəymişdir. Hadisə nəticəsində həyatını itirmiş X3 iddiaçı İddiaçı atasıdır. İddiaçı İddiaçı mərhum atasının faciəvi şəkildə ölümündən sonra hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. X3 faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçının qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. X3 ölüm səbəbi "Şidli-A.İ" şirkətinin əməkdaşının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Ona görə də bu ziyan "Şidli-A.İ" Şirkəti tərəfindən ödənməlidir. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi mərhum hal-hazırda həyatda olardı və iddiaçı mənəvi istirab çəkməyəcəkdi. İddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (bir yüz iyirmi beş) manat pul ödəmişdir.
3. "xxxx" Şirkətinin vəkili və nümayəndəsi vəkil1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəməyə təqdim etdiyi ##.##.2020-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş 5.000 (beş min) manat məbləğində ziyan təqsirləndirilən şəxs Bağırov Elxan Akif oğlu tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi, X3 hüquqi varisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 dəymiş zərər təqsirləndirilən şəxs Bağırov Elxan Akif oğlu tərəfindən ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Mənəvi zərərə görə 10.000 (on min) manat pul məbləği cavabdeh "xxxx" Şirkətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi, hüquqi yardımla bağlı çəkilmiş xərclərə görə 125 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi olmaqla, cəmi 245 (iki yüz qırx beş) manat məhkəmə xərci cavabdeh "xxxx" Şirkətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması işin mübahisəsiz hallarıdır. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş Bağırov Elxan Akif oğlunun hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilən şərtlər ödənildiyindən, yəni zərər vurmuş şəxs Bağırov Elxan Akif oğlu cavabdeh təşkilatın işçisi olduğundan, və cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında işlədiyindən, iddia qismən təmin edilərək cavabdeh təşkilatdan iddiaçının xeyrinə 10.000 manat mənəvi ziyan məbləği tutulmalıdır. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə əsaslar var. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının atasının ölməsini, lakin iddiaçının bu hadisə ilə bağlı mənəvi zərər tələbi ilə hadisədən 5 il sonra məhkəməyə müraciət etməsini nəzərə alaraq, mənəvi zərərə görə tutulmalı olan pul məbləğinin 10.000 manat müəyyənləşdirilməsini ağlabatan hesab edir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, 1096,1, 1096.2, 1097.1, 1099.1, 1108-ci maddələrinə; “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ##.##.2025-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
6. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
8. Həmçinin qətnamədən cavabdeh “Şidli-A.İ” Şirkəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdehin apellyasiya şikayəti iddia tələbinə qarşı etiraza uyğun əsaslandırılmışdır
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-**/**** saylı hökmünün surətindən görünür ki, Bağırov Elxan Akif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bağırov Elxan Akif oğlunun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Bağırov Elxan Akif oğlu yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, ## ### 2020-ci il tarixdə saat 11:10-da Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə «Əhmədli» metro stansıyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru yol vərəqəsi ilə idarə etdiyi “DAEWOO BS-090” avtobus markalı 90- UN521 dövlət nömrə nişanlı avtobusu yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, təxminən 30-40 km/saat sürətlə idarə edərkən ünvan 1 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməmiş, sağ səkidən sol tərəf səkiyə yolu perpendikulyar olaraq keçmək istəyən, asta yerişlə 4 metr yol qət etmiş piyada ##.##.1963-cü ildə Tər-tər şəhərində anadan olmuş, Tər-tər şəhəri Nizami küçəsi ev 40 mənzil 42-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu 8-ci Əhmədli küçəsi ev 39A-da yaşayan X3 idarə etdiyi avtobusun ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona “baş beynin və beyin kötüyünün əzilməsi, baş beynin sərt qişasında cırılmalar və ocaqlı qansızmalar, baş beyin maddəsinə, yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar; başın sol təpə-ənsə, sağ təpə–ənsə– gicgah nahiyələrində hematomalar və dərialtı qansızmalar ilə qeyd olunan təpə–ənsə– gicgah sümüklərinin kəllə əsasına keçən əsasən iri və xırda qəlpəli sınıqları, hər iki göz almasının ağlı qişasında qansızmaları” kimi, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığı ağır zərərvurmaya aid olan, ölümü ilə nəticələnən bədən xəsarətləri yetirməklə, yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, şahid X3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 1998- ci ildən «Şidli.A.İ» şirkətini təsis etmiş və həmin şirkətin direktorudur. X1 həmin MMC ilə müqavilə əsasında işləyir. Belə ki, ** saylı xətt marşurutu Elxana məxsusdur. Həm də Elxana məxsus olan avtobuslar onunla müqavilə əsasında işləyir. «Daewoo BS-090» markalı, **-UN- *** dövlət qeydiyyat nişanlı avtobus X4 adına qeydiyyata alınsa da faktiki olaraq Elxan Qarayevə məxsusdur. Həmin avtobus ** saylı xətt marşrutunda fəaliyyət göstərir. Bağırov Elxan Akif oğlu ## ###### 2014-cü il tarixdən hazırki vaxta kimi «Şidli.A.İ» şirkətində sürücü işləyir. Elxan Bağırov şirkətə işə qəbul olunan zaman əmək müqaviləsi bağlanılmışdır. Elxan Bağırovun sərnişin avtobusu idarə etməsi üçün «BCD» kateqoriyalı, «AD» seriyalı, ****** nömrəli sürücülük vəsiqəsi vardır. ## ### 2020-ci il tarixdə eşitmişdir ki, həmin gün, saat 11 radələrində ünvan 2 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında yol nəqliyyat hadisəsinin baş vermişdir. Belə ki, ## ### 2020-ci il tarixdə saat 11:10 radələrində X2 Akif oğlu Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə «Əhmədli» metro stansiyasının üzərindən üzü “Ukrayna” dairəsinə doğru idarə etdiyi «DAEWOO BS-090» markalı, 90- UN-521 dövlət nömrə nişanlı avtobusla ünvan 1 ünvanında yerləşən “Qaymaq” kafesinin qarşısında sağ səkidən sol tərəf səkiyə yolu perpendikulyar olaraq keçmək istəyən, ##.##.1963-cü ildə Tər-tər şəhərində anadan olmuş, Tər-tər şəhəri, Nizami küçəsi, ev 40, mənzil 42-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 39A-da yaşayan X3 vuraraq sonuncunun ölümü ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin tarixdən əvvəl Elxan Bağırov şirkətdə işlədiyi müddət ərzində hər-hansı bir yol-nəqliyyat hadisəsi törətməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə onun hər-hansı bir şəxsdən şikayət və tələbi olmadığını göstərmişdir. Ona heç bir maddi ziyan dəyməmişdir. X2 Akif oğlu bir neçə ildir ki, onun işçisi olmaqla ** saylı xətt marşrutunda Elxana məxsus olan avtobusları idarə etmişdir. Elxan Bağırovdan heç bir zaman şikayət daxil olmamış, yaxşı sürücüdür, yaxşı xarakterizə olunan işçidir. Kollektiv içərisində müsbət xarakterizə olunur.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin təmin olunmayan hissədə ləğv olunması və həmin hissədə iddia tələbinin tam təmin olunması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə iddianın rədd olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1,1096.1, 1096.2,1097.1, 1099.1,1099.2,1108.1-ci maddələrini və “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ##.##.2025-ci il tarixli qərarının 4.36-cı bəndini nəzərə alaraq qeyd edir ki, əmək münasibətlərinin həyata keçirilməsi zamanı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi əsasları və qaydası mülki qanunvericiliyin müvafiq tələblərinə uyğun tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu maddənin məzmunu baxımından işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. İşçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır.
17. İş materialları ilə müəyyən edilir ki, "xxxx" Şirkətinin işçisi Bağırov Elxan Akif oğlu ## ### 2020-ci il tarixdə saat 11:10-da avtobus idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur və nəticədə ehtiyatsızlıqdan iddiaçının atasını - X3 vurmuşdur. F.Qurbanov həyatını itirmişdir.
18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə Bağırov Elxan Akif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçının oğlu İddiaçı atasının ölümündə təqsirli olan E.Bağırovun işlədiyi şirkətdən onun işçisinin törətdiyi deliktlə bağlı mülki məsuliyyətə cəlb olunmasını, sonuncudan mənəvi ziyana görə 50.000 manat pul məbləğinin tutulmasını xahiş edir.
19. İş materiallarına qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hadisə ## ### 2020-ci il tarixdə "xxxx" Şirkətinin işçisi Bağırov Elxan Akif oğlunun müqavilə üzrə vəzifələrinin icrası zamanı baş vermişdir. Bununla da hadisə günü "xxxx" Şirkətində sürücü işləyən Bağırov Elxan Akif oğlunun "xxxx" Şirkətinin nəzarəti altında, həmin şirkətin işlərinin görülməsi məqsədilə və sonuncunun iqtisadi maraqları naminə avtobusu idarə etməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işçisinin törətdiyi deliktə görə mülki məsuliyyəti cavabdeh təşkilat daşıdığından, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin işçisinin vurduğu zərərə görə məsuliyyəti müəyyən edən hallarla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması işin mübahisəsiz hallarıdır. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş Bağırov Elxan Akif oğlunun hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilən şərtlər ödənildiyindən, yəni zərər vurmuş şəxs Bağırov Elxan Akif oğlu cavabdeh təşkilatın işçisi olduğundan, və cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında işlədiyindən, iddia qismən təmin edilərək cavabdeh təşkilatdan iddiaçının xeyrinə 10.000 manat mənəvi ziyan məbləği tutulmuşdur.
21. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarını nəzərə alaraq qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfatapardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları nəzərə alınmalıdır.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il # ###### tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il ## ######## tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il ## #### tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. 23.Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. sübut etməlidir. 24.Məhkəmə kollegiyasının qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Belə ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələr zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi təzminatın miqdarının müəyyən olunması mənəvi dəyərlərin maddi şəkildə kompensasiya edilməsi halında əhəmiyyət kəsb edir. Mənəvi zərərin dəqiqliklə kompensasiyası hər zaman mümkün olmadığından mənəvi təzminatda zərərin ödənilməsi əksər hallarda maddi formada (pul formasında) ödənilən kompensasiyadır. Təzminatın ədalətə uyğun olması vacibdir. Bu səbəbdən mənəvi təzminatın miqdarı iddiaçının məruz qaldığı mənəvi zərərin son həddi ilə mütənasib olmalıdır. Xüsusilə, çox aşağı olmamalıdır. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir. Lakin pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Məhkəmə “itirilmişi” qiymətləndirməyi ümid etməsə də, lakin mövcud şəraitdə pul kompensasiyasını təsəlli vasitəsi kimi çıxış etməsini qeyd etməyi zəruri hesab edir. 25.İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. 26.Şərh edilənlər əsasında məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi (atasının) nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə əsaslar var. Məhkəmə kollegiyası mənəvi zərərin həddini müəyyən edərkən mənəvi zərərə görə tutulmalı olan pul məbləğinin 10.000 manat müəyyənləşdirilməsini ağlabatan hesab edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 28.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 29.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov