Məhkəmə qərarları › İş №2(103)-3195/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3195/2021

19.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3195/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Cavabdeh2 və “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X2rşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Vəfa Yusubova 11.04.2018-ci il tarixdə doğuşdan sonra ölüb, onun doğduğu uşaq Zaman Şamiyevin sağlamlığına isə doğuş zamanı ağır zərər vurulub. İddiaçı mərhum Vəfa Yusubova ilə faktiki nikah münasibətində olub, uşaq Zaman Şamiyevin isə atasıdır. Onların ümumilikdə 3 uşaqları var. Doğuş Cəlilabad Rayon X1 həkim məntəqəsində həmin məntəqənin maması Xanım Hüseynova tərəfindən icra edilib. Doğuşdan sonra Vəfa Yusubovanın vəziyyəti ağırlaşdığına görə o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb. Cəlilabad Rayon X1 həkim mənəqəsinin maması Xanım Hüseynova tibb müəssəsində ehtiyatsızlıqdan ananı öldürdüyünə və ehtiyatsızlıqdan uşağın sağlamlığına ağır zərər vurduğuna görə Cəlilabad Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 124.1 və 131.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunub. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 5.000.000 (beş milyon) manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 30.000 manat cavabdeh “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X3 alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin 1-ci hissəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, bu maddədə “tibbi yardım” deyiləndə lazımi keyfiyyətdə tibbi yardım nəzərdə tutulub. X7 və onun uşağına lazımi keyfiyyətdə tibbi yardım göstərilməyib. Belə ki, qanuni qüvvədə olan hökmlə müəyyən olunub ki, Cəlilabad Rayon X1 həkim məntəqəsində mama işləyən Xanım Hüseynova 11.04.2018-ci il tarixdə saat 02 radələrində Vəfa Yusubovanı doğuş sancıları ilə əlaqədar işlədiyi həkim məntəqəsinə qəbul etdikdən sonra sonuncuda vizual, laborator və ultrasəs müayinələri əsasında anemiya və böyrəklərdə zəif iltihab əlamətləri və risk qrupuna daxil edilən hamiləlik müəyyən edildiyi, risk qrupuna daxil edilən hamiləliyin “kesar kəsiyi” cərrahiyə əməliyyatı yolu ilə ixtisaslaşmış tibb müəssisəsində başa çatdırılmalı olduğu və doğuşu təkbaşına icra etməyə səlahiyyəti olmadığı halda, Vəfa Yusubovanın və doğulacaq uşağın həyat və sağlamlığına təhlükə yaratdığını qabaqcadan görsə də, Səhiyyə Nazirliyinin 23.06.2012-ci il tarixli, 22 №-li qərarı ilə təsdiq olunmuş “Normal doğuş üzrə protokolun” və 19.09.2012-ci il tarixli, 70 №-li əmri ilə təsdiq edilmiş “Mamanın nümunəvi vəzifə təlimatının” 6-9-cu bəndlərinin tələblərini pozmaqla hamiləlik vəziyyətini düzgün qiymətləndirməyərək kifayət qədər əsas olmadan mənfi nəticələrin qarşısını alacağını güman edib saat 08 radələrində Vəfa Yusubovanın doğuşunu təkbaşına icra etməyə başlamışdır. Doğuş vaxtı dölün doğuş yollarından keçdiyi zaman yol verdiyi kobud texniki səhv nəticəsində ehtiyatsızlıqdan yeni doğulmuş uşağa başının sağ təpə nahiyəsinin kefalohematoması, sağ körpücük sümüyünün orta üçdə birinin yerdəyişməyən sınığı və iki tərəfli pnevmotoraksla müşayiət olunan, həyat üçün təhlükəli olmaqla dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan yeni doğulmuş uşağın sağlamlığına ağır zərər vurmuşdur. Doğuş vaxtı və doğuşdan sonra tibbi yardımla bağlı yol verdiyi kobud texniki səhvlərlə əlaqədar ehtiyatsızlıqdan Vəfa Yusubovaya kəskin qanitirmə səbəbindən inkişaf etmiş posthemorragik şok nəticəsində ölümü ilə səbəbli əlaqə təşkil edən, uşaqlıq boyununda və uşaqlıq yolunda olan çoxsaylı natamam cırılmalarla müşayiət olunan xəsarətlər yetirməklə və Səhiyyə Nazirliyinin 10.05.2011-ci il tarixli 20 №-li qərarı ilə təsdiq edilmiş “Zahılıq dövrünün qanaxmaları üzrə klinik protokolun” tələblərini pozmaqla doğuşdan sonra sonuncunun kəskin qanitirmə əlamətləri olduğu halda, bunu aşkar etməyərək və müvafiq profilaktik tədbirlər görməyərək iki saat həkim məntəqəsində saxlayıb vaxtında daha ixtisaslı tibb məntəqəsinə göndərilməsini təmin etməməklə ehtiyatsızlıqdan Vəfa Yusubova öldürmüşdür. Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddənin mətnində zərərin kim tərəfindən (həkim, tibb müəssisəsi və s.) ödənilməli olduğu göstərilməsə də maddənin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi göstərilib. Maddənin adından belə başa düşülür ki, bu maddədə tibb müəssisəsinin vurduğu zərərdən bəhs olunur. Doğuş tibb müəssisəsində həyata keçirilib. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsində pasiyentin sağlamlığına vurulmuş zərərə görə tibb müəssisəsi mülki məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, tibbi yardım göstərilməsi ilə bağlı münasibətin sübyektləri tibbi yarıdım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiyent, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir. X5 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərib. Bu zaman tibb müəssisəsi - Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tibbi yardım göstərən subyekt kimi çıxış edir. İddiaçı mənəvi sarsıntı keçirib. Belə ki, onun uşaqlarının anası həyatını itirib, üç uşağı anasız qalıb, yeni doğulan uşağının sağlamlığına isə ağır zərər vurulub. Odur ki, məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında verilən şərhlərə əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, lakin zərərin əvəzini düzgün müəyyən etməyib. Məhkəmə mənəvi zərərin əvəzinin 50.000 manat müəyyən edilməsini ağlabatan hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzi kimi tutulan pulun məbləğinə aid hissədə dəyişdirilsin. “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X3 İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat pul tutulsun. Mübahisləndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar