Məhkəmə qərarları › İş №2(103)-4406/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4406/2020

12.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4406/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyəti və Cavabdeh2 qarşı “istehlakçı hüquqlarının pozulması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” ilk iddia, cavabdehlərin iddiaçıya qarşı “işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi tələbi barədə” ayrı-ayrılıqda verilmiş qarşılıqlı iddialara dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2017-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının və onun vəkili X3, cavabdeh MMC-nin direktoru X5 və MMC-nin nümayəndəsi X8, habelə Cavabdeh2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, qaşlarına edilmiş “xxxx” proseduru nəticəsində ona vurulmuş maddi zərərin, yəni prosedura görə ödənilmiş xidmət haqqının əvəzi olaraq 90 manat, qaşlarının bərpasına çəkiləcək xərcin əvəzi olaraq 5.000 manat, göstərilmiş hüquqi xidmətin əvəzi olaraq 1.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi isə 6.120 manat məbləğində pulun, habelə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun cavabdeh tibb müəssisəsi olan MMC-dən və MMC-yə məxsus “Beauty” gözəllik salonunun işçisi olan Cavabdeh2 müştərək qaydada tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra, cavabdeh MMC iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi, işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun iddiaçıdan MMC-nin xeyrinə tutulması, həmin məbləğin kimsəsiz uşaqlar və kimsəsiz qocalar evlərinə köçürülməsi barədə qətnamə qəbul eödilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 də öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın təmin edilməməsi, şərəf və ləyaqətinin alçaldılması, habelə işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq 6.000 manat, hüquqi yardım alması ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat, cəmi isə 7.000 manat məbləğində pulun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək ilk iddia ilə birgə baxılmışdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(001)-26/2017) ilə ilk iddianın qismən təmin edilməsini, qaşların “xxxx” proseduruna görə ödənilmiş xidmət haqqının əvəzi olaraq 90 manat, qaşlarının bərpasına çəkiləcək xərcin əvəzi olaraq 5.000 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat, cəmi isə 5.590 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini, ilk iddianın qalan hissədə, qarşılıqlı iddiaları isə tam həcmdə təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər də öz növbəsində Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməməsini, hər iki qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)-86/2018) ilə apelyasiya şikayətlərinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin ilk iddiaya münasibətdə ləğv edilməsini, ilk iddianın qismən təmin edilərək maddi zərərin əvəzi olaraq 6.120 manat, mənəvi zərərin əvəzi olaraq 3.000 manat, cəmi 9.120 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, ilk iddianın qalan hissədə, o cümlədən ilk iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsini, qətnamənin qarşılıqlı iddialara münasibətdə isə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdeh MMC-nin həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-2051/2019) ilə kassasiya şikayətini qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilk iddianın qismən təmin edilməsi, cavabdeh MMC-nin qarşılıqlı iddiasının isə təmin edilməməsi hissələrində ləğv edərək işi həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İşə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)-9370/2019) ilə apellyasiya şikayətlərinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsini apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddianın cavabdeh MMC-yə münasibətdə təmin edilməməsini, habelə MMC-nin qarşılıqlı iddiasının təmin edilməməsi ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı (İş № 2(102)-870/2020) ilə iddiaçının şikayətini təmin etmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini ilk iddianın cavabdeh MMC-yə münasibətdə təmin edilməməsi barədə hissədə ləğv etmiş, həmin hissəyə yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli qərarları nəzərə alınmaqla hazırki apellyasiya baxışının predmeti ilk iddianın cavabdeh MMC-yə münasibətdə rədd edilməsi hissəsi təşkil edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı, tələblərini həm MMC, həm də Cavabdeh2 qarşı irəli sürmüş, lakin Cavabdeh2 qarşı iddia Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(103)-86/2018) ilə rədd edilmişdir. İddiaçı da qətnamənin həmin hissəsi ilə razılaşmış, qətnamədən kassasiya şikayəti verməmişdir. Apellyasiya baxışının predmeti olan hissədə ilk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə MMC-yə məxsus gözəllik salonuna müraciət edərək qaşlarının “xxxx” proseduru aparmaqla qəhvəyi rəngə boyanmasını xahiş etmişdir. Həmin prosedur Salonun işçisi Cavabdeh2 tərəfindən aparılmışdır. Prosedur çox ağrılı həyata keçirilmiş və qanaxma ilə müşayiət olunmuşdur. Rəngləmə əməliyyatından 5 ay müddət keçməsinə baxmayaraq iddiaçının qaşları nə istənilən rəngi almış, nə də əvvəlki rənginə qayıtmışdır. Əksinə, iddiaçının qaşının bir hissəsi göy rəngə çalmış, içərisində xətlər əyri olduğundan görsənməmişdir. Bunlardan başqa, rəngləmə aparılan hissədə qaşın tükləri tökülmüş, rəngləmə əməliyyatı zamanı yol verilən səhvlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Apellyasiya baxışının predmeti olan hissədə cavabdeh MMC-nin ilk iddiaya qarşı etirazı ondan ibarətdir ki, iddiaçının qaşlarında prosedur MMC-yə aid gözəllik salonunda aparılmamışdır. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı və onun vəkili, apellyasiya baxışının predmeti olan hissədə iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin hissədə şikayətin və ilk iddianın məzmununa uyğun izahat verdilər. Cavabdeh MMC-nin direktoru, habelə MMC-nin nümayəndəsi apellyasiya baxışının iclasında iştirak edərək apellyasiya baxışının predmeti olan hissədə ilk iddiaya etiraz edərək, həmin hissədə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. İş üzrə digər Cavabdeh2 də apellyasiya baxışının iclasında iştirak edərək bildirdi ki, apellyasiya baxışının predmeti olan hissədə ilk iddianın artıq ona aid olmadığını, buna baxmayaraq iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1099-cu maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.). Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM; maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunanlardan göründüyü kimi, mülki hüquq pozuntusu nəticəsində ona dəyən zərərin əvəzini cavabdeh MMC-dən tələb edən iddiaçı, ilk olaraq bu pozuntunun MMC tərəfindən törətdiyini sübut etməli və bu zaman Məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməli, məhkəməyə təqdim edilməmiş faktları isə nəzərə almamalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən, MMC-yə münasibətdə iddiasının əsaslı olmasına dair “Beauty” gözəllik salonunun “Facebook” sosial şəbəkədəki səhifəsində yerləşdirilmiş şəkillər, habelə Cavabdeh2 “İnstagram” sosial şəbəkədə öz səhifəsində qoyulmuş şəkillər, Cavabdeh2 göndərdiyi “SMS”-lər, aviabilet, oteldən arayışlar, “İstanbul” klinikasından iddiaçının elektron ünvanına gələn məktub və iki şahid ifadəsi təqdim edilmişdir. İnternet səhifələrindən çıxarılmış şəkillərə münasibətdə Məhkəmə qeyd edir ki, bu şəkillərdə iş üzrə Cavabdeh2 internet istifadəçilərinə permanent xidməti göstərən usta (işçi) kimi təqdim edilmişdir. Məhkəmə bildirir ki, bu şəkillər reklam xarakterli bir təqdimatdır və iddiaçının qaşlarında aparılması iddia edilən “xxxx” prosedurunun cavabdeh MMC-yə məxsus salonda həyata keçiriməsini təsdiq etmir. Məhkəmə həmçinin bildirir ki, təqdim olunan “Watsapp” yazışması da iddiaçının dəlillərinin əsaslı olması üçün kifayət deyil. Çünki, istinad olunan “SMS”-dən görünür ki, xx.xx.2016-cı il tarixə aid olan iki mesaj ********** nömrədən göndərilmiş və aşağıdakı məzmundadır: “Lamiyyə xanım, Badamdır. Söz demək istəyirəm” və “Bilirəm əsəbləşdiniz, getdiniz. Mən istəməzdim belə olsun. Mümkün olar teli açasız? Mən deyim sizə mümkünsə”. Göründüyü kimi, iddia edilən prosedurun aparılmasından 4 ay sonra göndərilən mesajın məzmununda nəinki iddiaçının qaşlarında “xxxx” prosedurunun MMC-yə aid gözəllik salonunda aparılması, hətta ümumiyyətlə bu prosedurun özünün aparılması barədə belə hər hansı ifadə yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş aviabilet və otel arayışları da iddiaçının MMC-yə qarşı tələbinin əsaslı olmasını təsdiq etmir. Çünki, həmin sənədləri təqdim etmiş iddiaçı Türkiyəyə edilən bu səfərin və çəkilən xərclərin onun qaşlarında “xxxx” prosedurunun düzgün aparılmamasını doğuran fəsadların aradan qaldırılması ilə izah etsə də, bu halı iddiaçının izahatından başqa təsdiq edən hər hansı başqa mötəbər sübut yoxdur. “İstanbul” Klinikasından iddiaçının elektron ünvanına göndərilmiş məktubun məzmununda qaş əkilməsinin qiymətləri və bundan əvvəl qaşda “xxxx” lazer ilə silinməsinin zəruri olduğu göstərilmişdir ki, Məhkəmə bu məktubu MMC-nin iddiaçıya qarşı delikt törətməsini təsdiq edən sübut kimi qəbul etmir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri də iddianın əsaslı olmasını təsdiq etmir. Çünki şahid qismində dindirilmiş iddiaçının bacısı X6 ifadəsində bildirmişdir ki, o, “Beauty” gözəllik salonunun yerləşdiyi “Port Baku” kompleksinə idmana getmiş, bir müddətdən sonra həmin salonun yaxşı salon olduğunu eşitdiyindən həmin salonun xidmətlərindən istifadə etməyə başlamışdır. Badamxanım onun da saç ustası olmuş və bacısını Badamxanımla məhz o, özü tanış etmişdir. Bacısı da bir müddət həmin salonun xidmətlərindən istifadə etmiş, sonradan isə ona bildirmişdir ki, qaşlarını xxxx etmək istəyir və Badamxanım həm də bunu bacarır. Bacısı qaşlarını xxxx etdirəndən sonra qaşlarında problemlər yaranmağa başlamışdır. Şahid qismində dindirilmiş X7, ifadəsində göstərmişdir ki, 2014-2016-cı illərdə “Beauty” gözəllik salonunda işləmişdir. Salonun xidmətlərindən istifadə edən müştərilərin qeydiyyatı aparılmırdı. O, Lamiyəni həmin salonda saç ustası Badamxanım vasitəsi ilə tanımış və Lamiyə onun yanına manikür və pedikür proseduruna gəlmişdir. Lamiyə onun yanında olanda Badamxanım həmişə Lamiyəyə qaşlarından problem olduğunu və bu problemi aradan qaldırmaq üçün Lamiyəyə onun tərəfindən ediləcək “xxxx” prosedurunu təklif edirdi. 2015-ci ilin payız ayları olardı ki, Lamiyə bu təklifi qəbul etmiş və Badamxanım “Beauty” gözəllik salonunda Lamiyənin qaşlarında “xxxx” prosedurunu həyata keçirmişdir. Prosedurdan əvvəl Lamiyə onun xidmətindən istifadə edirdi və həmin vaxt Badamxanım prosedur zamanı Lamiyənin ağrı hiss etməməsi üçün onun qaşlarına xüsusi maye çəkmişdir. Prosedurun edildiyi otaq onun otağının yanında idi və Lamiyə prosedur zamanı onun da orda iştirak etməsini xahiş etmişdir. O, prosedurda 5-6 dəqiqə olmuşdur. Lakin onun özünün başqa müştərilərinin gəlməsi ilə əlaqədar o, öz otağına keçmişdir. Prosedur zamanı Lamiyə ağrı hiss etdi və qaşlarının keyimədiyini Badamxanıma bildirmişdir. Lakin Badamxanım proseduru davam etmişdir. Prosedur zamanı Lamiyənin qaşlarında qanaxma olmuş və o, qan görməyə ürəyi dözmədiyindən otağı tərk etmişdir. Lamiyənin qaşlarında “permanent” proseduru 40 dəqiqə davam etmişdir. Birinci şahid ifadəsinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, şahid iddiaçı ilə yaxın qohum (iddiaçının bacısı) olduğundan işin gedişində yüksək marağı var. Ancaq təkcə bu hal, onun dediklərini mütləq olaraq şübhəli qəbul etməyə əsas vermir. İfadənin inandırıcılığına təsir edən amil, həm də şahidin prosedurun Cavabdeh2 tərəfindən və məhz “Beauty” gözəllik salonunda edildiyinin bilavasitə görməməsi, həmin vaxt orada olmaması, bildirdiklərinin isə iddiaçıdan eşitməsidir. İkinci şahid ifadəsinin mötəbərliliyi ilə bağlı Məhkəmə qeyd edir ki, bu ifadə də iddianın əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Çünki, şahid bildirdiyi hadisəni zidiyyətsiz təsvir etmir. O bildirir ki, iddiaçı ondan xahiş etmişdir ki, “xxxx” proseduru edildiyi vaxt iddiaçının yanında olsun və buna görə də şahid prosedur başlanan vaxtdan 5-6 dəqiqə həmin otaqda olmuşdur. Məhkəmə əvvəla bildirir ki, əgər həqiqətən də iddiaçı, prosedur zamanı üçüncü şəxsin onun yanında olmağını istəmişdirsə, bu proseduru aparmalı olan ustanın profesional vərdişlərinə müştərinin inamsızlığının göstəricisidir. Lakin nə qədər ki, iddiaçı iddia edir ki, qaşlarında prosedurun aparılmasını Cavabdeh2 etibar etmişdir, sonuncu ilə iddiaçı arasında hər hansı inamsızlıqdan söhbət gedə bilməz. Belə olan halda iddiaçının P.Cəfərovanı prosedur otağına dəvət etməsi barədə ifadəsi inandırıcı görünmür. Şahidin prosedurun aparıldığı iddia edilən otağı tərk etməsinin səbəbləri barədə (şahidin yanına özünün müştərilərinin gəlməsi (1); prosedur zamanı iddiaçının qaşından qanın axması və şahidin qanın görüntüsünə baxmağa “ürəyi gəlməməsi” (2)) bir-birini təkzib edən açıqlamaları da Məhkəmədə ifadənin doğruluğuna şübhə yaradır. Bunlardan başqa, cavabdeh MMC-nin adından verilmiş yazılı izahatdan müəyyən edilir ki, peşəkarlıq səviyyəsi aşağı olduğu üçün (şahid) P.Cəfərovanın ərizəsi alınaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Məhkəmənin qənaətinə görə, qeyd olunan bu hal P.Cəfərovanın işin gedişində müəyyən marağı ola bilməsini istisna etmir. Göründüyü kimi, iddiaçının öz iddiasının əsası kimi məhkəmələrə təqdim etdiyi yuxarıda göstərilən sübutlar, MMC-yə qarşı tələbin əsaslı olmasını təsdiq etmir. Bunlardan başqa, işin məhkəmələrdə baxılması zamanı da iddiaçı tərəfin vəsatəti əsasında məhkəmənin əldə etdiyi sübutlar da apellyasiya baxışının predmeti olan hissədə iddiaçının haqlı olmasına dəlalət etmir. Belə ki, işə əvvəllər apellyasiya qaydasında baxılması zamanı xx.xx.2017-ci il tarixli məhkəmə qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tapşırılmışdır. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Tibbi Ekspertiza və X2 verdiyi xx.xx.2018ci il tarixli, 663 nömrəli rəydən görünür ki, iddiaçının qaş nahiyəsində rənglənmə proseduru icra edilmişdir. Həmin rənglənmənin permanent və ya tatuaj üsulu ilə həyata keçirilməsi patohistoloji tədqiqatı nəticəsində mümkündür ki, bu tədqiqat da cərrahi üsul ilə qaş nahiyəsindən dəri parçası götürülməklə aparılır və tədqiqatdan sonra həmin nahiyədə kiçik çapıq izinin qalması ehtimalı vardır. Bu baxımdan vətəndaşın bu tədqiqatın icrasına razılığı olmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya Kafedrasının professoru, tibb elmləri doktoru X9 tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış məktubda da, İddiaçı qaşlarına edilmiş əməliyyatın permanent, yoxsa tatuaj üsulu ilə həyata keçirilməsini biokimyəvi və patohistoloji tədqiqatdan sonra müəyyən etməyin mümkün olduğu, bu prosedurdan sonra dəri parçasının götürülmüş bölgəsində kiçik çapıq qalması ehtimalı olması səbəbilə bunun üçün vətəndaşın cərrahi üsulla dəri parçasının götürülməsinə razılığının tələb olunduğu qeyd edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı onsuz da qaş nahiyəsinə yetərincə müdaxilə olunduğunu, həmin hissənin artıq zədəli olduğunu və buna görə də həmin hissədə əlavə çapığın da yaranmasını istəmədiyini bildirərək, buna razılıq verməmiş, bu mövqeyini təkrar işin əvvəlki apellyasiya baxışı zamanı da dəyişməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixdə 04-22/1-3706 nömrəli məktubundan görünür ki, iddiaçının qaşlarının “permanent” rənglənməsi və “tatuaj” kosmetoloji xidmətin göstərilməsi zamanı iddiaçının səhhətinə dəyən zərərlə bağlı iddiaçının şikayətləri həmin qurumun mütəxəssisləri tərəfindən araşdırılmışdır. Məktubda qeyd olunur ki, insanın dəri toxumasına birbaşa müdaxilə yolu ilə həyata keçirilən kosmetoloji xidmətlər gözəllik salonlarında aparılması nəzərdə tutulmamışdır. Yalnız kosmetoloji iş üzrə lisenziyaya malik olan istənilən tibbi müəssisəsində dəri toxumasına müdaxilə yolu ilə kosmetoloji xidmətlərin həyata keçirilməsinə yol verilir. Hüquqi və fiziki şəxslər, lisenziya olmadan özəl tibbi fəaliyyətlə, habelə özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət daşıyırlar. Göründüyü kimi, cavabdeh MMC-yə məxsus “Beauty” gözəllik salonunda iddiaçının qaşlarına “permanent” və ya “tatuaj”ın edilməsi barədə iddiaçının şikayətləri əsasında müvafiq dövlət qurumunda araşdırma aparılmışdır. Lakin araşdırma zamanı “Beauty” gözəllik salonunda bu kimi xidmətlərin göstərilməsi üçün qanunvericiliyin qoyduğu tələblərin pozulması və bununla bağlı cavabdeh MMC-nin inzibati məsuliyyətə cəlb olunması iş materialları ilə təsdiq olunmur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. İlk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin hazırki apellyasiya baxışının predmetinə aid dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti hazırki apellyasiya baxışının predmeti olan hissədə təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul xx xxxx 2017-ci il tarixli qətnamə hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə - yəni, ilk iddianın “xxxx” MMC-yə münasibətdə təmin olunmaması barədə hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar