Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5224/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı “xüsusi müsadirə tətbiq olunmuş əmlakların siyahıdan çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1667/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı “xüsusi müsadirə tətbiq olunmuş əmlakların siyahıdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1667/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istintaqın gedişində X2 məxsus və ona məxsus olmayan əmlakların üzərində istintaq orqanının təqdimatı əsasında həbs qoyulmuşdur. Məhkəmə isə oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsindən məlumatsız olmuşdur. Belə ki, Konstitusiya Məhkəməsinin Plenum qərarından aydın olur ki, hökmün qəbul edilməsi nəticəsində mülki maraqlarına toxunulan üçüncü şəxslərin ümumi qaydada məhkəməyə müraciət edərək əmlakların azad edilməsini tələb edə bilər. Bu həm iddiaçının mülkiyyət hüququdur, həm də məhkəməyə müraciət etmək hüququdur ki, bu hüquqların hər bir konstitusional səviyyədə təsbit olunmuş mühüm əhəmiyyətli hüquqlardır. Bu hüquqların həyata keçiirlməsindən imtina etməklə məhkəmə iddiaçını hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçının mülkiyyətində olan əmlakların törədilmiş cinayətlər hər hansı əlaqəsi sübuta yetirilməmişdir, lakin səhvən müsadirəyə məruz qalmışdır. Bu səhv nəticəsində iddiaçı öz mülklərindən istifadə, onlara sahiblik etmək və onlara sərəncam vermək hüquqlarından əsassız olaraq məhrum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin “xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir” müddəasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi baxımından şərh olunmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsinin iş üzrə formalaşdırdığı hüquqi mövqeyə əsasən, işə mülki məhkəmə icraatı qaydasında baxıla bilər və bu halda əgər iddiaçılara məxsus əmlaklar üzərinə qanunsuz həbs qoyulması müəyyən olunursa, bu halda həmin əmlakların həbsdən azad olunması barədə məhkəmə qərar çıxarmalıdır. Buradan da aydın olur ki, qanunvericilik iddiaçının əsassız olaraq əlindən alınmış əmlakları geri qaytarmaq hüququnu qadağan etmir əksinə bu halda iddiaçının mülki qaydada məhkəməyə müraciətinə imkan verir. Lakin məhkəmə bu qədər önəmli halları nəzərdən qaçıraraq işin icraata görtürülməsindən hər hansı hüquqi əsas olmadan imtina etmiş, bu imtinanı isə əsaslandıra bilməmiş, işin mahiyyətinə və tələbə uyğun olmayan plenum qərarına istinad etməklə ərizəni icraata götürməkdən imtina etmişdir. Belə ki, məhkəməyə ilkin olaraq iddiaçı tərəfindən bütün zəruri sənədlər sübut qismində təqdim olunmuşdur və Azərbaycan Respublikası MPM-in 153.2-ci maddəsində göstərilən imtina üçün əsasların heç biri mövcud deyildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1667/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli qərarında izah etmişdir ki, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. İddia ərizəsinin məzmunundan isə görünür ki, İddiaçı X3 ilə xx.xx.2000-ci ildə nikah bağlamışdır və birgə nikahdan üç uşaqları vardır. İddiaçı iddia ərizəsində xüsusi müsadirə olunmuş əmlakların siyahısından xaric edilməsini tələb etdiyi əmlaka münasibətdə isə qeyd edir ki, həmin əmlaklar iddiaçının mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Plenum qərarında isə izah edilmişdir ki, xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində tələb cinayət işi üzrə məhkəmə hökmü ilə müsadirə edilmiş əmlaklarla bağlı olduğundan və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən hazırki ərizənin icraata qəbulundan imtina edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı şikayətində Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərara istinad etsə də, həmin qərardan görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etməklə yanaşı, müəyyən etmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsi ilə bağlı müraciət etməli olduğu halda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1667/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5224/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5224/2024
02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver