Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5638/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Capital City" Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Capital City" Mənzil Tikinti Kooperativinə qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-2063/2024 nömrəli qərardadından iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Capital City" Mənzil Tikinti Kooperativinə qarşı "əmlak tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2063/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə kompleks ekspertizası təyin edilmiş, iş üzrə icraatın ekspertin müvafiq rəyi alınanadək dayandırılması qərara alınmışdır.
3. İddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işin ekspertizaya göndərilməsinin dayandırılması və iş üzrə icraatın davam etdirilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi olaraq işin ekspertizaya göndərilməsini xahiş etmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq ekspertizanın keçirilməməsi üçün həm ona, həm də məhkəmə zalında hakimə etiraz etmişdir. Bu səbəblə də, iddiaçının özünün, iddiaçının əri X3 və onun köməkçisi X1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə akt tərtib edərək imzalanmış və elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2063/2024 nömrəli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. İddiaçı tərəfindən verilmiş şikayətin məzmunundan aydın olur ki, iddiaçı məhkəmə tərəfindən məhz ekspertizanın təyin olunmasına etiraz edir.
8. Mülki-prosessual qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan MPM-də göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər.
9. Kollegiya qeyd edir ki, MPM-də iş üzrə ekspertizanın təyin edilməsi barədə məhkəmə qərardadından şikayətin verilməsi nəzərdə tutulmamışdır və qeyd olunan qərardad işin sonrakı hərəkətinə mane olmur.
10. Lakin birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə almamış, qərardaddan verilmiş şikayəti geri qaytarmalı olduğu halda bunu etməmişdir.
11. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur.
12. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
13. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2063/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: