Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6043/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmək haqqının ödənilməsi, mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, e- 2(004)-3689/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sosial arayışdan görünür ki, İddiaçı işə götürən Cavabdeh tərəfindən 22 sentyabr 2021-ci il tarixdən saç ustası kimi işə qəbul olunmuş, əmək haqqı 250 manat məbləğdə müəyyən olunmuş, müqavilənin qüvvədən düşmə tarixi 08 dekabr 2021-ci il qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 avqust 2021ci il tarixdən 04 fevral 2022-ci il tarixədək ödənilməmiş hər ay üçün 250 manat, ümumilikdə 1500 manat əmək haqqının, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğdə pul vəsaitinin, habelə 50 manat mediasiya xərcinin əvəzinin tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 04 avqust 2021-ci il tarixdən 04 fevral 2022-ci il tarixədək olan müddət ərzində cavabdehlə əmək münasibətlərində olmuşdur. Razılaşmaya əsasən əmək haqqı 400 manat müəyyən edilmişdir. Cavabdehin yanında 6 ay işlədikdən sonra iddiaçı işdən çıxmışdır. 2022-ci ilin iyun ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh əmək müqaviləsi bildirişini elektron sistemdə qeydiyyatdan keçirməklə iddiaçını saç ustası vəzifəsinə işə qəbul etmiş, aylıq əmək haqqı kimi 250 manat qeyd edilmiş, əmək müqaviləsi bildirişində müqavilənin qüvvədə olma müddəti 22 sentyabr 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək qeyd edilmişdir.
4. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, müddətin keçməsi səbəbi ilə iddiadan imtina edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, e-2(004)- 3689/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir. İddia ərizəsində göstərilən xüsusatlar və İddiaçı məhkəməyə verdiyi izahatına əsasən, iddiaçının 2022-ci il fevral ayında cavabdehlə əmək münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Deməli, iddia müddətinin axımı 04 fevral 2022-ci il tarixdə başlanmışdır. Göstərilən hal mülki işin mübahisəsiz halıdır. İddiaçı mübahisə üzrə 09 iyun 2023-cü il tarixdə mediasiya prosesini başlatmış, 10 iyul 2023-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticə etibarilə, iddiaçı əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən X4 Xidmətinə müraciətlərin edilməsi iddia müddətinin dayandırılmasına münasibətdə hər hansı hüquqi əsası yaratmır və hüquqi nəticəyə səbəb olmur. İddia tələbinin digər hissəsi olan 2000 manat mənəvi zərərin ödənilməsi də əmək münasibətlərindən əmələ gələn mübahisə olduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 illik tələb etmə müddəti bu hissəyə də aid olmalıdır. Nəzərə almaq lazımdır ki, tələbin əsasında mənəvi zərərin ödənilməsinə görə pul ödənilməsi olsa da, mahiyyəti etibarilə mübahisə mülki hüquq münasibətlərindən deyil, sahəvi əmək münasibətlərindən doğmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmamış, işdən azad edilmə barədə əmr ona təqdim edilməmişdir. Belə olan halda, iddia müddətinin axımı müqaviləyə xitam verildiyi tarixdən deyil, onun hüquqlarının pozulduğunu bildiyi andan hesablanmalıdır. Bundan əlavə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində qeyd olunduğu kimi mənəvi dəymiş ziyana müddət şamil olunmur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 42. Əmək müqaviləsinin tərəfləri
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir; Maddə 43. Əmək müqaviləsinin məzmunu
1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir;
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: c) işçinin iş yeri, vəzifəsi (peşəsi); e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti; Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir;
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; Maddə 294.
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır;
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır; Maddə 296.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
17. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı işə götürən cavabdehlə əmək münasibətlərində olmuş, daha sonra bu münasibətlərə xitam verilmişdir. İşdən görünür ki, 2022-ci il fevral ayında iddiaçının cavabdehlə əmək münasibətlərinə faktiki olaraq xitam verilmişdir.
18. İddiaçı şikayətində dəlil olaraq onu göstərir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmamış, işdən azad edilmə barədə əmr ona təqdim edilməmişdir.
19. Məhkəmə kollegiyası bu dəlillə razılaşmayaraq qeyd edir ki, iddiaçının əmək münasibətlərinə faktiki xitam verildiyi vaxtın 2022-ci il fevral ayı olması mübahisəsizdir və iddiaçının hüquqlarının pozulmasını bilməli olduğu vaxt da normal olaraq həmin vaxtdır. İddiaçı özü də iddia ərizəsində aylıq əmək haqqının ödənilmədiyi üçün aralarında olan münasibətlərin pozulmasını və işdən ayrıldığını bildirmişdir.
20. Belə olan halda birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddəti tətbiq etməkdə haqlı olmuşdur.
21. İddiaçı mənəvi zərərlə bağlı tələbini də iddiaçının yol verdiyi qanunsuz hərəkətlərin mövcudluğu ilə, bu hissədə şikayətinin dəlillərini isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində əsasən mənəvi dəymiş ziyana müddət şamil olunmamalı olması ilə əsaslandırmışdır.
22. Əvvəla, iddiaçının istinad etdiyi maddəyə əsasən, yalnız işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Digər tərəfdən mənəvi zərərin ödənilməsi o halda mümkün olardı ki, bu zərərin asılı olduğu əsas tələb təmin olunsun.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, e-2(004)- 3689/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, e-2(004)- 3689/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev