Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6125/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlaklara istifadə və sahiblik hüququnun tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(005)-1052/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu, Salyan şosesi 14/2 km ünvanda inşa olunmuş 4 mərtəbə və mansarddan ibarət yaşayış sahələrinin, 9 mərtəbə mansarddan, zirzəmidayanacaq ehtiva edilən yaşayış sahələrindən ibarət tikililərə istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(005)- 1052/2021 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi (vəkili) kimi X3 apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, vəkil X3 İddiaçı nümayəndəsi kimi apellyasiya şikayətini imzalanmış, lakin apellyasiya şikayətinə müvafiq səlahiyyəti təsdiq edən etibarnamə əlavə olunmamışdır. İşdə olan (iş vərəq 8) 21 fevral 2020-ci il tarixli etibarnamənin müddəti isə 21 fevral 2021-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 365.1 və 365.1.1-ci maddəsinin tələbinə görə etibarnaməyə xitam verilməsinin əsaslarından biri də onun müddətinin bitməsidir. Qeyd edilməlidir ki, X2 vəkil olması özü-özlüyündə apellyasiya şikayətini imzalamaq səlahiyyətini ehtiva etmir. Bunun üçün hüquqlarını təmsil etdiyi şəxs tərəfindən müvafiq səlahiyyətin verilməsinə dair etibarnamə mövcud olmalıdır. Belə ki, MPM-in 68.3-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 74.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, .... məhkəmə aktından şikayət verilməsi …. ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndəsi və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Göründüyü kimi, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi bu halı nəzərdən qaçırmış, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilməsini yoxlamamışdır. Halbuki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətdə onu verən şəxsin ünvanı göstərilməmişdir. Halbuki, MPM-nin 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti göstərilməlidir. Apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin (yaxud olduğu yerin) göstərilməsi, həmçinin məhkəmə sənədlərinin (bildirişlər və s.) lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları yoxlamamış, ona əsaslandırılmış qərardadla münasibət bildirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətlərin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlaklara istifadə və sahiblik hüququnun tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(005)-1052/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6125/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6125/2021
31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver