Məhkəmə qərarları › İş №2(103)-8583/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8583/2021

21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8583/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1557/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" X1rşı “əsassız olaraq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 794,25 manat vergi məbləğinin və nəzərə alınmamış 666,75 manat beh məbləğinin, 3.000 manat maddi və mənəvi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 31.07.2019-cu il tarixdə cavabdeh tərəfindən keçirilən açıq hərracda iştirak edərək X2 məxsus olmuş Zaqatala rayonu, Dardoqqaz kəndində yerləşən 0,15 ha torpaq sahəsini və fərdi yaşayış evini satın almışdır. Hərracda iştirak etmək üçün ilkin olaraq 666,75 manat məbləğində beh ödəmişdir. Əmlak 13.335 manata satışa çıxarılmış və həmin qiymətə onun tərəfindən alınmışdır. Ödənilən beh əmlakın alqı-satqısı zamanı 13.335 manat puldan çıxılmamışdır. Bundan əlavə 794,25 manat əmlak vergisi əlavə olaraq ondan alınmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1557/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əsassız olaraq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair” iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1557/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir. Hərracın keçirilməsində iştirakçı olmaq üçün tərəfindən ilkin olaraq 666,75 manat beh ödənilmiş və cavabdeh təşkilata aid olan kassa mədaxil orderinin 074532 saylı qəbzi tərəfindən alınmışdır. Əmlakın alqı-satqısı zamanı həmin beh məbləği qanunvericiliyin tələbinə əsasən ödənilməli olan 13.335 manatdan çıxılmalı idi. Lakin cavabdeh təşkilat tərəfindən həmin beh məbləği hesablanmamış, həmin vəsaiti təkrar olaraq ödəməyə məcbur etmişlər. Belə ki, əlində olan "xxxx" QSC-nin 29.08.2019-cu il tarixli ödəniş qəbzlərindəndə görünür ki, tərəfindən 666,75 manat günün məzənnəsinə uyğun olaraq 391,63 ABŞ dolları beh hərrac mərkəzinə ödənilmiş və həmin bankın 01.08.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, əmlakın yerdə qalan 12.668,28 manat dəyəridə tam şəkildə ödənilmişdir. Qətnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.5-ci maddəsinə əsasən, əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Bu isə öz növbəsində məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmamasının, işə birtərəfli yanaşmasının göstəricisidir. Belə ki, Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər və həmin məcəllənin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Maddədədə qeyd edildiyi kimi, əmlakı təqdim edən yəni əmlakı satan tərəfindən sadələşdirilmiş vergi ödənilməlidir. Lakin, cavabdeh təşkilat tərəfindən ondan əsassız və qanunsuz olaraq 794,25 manat vergi hətta dövlət büdcəsinə deyil, cavabdeh təşkilatın öz hesabına ödənilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1557/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1557/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, Y -206 saylı, 31 iyul 2019-cu il tarixli Hərracın nəticələri haqqında Protokolun kserosurətindən görünür ki, X2 məxsus olmuş Zaqatala rayonu, Dardoqqaz kəndində yerləşən 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 13,335 manat qiymətinə İddiaçı satılmışdır. İş materiallarında olan, 074532 saylı, 31 iyul 2019-cu il tarixli Kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Y -206 saylı, 31 iyul 2019-cu il tarixli Hərracın nəticələri haqqında Protokol üzrə "xxxx" MMC-nin hesabına 666,75 manat pul ödənilmişdir. İş materiallarında olan, GST № 260651 saylı, 23 sentyabr 2019-cu il tarixli Kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 794,25 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Həmin Məcəllənin 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olduğundan təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı apelyasiya şikayətində cavabdeh "xxxx" MMC-nin hesabına ödədiyi 666,75 manat məbləğində behin əsas məbləğə hesablanmadığını, habelə cavabdehə 794,25 manat məbləğində vergi ödədiyini göstərsə də qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu, yəni 666,75 manat məbləğində pulu beh kimi ödədiyini, 794,25 manat məbləğində pulun isə məhz əmlak yaxud torpaq vergisi olduğunu təsdiq edən sübutu apelyasiya şikayətinə əlavə etməmiş, apelyasiya məhkəməsində iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Bundan başqa iddiaçı Sadət Musayeva birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1557/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1557/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar