Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1140/2024 03.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı notariat kontoruna qarşı iş üzrə Açar sözlər: tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə ödənilmiş vəsaitin qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı notariat kontoruna qarşı tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə ödənilmiş vəsaitin qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(013)-200/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu X6 prospekti, ev 83, mənzil 47 ünvanında yerləşən, sahəsi 42.10 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixində qeydiyyatdan keçmişdir;
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 83, mənzil 48 ünvanında yerləşən, sahəsi 29,60 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixində qeydiyyatdan keçmişdir.
3. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 onu Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarında, İcra Hakimiyyəti orqanlarında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, Fövqəladə Hallar Nazirliyində, Vergilər Nazirliyində və onun bütün idarələrində, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bütün fiziki və hüquqi şəxslər qarşısında , digər idarə, təşkilat və strukturlarda, Dövlət Arxivində təmsil etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, sənədləri almağı və təhvil verməyi, ərizə verməyi, imza etməyi, adından sorğular verməyi, sorğuların cavablarını almağı, hesabat hazırlamağı, o cümlədən Memarlıq və İnşaat işlərinə dair layihələrə imza atmağı və s. hərəkətlər etməyi etibar etmişdir.
4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli tapşırıq müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Vəkalət alan” Cavabdeh1 “Vəkalət verən”-in İddiaçı tapşırığına əsasən 2 ay ərzində vəkalət verənə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********16- 05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 42.10 kv.m və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin tərəfindən xx.xx.2021 tarixdə verilmiş **********16- 05101-093023 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv.m olan mənzillərin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsinə dair işlərin aparılması üzrə xidmət göstərilməsi ilə əlaqədar tapşırıq verir. Müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə vəkalət verən vəkalət alana 2 ay ərzində yuxarıda qeyd olunan mənzillərin təyinatının qeyriyaşayış sahəsinə keçirilməsi üzrə və işlərin aparılması ilə əlaqədar xidmətin göstərilməsi üçün muzd da daxil olmaqla, 60550 manat məbləğində pul verir. Müqavilənin 1.3-cü bəndinə əsasən vəkalət alan Cavabdeh1 yuxarıda qeyd olunan tapşırığa əsasən 2 ay ərzində muzd müqabilində xidmətlərin görülməsini öhdəsinə götürür;
5. 13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 83, yeni qaydalarla ünvan 5 ünvanında sahəsi 71,70 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixində qeydiyyatdan keçmişdir;
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 39 A ünvanında qeyri-yaşayış sahəsinə dair texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Tikilinin planına əsasən sahəsi 5 otaq nəzərə alınmaqla, 172,8 kv.m-dir;
7. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu X6 prospekti 39 A ünvanında qeyri-yaşayış sahəsi obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2022-ci il tarixinə bazar dəyəri 400000 manat təşkil edir;
8. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi tərəfindən təqdim edilən və İddiaçı ərizəsi əsasında təqdim edilən arayışın surətindən görünür ki, İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciəti əsasında toplanmış materialda heç bir cinayət tərkibi olmadığından toplanmış materialın 19-cu PŞ-nin dəftərxanasında işə tikilmiş, mülki mübahisənin həlli ilə bağlı tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Arayışda göstərilir: xx.xx.2022-ci il tarixdə Yasamal r. 2-ci alatava 4m ünvanda yaşayan İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-a ərizə ilə müraciət edərək, ünvan 10 ünvanda yerləşən 2 mənzilin qeyri yaşayış sahəsinə sənədləşdirilməsi üçün Cavabdeh1 ümumilikdə 70.550. manat pulu notarius vasitəsilə ödədiyini, ancaq sənədlərin hazır olduqdan sonra ala bilmədiyi ilə əlaqədar köməklik olunmasını xahiş etmişdir. Cavabdeh1 19-cu PS-a dəvət olunmuş, izahatı alınaraq araşdırma aparılan zaman yuxarıda göstərilən işlərin görüldükdən sonra danışıqlara əsasən əlavə pul ödənişinin olunmaması səbəbindən hazır sənədləri İddiaçı təqdim etmədiyini bildirmişdir. Faktla bağlı Cavabdeh1 Nəsimi rayon prokurorluğuna etdiyi müraciət də materiala əlavə olunmuşdur;
9. İddiaçı Bahadur oğlu Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi Rəşad Əhmədzadəyə yazılan izahatında göstərir ki: Cavabdeh1 təxminən 1 il olar ki tanıyır. ünvan 10 ünvanda yerləşən 29.60 və 42.10 kv.m sahəsi olan mənzillərin qeyri-yaşayış sahəsi olması üçün və əlavə olaraq mövcud olan 102 kv.m sahənin özəlləşdirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 notariusda 60550 manat və əlavə olaraq 10000 manat əlbəəl pul vermişdir. Ancaq Aqil göstərilən işlə bağlı işi sona çatdırmamış və özünün ona ödədiyi 70550 manat pul vəsaitini mənimsəmişdir. Xahiş edir ki, sənədlərinin həmin şəxsdən alınıb qaytarılmasına köməklik göstərilsin;
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ünvan 11 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Cavabdeh1 adına Bakı şəhəri 11 saylı notariat ofisində tapşırıq müqaviləsi rəsmiləşdirilmişdir;
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən ünvan 11 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir;
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ünvan 11 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, dövlət reyestrində Cavabdeh1 hər hansı hüquqi şəxsin təsisçisi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyil.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı notariat kontoruna qarşı iddia ərizəsi, sonuncu dəfə isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında digər cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xususi notariusu İlqar Məmmədov tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ümumilikdə 70550 manatın və dövlət rüsumu olaraq ödənilmiş 315 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə, həmçinin Cavabdeh1 əməlində cinayət tərkibinin (dələduzluq) olmasının nəzərə alınaraq onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
14. İddia İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun etibarından sui-istifadə edərək, iddia ərizəsində üçüncü tərəf kimi qeyd etdiyi Bakı şəhəri 11 saylı notariat kontorunun rəisi İlqar Məmmədovun iştirakı ilə ona məxsus 60550 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq pr. 200/36 ünvanında yerləşən 11 saylı notariat kontorunda, daha sonra isə qısa müddət ərzində 10000 manat, ümumilikdə 70550 manat pul vəsaitini ona məxsus ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv.m olan və ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 42.10 kv m olan hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29.60 kv+42.10 kv.m) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyriyaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, AR ƏMDK yanında DƏDRX-da qeydiyyata alınaraq ümumilikdə 174 kv.m olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun iddiaçı X1 adına mülkiyyətdən çıxarışın verilməsini vəd edərək, ona məxsus 70550 manat pul vəsaitini mənimsəmişdir. Cavabdeh tərəf dələduzluq niyyətlərinin qanuni müstəvidə cinayət xarakterli əməl kimi tövsif olunmaması üçün Bakı şəhəri 11 saylı notariat kontorunun rəisi İlqar Məmmədovun iştirakı ilə onu aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda tapşırıq müqaviləsi adında sənədə imza etdirib, vədinə əməl etdirmək məqsədilə 60550 manat pulunu mənimsəmişdir. Həmin vaxt notariat kontoru ümumilikdə xidmət haqqı olaraq 400 ABŞ dolları vəsait alaraq dövlət rüsumu adı ilə onun saf niyyətindən sui-istifadə etmişlər. Cavabdeh1 qısa müddət sonra sənədinin hazır olduğunu va əlavə 10000 manat vəsaitin gərəkli olduğunu qeyd edərək 2022-ci ilin fevral ayında 10000 manat vəsaiti Yasamal rayon ərazisində yerləşən Nəlbəki restoranında ondan alaraq mənimsəmiş, vədinə tam şəkildə əməl etməmişdir. Cavabdeh1 hiyləgər və dələduzluq niyyətini mülki müstəviyə daşımaq və cinayət məsuliyyətindən yayınmaq məqsədilə notariat kontorundakı səlahiyyətlinin köməkliyi ilə tapşırıq müqaviləsi imzalatmışlar. Cavabdehlə aralarında onun istifadəsində olan telefon nömrəsi vasitəsilə “Whatsapp” yazışması və səsli mesajlarda Cavabdeh1 vəd etdiyi ona məxsus ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv m olan və ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 42.10 kv m olan yaşayış sahəsini qeyri-yaşayış sahəsi ilə əvəz edilməsi, həmçinin hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29.60 kv+42.10 kv.m) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyri-yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq ümumilikdə 174 kv.m olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun İddiaçı adına mülkiyyətdən çıxarışın verilməsinə dair faktlar onun dələduzluq əməlini sübuta yetirir. Cavabdeh1 ona vəd etdiyi 174 kv.m deyil, elə hər iki mənzilin toplam 71.70 kv.m uyğun sahəyə dair mülkiyyətdən çıxarış almağın real olmasından istifadə edərək ümumilikdə 70550 manat pul vəsaitini mənimsəmişdir.
15. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, tərəflər arasında mübahisə predmeti olan Bakı şəhəri Nərimanov rayonu F.Xoyski prospekti, 83 saylı evin, 47 və 48 saylı mənzillərinin və əlavə 102 kv.m torpaq sahəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsi və bu barədə özəlləşdirmə ilə bağlı sənədləşdirmənin aparılması üçün razılıq olmuşdur. İddiaçı tərəfindən də, həmin razılaşmaya görə cavabdehə ödəniş edilmişdir. İddia tələbini qəbul etmir, çünki cavabdeh müqavilə üzrə götürülən öhdəliyi tam olaraq icra etmişdir. İddiaçının iş matariallarında olan polisə şikayəti onun tərəfindən iddiaçıya təqdim edilməyən sənədlərlə bağlı olmuşdur. Həmin vaxt görünür ki, aralarında pul mübahisəsi olmamışdır. Əgər iddiaçı cavabdehin ona qarşı dələduzluq əməlindən şübhələnmişdirsə, polisə ona çatmalı olan sənədlərlə bağlı yox, sırf məruz qaldığı dələduzluq halı ilə şikayət edərdi. Tərəflər arasındakı müqavilə notarial qaydada, tərəflərin sərbəst iradə ifadəsi nəticəsində bağlanmışdır. Mübahisənin hazırkı xarakteri və tərəflər arasında olan gərginliyin müddəti nəzərə alınarsa, iddiaçının cavabdehə verdiyi etibarnamənin ləğv edilməsi üçün kifayət qədər vaxtı olmuşdur. Lakin həmin etibarnamə ləğv edilməmişdir. Çünki, əlində qeyriyaşayış sahəsi ilə bağlı texniki pasport var. Tərəflər aralarında bağlanmış müqavilə var. Cavabdeh1 tərəfindən müqavilənin şərtlərinə əməl olunub. Bundan başqa cavabdeh gedib iddiaçını axtarıb tapmayıb, iddiaçıya göstərəcəyi xidmətlə bağlı hər hansı təkliflər verməyibdir ki, bugünkü gün cavabdehin əməli ilə bağlı dələduzluqdan söhbət getsin. İddiaçı özü cavabdehi tapıb. Belə ki, Cavabdeh1 ixtisasca memardır və memar işləri ilə məşğuldur. Şəhərdə hündürmərtəbəli binaları layihələndirilməsi ilə məşğuldur. Bundan başqa həmin mənzillər qiymətləndirici şirkət tərəfindən 400000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh artıq tapşırıq müqaviləsini icra etmişdir. Bu barədə Texniki pasport və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim edir. Mübahisənin bu yerə çatmasının səbəbi odur ki, iddiaçı görülmüş işlərə görə cavabdehə pul borcu qalmışdır. Cavabdeh1 bunun əvəzi kimi hazır sənədlərin əslini iddiaçıya onun pulunu verdikdən sonra verə biləcəyini bildirmişdir. İddiaçı bununla bağlı müvafiq hüquq mühafizə orqanlarına şikayət etmiş, orada tərəflərin izahatı alınmışdır. Sübutlar: xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 onu Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarında, İcra Hakimiyyəti orqanlarında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, Fövqəladə Hallar Nazirliyində, Vergilər Nazirliyində və onun bütün idarələrində, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bütün fiziki və hüquqi şəxslər qarşısında , digər idarə, təşkilat və strukturlarda, Dövlət Arxivində təmsil etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, sənədləri almağı və təhvil verməyi, ərizə verməyi, imza etməyi, adından sorğular verməyi, sorğuların cavablarını almağı, hesabat hazırlamağı, o cümlədən Memarlıq və İnşaat işlərinə dair layihələrə imza atmağı və.s hərəkətlər etməyi etibar etmişdir. Beləliklə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün yuxarıda qeyd edilmiş hər hansı şərt işin halları ilə müəyyən edilmir. Bundan başqa iddiaçı tərəf cavabdehin özünü bu işin mütəxəssisi kimi təqdim etməsi nəticəsində yanılmanın təsiri altında əqd bağlaması barədə dəlilləri də işin halları ilə sübut olunmur. Ona görə ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətləri mübahisələndirilən tapşırıq müqaviləsinin bağlanması üçün vacib əhəmiyyət daşımamışdır. Qeyd edilən tapşırıq müqaviləsi üzrə istənilən şəxs müqavilənin subyekti kimi çıxış edə bilər və vəkalət almaqla həmin xidmətləri göstərə bilərdi. Yəni, bağlanmış tapşırıq müqaviləsinin məzmunu spesifik xarakter daşımamış və xidmətin göstərilməsi üçün xüsusi bilik tələb olunmamışdır. Eyni zamanda həm bu müqaviləyə qədər, həm müqavilədən sonra da tərəflərin oxşar hüquq münasibətlərində olması barədə cavabdehin dəlilləri də iddiaçı tərəfdən mübahisələndirilməmiş və bu hal məhkəmədə işin mübahisəsiz halı qənaəti formalaşdırmışdır. Bu səbəbdən də iddiaçının kontragentin şəxsiyyəti barədə yanılması barədə dəlilləri əsassızdır.
16. Ağdam Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(013)-200/2024 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı onunla Cavabdeh1 arasında cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin xususi notariusu İlqar Məmmədov tərəfindən rəsmiləşdirilmiş 25 yanvar 2022-ci il tarixli tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 70550 manat və dövlət rüsumu olaraq ödənilmiş 315 manat pul vəsaitinin tutularaq ona verilməsi, Cavabdeh1 əməlində cinayət tərkibinin (dələduzluq əməlinin) olmasının nəzərə alınaraq sonuncunun barəsində xüsusi qərardad qəbul edilib aidiyyəti üzrə Binəqədi Rayon Prokurorluğuna göndərilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 390.1, 421.1, 421.2, 423.1 və 423.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehlə aralarındakı whatsapp sosial şəbəkə yazışmaları və səsli mesajlarla sübut olunur ki, sonuncu ona vəd etdiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, ev 83-də yerləşən 29.60 kv.m və 42.10 kv m olan yaşayış sahələrini qeyri- yaşayış sahəsi ilə əvəz edilməsi, həmçinin hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29.60 kv+42.10 kv.m) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyri-yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq ümumilikdə 174 kv.m olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun çıxarışın verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 ona vəd etdiyi 174 kv.m deyil, elə hər iki mənzilin toplam 71.70 kv m uyğun sahəyə dair mülkiyyətdən çıxarış almağın real olmasından istifadə edərək onun ümumilikdə 70550 manat vəsaitini mənimsəmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini qeyd edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdeh özünü memar kimi təqdim edərək, iddiaçıya layihə çəkiləcəyini, əmsala uyğun olaraq hesablanacağını, sənədləşmə işləri aparılaraq çıxarış və müvafiq sənədlər veriləcəyini vəd etmişdir. Lakin, cavabdehin həmin müqavilə ilə hər hansı rəsmi fəaliyyəti qeydə alınmamışdır. İddiaçının mülkiyyətində olan daşınmaz əmlak yaşayış sahəsi olub, iddiaçı həmin əmlakın qeyri-yaşayış sahəsinə keçirilməsi işlərini cavabdehə həvalə edib, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Belə ki, yaşayış sahəsinin qarşısında əlavə sahə olub, cavabdeh həmin sahənin iddiaçının sahəsinə əlavə ediləcəyinə söz versə də, buna əməl etməyib. Cavabdeh iddiaçıya deyib ki, icra hakimiyyətinin, dövlət reyestr xidmətinin əməkdaşları ilə müştərək işlər görməklə məşğul olur. İddiaçı sənədləşmə işlərini bilmədiyi üçün cavabdehə inanaraq həmin işlərin görülməsini ona tapşırmışdır. İddiaçının öz mülkiyyətinə daxil etmək istədiyi sahəyə dair adına sənəd möcvud olmamışdır. Bu səbəbdən də həmin sahənin iddiaçıya veriləcək çıxarışa daxil edilməsi mümkün olmamışdır. Cavabdeh bütün işləri iddiaçının adından görmüşdür.
22. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı öz adından bütün sənədləşmə işlərinin aparılması üçün cavabdehə etibarnamə vermişdir. İş üzrə tərəflər öz iradəsi ilə tapşırıq müqaviləsi bağlamışlar və cavabdeh tapşırıq müqaviləsi üzrə öhdəliklərini tam şəkildə icra etmiş, iddiaçının bir sıra sənədləşmə işlərini onun adından həyata keçirtmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdeh Bakı şəhərində MTK-larla tikinti işlərinə dair müqavilə bağlayır, xidmətlər göstərir. Cavabdeh iddiaçının sənədləşmə işlərini həyata keçirərkən dövlət orqanlarına hansı məbləğdə dövlət rüsumu ödəməsi barədə məlumatı yoxdur.
23. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etmədiyini qeyd edərək izahatında bildirmişdir ki, tərəflər arasındakı mübahisənin səbəbi sənədlərin geri istənilməsidir. Tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam ödənilməmişdir. İddiaçının başqa sənədləridə əvvəllər cavabdeh tərəfindən hazırlanmışdır. Cavabdeh iddiaçı ilə müqavilə bağlayıb və onun adına etibarnamə verilib. Cavabdehdə də öz növbəsində iddiaçıya məxsus əmlakları yaşayış yerindən qeyri-yaşayış təyinatına çevirmək üçün bütün rəsmi qurumlara müraciət edib. Tərəflər arasında tapşırıq müqaviləsi olub cavabdeh də müqavilə üzrə öhdəliyini icra etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) və cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
31. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
32. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
33. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
34. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
35. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Cavabdeh1 2 ay ərzində ünvan 16 ünvanında yerləşən, ümumi sahəsi 42.10 kv.m və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv.m olan mənzillərin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsinə dair işlərin aparılması üzrə xidmət göstərilməsi ilə əlaqədar tapşırıq almış, qeyd olunan mənzillərin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsi üzrə və işlərin aparılması ilə əlaqədar xidmətin göstərilməsi üçün muzd da daxil olmaqla cavabdehə 60550 manat məbləğində pul verilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, Cavabdeh1 ona münasibətdə dələduzluq etmiş, 70550 manat məbləğində pulu mənimsəmiş, lakin tələb olunan işi görməmiş və xidmətləri göstərməmişdir. Belə ki, əslində Cavabdeh1 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 42.10 kv.m və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv.m olan mənzilləri birləşdirməklə, həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyri yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, ümumilikdə 174 kv.m olan tikiliyə qeyriyaşayış təyinatına uyğun iddiaçı X1 adına mülkiyyətdən çıxarışın verilməsini vəd etmiş, lakin işini təhvil verməmişdir.
47. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
48. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
49. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
50. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
51. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
52. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir.
53. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
54. Tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin məzmunundan görünür ki, vəkalət alan müqavilədə göstərilən mənzillərin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı işlərin aparılması üzrə xidmətlərin görülməsini muzd müqabilində öhdəsinə götürmüşdür. İş materiallarındakı sənədlərdən də göründüyü kimi müqavilədə göstərilən tapşırıq artıq cavabdeh tərəfindən icra edilmişdir.
55. Vəkalət verənin aldadılması ilə bağlı istinad etdiyi hallara dair iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Halbuki, iddiaçı cavabdehin onun etibarından sui-istifadə edərək dələduzluq cinayətini törətdiyini bildirir və bunu onunla əsaslandırır ki, layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə, yəni ümumilikdə 174 kv.m olan tikiliyə qeyriyaşayış təyinatına uyğun onun adına çıxarışın alınmasına vəd verilsə də, cavabdeh bunu etməyərək onu aldatmışdır.
56. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu arqumentlərinə münasibətdə qeyd edir ki, 102 kv.m sahənin də qeyri yaşayış sahəsinə daxil olması ilə bağlı tərəflər arasında razılığın olması aralarında bağlanmış müqvilədən müəyyən olunmur. Bundan başqa, cavabdehin özünü iş mütəxəssisi kimi təqdim etməsi nəticəsində yanılmanın təsiri altında əqd bağlaması barədə dəlilləri də işin halları ilə sübut olunmur. Belə ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətləri mübahisələndirilən tapşırıq müqaviləsinin bağlanması üçün vacib əhəmiyyət daşımamışdır. Çünki, qeyd edilən tapşırıq müqaviləsi üzrə istənilən şəxs müqavilənin subyekti kimi çıxış edə bilər və vəkalət almaqla həmin xidmətləri göstərə bilərdi. Yəni bağlanmış tapşırıq müqaviləsinin məzmunu spesifik xarakter daşımamış və xidmətin göstərilməsi üçün xüsusi bilik tələb olunmamışdır.
57. Nəzərdən qaçırmaq olmaz ki, həm müqaviləyə qədər, həm müqavilədən sonra da tərəflərin oxşar hüquq münasibətlərində olması barədə cavabdehin dəlilləri də iddiaçı tərəfdən mübahisələndirilməmiş və bu hal məhkəmədə işin mübahisəsiz halı kimi qənaət formalaşdırmışdır. Bu səbəbdən də iddiaçının kontragentin şəxsiyyəti barədə yanılması barədə dəlilləri əsaslı deyildir. Odur ki, qeyd edilən xüsusatlar tərəflərin müqavilə bağlamaq iradəsini, əqdin şərtlərini qəbul etdiklərini və onun mahiyyətilə razılaşdıqlarını təsdiq edir.
58. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisələndirilən tapşırıq müqaviləsinin eibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur, müqavilə mülki qanunvericiliyin tələbləri, habelə tərəflərin sərbəst iradə ifadələri əsasında arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə bağlanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları və təqdim etdikləri sübutlarla müəyyən olunduğundan əqdin etibarsız hesab edilməsi yolverilməzdir. Kollegiya həmçinin göstərir ki, tapşırıq müqaviləsi (əqd) etibarsız hesab edilmədiyindən həmin müqavilə üzrə ödənilmiş vəsaitin qaytarılması hissədə də iddia tələbi təmin edilə bilməz.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(013)-200/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.