Məhkəmə qərarları › İş №2(106)-1118/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1118/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1118/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, X13 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-428/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqları – 10 dekabr 2012-ci il təvəllüdlü X4 və 03 avqust 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat, cəmi 470 manat olmaqla sabit pul məbləğində aliment mediasiyaya müraciət edilən vaxtdan - 17 yanvar 2024-cü il tarixdən tutulması və 60 manat mediasiya rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə 05 aprel 2024-cü il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə göndərərək hazırda cavabdehlə boşanmaq fikrində olduğunu, aliment tələbi ilə yanaşı cavabdehlə aralarında bağlanmış 13 avqust 2012-ci il tarixli nikahın pozulmasını, birgə nikahlarından doğulmuş uşaqların onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsinə dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz əlavə etmişdir. Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-428/2024 saylı qətnaməsi ilə (hakim Samir Quliyev) iddia qismən təmin edilərək Cavabdeh uşaqları – 10 dekabr 2012-ci il təvəllüdlü X4 və 03 avqust 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2 uşağa görə cavabdehdən qazancın (və ya) başqa gəlirlərin üçdə bir hissəsi və hər ay, hər bir uşağa görə 93 (doxsan üç) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Təhməzova (Muradova) Xatirə İltifat qızına ödənilməsi, alimentin hesablanması və ödənilməsinin 07 mart 2024-cü il tarixdən etibarən həyata keçirilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməni qismən ləgv edib, 10 dekabr 2012ci il təvəllüdlü X4 və 03 avqust 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment məbləğini Cavabdeh tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 avqust 2012-ci il tarixdə Neftçala rayon qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 10 dekabr 2012-ci il təvəllüdlü X6 və 03 avqust 2015-ci il təvəllüdlü X12 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh onu və uşaqlarını saxlamaqdan imtina edir, ailəyə heç bir maddi yardım etmir. Ona görə də, cavabdehə qarşı aliment tələbi qaldırmaq məcburiyyətində qalmış və azyaşlı uşaqların saxlanılmasını Cavabdeh təmin etməlidir. X1 iştirakı ilə mediasiya keçirilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmiş və 50 manat mediasiyaya rüsum ödənilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X16” MMC-də təmizlik işləri üzrə köməkçi işləməklə 345 manat məbləğində əmək haqqı alır. Əlavə olaraq ailəni normal vəziyyətdə saxlasa da, iddiaçı bununla qane olmamışdır. İddia tələbində qeyd olunan aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Onun maddi imkanı bundan artıq deyil. Uşaqlar iddiaçıda qaldığı təqdirdə, uşaqlar üçün aliment ödəməyə maddi imkanı olmayacaqdır. Məhkəmə onun bu günkü həyat şəraitini, onun başqa əmək fəaliyyət qabiliyyətinin olmamasını, əlavə gəlir yerinin olmamasını, təyin ediləcək aliment məbləğinin onun çətin vəziyyətə düşəcəyini, gələcəkdə aliment məbləği üzrə yığılan borcu ödəyə bilməyəcəyini, bunun nəticəsində məsuliyyətə cəlb ediləcəyini nəzərə almamışdır. Əlavə olaraq, himayəsində fəaliyyət qabiliyyəti olmayan yaşlı anası vardır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hər ay maaşının 1/3 hissəsi tutulur. Özünün həyat şəraiti çox pisdir və anası xəstədir. Alimentə etiraz etmir, lakin aliment müəyyən edilərkən maddi vəziyyəti nəzərə alınmalıdır. Hər ay iki uşağa görə 200 manatdan çox məbləğdə aliment ödəyə bilmir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o isə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-428/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş sorğudan görünür ki, İddiaçı Cavabdeh həyat yoldaşıdır. İş materiallarında olan “Şəxsiyyət vəsiqəsinin” surətlərindən görünür ki, X6 10 dekabr 2012-ci il tarixdə, X12 03 avqust 2015-ci il tarixdə anadan olmuşlar. “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, (İMS)-də müzakirə edilən mübahisənin predmeti aliment tələbi olmuş, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh “X16” MMC-də köməkçi vəzifəsində işləyir və əmək haqqı üzrə vəzifə maaşı 345 manat məbləğ təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə alimentin tutulması hissəsində yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. AM-in 139.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, yuxarıda qeyd edilənlər, eləcə də Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi halı nəzərə alınmaqla mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyinəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nefçala Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(053)-428/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar