Məhkəmə qərarları › İş №2(106)-1890/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1890/2023

20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1890/2023 20.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-21/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri nəticəsində mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş 15360 manat məbləğində maddi ziyanın, ödənilmiş 151 manat məbləğində dövlət rüsumunun və 500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci ildə idarə etdiyi “Audi A5” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə iddiaçının mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq iddiaçının avtomobilini zədələmiş, nəticədə cavabdeh TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla AR İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə olunmuş “avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısı” barədə mütəxəssis rəyindən göründüyü kimi, iddiaçının avtomobilinə 20360 manat məbləğində maddi ziyan dəymişdir. Üstəlik, həmin məbləğə elektrik xərcləri daxil deyil. Bu məbləğdən 5000 manat sığorta şirkəti tərəfindən qarşılanmışdır. Lakin avtomobilinin təmiri üçün lazım olan məbləğin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh iddiaçının avtomobilinə dəymiş maddi ziyanı ödəməkdən yayınır. Bu səbəbdən maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərlə də cavabdehin törətdiyi inzibati xəta nəticəsində iddiaçının avtomobilinin yararsız vəziyyətə düşməsi tam təsdiq olunur. Mütəxəssis rəyindən də göründüyü kimi, avtomobilinin təmir edilməsi üçün xeyli miqdarda pul vəsaiti lazımdır. Hesab edir ki, pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi təmin edilməlidir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-21/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus “Mersedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrəli nişanlı avtomobilə dəymiş zərərə görə 14310 manat pulun, ödənilmiş 151 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********000000 SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 2(032)-21/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsinin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, təqdim edilən sübutlara tam, məcmu halında qiymət verməmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd edir ki, “İş üzrə aparılmış olan ekspertiza tədqiqatlarının nəticəsi olaraq “Deluxe Pro”, “Auto Box” və “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş qüsur aktı və ekspert rəyləri əsasında “Mercedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər müəyyənləşdirilmişdir. Həmçinin qeyd edilən qüsur aktları və ekspert rəyləri arasında avtomobilə dəymiş zərərin təmir və bərpa xəcrləri arasında ziddiyyət mövcuddur”. Məhkəmə tərəfindən qeyd edilən qüsur aktlarındakı dəymiş zərərin təmir və bərpa xərcləri arasında ziddiyyətin nədən ibarət olması araşdırılmamışdır. Daha sonra, məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd edir ki, “Belə ki “Deluxe Pro” servis tərəfindən verilmiş olan qüsur aktı əsasında ekspertiza tərəfindən “Mercedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 16710 manat, “Auto Box” tərəfindən verilmiş olan qüsur aktı əsasında ekspertiza tərəfindən “Mercedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilin təmirbərpa xərci ümumilikdə 14310 manat, “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyindəki məlumatlar əsasında ekspert tərəfindən “Mercedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 14620 manat müəyyən edilmişdir. Məhkəmə, “Deluxe Pro” servisi tərəfindən verilmiş qüsur aktı əsasında ekspertiza tərəfindən “Mercedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci olaraq müəyyən edilmiş 16710 manat pula münasibətdə hesab edir ki, qeyd edilən qüsur aktı əsasında cavabdehdən pulun tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş ”DELUXE PRO” servis mərkəzinin vermiş olduğu məktubda servisin fəaliyyət istiqamətinin (fəaliyyət kodu 4520011) avtomobillərə cari xidmət göstərilməsindən ibarət olması aşkar edilir. Yəni qeyd edilən xidmətlə həmin servisin qiymətləndirmə fəallyyəti aparmaq səlahiyyətinə malik olmadığı aşkar olunur. Məhkəmə, “Auto Box” tərəfindən verilmiş olan qüsur aktı əsasında və “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyi əsasında “Mersedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilin təmirbərpa xərci olaraq müəyyən edilmiş xərcə münasibətdə isə hesab edir ki, “Auto Box” tərəfindən verilmiş olan qüsur aktı əsasında müəyyən edilmiş qiymət əsas götürülməlidir. Belə ki, “Auto Box” tərəfindən verilmiş olan qüsur aktı əsasında ekspertiza tərəfindən “Mersedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilin təmirbərpa xərci ümumilikdə 14310 manat, “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyindəki məlumatlar əsasında ekspertiza tərəfindən “Mersedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 14620 manat müəyyən edilmişdir və qiymətlər arasında fərq cüzidir. Həmçinin işin faktiki hallarından göründüyü kimi, avtomobilə dəymiş zərər üzrə ilkin olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 2558 saylı qiymətləndirmə aktı əsasında “Auto Box” tərəfindən aparılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Mersedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilin təmirbərpa xərci “Auto Box” tərəfindən verilmiş olan qüsur aktı əsas götürülməklə ekspertiza tərəfindən müəyyən edilmiş qiymət müəyyən edilməklə cavabdehdən tutulmalıdır”. Göründüyü kimi məhkəmə "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 2558 saylı ilkin qiymətləndirmə aktını avtomobilə dəymiş zərər üzrə əsas qiymətləndirmə aktı kimi qəbul etsə də, dəymiş zərərin məbləğini həmin qiymətləndirmə aktı əsasında müəyyən edilmiş məbləğ ilə deyil, həmin qüsur aktı əsas götürülməklə ekspertiza tərəfindən müəyyən edilmiş məbləğə əsasən iddianı qismən təmin etmişdir. Cavabdeh hesab edir ki, bu tamamilə əsassızdır. Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 2558 saylı ilkin qiymətləndirmə aktında həm dəymiş ziyanın həcmi, həm də dəymiş ziyanın real qiymətləri müəyyən edilmişdir. Bu məbləğ ehtiyat hissələrinin qiyməti 8890 manat, işçilik haqqı da 1110 manat olmaqla 10000 manat məbləğində müəyyən edilmişdir. Sığorta olunan-iddiaçı bu məbləğlə razılaşmış və heç bir etiraz bildirməmiş, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.6ci maddəsinə əsasən, müstəqil ekspertin təyin edilməsini tələb etməmiş və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etməmişdir. İddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş məbləğlə və zədələnmiş hissələrin həcmi ilə razılaşmış, nəinki Mərkəzi Banka və ya məhkəməyə, heç sığortaçıya da bu barədə etirazı ilə bağlı müraciət etməmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli, 2(032)-1387/2023 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “2014-cü il buraxılış ili olan “Mersedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın həcmi və dəymiş ziyanın real bazar qiyməti (ehtiyat hissələri və həmin hissələrin bərpasına sərf olunan əmək daxil olmaqla) müəyyənləşdirilsin”. Ekspert xx.xx.2023-cü il tarixli rəyində yuxarıda qeyd edilən 3 qüsur aktı üzrə qiymət müəyyən etmişdir. Lakin ekspert tərəfindən qiymətləndirmənin hansı metodlara uyğun aparıldığı məlum deyildir. Rəydə qeyd edilən qiymətlərin haradan götürüldüyü, konkret olaraq qiymətlərin hansı mənbədən götürüldüyü məlum deyildir. Rəydə tədqiqat üsullarının elmi əsaslılığı qeyd edilməmişdir. Bundan əlavə, rəydə Bakı şəhəri avto-hissələrin satış bazarında və Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunduğu bildirilsə də, konkret hansı ehtiyat hissəsinin qiymətinin hansı mağazadan götürüldüyü əsaslandırılmamışdır. Məhkəmə iclasında ekspert dindirilən zaman da ona bu barədə sual verildikdə qiymətlərin EM-də illərlə toplanan qiymətlərə istinad edildiyini bildirmişdir. Cavabdeh hesab edir ki, bu halda ekspert rəyi əsaslı və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərdən əlavə, məhkəmə iddia tələbini qismən təmin edərək “Mersedes Benz E 220 CDİ” markalı, **-VZ- *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləğini 14310 manat müəyyən edərkən iddiaçının nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq icbari sığortaya görə artıq 5000 manat məbləğində sığorta haqqını aldığını nəzərə almamışdır. Əgər nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ümumi olaraq 14310 manat kimi qiymətləndirilmişdirsə, onda sığorta şirkəti tərəfindən ödənilən həmin məbləğ nəzərə alınmaqla qətnamə çıxarılmalı idi. Bundan əlavə, məhkəmə iddianın təmin hissəsində dövlət rüsumu ilə bağlı hissədə də yanlışlığa yol vermişdir. Belə ki, iddia tələbi 16011 manat (15360 manat+151 manat+500 manat=16011 manat) məbləğində olmaqla, 10000 manatdan 100000 manatadək olan qiymətləndirilən iddia olduğundan ödənilməli dövlət rüsumu 138,03 manat təşkil etməli idi, lakin iddiaçı dövlət rüsumunu artıq ödəmişdir. Həmçinin iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu da həmin məbləğə uyğun olaraq cavabdehdən tutulmalı idi. İddiaçı nəqliyyat vasitəsinin təmiri üçün çəkdiyi real xərcin məbləğini və onun ödənilməsini təsdiq edən rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Halbuki, DYP-yə verilmiş vəkil sorğusuna əsasən mübahisəli nəqliyyat vasitəsinin sürücüsü barəsində AR İXM-nin 346.1-ci maddəsi ilə (Dayanma və ya durma qaydalarını pozmağa görə) yol hərəkəti qaydalarının pozulması ilə bağlı xx.xx.2023 tarixində EQ 15215702 saylı və xx.xx.2023-cü il tarixində EQ ********* saylı inzibati protokollar tərtib edilmişdir. Bu da onu göstərir ki, nəqliyyat vasitəsi təmir edilib və istismar edilir. İddiaçı nəqliyyat vasitəsini istismar etdiyindən deməli təmir edilib və bunun üçün hər hansı məbləğ ödənilib. İddiaçı real zərərin məbləğini məhkəməyə təqdim etməməklə əsassız olaraq varlanmaq niyyətdindədir və məhkəmə qətnaməsi bu halda qüvvədə qaldığı təqdirdə bu niyyətini həyata keçirəcək. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamışdır. Belə ki, məhkəmənin qarışıq və əsaslandırılmamış ekspertiza rəyinə istinad etməsi qəbul edilməzdir. İş ürə mütəxəssis rəyi də var. Məhkəmə bu rəyə də istinad edə bilərdi. Həmçinin iddiaçı nəqliyyat vasitəsinin təmiri üçün çəkdiyi real xərci təqdim etmədiyindən iddia tələbini tamamilə rədd etməli idi. Cavabdeh hesab edir ki, məhkəmənin mütəxəssis rəyinə deyil, əsaslandırılmamış ekspert rəyinə istinad etməsi qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğini ümumi olaraq 14310 manat kimi qiymətləndirsə də, sığorta şirkəti tərəfindən ödənilən 5000 manatı nəzərə almamış və nəticədə qətnamə qanuni qüvvəyə minən zaman cavabdehdən 14310 manat tutulacağı halda, nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 19310 manat təşkil edəcək. Bu məsələlər qətnamədə nəzərdə alınmalı idi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini xahiş etdiyini göstərsə də, apellyasiya şikayətinin dəlillərindən və mahiyyətindən, eləcə də, iddia tələbinin tam şəkildə rədd edilməsinə dair cavabdehin xahişindən aydın olur ki, bu hal texniki səhv kimi qiymətləndirilməlidir. Beləliklə də, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-21/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən dəyişdirilməlidir. İşdəki AD 842186 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220 CDİ minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. İşdəki xx.xx.2022-ci il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Audi A5 minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdır. İşdəki TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi ilə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin qərarla AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cavabdeh 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarının 11-ci və 12-ci vərəqlərində olan “Deluxe Pro” tərəfindən verilmiş “Avtomobilin təmiri üçün tələb olunan xərclərin siyahısı”ndan görünür ki, “Mercedes Benz E-class” markalı nəqliyyat vasitəsinin təmirinə cəmi 20360 manat xərc tələb olunur. İşdəki Məhkəmə Ekspertizası Mərkəzinin 9/7000 saylı, 12 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 19010 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 13710 manat; təmir-bərpa işlərinin qiyməti 5300 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşdəki Sifarişçi “Kredo” Vəkil Bürosunun sifarişi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 22 noyabr 2022-ci il tarixli, 211 saylı ekspert rəyində qeyd edilmişdir ki, **-VZ-*** dövlət nömrə nişanlı, “Mercedes Benz E220 CDİ” minik markalı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsinin təmir prosesində əvəz olunmalı hissələrinin və təmir-xidmət işlərinin bazar dəyəri 9420 manat müəyyən edilmişdir. İşdəki “AutoBox” Avtomobil Xidmətləri tərəfindən "xxxx" ASC üçün verilmiş 2558 nömrəli, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, **-VZ-*** dövlət nömrə nişanlı, “Mercedes Benz E220” markalı nəqliyyat vasitəsinin təmiri üçün 1100 manat, ehtiyat hissələri üçün 8890 manat, ümumilikdə 10000 manat tələb olunur. İşdəki "xxxx" ASC-nin PXA115361 seriya nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsinə görə “Mercedes Benz” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişi İddiaçı ödənilməlidir. İşdəki Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 9/9453 nömrəli, 03 may 2023-cü il tarixli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilir: 1) Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 16710 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 13710 manat, təmir-bərpa işlərinin qiyməti 3000 manat. 2) Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Auto Box” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 14310 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 11310 manat, təmir-bərpa işlərinin qiyməti 3000 manat. 3) Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **- VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 14620 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 11620 manat, təmir-bərpa işlərinin qiyməti 3000 manat. Məhkəmə Ekspertizası Mərkəzinin 9/9453 nömrəli, 03 may 2023-cü il tarixli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki Bakı şəhəri Sabunçu RPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN BDYPİ-nin mərkəzi informasiya sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən törədilmiş yol hərəkət qayda pozuntuları ilə bağlı barəsində AR İXM-nin 346.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə EQ15215702 saylı və xx.xx.2023-cü il tarixdə EQ15756490 saylı inzibati protokollar tərtib olunmuşdur. İşdəki 15 sentyabr 2023-cü il tarixli, 2(032)-21/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsinin həmin iclasında dindirilən ekspert X2 bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardadı mərkəzə daxil olmuşdur. Avtomobilin zədələnmiş hissəsini ekspert təyin etmir, o, yalnız qüsur aktı nəticəsində dəymiş ziyanı müəyyən edir. Avtomobilin zədəli hissəsinə servislərdə baxılır və hər servisdə müxtəlif qiymət olur. Ekspert də orta qiyməti əsas götürür. Ehtiyat hissələri müxtəlif ölkələrdə istehsal olunduğu üçün qiymətləndə fərqlər yaranır. İddiaçının avtomobilinə məxsus Almaniyadan savayı, Çin və Tayvan istehsalı ehtiyat hissələri də mövcuddur. Qiymətlər qüsur aktının tarixinə uyğun olan vaxta görə verilir. Qiymətlər mağazalardan götürülmüş məlumatlara uyğun təyin edilir, qiymətlər araşdırılır, hansı uyğun olarsa, o götürülür. İşdəki xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərinin surətlərindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ümumilikdə 151 manat dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Audi A5 minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı idarə etdiyi və onun mülkiyyətində olan “Mercedes Benz E220 CDİ minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Hazırda işin mübahisəli halı vurulmuş zərərin məbləği və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği ilə bağlıdır. Birinci instansiya məhkəməsi İddiaçı məxsus “Mersedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrəli nişanlı avtomobilə dəymiş zərərin məbləğini 14310 manat müəyyən etmişdir. Belə ki, hazırkı iş üzrə 3 fərqli qüsur aktı və rəy mövcuddur: “Auto Box”, “Deluxe Pro” və “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş akt və rəylər. Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 9/9453 nömrəli, 03 may 2023-cü il tarixli ekspert rəyi ilə hər üç akt və rəy üzrə nəticələr müəyyən olunmuş, “Deluxe Pro” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən ümumi təmir-bərpa xərci təxminən 16710 manat, “Auto Box” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən ümumi təmir-bərpa xərci təxminən 14310 manat, “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyindəki məlumatlara əsasən ümumi təmir-bərpa xərci təminən 14620 manat müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilənlər içərisində daha aşağı məbləğ olan 14310 manatı vurulmuş ziyan məbləği kimi müəyyən etmiş, iddiaçı isə bunu mübahisələndirməmişdir. Cavabdeh isə apellyasiya şikayətində vurulmuş ziyan məbləğinin “Auto Box” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən ekspert rəyi ilə qeyd edilmiş məbləğə uyğun müəyyən edilməsini deyil, məhz qüsur aktının özündə qeyd edilən məbləğdə - cəmi 10000 manat məbləğində müəyyən edilməsini tələb etmişdir. Cavabdeh bu zaman həm də ona istinad etmişdir ki, həmin qiymətləndirmə aktı sığorta ödənişinin verilməsi çərçivəsində sığorta şirkətinin təşəbbüsü ilə tərtib edilsə də, iddiaçı həmin aktı mübahisələndirməmiş, zərərin məbləği ilə bağlı hər hansı şikayət etməmiş, müstəqil ekspertin dəvət edilməsini tələb etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, sığorta ödənişinin verilməsi zamanı iddiaçının həmin məbləği mübahisələndirməsi üçün marağının mövcudluğu müəyyən edilmir. Belə ki, bu zaman nəzərə alınmalıdır ki, sığorta şirkəti tərəfindən müqavilə üzrə sığorta məbləğinin son həddində, yəni 5000 manat məbləğində iddiaçıya sığorta ödənişi edildiyindən, həmin vaxt zərər məbləğinin mübahisələndirməsi halında belə ediləcək sığorta ödənişinin məbləğində dəyişiklik baş verməyəcəyindən iddiaçının həmin aktı mübahisələndirməməsi ağlabatan olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası “Auto Box” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli ekspert rəyində qeyd edilənləri daha mötəbər hesab edir və işin hallarına uyğun sayır. Bu zaman məhkəmə kollegiyası həm də onu nəzərə alır ki, 03 may 2023-cü il tarixli ekspert rəyi verilərkən avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən, eləcə də Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Ekspert rəyi ilə yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Qeyd edilənlər onu göstərir ki, cavabdehin apellyasiya şikayətinin sözügedən ekspert rəyinin əsassızlığına dair dəlilləri əsaslı hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, hazırda iddiaçının özünə məxsus avtomobili təmir etdirərək ondan istifadə etməsinə baxmayaraq, təmir xərci ilə bağlı hər hansı sübut təqdim etməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə zərər vurulması faktı iş materialları ilə öz təsdiqini tapır və iddiaçının avtomobilinə vurulmuş zərərin məbləği ilə bağlı işdə sübutlar mövcuddur. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə vurulmuş zərərin məbləğini 14310 manat müəyyən etməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu da bildirir ki, məhkəmə vurulmuş zərərin məbləğini düzgün müəyyən etsə də, cavabdehdən iddiaçının avtomobilinə vurulmuş zərərə görə tutulmalı pulun məbləğini müəyyənləşdirərkən səhvə yol vermişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu məsələ ilə bağlı dəlilini əsaslı hesab edir. Belə ki, iş materiallarından, eləcə də, iddiaçının iddia ərizəsindən də göründüyü kimi, avtomobilinə dəymiş ziyana görə iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda isə cavabdehdən iddiaçının avtomobilinə vurulmuş zərərə görə tutulmalı olan pulun məbləği müəyyənləşdirilərkən avtomobilə vurulmuş zərərin məbləğindən həmin sığorta ödənişinin məbləği çıxılmalı idi. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə 9310 manat (14310 manat – 5000 manat) pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Bundan əlavə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia ərizəsinin verilməsinə görə cavabdehdən tutulmalı dövlət rüsumunun məbləğinə aid hissədə də dəyişdirilməlidir. Belə ki, hazırda müəyyən edilir ki, iddiaçı həqiqətən də iddia ərizəsinin verilməsinə görə tələb olunandan artıq məbləğdə dövlət rüsumu ödəmişdir. İddianın qiyməti ümumilikdə 16011 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsinin verilməsinə görə cəmi 138,03 manat məbləğində dövlət rüsumu ödənilməli idi. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı məsələ də məhz həmin məbləğə mütənasib həll olunmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən tutularaq ona ödənilməli, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsasən qanuni və əsaslı olsa da, məhkəmə tərəfindən cavabdehdən iddiaçının avtomobilinə vurulmuş zərərə görə tutulmalı pulun məbləğinin və iddia ərizəsinin verilməsinə görə tutulmalı olan dövlət rüsumu məbləğinin müəyyənləşdirilməsində səhvə yol verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə tutulmalı olan pulun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı məxsus “Mercedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 9310 manat pul, ödənilmiş dövlət rüsumunun isə 100 manat hissəsi alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-21/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən – cavabdehdən iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə tutulmalı olan pulun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı məxsus “Mercedes Benz E 220 CDİ” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 9310 manat pul və ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun qalan hissəsi onun özünə aid edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar