Məhkəmə qərarları › İş №2(107)-1415/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1415/2021

28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1415/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “cavabdehdən mənəvi ziyana görə 51000 manat pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(051)-362/2021 nömrəli qətnaməsindən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, həmçinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmş mənəvi ziyan kimi 50.000, maddi ziyan kimi 1.000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hаkim ƏşHüseynov) 21 aprel 2021-ci il tarixli, 2(051)-362/2021 nömrəli qətnaməsi ilə iddianın tələbi qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin iddiaçının qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyan kimi 8000 (səkkiz min) manat və maddi ziyan kimi 1000 (bir min) manat məbləğdə pulun alınıb İddiaçı verilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(051)-362/2021 nömrəli qətnaməsindən narazı qalan İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, həmçinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayətləri vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala hərbi prokurorluğunda onun haqqında 23.04.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq o həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Ona görə ki guya o Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yevlax Qarnizonu hərbi polisinin sabiq rəisi, Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəsində Əməliyyat şöbə rəisinin gündəlik fəaliyyətinin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi vəzifəsində, mayor rütbəsində xidmətdə olarkən əvvəllər Yevlax qarnizonu hərbi polisində birlikdə xidmət etdikləri və həmin müddətdə aralarında yoldaşlıq münasibəti yarandığı X3 işsiz olmasından istifadə edərək ona Bakı Mingəçevir marşrut xətti üzrə işləməsi üçün mikroavtobus alacağı barədə yalan vəd verərək, həmin yalan vədin köməyi ilə V.Ə.Quliyevin 20 avqust 2017-ci ildə Mingəçevir şəhərində 6500 manat məbləğində pulunu ələ keçirməyə nail olmuş, bununla da aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin ittiham ona 15.05.2018-ci il tarixdə elan olunduqdan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan sonra onun haqqında olan həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Gəncə Hərbi Məhkəməsində uzun müddət ərzində işə baxılıb ətraflı araşdırma aparılmış və onun təqsiri olmadığı sübuta yetirildiyindən barəsində 05.12.2019- cu il tarixdə bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən dövlət ittihamçısının verdiyi protestinə və zərərçəkmiş şəxsin şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2020-ci il tarixli 1-1(107)- 2/2020 nömrəli qərarı ilə apelyasiya protesti və şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin onun haqqında çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Cinayət məsuliyyətinə cəlb olunması və uzun müddət barəsində cinayət təqibi aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, “dələduz” kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması ona vəzifədə irəliləyişə mane olmuş, tutduğu vəzifədə polkovnik-leytenant hərbi rütbəsinin verilməsi nəzərdə tutulmasına baxmayaraq, cinayət məsuliyyətinə cəlb olunduğuna görə ona həmin rütbə verilməmişdir. Eləcə də hərbidə 25 il xidmət etdiyinə görə ona veteran kitabçası verilməli olduğu halda, cinayət törətməkdə təqsirləndiyi üçün həmin kitabça da ona verilməmişdir. Bundan başqa barəsində gedən cinayət işinin ibtidai istintaqı dövründə çağırış üzrə iş yeri olan Şəmkirdən Zaqatala şəhərinə dəfələrlə gedib-gəlmişdir, həmçinin işə hərbi məhkəmədə və Şəki Apellyasiya Məhkəməsində baxılarkən dəfələrlə məhkəmələrə gedib gəlmişdir. bununla əlqədar ona ezamiyyə pulu ödənilməmiş, yollara 1000 manatda civarında xərc çəkməklə maddi ziyan çəkmişdir. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində o sarsıntı keçirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə tanış olarkən müəyyən olunur ki, məhkəmə iddianın qalan hissəsini rədd edərkən elə sübutlara əsaslanmışdır ki, bu yalnız mülahizələrdən ibarətdir. Məhkəmə iddianın müəyyən hissəsini rədd edərkən bu hissə ilə bağlı sübutları düzgün qiymətləndirməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1, 88 və 217.3-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Keçirilmiş məhkəmə baxışında toplanmış sübutlarla onun qanunsuz cinayət məsuliyyətinə cəlb edilməyi, uzun müddət barəsində cinayət təqibi aparılması, barəsində müxtəlif şaiyələr gəzməsi, «dələduz» kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılması ilə əlaqədar mənəvi iztirab keçirməyi, həmin müddətdə istintaqın aparıldığı Zaqatala Hərbi Prokurorluğu, Gəncə Hərbi Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsinə çoxlu sayda gedib-gəlməklə maddi ziyan vurulduğu, qeyd edilən məsələlərlə bağlı vəzifədə irəliyə çəkilməməyi, növbəti rütbə verilməməsi, uzun müddətə xidmətlə əlaqədar veteran kitabçası verilməməsi ilə iddianın əsaslı olduğu tam sübuta yetirilmişdir. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməməsi hissəsinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iddianın bütünlüklə təmin edilməsi, cəmi 51.000 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırımışdır ki, həmin qətnamə maddi və prossesual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən aşağıda göstərilən hallar nəzərə alınmaqla ləğv olunmalıdır. Qətnamənin nəticə hissəsindən məlum olur ki, məhkəmə mənəvi ziyana görə 8000 manat kompensasiya müəyyən etmişdir. Lakin məhkəmə bununla bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı da sübut olunmur. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək bildirmişdir ki, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olması nəticəsində mənəvi iztirab keçirmişdir. Belə ki, bu hadisədən sonra vəzifəsində və rütbəsində yüksələ bilməmişdir. Hər dəfə prokurorkuq orqanına və ya məhkəməyə dəvət olunanda stress, həyacan keçirirdi. Əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsi ona dəymiş maddi ziyanı az təmin etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, sonda özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X8 nazirlik tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi maddi və mənəvi ziyanın məbləğini müəyyən edərkən səhvə yol vermişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Hüquqi məsələlər: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qətnamənin qismən ləğvinə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: 3698168 nömrəli arayışdan görünür ki, Hüseynov X6 şəhəri, Əliağa vahid küçəsi ev 2, mənzil 25-də qeydiyyatdadır. Gəncə Hərbi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 1(095)- 005/2019 saylı Hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiam üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.03.2020-ci il tarixli, 1- 1(107)-2/2020 saylı qərarından görünür ki, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı X10 tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Kollegiya qeyd edir ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3-cü maddəsində göstərilir ki, hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.Bəyannamənin 9-cu maddəsinə müvafıq olaraq heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Azadlıq hüququnun müqavilə öhdəliyi kimi ifadəsini tapdığı ilk sənəd “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasıdır. Konvensiyanın 5-ci maddəsinə müvafıq olaraq hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz. 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsi müəyyən edir ki, hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs özbaşına həbs edilə və ya barəsində həbs qətimkan tədbiri seçilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafıq prosedura əməl olunmadan azadlıqdan məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi müəyyən edir ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Konstitutsiyanın 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyatak eçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd edilən Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikir formalaşmasına ona əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyəyn edilir. Həmin Qanunun 4-cü maddəsinə görə vurulmuş ziyan bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəratəverici hökm çıxarıldıqdan sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə görə isə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər gəlirlər məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş mənəvi ziyan ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 1(095)- 005/2019 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiam üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.03.2020-ci il tarixli, 1-1(107)-2/2020 saylı qərarından görünür ki, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı X10 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Kollegiya eyni zamanda hesab edir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmaqla, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq 2 ilə yaxın müddətə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri altında olması iddiaçıda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması, məyusluq və həyacan hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ailəsində ciddi narazılıqlar olduğundan, eləcə də həmin müddət ərzində sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyindən ona vurulmuş mənəvi ziyan ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qavnunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilidə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. (təhqiqat, ibtidai istintaq, prokurorlu və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyana görə). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şərh olunanlara və işin materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının bir müddət “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri altında olması ilə bağlı hüquqları pozulmuş və bununla da şüurunda mənfi psixi reaksiyalara səbəb olması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, iddiaçı tərəf vurulmuş mənəvi ziyanın miqdarını 51.000 manat məbləğində, dəymiş maddi ziyanın məbləğini isə 1000 mamant məbləğində müəyyən etsə də, məhkəmə iclasında, məhz həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq maddi ziyanla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi də mənəvi zərərin məbləğini 8000 manat məbləğində müəyyən etsə də, maddi ziyanla bağlı gəlmiş olduğu qənaətini ümumiyyətlə əsaslandırmamışdır. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, nə qədər ki, maddi ziyanın məbləğini sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür və iddiaçı bununla bağlı hər hansı inandırıcı sübutu məhkəməyə təqdim etməmişdir, onda iddia tələbi bu hissədə təmin edilə bilməz. Mənəvi zərərin 8000 manat məbləğində müəyyən edilməsinə gəldikdə isə kollegiya bu məbləğ işin hallarına uyğun və ağlabatan hesab etmir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, mənəvi zərərəin 6000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun, ağlabatan və tam ədalətli hesab edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən-yəni “maddi ziyan kimi 1000 (bir min) manat məbləğdə pulun alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməməli, mənəvi zərərin məbləği isə 6000 (altı min) manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(051)-362/2021 nömrəli qətnaməsi qismən-yəni “maddi ziyan kimi 1000 (bir min) manat məbləğdə pulun alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. “Mənəvi zərərin məbləği isə dəyişdirilərək 6000 (altı min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar