Məhkəmə qərarları › İş №2(107)-185/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-185/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-185/2024 21.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(075)-1507/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı dediyinə görə Oğuz Şəhər Bazarının yaxınlığında kiçik bir mağazada meyvə tərəvəz alveri ilə məşğul olur. 2022-ci ilin noyabr ayında Cavabdeh iki dəfəyə, birinci dəfə 160 (bir yüz altmış) manat, ikinci dəfə 1452 (bir min dörd yüz əlli iki) manat dəyərində nisyə mal vermişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1612 (bir min altı yüz on iki) manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş 360 (üç yüz altmış) manat və 41 (qırx bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Oğuz Şəhər Bazarının yaxınlığında kiçik bir mağazada meyvə tərəvəz alveri ilə məşğul olur. Vətəndaşlardan kənd təsərrüfatı məhsulları satın alaraq bir az baha qiymətə satıb gəlir əldə edir. Əvvəldən tanıdığı, inandığı bəzi şəxslərə pulunu qısa müddət sonra ödəmək şərti ilə nisyə də mal verir. Cavabdeh da əvvəllər bir neçə dəfə həm nəğd, həm də nisyə mal vermişdir. Cavabdeh dəfələrlə ondan aldığı malın pulunu vaxtında ödəyərək etibarını qazandığından ona nisyə mal verəndə tərəddüd və ya şübhə etməmişdir. 2022-ci ilin noyabr ayında Cavabdeh iki dəfəyə, birinci dəfə 160 (bir yüz altmış) manat, ikinci dəfə 1452 (bir min dörd yüz əlli iki) manat dəyərində nisyə mal vermiş. Pulun ödənməli olduğu tarixdən xeyli keçməsinə baxmayaraq Cavabdeh ondan almış olduğu malların pulunu ödəməmişdir. Dəfələrlə cavabdehə, o, müraciət edərək ona borclu olduğu 1612 (bir min altı yüz on iki) manat pulu ödəməsini xahiş etmişdir. Onunla telefon vasitəsilə danışıqlarını qeydə almış və həmin danışıqların qeydə alındığı audiodiski iddia ərizəsinə əlavə edir. Həmin danışıqların məzmunundan da görünür ki, Cavabdeh, ondan nisyə mal aldığını etiraf etsə də müxtəlif bəhanələrlə borclu olduğu məbləği ona ödəməkdən imtina edir. Cavabdehin bu hərəkətləri ilə onun hüquqları pozulmuşdur və onun hüquqlarının məhkəmə qaydasında bərpa edilməsi üçün vaxt və vəsait sərf etmək məcburiyyətində qalaraq maddi ziyan çəkmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 ifadələri ilə iddiaçının tələbi qismən təsdiq edilmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında qanunvericiliyə uyğun olaraq şifahi olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, alqı-satqı müqaviləsi üzrə göstərilən ümumilikdə dəyəri 1612 (bir min altı yüz on iki) manat olan kənd təsərrüfatı məhsullarını cavabdehə vermiş, cavabdeh isə nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan məhsulları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Cavabdeh alqısatqı müqavilələri üzrə satılmış kənd təsərrüfatı mallarının dəyəri olan 1612 (bir min altı yüz on iki) manat pulu tələb etməkdə haqlıdır.

6. Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(075)-1507/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin olunmuş, Cavabdeh cəmi 1612 (bir min altı yüz on iki) manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş 360 (üç yüz altmış) manat və 41 (qırx bir) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 567 və 600-cü maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İddiaçının təqdim etdiyi audiodisk İddiaçı ilə Cavabdeh arasında olan Whatshapp yazışmaları M10 pashapay vasitəsilə ödənilmiş 05 iyun 2023-cü il tarixli, 01175 nömrəli qəbz

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iclasında tədqiq edilən səsin hər hansı şəxsə məxsus olması qənaətinə gəlməsi üçün iş üzrə fonoskopik ekspertiza təyin edilməli və həmin ekspertiza rəyinə əsasən mövcud səsin həmin şəxsə məxsus olması və ya məxsus olmaması qənaətinə gəlmək mümkündür. İş üzrə dindirilmiş şahidlər X2 və X5 da iddiaçı tərəfindən öyrədilmiş saxta şahidlərdir. Onların dedikləri həqiqətə uyğun olmamaqla işin faktiki hallarına uyğun deyildir.

11. Ona görə də, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(075)- 1507/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçıya 1242 manat verəcəyi olduğunu və onu tezliklə ödəyəcəyini, borcunu təsdiq etdiyini göstərmişdir. O, əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində ifadə olunmuş fonoskopik ekspertiza təyin edilməli olması ilə bağlı fikirlər ona deyil, onun üçün şikayətin mətnini hazırlayan şəxsə aiddir. O, hər hansı ekspertiza keçirilməsinə zərurət görmür.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(075)- 1507/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən təmin edilmiş 370 manata aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Cavabdeh məhkəmə kollegiyasının iclasında məhkəməyə ərizə təqdim edərək iddiaçıya 1242 manat verəcəyi olduğunu və onu tezliklə ödəyəcəyini, borcunu təsdiq etdiyini göstərmişdir. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin bu hissədə, yəni iddiaçıya 1242 manat borcu olmasına münasibətdə etiraf etməsi ilə əlaqədar sübuta yetirilmişdir. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Hazırki iş üzrə Cavabdeh iddiaçıya 1242 manat borcu olmasını “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu, məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı şəraitdə məhkəməyə təqdim etdiyi yazılı ərizə vasitəsilə etiraf etdiyindən iddiaçı Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə əsasən həmin faktı sübut etmə vəzifəsindən azad olmuşdur.

20. İddianın qalan 370 manata aid hissəsində isə apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iddiaçı məhkəməyə sübut qismində səs yazılarını, whatsapp yazışmalarını və şahid ifadələrini təqdim etmişdir ki, onların heç birində cavabdehin iddiaçıya 1242 manatdan daha artıq borcunun olması barədə heç bir məlumat aşkar edilmir. Ona görə də, kollegiya hesab edir ki, tələbin həmin 370 manata aid hissəsi sübuta yetməmişdir.

21. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş 370 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(075)-1507/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş 370 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 1612 manat pul tələbinə dair iddiası həmin 370 manata aid hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(075)-1507/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş 370 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 1612 manat pul tələbinə dair iddiası həmin 370 manata aid hissədə rədd edilsin. Qətnamə qalan 1242 manata aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar