Məhkəmə qərarları › İş №2(125)-6627/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6627/2025

14.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6627/2025 14.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki iş üzrə sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iki uşağın saxlanması üçün Cavabdeh hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə yolverilməz əsaslarla məhkəməyə verildiyindən işin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər uşaqların ana himayəsinə verilməsinə və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 350 manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi haqqında barışıq sazişi imzalamışdır. Məhkəmənin 09 oktyabr 2025-ci il tarixli qərardadı ilə eyni iddia tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmiş və İddiaçı Cavabdeh mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmədiyi halda həmin barışıq sazişinin məcburi icrasına dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəlləsinin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanunun 79- 1-ci maddəsin əsasən Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3821/2024 saylı ( 3 ulduzla işarələnmiş) qərarının 64-cü əndində qeyd edilir ki, Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir. Mediasiyanın məqsədi, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş, bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması təsbit edilmişdir. Həmin qərarın 65-ci bəndində qeyd edilir ki, . Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti, ər-arvadın məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir. Qeyd edilən qərarın 66-cı və 67-ci bəndlərində göstərilir ki, “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-in 355-25.1 və 355-25.3-cü maddələri). Beləliklə, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, İddiaçı Cavabdeh mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtlərinə əməl etmədiyi halda həmin barışıq sazişinin məcburi icrasına dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, Cavabdeh mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmədiyi halda həmin barışıq sazişinin məcburi icrasına dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ var. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar