Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-21/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı İddiaçı 2021-ci il ## ###### tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən onun adından rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, gömrük orqanlarında və “X1”da, Bakı Şəhər Baş Gömrük İdarəsində, AZ BDYPİ-də nümayəndəsi olmağı, lazım olan sənədləşmə işlərini aparmağı, əvəzindən imzalar etməyi, rüsumları ödəməyi, qanunla icazə verilmiş bütün əqdləri (alqısatqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi cavabdeh Cavabdeh etibar etmişdir.
2. Həmin etibarnamə əsasında cavabdeh Cavabdeh tərəfindən iki avtomobil - “Renault Megane” minik markalı və “Hyundai i30” minik markalı avtomobillər AR-ə idxal edilərək iddiaçının adına gömrük rəsmiləşdirilməsindən keçirilmiş və qeydiyyata alınmışdır.
3. Bundan sonra eyni etibarnamə əsasında iddiaçının adından nümayəndə qismində çıxış edən cavabdeh tərəfindən “Renault Megane” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2023-cü il ## #### tarixli alqı-satqı müqaviləsi əsasında X3, “Hyundai i 30” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə 2023-cü il ## ##### tarixli alqı-satqı müqaviləsi əsasında X2.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğin dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəlcədən tanıdığı cavabdeh X5 sifariş əsasında avtomobil gətirilməsi ilə məşğuldur. Cavabdeh iddiaçıya əməkdaşlıq təklif edərək sərmayə verilməsi qarşılığında avtomobil alıb-sataraq pul qazanıb iddiaçıya da xeyir verə biləcəyini bildirmiş, iddiaçı da həmin təklifə müsbət yanaşmış, bundan sonra cavabdeh onun adına etibarnamə verilməsi ilə birbaşa iddiaçının adına avtomobilləri ala biləcəyini bildirmişdir. Bu məsələ ağlabatan gəldiyi üçün iddiaçı təkliflə razılaşmışdır. Razılaşmaya əsasən cavabdeh iddiaçının etibarnaməsi əsasında adına avtomobil alaraq ölkəyə gətirməli, sonra həmin avtomobilləri təmir etdirərək satışa yararlı hala salmalı, daha sonra isə avtomobilin satışını iddiaçının iştirakı ilə həyata keçirərək avtomobilləri satıb iddiaçının sərmayəsini qaytararaq yerdə qalan gəliri bölməli idi. Lakin cavabdeh iddiaçını aldatmış, ondan 20000 manat məbləğində pul vəsaitini alaraq iki ədəd – “Renault Megane” markalı 2010-cu il buraxılışı və “Hyundai i30” markalı 2008-ci il buraxılışı minik avtomobillərini almışdır. Avtomobilləri aldıqdan sonra verilən etibarnamə ilə gömrük hərəkətlərini icra etmiş və avtomobilləri Azərbaycan Respublikasında gömrük ödənişlərini edərək qeydiyyata aldırmışdır. Bundan sonra həmin avtomobillərə dair 2022-ci il ## ###### tarixində BB****** saylı və BB****** saylı qeydiyyat şəhadətnamələri verilmişdir. Cavabdeh gömrük prosedurlarını həyata keçirmək üçün verilən etibarnamədən sui-istifadə edərək həmin avtomobilləri digər üçüncü şəxslərə satmış və əldə olunan pul vəsaitindən nə iddiaçıya çatası xeyri, nə də sərmayə kimi qoyulmuş pulu vermişdir. Yəni ona edilən etibardan suiistifadə edərək pulları ələ keçirmişdir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən satılmış həmin avtomobillərin dəyəri olan pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
6. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, əvvəllər öz adına nəqliyyat vasitələrini gətirərək satışını həyata keçirirdi. Lakin vergi ödənişlərindəki problemlərlə bağlı nəqliyyat vasitələrini başqa şəxslərin adına gətirmək məcburiyyətində olmuşdur. Belə ki, il ərzində şəxsin adına yalnız 2 nəqliyyat vasitəsinin gətirilməsinə icazə olduğundan valideynlərinin, bacısının adına nəqliyyat vasitələri gətirmişdir. İddiaçı da tanışı olduğu üçün ondan da xahiş etmiş, etibarnamə əsasında “Renault Megane” və “Hyundai i30” markalı 2 nəqliyyat vasitəsini gətirmiş, birincini 9500 manata, ikincini isə 17.400-17.500 və ya 18.000 manata satmış, pulu özü götürmüşdür. İddiaçı tərəfindən ona hər hansı vəsait təqdim edilməmişdir. 20.000 manat məbləğində pulun verilməsi üçün hər hansı sənəd olmalıdır, lakin belə bir sənəd mövcud deyildir. Məhkəmənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, 2021-ci ilin dekabr ayında etibarnamə verilib, 1 il sonra nəqliyyat vasitələri gətirilib, avtomobilin biri növbəti gün, digəri isə 14 gün sonra satılıb. Nəqliyyat vasitələrindən biri qonşuya satılıb. Əgər iddiaçı verdiyini iddia etdiyi pulu istəsə idi, həmin vaxt istəyər və ya etibarnaməni ləğv edərdi.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – N.Əhmədova).
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibəti formalaşmışdır. Belə ki, iddiaçı birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı razılığın olduğu, bu məqsədlə də 20.000 manat məbləğində pul vəsaitinin cavabdehə ödənildiyini bildirsə də, həmin halları təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. İddiaçının sübutların tələb edilməsi barədə vəsatətinə əsasən Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadına əsasən iddiaçının istifadəsində olan 077-535-04-00 mobil nömrəsi ilə cavabdehin istifadəsində olan 055-557-15-57 mobil nömrəsi arasında 2023-cü il 1 may - 2023-cü il ## ###### tarixləri arasında baş tutan və ya baş tutmayan danışıqlar, göndərilmiş “SMS”lər barədə məlumatlar, o cümlədən həmin danışıqların və “SMS”lərin məzmunu “xxxx” MMC və “xxxx” MMC-dən tələb edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2025-ci il # ##### tarixli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2025-ci il ## ##### tarixli məktubu ilə “SMS”lərin məzmunu və danışıqların müddəti və sayı barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Lakin təqdim edilən həmin sübutlarda iddiaçının istinad etdiyi halların mövcudluğunu təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir.
9. Digər tərəfdən, cavabdehə etirazının əsasını təşkil edən hallar – vergi ödənişləri ilə bağlı problemlərinin olması, ailə üzvlərinin və digər tanışlarının adına nəqliyyat vasitələri gətirərək satışını həyata keçirməsi və s. ilə bağlı sübutların təqdim edilməsi təklif olunmuş, lakin cavabdeh həmin hallarla bağlı izahat verməklə kifayətlənmişdir.
10. Bu mənada məhkəmə qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
11. Belə olan halda, iddiaçı tərəfindən “Renault Megane” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı və “Hyundai i30” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi ilə bağlı cavabdehə etibarnamə verilməsi, cavabdehin həmin nəqliyyat vasitələrini ölkəyə gətirərək iddiaçının adına rəsmiləşdirməsi, nəqliyyat vasitələrini iddiaçının adından üçüncü şəxslərə satması iddiaçı ilə cavabdeh arasında tapşırıq münasibətlərinin yarandığına dəlalət edir.
12. Hazırkı işin halları ilə təsdiq edilir ki, cavabdeh “Renault Megane” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı və “Hyundai i30” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini iddiaçının verdiyi 2021-ci il ## ###### tarixli etibarnamə əsasında xaricdən gətirmiş, onları iddiaçının adına qeydiyyata salmış, alqı-satqı müqavilələri əsasında iddiaçının adından üçüncü şəxslərə satmışdır.
13. Belə olan halda iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 782.1-ci maddəsi nəzərdən keçirilməlidir. Həmin maddəyə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
14. Məhkəməyə təqdim edilən “Renault Megane” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2023-cü il ## #### tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 5.000 manat, “Hyundai i30” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2023-cü il ## ##### tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 14.500 manat təşkil etmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında etibarnamə əsasında “Renault Megane” və “Hyundai i30” markalı 2 nəqliyyat vasitəsini gətirdiyini, faktiki olaraq birincini 9500 manata, ikincini isə 17400-17500 və ya 18000 manata satıb pul vəsaitini əldə etdiyini bildirmişdir.
15. Məhkəmə hesab etmişdir ki, tapşırıq müqaviləsi üzrə tapşırığın icrası nəticələrini vermək ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (vəkalət alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
16. Belə olan halda cavabdeh tərəfindən faktiki olaraq əldə etdiklərinin 2023-cü il ## #### və 2023-cü il ## ##### tarixli alqı-satqı müqavilələrinin qiymətindən çox olduğu, iddiaçının tələb etdiyi 20.000 manat məbləğində pulun cavabdehin əldə etdiyi məbləğlə əhatə olunduğunu nəzərə alan məhkəmə MM-in 782.1-ci maddəsinə əsasən iddianı əsaslı saymışdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 442, 448.1, 448.2, 777.1, 777.2, 778.2, 782.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 106.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
20. Apellyasiya instansiyası ilk növbədə birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəflər arasında nəqliyyat vasitələrinin xaricdən sifariş verilərək ölkəyə gətirilməsi, təmir edilərək satılması, əldə edilən pulun bölüşdürülməsi ilə bağlı razılaşma olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə öz növbəsində vergi ödənişləri ilə bağlı problemlərinin olması səbəbindən nəqliyyat vasitələrini öz adına deyil, iddiaçının adına gətirdiyini, yəni faktiki olaraq iddiaçı tərəfindən onun adına verilmiş etibarnamənin görünüş üçün bağlandığını iddia etsə də, həmin halları sübuta yetirə bilməmişdir. Belə ki, vergi borcu ilə bağlı cavabdehin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə 2021-ci il ## ###### tarixli məhkəmə qətnaməsinin mövcudluğu mübahisəli etibarnamənin vergi və gömrük orqanlarında yanlış təsəvvür yaratmaq üçün bağlanmış uydurma əqd olması barədə əsaslı nəticəyə gəlmək üçün yetərli hesab edilmir.
21. Cavabdehin mübahisəli etibarnamənin uydurma əqd olması barədə dəlillərini əsaslandırmaq üçün istinad etdiyi digər hala - müxtəlif şəxslər tərəfindən onun adına verilmiş çoxsaylı etibarnamələrin mövcudluğuna gəldikdə kollegiya qeyd etmişdir ki, cavabdehin avtomobillərin xaricdən gətirilərək AR-də satılması ilə məşğul olması işin mübahisəsiz halını təşkil edir. Göstərilən halı nəzərə aldıqda müxtəlif şəxslər tərəfindən xaricdən avtomobillərin gətirilməsi məqsədilə cavabdehə tapşırıqlar verilməsi və həmin tapşırıqlarının icra edilməsi üçün cavabdehə həmin şəxslər tərəfindən etibarnamələrin verilməsi ağlabatan görünməklə həmin etibarnamələrin görünüş üçün verilməsinə dair məhkəmədə şübhə yaratmır.
22. Beləliklə, iddiaçı tərəfindən “Renault Megane” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı və “Hyundai i30” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi ilə bağlı cavabdehə etibarnamə verilməsi, cavabdehin həmin nəqliyyat vasitələrini ölkəyə gətirərək iddiaçının adına rəsmiləşdirməsi, nəqliyyat vasitələrini iddiaçının adından üçüncü şəxslərə satması tərəflər arasında tapşırıq münasibətlərinin yarandığına dəlalət edir. Həmin tapşırıq əsasında cavabdeh “Renault Megane” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı və “Hyundai i30” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini iddiaçının verdiyi 2021-ci il ## ###### tarixli etibarnamə əsasında xaricdən gətirmiş, onları iddiaçının adına qeydiyyata salmış, alqı-satqı müqavilələri əsasında iddiaçının adından üçüncü şəxslərə satmışdır. Belə olan halda iddia tələbinin hüquqi əsası kimi MM-in 782.1-ci maddəsi nəzərdən keçirilməlidir. Digər tərəfdən, cavabdeh məhkəmə iclaslarında etibarnamə əsasında “Renault Megane” və “Hyundai i30” markalı 2 nəqliyyat vasitəsini gətirdiyini, faktiki olaraq birincini 9500 manata, ikincini isə 17400-17500 və ya 18000 manata satıb pul vəsaitini əldə etdiyini təsdiq etmişdir.
23. Bununla bağlı iddiaçı tərəfindən 20.000 manat məbləğində pul vəsaitinin ona verilməsini etiraf etməməsi və məhkəmə tərəfindən onun verdiyi izahatın yanlış olaraq faktın etirafı kimi dəyərləndirilməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya vurğulamışdır ki, birinci instansiya məhkəməsi cavabdehin verdiyi izahatı 20.000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən ona verilməsi faktının etirafı kimi deyil, avtomobillərin satışdan əldə edilmiş vəsaitindən iddiaçıya ödəniş edilməməsinin etirafı kimi qiymətləndirmiş və bu zaman prosessual hüquq pozuntusuna yol verməmişdir.
24. İddiaçının ona 20.000 manat məbləğində pul verməsini sübuta yetirə bilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçının tapşırığı əsasında avtomobillərin AR-ə gətirilməsi və gömrük rəsmiləşdirilməsi xərclərinin cavabdeh tərəfindən ödənilməsi ehtimal edilsə belə, göstərilən hal cavabdehi MM-in 782.1-ci maddəsinə əsasən tapşırığın icrası nəticəsində əldə etdiklərini iddiaçıya vermək öhdəliyindən azad etmir. Bununla bağlı cavabdehə izah edilməlidir ki, tapşırığı icra edərkən çəkdiyi xərclər vəkalət verən tərəfindən ona ödənilmədiyi halda MM-in 783.1-ci maddəsinə əsasən həmin xərclərin vəkalət verəndən tutulmasına dair iddia qaldırmaq hüququna malikdir. Belə olan halda, cavabdehin iddiaçının adından bağladığı avtomobillərin alqı-satqı müqavilələri əsasında 20.000 pul vəsaitini əldə etdiyini, lakin həmin pul vəsaitini iddiaçıya vermədiyini nəzərə alan kollegiya belə qənaətə gəlmişdir ki, iddiaçı MM-in 782.1-ci maddəsinə əsasən 20.000 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 340.1, 362.1, 385.1, 442, 777.1, 777.2, 782.1-ci və MPM-in 77.1 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
26. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi üzrə - məhkəmə işə baxarkən mübahisə predmeti olan məhkəmə araşdırması nəticəsində iddiaçının birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı razılığını, bu məqsədlə də 20.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən sübut müəyyən edilmədiyi halda iddianı təmin etməklə ədalətsiz, qanunsuz qətnamə qəbul etmiş, cavabdehin konstitusiyada nəzərdə tutulmuş hüquqlarını pozaraq ədalətli məhkəmə araşdırması aparmamaqla ədalətsiz qətnamə qəbul etmişdir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 62-cı maddəsi üzrə - cavabdehlə iddiaçı arasında sahibkarlıq məqsədli müqavilə olmadığı halda münasibətlər kommersiya münasibətləri kimi qiymətləndirilə bilməz. Məhkəmə tərəflər arasında kommersiya münasibətləri olmadığı halda işə Bakı Kommersiya Məhkəməsində baxmaqla Konstitusiyanın 62-cı maddəsinin tələblərini pozmuşdur.
29. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin II hissəsi üzrə məhkəmə qətnaməni qəbul edərkən iddiaçının 20.000 manat pulu cavabdehə verməsini və cavabdehin həmin pulu aldığını təsdiq edən sübutu məhkəmə iclasında tədqiq etmədən əsaslandırmamış qətnamə qəbul edilmişdir.
30. MM-in 442, 448.1, 448.2, 777.1, 777.2, 778.2, 782.1-ci maddələri və MPM-in 9, 14, 77, 88, 217.4, 417.1.3-cü maddələri üzrə - məhkəmə qeyd olunan nomaları düzgün tətbiq etməmiş, işə baxarkən həqiqətə nail olmaq üçün iddianın təmin edilməməsi barədə qətnamədən verilmiş apellyasiya şikayətini obyektiv araşdırmamış və nəticədə əsassız olaraq təmin edilmişdir. İddiaçının cavabdehin adına yazdığı etibarnamə ilə yanaşı 20.000 manat pulun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməsi iddiaçının üzərinə düşür. Lakin bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.”
“Maddə 782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.2. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. 782.4. Vəkalət alanın ödəmə qabiliyyətinin olmadığı halda vəkalət verən saxlama hüququnu vəkalət alan üçün saxlamaqla, ondan öz adından, lakin vəkalət verənin hesabına əldə etdiyi daşınar əşyaları verməyi tələb edə bilər.”
“Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir.
36. Belə ki, aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallarına görə nə iddiaçı, nə də cavabdehin istinad etdiyi hallar, yəni iddiaçının bildirdiyinə əsasən tərəflər arasında birgə fəaliyyət haqqında razılaşmanın əldə olunması və iddiaçı tərəfindən nəqliyyat vasitələrinin əldə edilməsi üçün cavabdehə 20.000 manat pul vəsaitinin verilməsi ilə bağlı hallar, habelə cavabdehin bildirdiyinə əsasən iddiaçı tərəfindən onun adına verilmiş etibarnamənin görünüş üçün verilməsi ilə bağlı hallar sübut edilmir.
37. Eyni zamanda, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “Renault Megane” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı və “Hyundai i30” minik markalı **HR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi ilə bağlı cavabdehə etibarnamə verilməsi, cavabdehin həmin nəqliyyat vasitələrini ölkəyə gətirərək iddiaçının adına rəsmiləşdirməsi, nəqliyyat vasitələrini iddiaçının adından üçüncü şəxslərə satması tərəflər arasında tapşırıq münasibətlərinin yarandığına dəlalət edir.
38. Məhkəmələr hesab etmişlər ki, cavabdehin həmin etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitələrini ölkəyə gətirərək iddiaçının adına rəsmiləşdirməsi, nəqliyyat vasitələrini iddiaçının adından üçüncü şəxslərə satması və satışdan əldə olunmuş pul vəsaitlərinin iddiaçıya verməməsi müəyyən edildiyinə görə MM-in 782.1-ci maddəsinə əsasən iddia əsaslıdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin müəyyən etdiyi hallarla gəldiyi nəticə ziddiyyətlidir və tapşırıq müqaviləsindən irəli gələn münasibətlər üzrə tətbiq edilən MM-in 782.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır.
40. Belə ki, MM-in 782.1-ci maddəsində qeyd edilən vəkalət alanın “tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur” ifadəsi hərfi mənada qəbul edilə bilməz. Burada tapşırığın icrası nəticəsində “əldə olunmanın” hansı qaydada baş verdiyi nəzərə alınmalıdır.
41. Bununla bağlı kollegiya qeyd edir ki, əgər “əldə olunma” əvəzsiz qaydada və ya vəkalət verənin tələb hüququna əsasən və yaxud onun hesabına olmuşdursa, vəkalət alanın əldə olunanların hamısını vəkalət verənə vermək öhdəliyi yaranır.
42. Digər hallarda, yəni tapşırığa uyğun olaraq “əldə olunma” vəkalət alanın hesabına və ya ona qarşı tələb hüququna malik olan şəxs qarşısında icra olunmamış öhdəliyə əsasən əldə olunmuşdursa və tərəflər arasında başqa qayda müəyyən edilməmişdirsə, vəkalət verən yalnız əldə olunan əşyanın əvəzini ödədikdən sonra vəkalət alandan onun verilməsini tələb edə bilər.
43. MM-in 782.1-ci maddəsinin bu şəkildə təfsiri həm anlayışı MM-in 777-ci maddəsində göstərilmiş tapşırıq müqaviləsinin mahiyyətindən, həm də MM-in 782.4 və 783.1-ci maddələrinin birgə təfsirindən irəli gəlir.
44. Belə ki, MM-in 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, vəkalət verən vəkalət alana müəyyən hərəkətlərin edilməsini tapşırır, vəkalət alan isə konkret nəticə əldə olunmasına təminat vermədən həmin hərəkətlərin icra edilməsini öhdəsinə götürür.
45. MM-in 782.4-cü maddəsində vəkalət verənin onun hesabına əldə edilmiş daşınar əşyaların verməyi tələb etmək hüququ təsbit edilmişdir.
46. MM-in 783.1-ci maddəsində isə müəyyən edilmişdir ki, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
47. Qeyd olunan MM-in 783.1-ci maddəsindən müəyyən edilir ki, tapşırığın icrası ilə bağlı xərclərin çəkilməsi öhdəliyi prezumpsiya olaraq vəkalət verənin üzərinə düşür. Ona görə də, o, həmin öhdəliyin yerinə yetirilməsini və ya istinad etdiyi hallarda tərəflər arasında bununla bağlı başqa razılaşmanın əldə olunması ilə bağlı halların sübutetmə vəzifəsini daşıyır.
48. Hazırkı işdə isə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tapşırığın icrası, yəni yuxarıda qeyd edilən nəqliyyat vasitələrinin iddiaçının adına əldə edilməsi ilə bağlı vəkalət verən iddiaçı tərəfindən vəkalət alan cavabdehə hər hansı vəsait, o cümlədən iddiaçının bildirdiyi 20.000 manat məbləğində vəsaitin verilməsi sübut olunmur.
49. Eyni zamanda, iddiaçı həmin nəqliyyat vasitələrinin əvəzsiz qaydada və ya onun tələb hüququna əsasən əldə olunmasına, habelə tapşırığın icrası xərcləri ilə bağlı tərəflər arasında başqa qaydanın müəyyən edilməsi hallarına istinad etməmişdir.
50. Qeyd olunanların hüquqi nəticəsi ondan ibarətdir ki, iddiaçının həmin nəqliyyat vasitələrinin satışından əldə olunmuş pul vəsaitinin ona verilməsini tələb etmək hüququ, cavabdehin isə əldə olunanların iddiaçıya vermək öhdəliyi yaranmamışdır. Ona görə də, iddia təmin edilə bilməz.
51. Apellyasiya məhkəməsi isə müəyyən etdiyi hallar üzrə MM-in 782.1-ci maddəsinin tətbiqində səhv etmiş və nəticədə MPM-in 217.1, 217.3-cü maddələrinə uyğun olmayan qətnamə qəbul etmişdir.
52. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və MPM-in 417.1.4, 417.2-ci maddələrinə əsasən iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir.
53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 20000 manat məbləğində pulun tutulması barədə iddia rədd edilsin. İddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilsin. Cavabdeh tərəfindən ödənilmiş cəmi 152 manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı alınaraq cavabdeh Cavabdeh ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.