Məhkəmə qərarları › İş №2-2(1-8)-370/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-370/2026

11.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-370/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi, pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı (“Icraçı”) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (“Sifarişçi”) arasında 2024-cü il # ######## tarixli, *** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin müəyyən etdiyi qaydada, keyfiyyətdə, vaxtda sifarişləri yerinə yetirməyi, sifarişçi isə qiymət razılaşdırılması protokolunda qeyd olunmuş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.

2. Tərəflərin imzaladığı müqaviləyə * saylı əlavəyə əsasən “X1” layihəsi üzrə icraçı tərəfindən geodeziya-topoqrafiya işlərinin yerinə yetirilməsi üçün xidmət haqqı 5.799,40 manat məbləğində müəyyən edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2024-cü il # ######## tarixli, *** saylı işlərin görülməsi (xidmətlərin göstərilməsi) haqqında müqaviləyə əsasən görülmüş işlərə görə 16.505,9 manat, gecikdirilmiş 16.505,9 manat borca görə 2025-ci il # ###### tarixindən 2025-ci il # ###### tarixinədək illik 5 faiz olmaqla hesablanmış 422,86 manat, məhkəməyə ödənilmiş 140 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən bütün işlərin tam həcmdə görülüb təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik pozulmuş və onun iddiaçıya 16.505,9 manat məbləğində borcu yaranmışdır. Artıq xeyli müddətdir ki, cavabdeh yaranmış borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Onun bu müddət ərzində şifahi və yazılı edilən müraciətlərə heç bir cavab verməməsi ondan xəbər vermişdir ki, cavabdeh, ümumiyyətlə, borcu ödəmək istəmir. Tərəflər arasında tərtib edilmiş 2025-ci il # ####, 2025-ci il # ##### və 2025-ci il # ### tarixli təhvil-təslim aktlarından müəyyən olunur ki, müqaviləyə uyğun olaraq icraçı tərəfindən Geodeziyatopoqrafiya işləri qeyd edilən aylar üzrə yerinə yetirilmişdir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Lakin cavabdeh qeyd edilən təhvil-təslim aktlarını imzalayaraq görülmüş işləri təhvil almasına baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və icraçıya fevral ayı üzrə 5.799,40 manat, mart ayı üzrə manat 5.799,40, aprel ayı üzrə isə 4.907,10 manat olmaqla, ümumilikdə 16.505,9 manat borcu yaranmışdır. Aktların tərəflərin imzaları və möhürləri ilə təsdiq edilməsi görülən işlərin tam təhvil verildiyini sübut etmişdir. Bundan əlavə, cavabdeh ilə aparılan telefon və whatsapp yazışmaları zamanı da qarşı tərəf borcunu etiraf etmişdir. Iddiaçı tərəfindən bütün işlərin tam həcmdə görülüb təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik pozulmuş və onun iddiaçıya 16.505,9 manat borcu yaranmışdır.

5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi təhviltəslim aktları sübut qismində qəbul oluna bilməz. Belə ki, həmin aktlar səlahiyyəti olmayan şəxs, sahə rəisi tərəfindən imzalanmışdır. Halbuki aktları yalnız direktor imzalaya bilərdi.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 16.505,90 manat borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 251,17 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,40 manat olmaqla, ümumilikdə 16.896,47 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).

7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2024-cü il # ######## tarixli *** nömrəli xidmət müqaviləsindən (podrat müqaviləsi) irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Iddiaçı müqavilə üzrə “X1” layihəsi üzrə geodeziya topoqrafiya işlərini yerinə yetirməyi, cavabdeh isə müvafiq xidmət haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini, yəni görülmüş işlərin dəyərini ödəmək öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, halhazırda iddiaçıya borcu yaranmışdır. Həmin hal təqdim edilmiş müqavilə, təhvil-təslim aktları, elektron qaimələrlə öz təsdiqini tapır. Elektron qaimələr üzrə xidmətlərin ƏDV daxil ümumi məbləği 45.502,9 manat təşkil edir. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığının məzmunundan aydın olur ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 28.997 manat ödəniş edilmişdir. Belə olan halda müqavilə üzrə qalıq borcun məbləği 45.502,9-28.997=16.505,9 manat olacaqdır. Həmçinin, mübahisə 3 təhvil-təslim aktı və elektron qaimə (2025-ci il # #### tarixli, MT2503 seriyalı, ******** nömrəli, 2025-ci il # ##### tarixli, MT2504 seriyalı, ******** nömrəli və 2025-ci il # ### tarixli, MT2505 seriyalı, ******** nömrəli elektron qaimələr) üzrə ödənilməmiş xidmət haqqı ilə bağlı olmuşdur. Həmin qaimələr üzrə ümumi məbləğ 16.505,9 manat (5.799,4+5.799,4+4.907,1=16.505,9) təşkil edir. Həmin elektron qaimələrdə qaimələrin əsası kimi *** nömrəli, 2024-cü il # ######## tarixli müqavilə qeyd edilmişdir.

8. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, ödənişi olunmuş əvvəlki təhvil-təslim aktları da həmin şəxs (C.Nəbiyev) tərəfindən imzalanmış və cavabdeh həmin aktları mübahisələndirməyərək, müvafiq ödənişləri etmişdir. Ona görə də cavabdehin həmin hissədə etirazı əsassız sayılmalıdır. Eyni zamanda iddiaçının nümayəndəsi də bildirmişdir ki, tərəflər arasında işgüzar münasibətlər olub və hər hansı etirazlar bildirilmədən Nəbiyev tərəfindən imzalanmış aktlar üzrə ödənişlər olmuşdur. Hər ay 5000 manatdan artıq ödənişlər olub və bu, qarşı tərəfin etirazının əsassız olduğunu göstərir.

9. Bundan başqa, həmin 3 təhvil-təslim aktında (2025-ci il # ####, 2025-ci il # #####, 2025-ci il # ### tarixli aktlar) 2024-cü il ## ###### tarixli, *** saylı xidmət müqaviləsinə * saylı Əlavə əsasında tərtib edilmiş akt ifadəsi işlədilir. Halbuki hazırda mübahisənin irəli gəldiyi müqavilə 2024-cü il # ######## tarixli, *** nömrəli müqavilədir. Cavabdehin nümayəndəsi etirazının əsası kimi həmin hala da istinad etmişdir. Iddiaçı tərəfindən yalnız cavabdeh tərəfindən təsdiq edilmiş, digər tərəfi başqa bir şəxs olan (lakin imzalanmamış) 2024-cü il ## ###### tarixli *** saylı xidmət müqaviləsi təqdim edilmişdir, tərəflər arasında elə bir müqavilə bağlanmamışdır. Aktlarda 2024-cü il ## ###### tarixli *** saylı müqavilə yazılsa da, əslində aktlar 2024cü il # ######## tarixli, *** nömrəli müqavilə üzrə tərtib edilmiş aktlar olmuşdur. Əvvəli aktlar da eyni formada tərtib olunmuş, həmin aktlar əsasında göndərilən elektron qaimələrdə əsas kimi *** nömrəli müqavilə göstərilmiş və müvafiq olaraq ödənişlər həyata keçirilmişdir. Ona görə də cavabdehin həmin hissədə də etirazı əsassızdır və təqdim edilən 3 təhvil-təslim aktları tələbi təsdiq edən sübut qismində qəbul olunur.

10. Eyni zamanda məhkəməyə borcun mövcudluğunun sübutu qismində səs yazıları olan disk təqdim olunmuşdur. Məhkəmə hesab etmişdir ki, həmin səs yazıları sübut kimi qəbul edilməlidir və cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyi, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığı, belə olan halda isə iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olması nəzərə alnaraq, iddia həmin pulun tutulması hissəsində təmin edilməli və cavabdehdən 16.505,90 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

11. Iddia tələbinin gecikdirilmiş 16.505,9 manat borcuna görə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək illik 5 faiz olmaqla, 422,86 manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 251,17 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, əvvəla, iddiaçı gecikdirilmə vaxtını haqlı olmayaraq ## ###### 2025-ci il tarixdən hesablamışdır. Hesab olunur ki, hər elektron qaimənin göndərilmə tarixinin üzərinə on beş gün gəlməklə gecikmə vaxtı həmin tarixdən iddiaçının tələb etdiyi ## ###### 2025-ci il tarixədək hesablanmalıdır. Beləliklə, ##.##.2025-ci il tarixli, MT2503 seriyalı, ******** nömrəli elektron qaimə üzrə ##.##.2025-ci başlayaraq 139 gecikmə günü üçün faiz məbləği 110,42 manat (5799,4x5:100:365x139=110,42), ##.##.2025-ci il tarixli, MT2504 seriyalı, ******** nömrəli elektron qaimə üzrə ##.##.2025-ci başlayaraq 112 gecikmə günü üçün faiz məbləği 89 manat (5799,4x5:100:365x112≈89), ##.##.2025-ci il tarixli, MT2505 seriyalı, ******** nömrəli elektron qaimə üzrə ##.##.2025-ci başlayaraq 77 gecikmə günü üçün faiz məbləği 51,75 manat (4907,1x5:100:365x77≈51,75), ümumilikdə isə 251,17 manat (110,42+89+51,75=251,17) təşkil edir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 390.1, 425.1, 442, 445.2.1, 445.7, 448.1 və 752.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 107 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti rədd edilmiş, birinci instansiya məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Qocayev, hakimlər – E.Həsənov və S.Cəfərov).

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş işlər yerinə yetirilmiş, bu barədə təhvil-təslim aktları tərtib edilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Həmin aktlara uyğun olaraq iddiaçı tərəfindən cavabdehə elektron qaimə-fakturalar göndərilmiş, cavabdeh isə bu qaimələr üzrə ödənişləri həyata keçirmişdir. Hazırkı iş üzrə mübahisə 2025-ci il # ####, 2025-ci il # ##### və 2025-ci il # ### tarixli təhviltəslim aktları üzrə yaranmışdır.

16. Məhkəmə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, mübahisə predmeti olan təhvil-təslim aktlarında başqa bir müqaviləyə – 2024-cü il ## ###### tarixli, *** saylı müqaviləyə istinad edilsə də, həmin aktlara uyğun olaraq cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalarda tərəflər arasında faktiki bağlanmış 2024-cü il # ######## tarixli, *** saylı müqaviləyə istinad olunmuşdur və tərəflərin faktiki iradəsi onlar arasında bu müqavilə üzrə münasibətlərin mövcud olduğunu göstərmişdir. Təhvil-təslim aktlarında başqa müqaviləyə istinad olunması həmin sənədlərin hüquqi mahiyyətini avtomatik olaraq dəyişdirmir. Mübahisənin həlli zamanı əsas meyar sənədlərdə göstərilən formal rekvizitlər deyil, tərəflər arasında faktiki formalaşmış hüquq münasibətləridir. Müəyyən edilmişdir ki, ümumiyyətlə tərəflər arasında 2024-cü il ## ###### tarixli, *** saylı müqavilə bağlanmamışdır. Bu baxımdan təhvil-təslim aktlarında 2024-cü il ## ###### tarixli müqaviləyə istinad olunması tərəflərin faktiki iradəsinə uyğun gəlməyən texniki xarakterli uyğunsuzluq kimi qiymətləndirilməlidir. Bundan başqa, iş materiallarından göründüyü kimi mübahisə predmeti olan təhvil-təslim aktları ilə yanaşı, tərəflər arasında əvvəlki aylar üzrə tərtib edilmiş, imzalanmış və dəyəri ödənilmiş təhvil-təslim aktları da eyni formada hazırlanmışdır. Bütün təhvil-təslim aktlarında 2024-cü il ## ###### tarixli, *** saylı müqaviləyə istinad edilmiş və həmin aktlar cavabdehin adından eyni şəxs – cavabdehin nümayəndəsi C.Nəbiyev tərəfindən imzalanmışdır. Buna baxmayaraq, cavabdeh əvvəlki aylar üzrə imzalanmış təhvil-təslim aktlarını mübahisələndirməmiş və həmin aktlar əsasında hər dəfə 5.799,40 manat məbləğində ödəniş həyata keçirmişdir. Hətta təhvil-təslim aktlarının cavabdehin adından səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı fərz edilsə belə, cavabdehin həmin aktlar əsasında ödənişlər həyata keçirməsi həmin hərəkətlərin sonradan təsdiq edilməsi (konkludent razılıq) kimi qiymətləndirilməlidir. Faktiki görülmüş işlərə görə ödənişlərin elektron qaimə-fakturalarda düzgün olaraq tərəflər arasında bağlanmış *** saylı müqaviləyə istinad edilməklə həyata keçirilməsi təhvil-təslim aktlarında *** saylı müqaviləyə istinadın yalnız texniki xarakter daşıdığını göstərir və bu hal ödənişlərin hüquqi əsasına təsir etmir. Odur ki, birinci instansiya məhkəməsi iddianı təhvil-təslim aktları üzrə ümumilikdə 16.505,90 manat məbləğində borcun tutulması hissəsində təmin etməkdə haqlı olmuşdur.

17. Kollegiya tələbin gecikdirilmiş borca görə faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin, yəni əsas borc məbləğinin ödənilmədiyi iş materialları ilə təsdiq olunmuşdur. Bu hal hüquqi nəticə olaraq faiz borcunun hesablanmasını zəruri etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən gecikdirilmiş məbləğə illik 5% dərəcəsi tətbiq edilməklə faizlərin hesablanması qanunvericiliyin tələblərinə və tərəflər arasında hüquq münasibətlərinin mahiyyətinə uyğun olmuşdur.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 442, 445.1, 445.2, 445.2.1, 445.7, 752.1 və 753.1-ci maddələri, MPM-in 77.1, 78.1, 88, 372.7, 387.1 və 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 5.3, 329.2, 386, 406, 425, 442, 560 və 680.1-ci maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, xüsusən MM-in 5.3, 329, 386 və 406-cı maddələrinin tələbləri nəzərə alınmamışdır. Belə ki, MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. Hazırkı işdə isə iddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktlarının hüquqi əsası kimi göstərilən 2024-cü il ## ###### tarixli, *** saylı müqavilə tərəflər arasında bağlanmış müqavilə kimi sübuta yetirilməmişdir. Belə ki, *** saylı müqavilə üzrə tərəflər cavabdeh və X2r və müqavilə yalnız bir tərəfdən imzalanmışdır. Mübahisəli iş üzrə tərəflər isə cavabdeh və iddiaçıdır. Buna baxmayaraq, məhkəmə faktiki olaraq mövcudluğu sübuta yetirilməmiş hüquqi münasibətə istinad edərək öhdəliyin mövcudluğunu qəbul etmişdir ki, bu da MM-in 386.1-ci maddəsinnin tələblərinə ziddir. Müqavilə hüquqi fakt kimi sübuta yetirilmədiyi halda, öhdəliyin mövcudluğuda istisna olunur. Məhkəmə mövcud olmayan müqaviləyə istinad etməklə tərəflər arasında hüquqi münasibətin mövcudluğunu qəbul etmiş, nəticədə mövcud olmayan hüquqi fakt əsasında öhdəliyin yarandığı qənaətinə gəlmişdir. Eyni zamanda iş materiallarında öhdəliyin hansı müqavilə əsasında yarandığı, ümumiyyətlə, müəyyən edilməmişdir. Bu halda öhdəliyin icra olunub-olunmamasını qiymətləndirmək mümkün deyildir. Iddiaçı tərəfindən təqdim edilmiş aktlar həm müqavilə nömrəsinə görə ziddiyyətlidir, həm də cavabdeh adından səlahiyyəti təsdiq olunmamış şəxs tərəfindən imzalanmışdır. Bu baxımdan həmin aktlar öhdəliyin icra edilməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Hazırkı işdə, ümumiyyətlə, öhdəliyin hansı müqavilə üzrə əmələ gəldiyi müəyyən edilməmişdir. Belə yanaşma öhdəliklərin icrasına dair qanunvericiliyin tələblərin kənara qoyulmasıdır. Iddiaçı tərəfindən hüquqi əsası sübuta yetirilməmiş ziddiyyətli sənədlərə istinad etməklə pul tələbinin irəli sürülməsi faktiki olaraq hüquqdan sui-istifadə halı kimi qiymətləndirilməlidir. Məhkəmə isə bu halı araşdırmamış və qiymətləndirməmişdir.

21. MPM-in 88, 217 və 416-cı maddələri üzrə - məhkəmələr tərəfindən sübutların qiymətləndirilməsi zamanı MPM-in 88-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarında birbaşa olaraq 2024cü il ## ###### tarixli, *** saylı xidmət müqaviləsinə istinad edilmişdir. Halbuki mübahisənin predmeti 2024-cü il # ######## tarixli, *** saylı müqavilədən irəli gəlir. Bu iki müqavilə arasında hüquqi əlaqə məhkəmə tərəfindən müəyyən edilməmiş, *** saylı müqavilənin mövcudluğu və tərəflər arasında hüquqi münasibət yaratması sübuta yetirilməmişdir. Həmin sənəd yalnız bir tərəf tərəfindən imzalanmış layihə xarakterli sənəd olmaqla hüquqi qüvvəyə malik deyildir. Buna baxmayaraq, məhkəmələr heç bir sübuta əsaslanmadan və hüquqi əlaqəni müəyyən etmədən, təhvil-təslim aktlarının guya *** saylı müqavilə çərçivəsində tərtib edilməsi qənaətinə gəlmişdir. Bu yanaşma ehtimallara əsaslanan mülahizə olmaqla hüququnun fundamental prinsiplərinə ziddir. Məhkəmə sübutun məzmununu dəyişdirərək ona fərqli hüquqi mahiyyət vermişdir ki, bu da yolverilməzdir. Hazırkı halda məhkəmə mövcud sübutların məzmununa uyğun olmayan nəticəyə gəlmiş, sübutlar arasında açıq ziddiyyətləri aradan qaldırmadan yekun qərar qəbul etmişdir. 2025-ci il # ####, 2025-ci il # ##### və 2025-ci il # ### tarixli təhvil-təslim aktları cavabdehin etirazlarına baxmayaraq sübut kimi qəbul edilmişdir. Halbuki qeyd edilən aktlar cavabdehin direktorunun və ya digər səlahiyyətli nümayəndəsinin deyil, səlahiyyətləri təsdiq edilməmiş sahə rəisi tərəfindən imzalanmışdır. Göründüyü kimi mübahisəli təhviltəslim aktlarının cavabdeh cəmiyyət adından səlahiyyəti təsdiq olunmamış şəxs tərəfindən imzalanması faktı da məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Iş materiallarında həmin şəxsin cəmiyyət adından öhdəlik götürmək və ya görülmüş işləri qəbul etmək səlahiyyətini təsdiq edən etibarnamə və ya digər hüquqi sənəd mövcud deyildir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22.

Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.”

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.”

“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 27.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 28.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 29.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 30.Eyni zamanda, kassasiya şikayətinin həmin dəlilləri mahiyyət etibarilə iş üzrə mövcud sübutların məzmununa, onların bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməsinə və həmin sübutlardan çıxarılan faktiki nəticələrə yenidən qiymət verilməsini tələb edir. Belə ki, cavabdeh sübutlara istinad etməklə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi faktiki halların fərqli qiymətləndirilməli olduğunu bildirir. 31.Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının səhv müəyyən edilməsi ilə əsaslandırılmışdır. 32.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 33.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi

34. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 35.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 36.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən cavabdehin şikayətinin təmin edilmədiyini qətnamədə göstərmişdir. 37.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 38.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar