Məhkəmə qərarları › İş №2-2(1-8)-509/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-509/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-509/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı adına *************** nömrəli abonent kodu qeydiyyata alınmışdır və ünvan 1 ünvanında yerləşən obyektə qaz təchizatı 2025-ci il ## ##### tarixli AMX-****/**** nömrəli müqavilə əsasında həyata keçirilir.

2. 2024-cü il ## #### tarixində ******* nömrəli akt əsasında İddiaçı məxsus “G-10” markalı 75122208 zavod nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış, 2024-cü il ## ###### tarixində “G-10” markalı 75122208 zavod nömrəli sayğac “xxxx” X1 tabeliyindəki “xxxx” MMC tərəfindən yoxlamadan keçirilmiş, bu barədə protokol tərtib edilmişdir. Bu zaman korrektorun 2024-cü il ## ### tarixində söndüyü, ehtiyat batareya quraşdırılaraq göstəricilərin Vbt = 60703 m3, Vmt = 53184 m3 əks olunduğu, elektron göstəricinin (Vmt) mexaniki göstəricidən 603 m3 az olduğu müəyyən olunmuşdur. Adıçəkilən protokola əsasən sayğacın mexaniki göstəricisi laboratoriyada yoxlanarkən 000053787 m3 olmuşdur.

3. “G-10” markalı 75122208 zavod nömrəli qaz sayğacı 2025-ci il # #### tarixində ******* nömrəli akt əsasında İddiaçı qaz xətti üzərində quraşdırılmışdır. Adıçəkilən abonent kodu üzrə 2025-ci ilin iyul ayı üçün istehlak edilmiş qazın dəyəri sayğac göstəricisinə əsasən 11.758,82 manat kimi hesablanmışdır. Abonent saldosuna əsasən sayğac göstəricisi əsasında 2025-ci ilin iyul ayı üzrə 11.758,82 manat, avqust ayı üzrə 4,85 manat qaz sərfiyyatı hesablanmışdır.

4. 2025-ci il ## ####### tarixli ******* nömrəli aktda sayğacın minimal sərfiyyatı qeyd etmədiyi göstərilmişdir.

5. 2025-ci il ## ###### tarixində Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” Istehsalat Birliyi tərəfindən məhkəməyə ekspertizanın aparılmasından səlahiyyətlərinin olmaması əsası ilə imtina edilmişdir.

6. *************** nömrəli abonent İddiaçı aid abonent saldosundan görünür ki, abonent 2 gözlü qaz piltələri PQ-2 (1/1), 4 gözlü qaz piltələri PQ-4 (1/1) və kombi (1/1) su qızdırıcısı və su qızdırıcı qazanı adlı qaz cihazlarından istifadə edir. Abonentin sayğac göstəricilərinə əsasən qaz sərfiyyatı 2025-ci ilin iyul ayında 41259 m³ olmuş və bunun əsasında 11.758,82 manat məbləğində hesablanma aparılmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçının (bundan sonra – “iddiaçı”) Cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2025ci ilin iyul ayı üzrə hesablanmış 11.758,82 manat borcun silinməsi və ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Iddiaçı tələbini əsaslandırarkən sərfiyyatın çox qeydə alındığını və yoxlamanın dövlət qeydiyyatından keçirilmədiyini bildirərək, 11.758,82 manat borcun silinməli olduğuna istinad etmişdir.

9. Cavabdeh iddia tələbinə etiraz edərək, borcun aktlar əsasında deyil, sayğac göstəricisinə əsasən hesablandığını, sayğacda sərfiyyatın yanlış qeydə alınmasına əsas olan hər hansı nöqsanın olmadığını bildirmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

11. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – N.Əhmədova).

12. Məhkəmə qeyd etmişdir ki, qazdan istifadə haqqında qanunvericiliyin müddəalarından göründüyü kimi, bir qayda olaraq qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalıdır. Bu mənada 2025-ci ilin iyul ayı üzrə cavabdeh tərəfindən iddiaçının istehlak etdiyi qazın dəyəri sayğac göstəriciləri əsasında 11.758,82 manat müəyyən edilmişdir.

13. Məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmiş, Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb olunması üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən X3 Agentliyinin nümayəndəsinə “xxxx” X1 tabeliyindəki “xxxx” MMC-nin 2024-ci il ## ###### tarixli “qaz sayğacının yoxlanılması haqqında” protokolu və iş materiallarında olan sənədlər təqdim edilmiş, aşkar olunan qüsurların sayğac tərəfindən qaz istehlakının düzgün ölçülməsinə maneə yaradıb-yaratmadığına dair suallar verilmişdir. Üçüncü şəxsin nümayəndəsi suallara cavabında sayğacın mexaniki hissəsində olan problemin sayğacın sərfiyyatı qeydə almamasına və ya az qeydə alınmasına səbəb ola biləcəyini, lakin artıq sərfiyyatı qeydə ala bilməyəcəyini bildirmişdir.

14. Digər tərəfdən, iş üzrə icraatın gedişində Bakı Kommersiya Məhkəməsinin 2025ci il ## ###### tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, 2025-ci il ## ###### tarixində Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” Istehsalat Birliyi tərəfindən məhkəməyə ekspertizanın aparılmasından səlahiyyətlərinin olmaması əsası ilə imtina edilmişdir.

15. Həmçinin iş materiallarında olan 2025-ci il ## ####### tarixli ******* nömrəli aktda sayğacın minimal sərfiyyatı qeyd etmədiyi göstərilmişdir. Göründüyü kimi, sayğacda hal-hazırda olan qüsur da minimal sərfiyyatın qeydə alınmaması ilə bağlı olub artıq sərfiyyatın qeydə ala biləcəyinə dair sayğacda hansısa nöqsanın olduğunu təsdiq etmir.

16. Iddiaçının yoxlamanın dövlət qeydiyyatına alınmamasına dair mövqeyi isə tam əsassız olmuşdur. Belə ki, 2025-ci ilin iyul ayı ərzində hesablanmış 11.758,82 manat borc qaz sayğacının göstəricisinin oxunması əsasında müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2, 13, 20.1, 20.2 və 34.1-ci maddələri şamil edilir. Göründüyü kimi, qaz sayğaclarının göstəricilərinin oxunması üçün hər hansı qeydiyyata zərurət mövcud olmamışdır. Bu isə onu deməyə əsas vermişdir ki, iddiaçının qeyd olunan arqumenti əsassızdır.

17. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olan) 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmuşdur (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – T.Mahmduova və E.Həsənov).

20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, abonent saldosundan da göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc məbləği iyun-iyul ayları üçün qazdan istifadəyə görə qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır.

21. Qaz sayğacı qüsurlu olduğundan qaz sərfiyyatını düzgün qeydə almamasını sübuta yetirmək üçün iddiaçının istinad etdiyi “qaz sayğacında mübahisəli borcun hesablandığı vaxtdan əvvəlki (2024-cü ildə) və sonrakı dövrlərdə (2025-ci ilin oktyabrında) nasazlıqların mövcud olması” dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, birincisi, iddiaçıya məxsus “Elster” markalı, “G-10” ölçülü, ******** nömrəli qaz sayğacı 2024-cü ilin ####un ##-də çıxarılaraq yoxlamaya aparıldıqdan, yoxlama nəticəsində sayğacda nasazlıq aşkar edildikdən sonra təmir olunmuş və yalnız istismara yararlı olması barədə rəy alındıqdan 2025-ci ilin iyun ayının 4-də yenidən iddiaçıya məxsus qeyriyaşayış sahəsinə quraşdırılmışdır.

22. Ikincisi, 2025-ci il ## ####### tarixli aktda qaz sayğacının minimal sərfiyyatı qeydə alınmamasının göstərilməsinə gəldikdə isə kollegiya qeyd etmişdir ki, göstərilən qeyd sayğacın sərfiyyatı artıq qeydiyyata almasına deyil, əksinə sərfiyyat sayğacın nəzərdə tutulduğu hədlərdən aşağı olduqda sərfiyyatı qeydə almamasına dəlalət edir.

23. O da qeyd olunmalıdır ki, iddiaçının qaz sayğacının sərfiyyatı artıq qeydə alması barədə dəlilləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən qaz sayğacı təmir edilməmişdən əvvəl “xxxx” X1 tabeliyindəki “xxxx” MMC tərəfindən tərtib edilmiş 2024-cü il ## ###### tarixli “qaz sayğacının yoxlanılması haqqında” protokolu (yoxlama nəticəsi: istismara yararsız kimi göstərilmişdir) müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X3 Agentliyin nümayəndəsi nümayəndə1 təqdim olunmuş, aşkar olunan qüsurların sayğac tərəfindən qaz istehlakının düzgün ölçülməsinə maneə yaradıbyaratmadığına dair suallar verilmişdir. Mütəxəssisin cavablarından belə nəticə gəlinir ki, qaz sayğacının mexaniki hissəsi artıq sərfiyyatı öz-özünə qeyd edə bilməz və sayğacında mexaniki nasazlıq yaranarsa bu hal qaz sərfiyyatının artıq qeydə alınmasına deyil, daha az sərfiyyatın qeydə alınmasına və ya heç sərfiyyat qeydə alınmamasına səbəb olur.

24. Iddiaçının mübahisələndirdiyi dövrdə - 2025-ci ilin iyun-iyul ayında sayğacın hesabladığı sərfiyyat ilə (11.758,82 manat) sonrakı ayların sərfiyyatı arasında əhəmiyyətli fərqin mövcudluğuna münasibətdə kollegiya qeyd etmişdir ki, sözügedən fərqin olması özlüyündə sayğac tərəfindən sərfiyyatın düzgün qeydiyyata alınmaması barədə qənaətə gəlmək üçün yetərli hesab edilmir.

25. Məhkəmə tərəfindən ekspertiza keçirilməməsi ilə bağlı apellyasiya şikayətində irəli sürülən dəlillərə münasibətdə məhkəmə tərkibi qeyd etmişdir ki, hazırkı halda isə iş üzrə mübahisəli hallara mütəxəssis tərəfindən aydınlıq gətirildiyindən, ekspertizanın keçirilməsinə zərurət olmamışdır.

26. Kollegiya onu da nəzərə almışdır ki, mütəxəssis izahatında qaz sayğacı müayinə edildikdən sonra onun ölçmə mexanizminin düzgün işləyib-işləmədiyi və texniki parametrlərə uyğunluğu laboratoriya şəraitində yoxlanıla bilməsi ehtimalını qeyd etsə belə, yoxlama vasitəsilə keçmiş dövrdə artıq və ya düzgün olmayan sərfiyyatın olubolmamasını müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir.

27. Beləliklə, məhkəmə mübahisə predmeti olan borcun qaz sayğacının göstəricilərinə əsasən hesablanmış istehlak edilmiş qazın dəyəri olduğunu, eləcə də həmin dövrdə sayğacın qaz sərfiyyatını düzgün qeydiyyata almamasının sübuta yetirilmədiyini nəzərə alaraq, artıq hesablanmış borcun silinməsi barədə iddianın əsassız olması qənaətinə gəlmişdir.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllənin”) 385-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olan) 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9 və 5.2-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

29. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

30. Kassator şikayətində Mülki Məcəllənin 21.2-ci maddəsi üzrə bildirir ki, həmin normaya əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buradan görünür ki, iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində, yəni qaz sayğacının yuyulma adı aparılması və gətirdikdən sonra qısa müddət ərzində 11.758.82 manat məbləğində sərfiyyatın yaranması onun əməlləri ilə birbaşa əlaqəlidir və nəticə etibarı ilə iddiaçıya 11.758.82 manat məbləğində zərər dəyməsinə qiymət verilmədən qanunsuz qətnamə qəbul edilmişdir.

31. Mülki Məcəllənin 425-ci maddəsi üzrə - həmin normaya əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

32. Iş üzrə cavabdeh tərəfindən quraşdırılmış sayğacın texniki vəziyyəti kifayət qüsurlu olmuşdur. Sayğacın elektron korrektorun nasazlığını və sonradan minimal sərfiyyatı qeydə almaması ona dəlalət edir ki, həmin sayğac qüsurlu olaraq yenidən quraşdırılmışdır. Çünki, həmin sayğac yoxlamaya getməmişdən əvvəl hər hansı nasazlığı olmamışdır, əgər olsaydı, cavabdehin nümayəndələri tərəfindən bununla bağlı lazımi tədbirlər (nasazlığı təsdiq edən faktı göstərilməklə akt tərtib olunmalı) görüləcəkdir. Lakin sayğacda heç bir texniki nasazlıq olmadan cavabdeh tərəfindən çıxarılaraq aparılmışdır. Çünki, sayğac yoxlamaya qədər normal işləmiş, aylıq ödənişləri vaxtında ödənilmişdir. Lakin yoxlamadan sonra sayğacın 11.833.74 manat məbləğində böyüdülmüş həddə sərfiyyat qeydə alması ağlabatan deyildir. Həmçinin iş üzrə cavabdehin hazırda öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə yerinə yetirməmişdir. Çünki, sayğac cavabdehin təşəbbüsü ilə yoxlamaya göndərilmiş və 1 ilə yaxın müddətdə yoxlamada qalmışdır. Məhz həmin müddətdən sonra, yəni 1 il işləməyən sayğac yenidən cavabdeh tərəfindən quraşdırılandan sonra 11.833.74 manat məbləğində sərfiyyatı qeydiyyata almışdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” üzrə - kassator həmin Qaydaların 4.3, 4.4, 4.8 və 4.9-cu bəndlərinə istinad edir və bildirir ki, cavabdeh tərəfindən qeyd olunan normalar pozularaq “Elster tipli, G-10 markalı, ******** nömrəli qaz sayğacı” növbəti texniki baxışdan keçirilməsinə heç bir əsas olmadan və səbəbi təsdiq edən məlumat verilmədən yerindən çıxarılaraq aparılmışdır. Eyni zamanda, qaz sayğacı 2017ci il # ###### tarixində quraşdırılmış və dövlət yoxlamasından keçirilməsinin son tarixi 2017-ci il ## ####### olmuşdur. Buradan belə nəticə hasil olur ki, sayğac dövlət yoxlaması adı ilə çıxarılsa da, 2025-ci il # #### tarixli daha üstün hüquqi qüvvəyə malik müqavilədə isə dövlət yoxlamasının keçirilməsinin son tarixi 2017-ci il ## ####### göstərilmişdir. Həm texniki tələblər baxımından, həm də müqavilədən irəli gələn öhdəliklər baxımından cavabdeh tərəfindən öz üzərinə düşən vəzifələri yerinə yetirilməmiş və nəticədə əsassız olaraq borcun yaranması ilə nəticələnən hərəkətlər etmişdir. 2025-ci il # ##### tarixli AMX-****/** nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.11-ci bəndindən görünür ki, istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək qaz paylayıcısının vəzifələrindəndir. Iddiaçı tərəfindən məhkəmələrə təqdim edilmiş sübutlardan görünür ki, qazpaylayıcı cavabdeh tərəfindən öz üzərinə düşən vəzifəsi lazımi şəkildə, yəni şərtləşdirilmiş vaxtda və yerdə yerinə yetirilməmişdir. Bu da iddiaçıya əsassız ziyanın vurulmasına səbəb olmuşdur. Məhkəmələr qərar qəbul edərkən bu halları nəzərə almadan kifayət qədər araşdırma aparılmadan qərar qəbul etmişlər. Sayğacın sərfiyyatın qeydə almasına səbəb olmuş hallar araşdırılmadan, həmin sayğacı müayinəyə (ekspertiza təyin edilmədən) təqdim etmədən yalnız əsassız yazılmış sərfiyyata istinad edilməklə qərarlar qəbul olunmuşdur.

34. Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3, 14.2, 217.1 və 217.3-cü maddələri üzrə - göstərilən normaların tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi mübahisəyə faktlar əsasında baxmamış və qəbul etdiyi qətnamədə düzgün əsaslandırma etməmişdir. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə təqdim olunan, habelə məhkəmə araşdırması zamanı toplanmış dəlillərə düzgün hüquqi qiymət verməmişdir. Hazırki işlə bağlı məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Çünki, işin həqiqi hallarını özündə əks etdirən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunsa da, obyektiv qiymət verilməmişdir. Bu isə öz növbəsində iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir.

40. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulan prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

44. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas yaratmır. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə verdiyi hüquqi qiymət kassasiya şikayətində qaldırılan hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır və onun təkrarlanmasına zərurət görmür.

45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

46. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

48. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

49. Iddiaçı özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edilə biləcək dəlillərlə təkzib edə bilməmişdir.

50. Belə ki, kassasiya şikayətində Mülki Məcəllənin 21.2-ci maddəsinə istinad etməklə 11.758,82 manat məbləğində zərərin yarandığını və bunun cavabdehin hərəkətləri ilə səbəbli əlaqədə olduğunu bildirir.

51. Lakin iş materialları ilə mübahisəsiz şəkildə müəyyən edilən hallardan biri odur ki, iddiaçıya aid qaz sayğacı yoxlamaya aparılarkən və yoxlanıb təmir edildikdən sonra yerinə quraşdırılan zaman üzərində olan göstəricilərdə fərq müəyyən edilməmişdir. Bu hal sayğacın həm sökülməsi, həm də təkrar yerinə quraşdırılmsı zamanı iddiaçının nümayəndəsinin iştirakı ilə tərtib edilmiş müvafiq aktlarla təsdiq edilir. Mübahisəli borc 2025-ci ilin iyun-iyul ayları üzrə (qaz sayğacı təmir olunaraq yerinə quraşdırıldıqdan sonra) sayğac göstəricilərinə əsasən hesablanmışdır.

52. Sayğacın 2024-cü ildə yoxlama zamanı nasaz hesab edilməsi də iddiaçının mövqeyini təsdiq etmir. Belə ki, sayğac təmir edilərkən də sayğacın yalnız elektron göstərici hissəsində nasazlıq olduğu müəyyən edilmiş, həmin hissə də təmir olunmduqdan sonra təkrar yerinə quraşdırılmışdır. Mexaniki göstərici ilə əlaqədar hər hansı bir problem və ya nasazlıq aşkar edilməmişdir. Bu hal yuxarıda da qeyd edildiyi kimi iddiaçının nümayəndəsinin iştirakı ilə tərtib olunaraq imzalanmış sənədlərlə də öz təsdiqini tapır. Mübahisə olunan qaz sərfiyyatı isə quraşdırıldıqdan sonra mexaniki sayğacın göstəricilərinə əsasən müəyyən edilmişdir.

53. Iş üzrə dəvət olunmuş mütəxəssis tərəfindən sayğacın mexaniki hissəsində nasazlıq mövcud olacağı halda sərfiyyatın artıq qeydə alınmasına deyil, az və ya ümumiyyətlə qeydə alınmamasına səbəb ola biləcəyinin izahı də verilmişdir.

54. 2025-ci il ## ####### tarixli aktda minimal sərfiyyatın qeydə alınmaması isə artıq sərfiyyatın qeydə alınmasını deyil, əksinə, aşağı həddən az sərfiyyatın qeydə alınmamasını göstərir.

55. Bu nöqteyi nəzərdən həmin məbləğin zərər olması, habelə sayğacın mübahisəli dövrdə qaz sərfiyyatını artıq qeydə alması sübuta yetirilməmişdir.

56. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, həmin Məcəllənin 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar