Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1097/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya mübahisəsi üzrə Açar söz: öhdəliklərin icrası, pul tələbi, icarə müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı icarə haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2408/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" MMC (Subicarəyə verən) və Cavabdeh MMC (Subicarəçi) arasında 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə ilə subicarəyə verən icarə müqaviləsi əsasında sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 953 kv/m olan qeyri-yaşayış binasının 933 kv/m olan hissəsini və 0.38291 ha torpaq sahəsinin 0.20 ha hissəsini subicarəçiyə öz fəaliyyətini həyata keçirmək məqsədi üçün subicarəyə verir və subicarəçi bu müqavilədə nəzərdə tutulmuş icarə haqqını subicarəyə verənə ödəyir. 2.2.3-cü bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş icarə haqqını subicarəyə verənə vaxtında və tam həcmdə ödəmək subicarəçinin vəzifəsidir. 3.1-ci bəndinə əsasən obyektin aylıq icarə haqqı 18.000 manat təşkil edir. İcarə haqqına ƏDV daxil deyil və ƏDV subicarəçi tərəfindən ödənilir. 3.2.-ci bəndinə əsasən icarə haqqı 3 ayda bir dəfə üç aylıq müddətin birinci ayında subicarəyə verən tərəfindən təqdim olunmuş elektron qaimə əsasında onun təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində nağdsız qaydada (bank köçürməsi yolu ilə) subicarəyə verənə ödənilməlidir. 4-cü bəndinə əsasən Müqavilə xx.xx.2022-ci il tarixdən etibarən qüvvəyə minir və müqavilə üzrə subicarənin müddəti bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 24 (iyirmi dörd) ay təşkil edir. 5.2.-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddətdə icarə haqqının ödənilməsi gecikərsə, subicarəçi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1%-i miqdarında dəbbə pulu ödəyir.
2. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. "xxxx" MMC (Subicarəyə verən) və Cavabdeh MMC (Subicarəçi) arasında bağlanılmış 15 sentyabr 2022-ci il tarixli, 01/22-1 saylı subicarə müqaviləsinə 1 saylı əlavəyə əsasən müqavilənin 3.2-ci bəndi yeni redaksiyada veirlmişdir. 3.2.Hər ay üçün icarə haqqı subicarəyə verən tərəfindən hər ay əvvəlcədən təqdim olunmuş elektron qaimə əsasında onun təqdim edildiyi tarixdən etibarən 5 iş günü ərzində nağdsız qaydada (bank köçürməsi yolu ilə) subicarəyə verənə ödənilir, eyni zamanda müqavilədə aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilmişdir. 3.4. Subicarəçinin müraciətinə və subicarəyə verənin razılığına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 3 aylıq müddət üçün aylıq icarə haqqı müqavilənin 3.1-ci bəndində göstərilmiş aylıq icarə haqqının 50%-ni, yəni ƏDV-siz 9000 manat təşkil edəcək.
4. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən obyekt (qeyri-yaşayış binası və torpaq sahəsi) və əşyalar (laminat masa yığılma, ağ dolab, oval masa, divar mebeli yığılma, kondisioner gree, qara oturacaq, reseption masası, şüşə masa, masa, turniket boz, qazanxana və boz açar dolabı) "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə subicarəyə verilmişdir.
6. Təhvil-təslim aktı tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. "xxxx" MMC tərəfindən 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi üzrə icarə haqqına görə ümumilikdə 127.440 manat (19.440 manat məbləğində ƏDV olmaqla) məbləğində EBDO 356198 saylı xx.xx.2023-cü il tarixli, EBDP 010113 saylı xx.xx.2023-cü il tarixli, EBDQ 516984 saylı xx.xx.2023-cü il tarixli, EBDT 819075 saylı xx.xx.2023-cü il tarixli, EBDV 765742 saylı xx.xx.2023-cü il tarixli, EBDX 286338 saylı xx.xx.2024-cü il tarixli, EBDY 928197 saylı xx.xx.2024-cü il tarixli elektron qaimələr elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
8. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə icarə haqqının ödənilməsi dair xx.xx.2024-cü il tarixli pretenziya ünvanlanmışdır, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
9. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iş materiallarında olan fləş karta baxış keçirilərkən foto şəkillərdən müəyyən edilmişdir ki, MSDİS Holding-ə məxsus binada bəzi otaqlar əşyasızdır, bəzi otaqlarda isə müxtəlif məişət əşyaları (bir qismi sökülü vəziyyətdə) yığılmışdır, eyni zamanda ambarda karton qutular və əşyalar saxlanılmaqdadır. CD-diskdə və fleş kartda olan videoyazılarla müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə icarəçi tərəfindən icarə obyektində çəkiliş aparılmış, obyekt yeni təmir edilmiş vəziyyətdədir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi əsasında cavadehə təqdim edilmiş elektron qaimələr üzrə cəmi ƏDV ilə birlikdə 127.440 manat məbləğində icarə haqqının, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş elektron qaimələr üzrə ƏDV ilə birlikdə cəmi 98.235 manat məbləğində dəbbə pulunun, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 127.440 manat məbləğində icarə haqqı borcuna Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə müəyyən edilmiş 7,75 % bank uçot dərəcəsinə uyğun hesablanmış 9.876,60 manat məbləğində faizin, çəkilmiş xərclərin əvəzi olaraq 526 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 1020 manat məbləğində xidmət haqqının Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (subicarəyə verən) və Cavabdeh MMC (subicarəçi) arasında bağlanılmış 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli Subicarə müqaviləsi əsasında iddiaçı tərəfindən Cavabdeh MMC-nə təqdim edilmiş EBDO 356198 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 10620 manat, EBDP 010113 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 10620 manat, EBDQ 516984 saylı, xx.xx.2023- cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat, EBDT 819075 saylı, xx.xx.2023- cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat, EBDV 765742 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat, EBDX 286338 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat, EBDY 928197 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 (iyirmi bir min iki yüz qırx) manat, cəmi ƏDV ilə birlikdə127 440 (manat məbləğində icarə haqqı bu günədək "xxxx" MMC-yə ödənilməmişdir. Halbuki Subicarə müqaviləsinin 3.2.-ci bəndinə əsasən hər ay üçün icarə haqqı subicarəyə verən tərəfindən hər ay əvvəlcədən təqdim olunmuş elektron qaimə əsasında onun təqdim edildiyi tarixdən etibarən 5 iş günü ərzində nağdsız qaydada (bank köçürməsi yolu ilə) Subicarəyə verənə ödənilməlidir. Dəfələrlə tərəflərindən şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən icarə haqqı borclarının ödənilməsi gecikdirilir. İcarə haqqı borcunun ödənilməsi ilə bağlı xx.xx.2024-cü tarixdə tərəflərindən Cavabdeh MMC-nə sonuncu xəbərdarlıq, xx.xx.2024-cü il tarixdə isə pretenziya göndərilmişdir. Lakin, icarə haqqı borcunun ödənilməsi istiqamətində Cavabdeh MMC tərəfindən bu günədək heç bir addım atılmamışdır. Subicarə müqaviləsinin 7.1.-ci bəndinə əsasən bu müqavilənin yerinə yetirilməsi zamanı tərəflər arasında yaranmış mübahisələr birbaşa danışıqlar yolu ilə həll olunur. Həmin müqavilənin 7.2.-ci bəndinə əsasən danışıqlar nəticəsində tərərflər razılığa gəlmədikdə, mübahisə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll olunur. Odur ki, Subicarə müqaviləsi üzrə ƏDV ilə birlikdə 127.440 manat məbləğində icarə haqqı borcu məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı subicarə müqaviləsinin 5.2.-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddətdə icarə haqqının ödənilməsi gecikərsə, subicarəçi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1%-i miqdarında dəbbə pulu ödəyir. İcarə haqqları cavabdeh tərəfindən vaxtında ödənilmədiyi üçün subicarə müqaviləsinin 5.2.-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün 1% olmaqla EBDO 356198 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 10620 manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2023xx.xx.2024-cü il dövrü (171 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 18160,20 manat (10620 manat x 1% x 171 gün), EBDP 010113 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 10620 manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2023xx.xx.2024-cü il dövrü (152 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 16142,40 manat (10620 manat x 1% x 152 gün), EBDQ 516984 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2023xx.xx.2024-cü il dövrü (97 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 20602,80 manat (21240 manat x 1% x 97 gün), EBDT 819075 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat məbləğində icarə haqqıməbləğinə xx.xx.2023xx.xx.2024-cü il dövrü (97 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 20602,80 manat (21240 manat x 1% x 97 gün), EBDV 765742 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 (iyirmi bir min iki yüz qırx) manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2024-xx.xx.2024-cü il dövrü (60 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 12744 manat (21240 manat x 1% x 60 gün), EBDX 286338 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2024-xx.xx.2024-cü il dövrü (34 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 7221,60 manat (21240 manat x 1% x 34 gün), EBDY 928197 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2024-xx.xx.2024-cü il dövrü (13 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 2761,20 manat (21240 manat x 1% x 13 gün), cəmi dəbbə pulunun məbləği 98235 (doxsan səkkiz min iki yüz otuz beş) manat təşkil edir. Beləliklə, cavabdeh icarə haqlarının ödənilməsini gecikdirdiyinə görə icarə haqqı borcuna hesablanmış 98235 manat məbləğində dəbbə pulu da məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, cavabdeh icarə haqqı borcunu ödəməkdən boyun qaçırmaqla, borcun ödənilməsini gecikdirməklə ondan faydalandığına görə o, qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizlər də ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə müəyyən edilmiş bank uçot dərəcəsi 7,75 %-dir, həmin dərəcə ilə 127 440 manat məbləğində icarə haqqı borcuna hesablanmış faiz 9 876,60 manat (127440 manat x 7,75%) təşkil edir və həmin məbləğ də məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, pozulmuş hüquqlarının bərpa etmək üçün tərəflərindən çəkilmiş xərclərin əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, hüquqlarını bərpa etmək üçün tərəflərindən çəkilmiş xərclər olaraq məhəkəməyə ödənilmiş dövlət rüsumu 526 manat və vəkilə ödənilmiş xidmət haqqı 1020 manat təşkil edir.
12. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi əsasında cavabdehə təqdim edilmiş elektron qaimələr üzrə cəmi ƏDV ilə birlikdə 127.440 manat məbləğində icarə haqqının, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş elektron qaimələr üzrə ƏDV ilə birlikdə cəmi 188.717,40 manat məbləğində dəbbə pulunun, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 127.440 manat məbləğində icarə haqqı borcuna Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə müəyyən edilmiş 7,75 % bank uçot dərəcəsinə uyğun hesablanmış 9.876,60 manat məbləğində faizin, çəkilmiş xərclərin əvəzi olaraq 617 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 1020 manat məbləğində xidmət haqqının Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2408/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən ƏDV daxil 127.440 manat məbləğində icarə haqqı borcu, 6000 manat məbləğində dəbbə pulu, ümumilikdə 133.440 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 245 manat və vəkil xərclərinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 385.1, 443.1, 462.1, 467, 700.1, 700.3-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-2408/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın təmin edilmiş hissələrdə “Cavabdehndən ƏDV daxil 54000 manat məbləğində icarə haqqı borcunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi” isitisna olmaqla rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və düzgün nəticəyə gəlməmişdir. Təqdim etdiyimiz bəzi sübutlara isə münasibət bildirməmişdir. Belə ki, hazır kı, iş üzrə iddiaçının yeganə sübutu elektron qaimələr təşkil edir. Həmin qaimələr tərəfimizdən qəbul edilmədiyi və dəfələrlə geri qaytarılması barədə sistemə sübutlar yerləşdirilmiş və məhkəmədə verdiiyiimiz izahatlarda e-qaimələrin qanunverciliyin tələbi ilə 5 gün ərzində geri qaytarılmadıqda avtomatik qəbul ediliyini, hazırkı qaimələrin də dəflərlə geri qaytarılmasına baxmayaraq bayram günlərində göndərilməsi və ya mühasibatlığın diqətsizliyi ucbatından avtomatik olaraq qəbul edildiyini və bu haların sübutlarla təsdiqini bildirmişik. Bundan başqa məhkəmə icarə obyektinin qaz, işıq və su sayğaclarınn sərfiyatlarına dair hesabtlardan istifadə etməklə də icarə obyektinin boşaldıldığını və qaytarıldığını müəyyən edə biilərdi. Qeyd edilən sayğaclar iddiaçının adına olmuşdur. Bununla bağlı izahatlarda qeyd edilmişdir. İddiaçının yeganə sübutu e-qaimələrdir. Halbu ki, iddia edilən kimi icarə münasibətləri davam etsəydi iddiaçı elə özü sərfiyyatlarla bağlı hesabatları təqdim edə bilərdi. Həmçinin məhkəmə icarə müqaviləsinin nə vaxtdan xitam verildiyini müəyyən etməmişdir. Məlumat üçün bildiririk ki, 3 aylıq icarə haqqı borcumuzun qaldığını və elə ödəniş edə bilmədiyimiz üçün icarə obyektindən çıxdığımızı birinci instansiya məhkəməsində bildirmişik. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır. Hesab edirik ki, işin həlli üçün kifayət qədər əhəmiyyət kəsb etdiyindən məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsiplərinin təmini məqsədilə yuxarıda qeyd olunan halları (e-qaimələrin geri qaytarılması, öhdəliklərin icrasından imtina, obyektin boşaldılması, elektrik, qaz, su sayğaclarının göstəricilərinin müqayisəli təhlili, icarə müqaviləsinə nə vaxtdan xitam verilməsi məsələsi və digər) araşdırıb onları qiymətləndirməklə işi mahiyyəti üzrə həll etməli idi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə cavabdeh tərəfindən 73 440 manat əsas borcun, 6000 manat dəbbə pulunun tutulması hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissələrdə yoxlanılır. Qətnamənin digər hissələrindən tərəfər apellyasiya şikayəti vermədiyi üçün apellyasiya baxışının predmeti sayılmır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2408/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC (Subicarəyə verən) və Cavabdeh MMC (Subicarəçi) arasında 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 953 kv/m olan qeyri-yaşayış binasının 933 kv/m olan hissəsi və 0.38291 ha torpaq sahəsinin 0.20 ha hissəsi Cavabdeh MMC-yə subicarəyə verilmişdir. Cavabdeh MMC xx.xx.2023-cü il tarixədək olan müddət üçün həmin müqavilə üzrə icarə haqqını iddiaçıya ödəmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il – xx.xx.2024-cü il tarixləri arası dövr üçün icarə haqqının ödənilməsini Cavabdeh MMC-dən tələb edir. Məhkəmə araşdırması zamanı həmin dövrlər üzrə icarə haqqının cavabdeh tərəfindən ödənilməməsi müəyyən edilmişdir. Cavabdeh ödənişin edilməməsini icarə obyektindən istifadə etmədikləri əsası ilə əsaslandırmışdır. Lakin qeyd olunan dəlil ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda həqiqətən də cavabdeh tərəfindən xx.xx.2023- cü il – xx.xx.2024-cü il tarixləri üçün icarə haqqının ödənilməməsi müəyyən edilmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərin araşdırılmasını və müəyyən edilməsini qeyd edir. Məhkəmə kollegiyası həmçinin şikayətin dəlilləri ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, elektron qaimələrin cavabdeh şirkətə məxsus mühasibatlığın səhvi ucbatından qəbul edilməsi cavabdehin məsuliyyət çərçivəsinə daxil olan məsələdir. Digər tərəfdən icarə obyektində olan kommunal xidmətlərdən istifadə edilməməsi cavabdehi icarə haqqı borcunu ödəmək vəzifəsində azad etmir. Belə ki, iddiaçının cavabdeh tərəfindən heç bir məlumat verilmədən icarə obyektini boşaltmaq niyyətinin olduğunu bilməsi ağlabatan deyil. Cavabdeh icarə obyektini boşaltdığı təqdirdə müqavilənin ləğv edilməsi niyyətini ( AR MM 421.1-ci maddəsi) qarşı tərəfə bildirməli, müqavilənin ləğvi ilə bağlı lazımı tədbirləri görməli idi. Lakin iş materiallarında cavabdehin müqaviləyə xitam verilməsi və icarə sahəsini boşaltmaq niyyəti barədə iddiaçıya məlumat verilməsi barədə hər hansı sübut yoxdur. Bu tədbirlərin görülməməsinin məsuliyyətini cavabdeh daşımalıdır. Belə ki, müqavilənin ləğvi ilə bağlı təşəbbüs göstərdiyini iddia edən məhz cavabdehdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2408/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.